18 Mart 2021 09:05
3 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xain qalileyalı məhv etdi, lənətlədi səni,

Amma yıxılmağın ucaltdı, daha da böyüdün.

Platonun ruhu, Afroditanın bədəni,

Hellasın gözəl gözlərinə çəkildi əbədi”.

Lekont de Lil

İsgəndəriyyə Makedoniyalı İsgəndər tərəfindən e.ə. 332-ci ildə salınan, yunanlar, misirlilər və yəhudilərin sülh içində yaşadığı dövrün elm mərkəzi idi. Gözəl bir qadın olan Hipatiya bu şəhərdə anadan olub. Dahi riyaziyyatçı Evklid də bu mədəniyyət mərkəzində yaşayıb.

İsgəndəriyyə Roma İmperiyasında paytaxtdan sonra ikinci ən böyük şəhəri idi. İsgəndəriyyə kitabxanaları, muzeyi, universiteti və kosmopolit mədəniyyəti ilə məşhurdu. Astronomiya, riyaziyyat, fizika və tibbin ilk addımları burada atılıb. Elm adamı Karl Saqan İsgəndəriyyə kitabxanası üçün belə demişdi: “Keçmişə qayıda bilsəydik, gedəcəyim ilk yer bura olardı”.

Bu qeyri-adi şəhər V əsrdə xristianlığın yayılması zamanı din müharibələrinin mərkəzi olaraq yaddaşlara həkk olunub. Burada doğulub vəfat edən Hipatiyanın öldürülməsi bölgənin ticarət, mədəniyyət və elm mərkəzi olan İsgəndəriyyənin nüfuzunu yerlə-yeksan edəcəkdi. Hipatiya bu süqutun simvoluna çevriləcəkdi.

Volter onun ölümü haqda yazacaqdı: “Fanatizmin qurbanı olan bu gənc qadın vəhşi kişilər tərəfindən məhv edildi. Parlaq, bərabər bir dünya üçün onu xatırlamamaq olmaz”.

Dövründə “Misirli müdrik qadın” və “Misirli qadın filosof” adları ilə tanınan Hipatiyanın ölümü xristian dünyasını ləkələyən olaylardan biridir.

“Platonon dirilməsi”

Təxminən 1600 il əvvəl İsgəndəriyyədə yaşamış Hipatiya əsərləri bu günədək gəlib çatmış ilk qadın riyaziyyatçıdır. İlk təhsilini İsgəndəriyyə məktəbinin direktoru olan atası Teondan alıb. O illərdə həmin məktəbdə şeir, rəssamlıq, riyaziyyat, astronomiya, həndəsə və fəlsəfə öyrəndi. Zamanla elmi araşdırmalarda atasının yol yoldaşı oldu. İnsanların “Teoteon” (“İlahi uşaq”) adlandırdığı Teon Aristotel düşüncələrini mənimsəmiş elm adamı idi. Düşüncələri və fəlsəfəsi ilə bağlı bir əsərinin olub-olmadığı məlum olmasa da, bu mövzularda bilik və mühazirələrinin olduğu iddia edilir. Hipatiyanın öz əsərlərində qeyd etdiyi kimi, atası həmişə qızı ilə qürur duyurdu. Çünki Hipatiya hər mənada qüsursuz tərbiyə almış gənc qadın idi. Təkcə elmlə yox, həm də idman və musiqini mənimsəmişdi. O dövrdə natiqlik yunanlarda həm bir elm, həm də bir sənət idi. Zamanla Hipatiya bu sənətin ən yaxşılarından biri oldu. Afinada təhsilini başa vurduqdan sonra İsgəndəriyyəyə qayıtmışdı. Platonun fikirlərini də orada mənimsəmişdi. Hətta İsgəndəriyyədə Platon, Aristotel və Suda kimi filosoflar haqda açıq mühazirələr oxumuşdu.

Teondan fərqli olaraq, qızı Proxeres və Plutark sayəsində Hipatiya neoplatonizmə meyl edirdi. Hipatiyanın İsgəndəriyyə məktəbində müdafiə etdiyi neoplatonizm fəlsəfəsi yanaşması baxımından, Afina məktəbinə nisbətən daha tədqiqatçı və elmi idi. Bundan əlavə, Afina məktəbi qədər mistik düşüncə meylləri yoxuydu. Amma o dövrdə İsgəndəriyyədə fəlsəfə təhsili mövcud deyildi və ya diqqəti cəlb etmək üçün qeyri-müəyyən və əhəmiyyətsiz bir sahəydi.

Amma Hipatiyanın gəlişi ilə fəlsəfəyə maraq artdı, canlanma baş verdi. O, neoplatonizm məktəbinin rəhbəri oldu.

