10 Noyabr 2021 09:30
2 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

1518-ci ildə adi günlərdən birində Strasburqun bir kəndində yaşayan Frau Trofeya adlı qadın evindən küçəyə çıxdı. İlk günlərdə gündəlik işləri ilə məşğul olan qonşularının diqqətini o qədər çəkməsə də, bu, tezliklə dəyişəcəkdi. Frau Trofeya ətrafdakılara məhəl qoymadan qəfil rəqs etməyə başladı. Musiqi səslənmirdi, davranışları şüurlu görünmürdü, kimsə onun nə etməyə çalışdığını başa düşmürdü. Qısa müddətdən sonra bəzi kəndlilər də gözlənilmədən rəqsə qoşulmağa başladılar. Artıq dörd yüz nəfər ona - Frau Trofeyaya qoşulmuşdu.

İndi nə qədər qəribə görünsə də, orta əsrlər boyu oxşar hadisələr tez-tez baş vermişdi. XIV əsrdən XVI əsrədək olan qeydlər orta əsrlər Avropasında insanların kütləvi şəkildə huşlarını itirənə qədər rəqs etdiyinə dair məlumatlarla doludur.

İohanın lənəti

Bu fenomen ədəbiyyata “Müqəddəs İohannın rəqsi” adıyla daxil oldu, çünki insanlar rəqs edərkən tez-tez “Müqəddəs İohann” deyə qışqırmışdılar. Rəqslər o qədər təsiredici idi ki, insanları sarsıtmışdı. Ehtimala görə, bu rəqs orta əsr Avropa kəndlilərini vaxtaşırı narahat edən kütləvi isteriya forması idi. İnsanlar qeyri-ixtiyari oynayırdılar. Həftələrlə, bəzən aylarla… Dayana bilmirdilər.

Vəziyyət yoluxucu görünürdü və yüzlərlə insanın yorğunluqdan huşunu itirənə qədər qruplar şəklində rəqs etməsinə səbəb olurdu.

İş o yerə çatmışdı ki, kollektiv rəqs 1378-ci ildə Myoz çayının üstündəki körpünün uçmasına səbəb olmuşdu. Ən azı 200 nəfər hadisə yerində ölmüşdü. Bir çox insan rəqs zamanı paltarlarını çıxarır, hallüsinasiyalar görür və müqəddəslərin adlarını qışqırırdı.

Həmçinin, bu dəhşətli anlarda qıcolma, qışqırma və ağızdan köpük gəlmə adi hal idi.

Sonu görünməyən səfalət

Orta əsrlərdəki ölüm rəqsinin kökləri Avropanın ən böyük fəlakətinin başlanğıcına gedib çıxır. Xüsusilə 1340-50-ci illərdə Avropada qara ölüm o qədər sürətlə yayılmışdı ki, bu dövrdə qitə əhalisinin 60 faizi bu səbəbdən ölmüşdü. İnsanların yarıdan çoxu məhv oldu və sonu görünməyən qıtlıq başladı. İnsanlar qəsəbə, kənd və şəhərlərin küçələrində dolaşarkən çarəsizlikdən özlərini qamçılayırdılar.

1360-cı il tarixli qeyddə rəqs isteriyasının Bohemiya ilə sərhəddə yerləşən Lauzitzda qadınlar arasında başladığı bildirilir. Bu qeydə görə, Məryəm heykəlinin önünə toplaşan qadınlar küçədə qışqırmağa, rəqs etməyə başlayıblar.

Lauzitzdakı rəqs coşqusu qısa müddət üçün səngidi. Ancaq 14 il sonra bu fenomen daha dəhşətli şəkildə geri döndü. Həmin yay insanlar Reyn ətrafındakı şəhərlərə axışmağa başladılar. Lauzitzdakı sələfləri kimi, onların da davranışları qeyri-sabit və çılğın idi. Tezliklə məlum oldu ki, bu yoluxucu rəqs xəstəliyi tamaşadan daha çox insanların beyinlərini idarə edən maniyadır. Mütəxəssislər bunu “xoreomaniya” adlandırırlar.

Rahib və tarixçi Piter de Xerentali xoreomaniyadan əziyyət çəkən bu insanlar haqda deyirdi: “Bu insanlar Şeytan tərəfindən o qədər yoldan çıxarıldılar ki, bazar və kilsələrdə oluğu kimi, öz evlərində də rəqs edib, tullanırdılar”.

