İsveçrə, İtaliya və Fransa boyu uzanan Alp dağlarının ən yüksək zirvəsindəki qırmızı qarın sirri məlum olub.
Teleqraf.com xəbər verir ki, son illər tez-tez rast gəlinən bu təbiət hadisəsini araşdırmış fransız mütəxəssislər qarın rənginin dəyişmə səbəbinin mikroyosunlardan qaynaqlandığını təyin ediblər.
Milli Elmi Tədqiqat Mərkəzinin Hüceyrə və Bitki Fiziologiyası Laboratoriyasının direktoru Erik Marekal dəniz səviyyəsindən 3000 metr yüksəklikdə qarın canlı olduğunu və tərkibinə mikroyosunların qarışdığını bildirib: “Bu yosunlar qış aylarında yaşıl və görünməz olur. Yazda qızan hava ilə birlikdə özlərini günəşdən qorumaq üçün qırmızı rəng alırlar. May ayından etibarən günəş şüaları gücləndikcə, yosunlar qırmızı rəngli molekullarla "qoruyucu qalxan" yaradır. Bunu bir növ günəş kremi ilə müqayisə edə bilərik".
Mütəxəssislər bu vəziyyətin daha çox Arktika və Antarktika bölgələrində müşahidə edilməsindən narahatdırlar. İddialara görə, mikro yosunlar ekosistemdə karbon qazını özünə cəlb etməklə rəng dəyişdirirlər. İqlim dəyişikliyi səbəbindən karbon dioksidin həcmində kritik artım olur və nəticədə qırmızı qar yaranır.