Yalanlar həqiqət kimi

Hipatiya yunan dilində “ən ali”, “ana", “gözəl qadın” mənasını verir. 370-ci ildə anadan olduğu ehtimal edilən Hipatiya ailəsi şəhərin tanınmışlarından idi. Hipatiyanın atası Teon İsgəndəriyyə Universitetində riyaziyyat müəllimi işləyirdi. Hipatiya bunun sayəsində elmlə erkən tanış oldu. Atasının Hipatiyanın təhsilinə verdiyi töhfə çox böyükdür. Günün müəyyən saatlarını idmana ayıraraq yalnız zehni deyil, fiziki inkişafa da əhəmiyyət verdi.

İllər sonra Hipatiya atasından öyrəndikləri haqda belə yazdı: “Nağıllar nağıl kimi, əfsanələr əfsanə kimi danışılmalıdır. Batil inancları həqiqət kimi öyrətməkdən daha dəhşətli bir şey yoxdur. Uşaq ağlı bunları tez götürür və yanlış şeylərə inanır. Yalan inanclardan xilas olmaq çox çətindir, uzun illər tələb edir. İnsanlar batil inanclara həqiqət kimi inanırlar və uğrunda mübarizə aparırlar. Hətta batil inanclar üçün daha çox döyüşürlər. Çünki bu batil inanclar o qədər qeyri-maddidir ki, sübut etmək, demək olar, mümkün deyil”.

Hipatiya böyüdükdə dünyanı gəzdi, bir çox məşhur filosofdan dərs aldı. Bu səyahətlərində riyaziyyatçı kimi məşhurlaşdı. İsgəndəriyyəyə qayıtdıqdan sonra müəllimlik işinə başladı. Hipatiya öz biliklərini tələbələrinə cəsarətlə öyrədir, dövrün nüfuzlu siyasətçiləri, elm adamları və ruhaniləri ilə çəkinmədən görüşürdü, fikir mübadiləsi aparırdı. Onu dinləməyə gələnlərin sayı günbəgün artır, dövrünün dəbinə uyğun olaraq düzəltdiyi evi mədəniyyət mərkəzinə çevrilirdi.

Vaxt keçdikcə Hipatiya universitetdə populyar bir müəllim oldu. Onun sinif otağı və evi çağın tələbələri, alimləri və mütəfəkkirləri ilə dolub-daşdı, Avropa, Asiya və Afrikadan tələbə dəstələri onun mühazirələrini dinləmək üçün İsgəndəriyyəyə gəldilər. Bu tələbələr arasında daha sonra İsgəndəriyyənin qubernatoru olacaq Orest və yepiskopu olacaq Sinezi də vardı. Böyük bir filosof olan Sinezi Hipatiyaya elminə heyranlığını və şərhlərini özündə əks etdirən bir çox məktub yazdı. Hipatiyaya yazdığı məktublar fəlsəfə tarixinə aid mənbələrdə qorunub-saxlanılır. Bir sözlə, bu gözəl qadın hər kəsin diqqət mərkəzində idi.

Ona aşiq olan onlarla insan vardı, amma nəzakətlə “həqiqətlə evləndim” deyərək ona edilən bütün təklifləri rədd etmişdi.

İnanmaqdan əvvəl bilmək

Hipatiyanın riyaziyyata dair bir çox əsəri var. Təəssüf ki, bu əsərlərin yalnız bir hissəsi günümüzə qədər gəlib çatıb.

Bunların əksəriyyəti İsgəndəriyyə yanğınında və Serapis məbədinin talançıları tərəfindən yandırıldı. XV əsrdə Vatikan kitabxanasında Diofantosun astronomiya üzərində işinə kömək edən bir əsərinin hissələri tapıldı. Eyni zamanda, “Apollonun konusları haqqında” adlı bir kitabının olduğu deyilir. Hipatiya bu mövzunu işləyən yeganə filosofdur. Dekart, Nyuton və Leibnizə qədər…

Bundan başqa, suyun distillə edilməsi və dənizçilikdə istifadə olunan müxtəlif ixtiraları ilə məşhurdur. Hipatiya o qədər məşhur idi ki, “İsgəndəriyyəli filosof” adlı məktublar birbaşa ona gətirilirdi. Fəlsəfə və elmə əhəmiyyətli töhfələr verdi. Hipatiya dövrünün mürtəce düşüncələrinə qarşı özünün “İnanmaqdan əvvəl bilmək, bildiklərini müdafiə etmək” prinsipinə əsaslanırdı.