Tarixçi Bzoviusun təsviri daha qorxuncdu. O, baş verənləri “rəqs çılğınlığı” adlandırmışdı: “Rəqs çılğınlığına məruz qalan xəstələr yerdə donub qalmadan əvvəl bütün insanları qəzəbli marafona sürüyürdülər, bundan sonra ölənə qədər rəqs edirdilər”.

Kütləvi seks

Kütləvi rəqsə qoşulan insanlar Tryer şəhəri yaxınlığındakı meşədə başqa bir yoluxmaya səbəb oldular. Burada o qədər böyük izdiham vardı ki, meşə az qala kiçik bir kəndi xatırladırdı. İnsanlar burada rəqs etməyə, sonra isə soyunmağa başladılar. Bundan sonra yüzdən çox qadının hamilə qalması ilə nəticələnən kütləvi seks başladı. Oynayanlardan bəziləri qarınlarını tutaraq yerdə sürünürdülər. Onlar içlərində cin olduğuna inanmışdılar.

Rəqs edənlər o qədər isterik davranırdılar ki, qırmızı və ya dəbli geyimdə olan insanlara hücum etməyə başladılar. Lej şəhərinin rəhbərliyi olayların qarşısını almaq üçün o zamanlar dəbdə olan sivri uclu ayaqqabıların istehsalına qadağa qoymuşdu.

Küçələrdə cinsi əlaqədə olan və rəqs edən insanlar dərhal “bidətçi” elan olunurdu. Rəqs edənlərin bəziləri “içlərinə Şeytan girdiyi üçün” Lej kilsəsinə qapanmışdılar. Rahiblər onları məsxərəyə qoyub, kobud davranırdılar. Boğazlarına su tökürdülər və ya başlarını su çəlləklərinə salırdılar. Ancaq heç nə bu “lənət”i dayandıra bilmədi.

Cadugər məhkəmələri

Rəqs çılğınlığı başlayandan sonra kilsə insanların şeytani qüvvələrin qurbanı olduqlarını bəyan etdi. O vaxt insanlar buna inanırdılar. Son beş yüz ildə bu qəribə hadisələrə nəyin səbəb olduğunu izah etmək üçün saysız-hesabsız araşdırmalar aparılıb. Bəziləri buna isteriya tutmalarının səbəb olduğunu iddia edirlər. Digərləri bunun xoreomaniya olduğunu deyirlər. Son illərdə elm adamları bu fenomenin izahını tapmaq üçün ekoloji faktorların qiymətləndirilməsi lazım olduğunu deməyə başlayıblar.

Bəzi elm adamları hətta xəstələrin psixotrop xüsusiyyətlərə malik olan erqot (göbələk növü) yeyə biləcəyini düşünürlər. Erqot 1692-ci ildə Amerikanın Salem şəhərini öz təsiri altına alan və məşhur cadugər məhkəmələrinə yol açan kütləvi psixoza səbəb olması ilə tanınır.

Bəzi psixoloqlar isə dissosiativ şəxsiyyət pozğunluğuna işarə edirlər.

Reyn çayının ətrafı daşqınlara qarşı həssas durumdadır. Bu daşqınlardan ən böyüklərindən biri XIV əsrdə baş verib. İnsanların evləri və əkin sahələri su altında qaldı, ardınca böyük qıtlıq başladı. Eyni zamanda, taun epidemiyası da yayılırdı. Taun bitməmiş ağır sifilis epidemiyası başladı. Belə bir durumda insanların sakitlik və xoşbəxtlik içində yaşaması mümkün deyildi. Yəni hamı ümidsizliyə qapılmışdı. Buna görə də, mütəxəssislər taun, sifilis, müharibələr, fəlakətlər və streslə Müqəddəs İohann rəqsi arasındakı əlaqəni istisna etmirlər.

Naməlum səbəblər

1518-ci ilin iyulunda Frau Trofeyanın rəqsi ilə başlayan olaylar həmin ilin sentyabrınadək davam etsə də, bunun başlanğıcı XIV əsrdə qoyulmuşdu.

