ABŞ texnologiya nəhəngi “Apple” bir yeniləmə gətirənə qədər Fransada “iPhone 12” modellərinin satışı dayandırılır.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Rəqəmsallaşma və Telekommunikasiyadan məsul naziri Jan-Noel Barrot özünün “X.com” sosial media platformasında açıqlayıb.
Nazir Milli Tezlik Agentliyindən (ANFR) sözügedən qadağaya əməl etmək üçün bütün səlahiyyətliləri səfərbər etməyi xahiş edib.
Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə “iPhone 12”lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.
Qeyd edək ki, Avropada telefon cibdə və ya əlində tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunur. ANFR “iPhone 12” modellərində radiasiyanın 5,74 Vt/kq olduğunu ortaya qoyub.