Keçilməz məsafələr

Hipatiya Roma İmperiyasının yavaş-yavaş dağılmağa başladığı mürəkkəb bir dövrdə yaşayırdı. Ümumi təhsil səviyyəsi çox aşağı idi, məlumat əldə etmək çətindi, məsafələri keçmək az qala mümkünsüzdü. Bir sözlə, Hipatiya belə bir qaranlıq mühitdə elmə verdiyi töhfələrlə o dövrə işıq saldı. Təbiəti məntiq, riyaziyyat və təcrübə ilə izah etməyə çalışdı. Hipatiya riyaziyyat və astronomiya mövzularında kitablar da yazdı.

Hipatiya elmi cəhətdən nə qədər güclüdürsə, ətraf mühitin ona münasibəti baxımından bir o qədər şanssızdı. Çünki Hipatiya o dövrdəki xristianların gözündə bütpərəstliklə əlaqələndirilən elmi simvollaşdırırdı. Əslində Hipatiyanın bütpərəstliklə heç bir əlaqəsi yox idi. Həqiqət İsgəndəriyyədə xristianlarla qeyri-xristianlar arasındakı dini mübahisədən qaynaqlanırdı. Hipatiyanı bu mübahisə hədəfə gətirmişdi. Hipatiya özünü yeni Platon ənənəsinə aid hesab edir və tələbələrini onun təsiri altında böyüdürdü. Bu ənənənin elmi düşüncəyə söykənməsi, o dövrün dini olan xristianlığın fundamental prinsiplərinə uyğun gəlmirdi.

Serapis məbədi

O illərdə İsgəndəriyyədəki ən mühüm tikililərdən biri də Serapis məbədi idi. Makedoniyalı İsgəndərin generalı olan və ölümündən sonra Misirə gələn və özünü firon elan edən I Ptolemey bu Tanrı kultunun əsasını qoyan ilk firondur. Əvvəlcə şəhər buna etiraz etdi. Ancaq firon bunun Osiris tərəfindən yuxusunda söyləndiyini deyəndə müzakirələrə son qoydu. Bundan sonra şəhərdə böyük bir məbəd tikildi. Bu məbəd 100 pilləli bir təpənin üstündə yerləşən bir bina idi.

Serapis məbədi, muzeyi və İsgəndəriyyə kitabxanası xristianlıq üçün önəmli maneələr idi. İmperator Feodosi İsgəndəriyyə yepiskopundan antik dinə aid olan hər şeyi məhv etməsini istədi. Baş yepiskop əlində xaç onu müşayiət edən kahinlərlə məbədə getdi. Məbədin sütunlarını dağıtdırdı. Bu hadisədə bir çox məbəd üzvü və həkim öldürüldü. Daha sonra eyni yerdə bir kilsə tikildi. Bu qərar İsgəndəriyyə məktəbinə təzyiqləri artırdı və fanatizmi gücləndirdi. Baş yepiskop Timoteylə rəqabət aparan yepiskop Kiril onun şəhərdəki nüfuz və liderliyini qəbul etmirdi. Yepiskopun şəhərdəki rəqibi Orest də Hipatiyanın dinləyiciləri arasında idi. Yepiskop Kiril bir tərəfdə Hipatiyanın sonunu hazırlayırdı, digər yanda da ətrafındakı qaragüruhu ona qarşı qızışdırırdı. Kiril Hipatiyanın düşüncələrini xristianlıq və onun yayılması üçün bir təhlükə olaraq gördü.

Din və Hipatiya

Kiril guya məzlum və yoxsul insanlara kömək etmək üçün öz ətrafında yığdığı “Parabolani” adlı dini fədailəri öz təsiri altında əvvəlcə bütpərəstləri, sonra da yəhudiləri qırmağa təşviq etdi. Kiril dini istədiyi kimi təhrif edən, lakin təsirli nitqi ilə cəmiyyətə təsir göstərməyi bacaran, özünə haqq qazandıran bir adamdı. Əsas məqsədi dini yaymaq yox, siyasi hakimiyyəti ələ keçirməkdi. O dövrdə İsgəndəriyyədə siyasi hakimiyyət Hipatiyanın tələbəsi, sevgilisi və ən yaxşı dostu olan Romanın təyin etdiyi Orestin əlindəydi. Həmin dövrün şərtlərinə görə ziyalı hesab edilə bilərdi. Kiril Oresti zəiflətməyi hədəfləyəndə iki çox güclü vasitəsi vardı: Din və Hipatiya. Elm tarixinin ən pis cinayətlərindən biri üçün planlar hazırlanırdı.

