Kolumbiyalı elm adamları İngiltərənin “Teleqraf” qəzetinə bildiriblər ki, narkobaron Pablo Eskobarın “kokain begemotları” sürətlə çoxalır və ekosistem üçün təhlükə yaradır.
Teleqraf.com xəbər verir ki, heyvanlar Afrikadan Kolumbiyaya 1980-ci illərdə Pablo Eskobar tərəfindən qaçaq yolla gətirilib.
Narkobaronun ölümündən sonra hökumət əmlakını müsadirə edib, heyvanların çoxu çıxarılıb, ancaq dörd begemot hovuzda qalıb. O vaxtdan bəri nəsilləri Maqdalena çayının hövzəsində yayılmağa başlayıb.
Mütəxəssislərin fikrincə, hazırda Kolumbiyada 80-dən 100-ə qədər begemot yaşayır, 2040-cı ilədək onların sayı 1500-ə çata bilər, bundan sonra onlara nəzarət etmək mümkün olmayacaq və ətraf mühitə təsiri qarşısıalınmaz olacaq.
Ekoloq Natali Kastelblanko Martinezə görə, Kolumbiyada heç kim begemotlara dözmək fikrini bəyənmir: “Amma başqa bir strategiyanın işə yaramayacağını da etiraf etməliyik”.
Mütəxəssislərə görə, Afrikadakı quraqlıq və ovçuluq begemotların sürətlə çoxalmasının qarşısını alır. Amma Maqdalena hövzəsindəki münbit şərait begemotların sürətlə artmasına imkan yaradır.
Martinez begemotların sidik və nəcisinin suda fosfat və azot konsentrasiyasını artırdığını, daşıdıqları parazit və xəstəliklərin yerli faunaya, ev heyvanlarına və hətta insanlara bulaşdığını qeyd edib.
Bundan əlavə, begemotlar insanlara hücum edə bilər. Belə bir hal, məsələn, keçən il baş verib - bir begemot bir fermerə hücum edib, ayağından dişləyib, bud sümüyünü və bir neçə qabırğasını qırıb.
Buna baxmayaraq, yerli sakinlər begemotlara qarşı sərt davranmırlar. Kolumbiyadakı heyvan haqları fəalları begemotları müdafiə etmək üçün irimiqyaslı kampaniya aparırlar. Elm adamları isə fəalların əsl həqiqətləri bilmədiklərini düşünürlər.