Tarixi sənədlər, o cümlədən tibbi qeydlər, kafedral moizələr, yerli rəvayətlər və hətta Strasburq şəhər şurasının hesabatlarında kütləvi rəqslərdən bəhs olunsa da, səbəbləri haqda heç nə yazılmır. Amma tarixi mənbələr bir qadının rəqs etməyə başlamasından sonra bunun geniş yayılması ilə razılaşırlar. Əsasən qadınların rəqslərə qoşulduğu deyilir. Rəqslər o qədər uzun müddət davam etdi ki, Strasburq magistratının və yepiskopunun diqqətini çəkdi, nəticədə həkimlər müdaxilə etməli oldular, bundan əziyyət çəkənləri xəstəxanaya yerləşdirdilər.

Buna bənzər hadisələrin orta əsrlər boyu, o cümlədən XI əsrdə Saksoniyada baş verdiyi deyilir, burada iblislərin insanların ruhlarını ələ keçirməsinə və ya ilahi hökmün səbəb olduğuna inanılırdı. XVI əsrdə İtaliyanın Apuliya qəsəbəsində bir qadını tarantula dişlədi, zəhər onu rəqs etməsinə və sonda qıc olmasına səbəb oldu.

Rəqs edənlərin sonda ölməsi ilə bağlı iddialar mübahisəlidir. Bəzi mənbələr bu müddət ərzində vəbanın gündə təxminən on beş insanın ölümünə səbəb olduğunu bildirir, amma bu hadisələr zamanı Strasburq Şəhər Şurası ölənlərin sayı, hətta ölüm hallarının olub-olmadığını qeyd etməyib. Ümumiyyətlə, bu rəqslərin ölümə səbəb olması ilə bağlı heç bir mənbə yoxdur.

Erqot göbələyi

Bəziləri rəqsin çörək bişirmək üçün istifadə edilən taxıllarda olan erqot göbələklərinin tərkibindəki zəhərli və psixoaktiv kimyəvi maddələrinin səbəb olduğu qida zəhərlənməsi nəticəsində yarana biləcəyinə inanır. Amma araşdırmaçılara görə, bu nəzəriyyə etibarlı deyil, çünki erqotdan zəhərlənənlərin günlərlə rəqs edə bilməsi ehtimalı azdır. Nə də bu qədər çox insan onun psixotrop kimyəvi maddələrinə eyni şəkildə reaksiya verə bilməzdi.

Erqotizm nəzəriyyəsi həmçinin faktiki olaraq epidemiyanın nə üçün Reyn və Mozel çayları boyunca, su qovşaqlarında, eyni zamanda, tamamilə fərqli iqlimin olduğu və qidalardan istifadə edildiyi yerlərdə yayıldığını izah edə bilmir. Ən çox qəbul edilən ehtimal budur ki, bu, kütləvi isteriya və ya kütləvi psixogen xəstəlik zamanı baş verən psixogen davranış pozğunluğunun nümunəsi ola bilər. Davranış da epidemiya şəklində sürətlə və geniş şəkildə yayıla bilir. Amma bunlar müəmmalı rəqslərin əsl səbəbləri deyil, bunlar hələlik sirr olaraq qalır.

Son rəqs

Vaxtilə Avropanı cənginə almış ölüm rəqsi sənətdə də yer alıb. “Ölüm rəqsi”, ölümün universallığına dair orta əsrlər alleqoriyasıdır. Bu anlayışa görə, həyatda kim olur-olsun, ölüm rəqsi hər kəsi birləşdirir. Bu rəqsdə təcəssüm etdirilən ölüm imperatoru, kralı, gənc və gözəl qadını – hər kəsi skeletlərin müşayiəti ilə həyatdan məzara qədər aparır. Onlar insanlara dünya həyatının həzzinin nə qədər boş olduğunu xatırladırlar. Bu anlayışın orijinal mətnləri kilsə moizələrinə əsaslanır və ilk bədii nümunələri 1424-cü ilə aid Paris qəbiristanlığında tapılıb.

XIV əsrdə tez-tez özünü göstərən qıtlıq, Fransadakı yüzillik müharibə və ən əsası qara vəbanın yaşatdığı ölüm dəhşəti bütün Avropa mədəniyyətinə sirayət etmişdi. Həmişə və hər yerdə var olan qəfil və ağrılı ölüm ehtimalı peşmançılıq üçün duyulan dini arzuları artırır və isterik əyləncə istəyini oyadırdı. Son rəqs isə gələn ölümün soyuq təsəllisinə çevrilirdi. Ölüm rəqsi bu arzuların qarışığıdır. Orta əsrlərin məşhur teatr tamaşalarına bənzəyən ölümlə rəqs alleqoriyası insanlara ölümün qaçılmazlığını xatırladan və hər an ölümə hazır olmağı şiddətlə tövsiyə edən ibrətamiz oyun sayılırdı.