Kiril Hipatiyadan istifadə edərək, Oresti zəiflətmək istəyirdi. Hipatiyanı “ifritə”, “cadugər” və “şeytan” elan edərək kütləni təhrik etməyə başladı. Hipatiyanı aradan götürmək üçün qadın olmasından istifadə edən Kiril İncildən sitatlar gətirərək ətrafındakı kütləni daha da qızışdırdı. Yepiskop kütləni xristian olmayan Hipatiyaya qarşı ayağa qaldıra bildi. Bir səhər Hipatiya evdən çıxarkən qara başlıqlı 500-ə yaxın fanatik qrup onu saxlayaraq arabasından endirdi.

Saçlarından tutub kilsəyə qədər sürüdülər. Hipatiya vəhşicəsinə qətlə yetirildi, parçalanmış cəsədi yandırıldı. Hipatiya 45 yaşında işgəncə veriləcək öldürüldü. Hadisə şəhərdə böyük əks-səda doğurdu. Kiril ictimaiyyətə Hipatiyanın linç edilmədiyini, Romada olduğunu söylədi. Kiril İsgəndəriyyə xalqını aldatsa da, tarixi aldada bilmədi.

Yunan tanrıları ilə birlikdə

Volterə görə, Hipatiya təəssübkeşliyin məsum qurbanıdır, yunan tanrıları ilə birlikdə sorğulamaq azadlığının yox olmasının simvoludur .

Hipatiyanın qətlinə dair ən etibarlı mənbə Sokrat Sxolastikin qeydləridir:

“Hipatiyanın tez-tez qubernator Orestlə görüşməsi xristianlarn xoşuna gəlmirdi. Hipatiyanın qubernator Orestlə yepiskop Kirilin barışmasına mane olmağa çalışdığı düşünülürdü. Belə düşünən bir qrup Peter adlı dəstə lideri ilə birlikdə Hipatiyanın evinin qarşısında pusqu qurub onu gözləməyə başladı. Hipatiya evə gələndə onu tutaraq Kesarevo adlı bir kilsəyə apardılar, lüt soyundurub daşqalaq etdilər. Daha sonra Hipatiyanın parçalanmış cəsədini Kinaron adlı yerdə yandırdılar”.

1000 il sonra

Renesans dövrünün rəssamı Rafael “Afina məktəbi” adlı məşhur rəsmində Hipatiyanı çəkdi. Hipatiyanın ölümündən təxminən 1000 il keçməsinə baxmayaraq, kilsə Rafaelin Hipatiyanı çəkməsinin qarşısını almağa çalışdı.

Rafaelin bu əsəri Papa II Yulidən bəri Vatikanda Stanza della Seqnaturunun divarından asılıb. Rəssam işə başladıqda ona verilən bir suala “Hipatiya Afina məktəbinin ən məşhur şagirdidir” cavabını vermişdi. Ona dərhal bu fikri dəyişdirməli olduğunu, əks halda əsərin məhv ediləcəyini dedilər. Bundan sonra əsərdəki şəxsə Papanın qardaşı oğlunun adını verdi – “Françesko Mariya della Rover” (1490-1538).

Bir məktəbin süqutu

Hipatiya İsgəndəriyyədəki məktəbində riyaziyyat dərslərində həndəsəyə böyük əhəmiyyət vermiş və Evklidin yeganə əlyazmasını şagirdlərinə verməklə çoxaltmışdı. Hipatiyanın riyaziyyata verdiyi töhfələr danılmazdır. Xüsusilə onun hesabla bağlı araşdırmaları 13 cilddən çoxdur. Ayda adını daşıyan “Hipatiya krateri” onun müşahidələrinə aid edilən, hətta aşkar etdiyi halda sənədləşdirə bilmədiyi bir sahədir. Hipatiyanın ölümündən sonra bağlanmış platonizm məktəbi İsgəndəriyyənin elm və mədəniyyət mərkəzi kimi çökməsinə səbəb oldu. Elm və sənətdən məhrum şəhərə çevrilən İsgəndəriyyə bir müddət sonra müharibələr nəticəsində yerlə yeksan edildi.

Hipatiyanın elmə verdiyi töhfələr göy cisimlərinin təsnifatına, hidrometrin tapılmasına, mayelərin sıxlığının müəyyənləşdirilməsinə və digər elmi sahələrə təsir göstərib. Ptolemeyin astronomiya kitablarını atası ilə birlikdə redaktə edib. Hipatiyadan geriyə təkcə “Astronomiyanın qanunları” adlı kitabı və atası ilə birlikdə redaktə etdiyi əsərlər qalıb. Elm adamlarına görə, Hipatiya və Teon olmasaydı, Ptolomey, Evklid və digər bir çox yunan riyaziyyatçılarının əsərləri sağ qalmazdı. Yəni, Hipatiyanın elmə verdiyi töhfə bilinəndən daha böyük idi. Məşhur riyaziyyatçı Hardinin dediyi kimi, yunan məktəbi Hipatiyanın ölümü ilə sona çatdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər