Holland astronomlar ən müasir teleskoplarla qırx saat ərzində təfərrüatlı araşdırma aparmalarına baxmayaraq, AGC 114905 qalaktikasında qaranlıq materiya tapmayıblar.
Teleqraf.com xəbər verir ki, Hollandiya Radio Astronomiya İnstitutu (ASTRON) və Qröningen Universitetinin apardığı araşdırmada aşkar olunan belə qalaktikaların sayı 6 olub.
AGC 114905 adlı qalaktika təxminən 250 milyon işıq ili uzaqdadır və ultra-dağınıq cırtdan qalaktika kimi təsnif edilib. “Cırtdan qalaktika” adı qalaktikanın ölçüsünə yox, parlaqlığına aiddir. Ölçüsü Süd Yolu qalaktikasının təxminən yarısı qədərdir, daxilində isə min dəfə az ulduz var. Əsas fikir budur ki, bütün qalaktikalar və ultra-dağınıq cırtdan qalaktikalar yalnız qaranlıq maddə tərəfindən bir yerdə saxlanıldıqda mövcud ola bilərlər.
Tədqiqatçılar 2020-ci ilin iyul və oktyabr ayları arasında VLA teleskopundan istifadə edərək AGC 114905-də qazın fırlanması ilə bağlı 40 saatlıq müşahidə aparıb, məlumat toplayıblar. Bundan sonra onlar X oxunda qazın qalaktikanın mərkəzindən məsafəsini və Y oxunda qazın fırlanma sürətini göstərən qrafik qurublar. Bu standart üsul qaranlıq materiyanın mövcudluğunu aşkar edərkən istifadə olunub. Qrafik göstərir ki, AGC 114905-də qaz hərəkətləri normal maddə ilə tam izah edilə bilər.
Nəzəriyyələr isə AGC 114905-də qaranlıq materiyanın olmasının lazım olduğunu iddia edirlər, amma müşahidələr belə bir maddənin olmadığını göstərir. Əslində, nəzəriyyə ilə müşahidə arasında uçurum getdikcə genişlənir.
Tədqiqatçılar dərc etdikləri elmi məqalədə qaranlıq maddənin olmaması ilə bağlı mümkün izahatları bir-bir sadalayıblar. Belə ehtimallardan biri odur ki, yaxınlıqdakı böyük qalaktikalar AGC 114905-ə qaranlıq maddə atırlar. Amma yaxınlıqda qalaktikalar yoxdur.
Tədqiqatçıların fikrincə, nəticələri dəyişə biləcək başqa bir fərziyyə də var. Bu, alimlərin qalaktikanı müşahidə etdiklərini düşündükləri təxmini bucaqdır. Amma qaranlıq materiyaya yenidən yer açılmazdan əvvəl bu bucaq tədqiqatçıların proqnozundan xeyli kənara çıxır.
Elm adamları ikinci ultra-dağınıq cırtdan qalaktikanı da təfərrüatı ilə tədqiq edirlər. Bu qalaktikada qaranlıq maddənin izini tapa bilməsələr, qaranlıq materiyanın olmadığı qalaktikalar fenomeni öz mövqeyini daha da gücləndirəcək. Amma hollandlar tərəfindən aparılan bu araşdırmalar müstəsna deyil. Məsələn, bundan əvvəl ABŞ-ın Yale Universitetinin elm adamları qaranlıq maddənin olmadığı bir qalaktika kəşf ediblər.