Bu oyunun ilk nümunələri Almaniyada qara ölüm epidemiyasından dərhal sonra ortaya çıxır və bunlar ölümlə onun qurbanları arasında kiçik dialoqlardan ibarətdir. “Ölüm” anlamına gələn fransızların “Makabre” termini İncildə bəhs olunan bir orta əsrlər rəvayətindən gəlir. Bu rəvayət ana və yeddi oğlunun din uğrunda şəhid olmasını təsvir edir. Bəzi orta əsrlər fransız pyeslərində makabre şəhidlərinə yer verilib.

Əcdadların skeletləri

Ölümlə bağlı kilsə freskalarının uzun ənənəsi var. Məsələn, üç kişi və üç ölü haqda əfsanə buna aiddir: at sürən üç gənc onlara xəbərdarlıq edən əcdadlarının skeletləri ilə qarşılaşır. XIII əsrlərdən qalma bu freskalar hələ də toxunulmazdır.

Bir makabre rəsmində adətən ölümün başçılıq etdiyi halqa rəqsi təsvir olunur. Orta əsr iyerarxiyasının ən yüksək rütbəlisindən (papa, imperator) ən aşağısına (dilənçi, kəndli və uşaq) qədər hər bir insanın əli ya skelet, ya da çürüyən cəsəd tərəfindən tutulur. Bu rəsmlərin demək olar ki, hamısında aşkar sinif fərqi onun son mənzili olan ölüm tərəfindən aradan götürülür. Əslində, bu, cəmiyyətlərdə bərabərlik istəyənlərin əl atdıqları bir hiylə idi.

Ölüm rəqsinə dair ilk rəsm (Matias Qus) 1499-cu ilə aiddir.

Ölüm rəqsi sənətin digər sahələrində olduğu kimi musiqidə də özünə yer tapıb. Kamil Sen-Sans, Franz Lizst, Modest Musorqski, Qustav Maler, Arnold Şenberq, Vilhelm Kempff, Dimitri Şostakoviç və Corc Kramb kimi bəstəkarların yaradıcılığında mövzu olub.

“Ölülərin rəqsi” və ya “Skeletlərin rəqsi” (“Danse macabre”) fransız bəstəkarı Kamil Sen-Sans tərəfindən şair Anri Kazalisin yazdığı şeirdən ilhamlanaraq, piano üçün bəstələdiyi və qələmə aldığı mahnıdır. İlk dəfə 1872-ci ildə ifa edilib. İki il sonra bəstəkar yenidən əsər üzərində işləyir, bir az da genişləndirərək simfonik şeirə çevirir.

Makabre rəqsi

Ziq, ziq, ziq. Ritm tutur ölüm,

Dabanlarını məzara vuraraq.

Ziq, ziq, ziq. Skripkasıyla ölüm

Rəqs havası çalır gecəyarısı.

Əsir qış küləyi, hava zülmət,

İniltilər gəlir cökə ağacları arasından,

Kəfənlərə bürünmüş bəyaz skeletlər

Qaçaraq, tullanaraq keçirlər gecənin qaranlığından.

Sümüklərinin şaqqıltısı yayılır rəqs edənlərin.

Ehtiraslı sevgililər bataqlıq içində,

Qıvrılıblar illərdir itirilmiş həzdən.

Ziq, ziq, ziq. Ölüm davam edir,

Skripkasıyla əbədi mübarizəsinə.

Libası düşür, lüt-üryan qalır rəqqasə,

Kavaleri ehtirasla sarılır bədəninə.

Şayiyəyə görə, xanım markiz, ya da baronessadır,

Aşiqi isə zavallı faytonçu.

İyrəncdir! Qadın özünü necə təslim edir,

Kişi isə sanki barona bənzəyir.

Ziq, ziq, ziq. Möhtəşəm sarabanda,

Rəqs edirlər, hamısı qol-qola, çevrilib halqaya.

Ziq, ziq, zaq. İzdihama baxın,

Kəndlilərlə rəqs edir kral.

Amma, şşş! Birdən rəqs dayanır,

İrəli atılıb səpələnirlər, xoruz banlayır.

Bu qəribə dünya üçün necə gözəl gecə,

Çox yaşasın ölüm və bərabərlik!


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər