Sebeş dünyanı lərzəyə gətirən Osmanlı İmperiyasının qınından bir qılınc belə çıxarmadan qalib gəldiyi savaşdır. Dünya müharibəsi tarixinin ən maraqlı hekayələrinə mövzu olan savaşda Avstriya ordusu türklər gəlmədən öz-özünü məhv edib.
Osmanlı ilə Avstriya arasında Sebeş döyüşü 1788-ci il sentyabrın 17-də baş verib. Əslində “Osmanlı ilə” demək düzgün deyil, çünki Avstriya əsgərləri bir-birini qırıblar.
Təxminən 100 000 nəfərlik Avstriya ordusu Osmanlıya qarşı döyüşmək üçün Karansebeş şəhəri yaxınlığında düşərgə salır. Əsgərlərdən bəziləri Osmanlı döyüşçülərini axtarmaq üçün çayı keçsələr də, heç kəsə rast gəlmirlər. Bu vaxt bir qaraçı karvanı ilə rastlaşırlar.
Qaraçılar avstriyalı əsgərlərə içki almağı təklif edirlər. Əsgərlər təklifi geri çevirmirlər. Osmanlı əsgərlərinin axtarışına çıxdıqları yol əyləncəyə çevrilir.
Kəşfiyyat qrupunun geri qayıtmamasından şübhələnən Avstriya ordusunun komandiri onları axtarmaq üçün əsgərlərini göndərir. Bu piyada dəstəsi əsgərləri içki məclisində görəndə geri dönüb hesabat verməkdənsə, əyləncəyə qatılırlar. Amma sərxoş əsgərlər çəlləklərə sarılaraq, bunları yeni gələnlərə vermək istəmirlər.
Mübahisə düşür, yeni gələnlər onları qorxutmaq üçün “Turki, turki” deyə qışqırırlar. Onlar həqiqətən də türklərin gəldiyini düşünür və qorxudan qaçmağa başlayırlar.
Avstriya ordusu italyanlar, slavyanlar, avstriyalılar və müxtəlif milli azlıqlardan ibarət olduğundan aralarında ünsiyyət problemi vardı. Əsgərlər bir-birini başa düşməyəndə işlər çətinləşirdi.
Əsgərlərin qaçdığını görən avstriyalı zabitlər almanca “Halt, halt” (“Dayanın”) əmrini versələr də, bu dildə bilməyən əsgərlər bunu “Allah, Allah” kimi başa düşdükləri üçün vəziyyət daha da mürəkkəbləşir.
Düşərgəyə doğru qaçanları görən bölük komandiri onların Osmanlı döyüşçülərinin hücumuna məruz qaldığını düşünərək toplara atəş açmağı əmr edir. Avstriyalı əsgərlər döyüşün başladığını düşünərək, hücuma keçirlər. Əsgərlər türk olduqlarını güman edərək gördükləri hər kölgəni, qaraltını vururlar. Öldürdükləri, vurduqları isə öz əsgərləri idi.
Bu anlaşılmazlıqda Avstriya ordusu öz-özünü məhv edir. Avstriya İmperatoru və Ali Baş Komandan II İosif isə atını kiçik bir dərəyə endirərkən yıxılır və yaralanır.
Nə baş verdiyindən xəbərsiz olan Osmanlı ordusu iki gün sonra hadisə yerinə gəlir. Təxminən 10 min ölü və yaralı ilə qarşılaşır və asanlıqla Karansebeş şəhərini tutur. Bu, ən qəribə müharibələrdən biri kimi tarixdə yerini alır.