25 Yanvar 10:33
1 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinli tədqiqatçıların araşdırmalarına görə, 4000-5000 m hündürlükdə yerləşən 6000-7000 m-ə qədər silsilələr şəklində uzanan, düz və alçaq dağlıq düzənliklərdən ibarət və “dünyanın damı” adlandırılan Çinxay-Tibet yaylasında qədim insanlar ən azı 50 000 il əvvəl məskunlaşıb.

Teleqraf.com xəbər verir ki, yeni araşdırma ilə üzə çıxan rəqəmlə əvvəlki arasında ən azı 10 000 il fərq var.

Əvvəllər belə hesab edilirdi ki, ilk insanlar 40 000 il əvvəl sərt təbii şəraiti olan və hər tərəfdən Himalay, Qaraqorum, Kunlun və Çin-Tibet dağ sistemləri ilə əhatə olunmuş bu yüksək dağlıq bölgədə məskunlaşıblar. Arxeoloqlar dəniz səviyyəsindən 4700 m hündürlükdə yerləşən Tibetin Nqari bölgəsində yerləşən Melonq Taqfuq mağarasında 6 il davam edən qazıntılardan sonra bu qənaətə gəliblər.

Tədqiqat dövründə elm adamları paleolitdən erkən dəmir dövrünə qədər olan dönəmə aid daş məmulatları, sümüklər, keramika və tunc artefaktlar, bitki qalıqları da daxil olmaqla 10 mindən çox mədəni nümunə aşkar ediblər.

Alimlər mağarada tapılan ən qədim mədəniyyət obyektlərinin 53 000, hətta 80 000 il əvvələ aid ola biləcəyini deyirlər.

Mağaranın ortasında şaquli zolaqlı qayaüstü rəsmlər və qırmızı oxra ilə çəkilmiş insan fiqurları aşkar edilib. Araşdırmaya görə, mövcud olduğu müddətdə mağara iqlim faktorları və ya sürüşmələr səbəbindən vaxtaşırı tərk edilsə də, sonradan insanlar tərəfindən yenidən məskunlaşdırılıb.

Arxeoloqlar mağarada müxtəlif dövrlərə aid mədəni təbəqələri qazıblar ki, bu da insanların dəniz səviyyəsindən təxminən 4.7 min metr yüksəklikdə ekstremal şəraitdə həyata uyğunlaşmaq cəhdləri barədə nəticə çıxarmağa imkan verir.

Tədqiqatçılar bu yerlərdə qədim insanların köçləri, onların ictimai təşkilatlanma formaları haqda da məlumat əldə ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər