Fransız imperatoru Napoleon Bonapartın (1769-1821) ölüm maskasının bürünc nüsxəsi ABŞ-ın Luiziana ştatında 34.5 min dollara hərraca çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Nyu-Orlean şəhərində M. S. Rau Qalereyası tərəfindən təşkil edilən auksion Napoleon Bonapartın anadan olmasının 250 illiyinə həsr olunub.
Napoleonun ölüm maskasının 1838-ci ildə vəfat edən şəxsi həkimi Françesko Antommarçi tərəfindən hazırlandığı iddia olunur.
Bununla birlikdə devrilmiş imperatorun ölüm maskasını kimin hazırladığına dair mübahisələr davam edir. Bir vaxtlar bunun Napoleonun şəxsi həkimi Françesko Antommarçi olduğuna inanılırdı, amma indi ingilis hərbi həkimi Fransis Barton olduğu və bunu 1821-ci ilin mayın 7-də hazırladığı deyilir.
İddiaya görə, maskanın bir neçə nüsxəsi var, bunlardan biri Nyu-Orleandakı Luiziana Dövlət Muzeyində saxlanılır.
Orijinal maska isə Havanadakı (Kuba) Napoleon Muzeyində nümayiş olunur.