Teleqraf.com sabiq xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:
- Alman Bundestaqının “erməni soyqırımı”na dair qəbul etdiyi qətnaməni necə şərh edirsiniz?
- Tarixi hadisələri tarixçilər müzakirə etməlidir. Türkiyə dövləti daima təklif edir ki, tarixçilərdən ibarət müştərək komissiya yaradılsın, 1915-ci il hadisələri ilə bağlı dövlətlərin arxivlərində olan materiallar açıqlansın. Lakin Ermənistan başda olmaqla Avropanın özü də maraqlı deyil ki, bu hadisə ilə bağlı həqiqətlər üzə çıxsın və birdəfəlik bu mövzuya son verilsin.
- Avropa nəyə görə, birdəfəlik qapadılmasında maraqlı deyil?
- Vaxtilə Anadoluda erməni üsyanını məhz Antanta dövlətləri qaldırıb. Ancaq sonradan Antanta dövlətləri ermənilərin köməyinə gəlməyib. İndi özlərinə bəraət qazandırmaq üçün belə məsələləri ortaya çıxarır, saxta sənədlər qəbul edirlər. Əgər onlar, doğrudan da, tarixi həqiqətləri bilmək istəyirsə, bu zaman Malta Tribunalının 1923-cü ildə müzakirə etdiyi və qərar çıxardığı sənədləri qaldırsınlar. Həmin ildə beynəlxalq tribunal olub və belə qərar çıxarılıb ki, erməni soyqırımı məsələsi baş verməyib. Odur ki, bu hadisəni nə qədər qabartsalar da, onun tarixi əsası yoxdur.
- Ancaq siyasi əsası var?
- Prezident Ərdoğan qeyd edib ki, Türkiyədən nəsə istəyəndə “soyqırımı” məsələsini qaldırırlar. Mənə elə gəlir ki, Azərbaycan və Türkiyə bu mövzuya soyuqqanlı olsa, emosional reaksiyalar ifadə etməsə, onların özləri nəhayətdə bundan əl çəkəcəklər. Yəni buna çox da fikir vermək lazım deyil. Alman Bundestaqı belə bir qərar qəbul edibsə, özü bilər, etsin. Açığı, mən ermənilərin də buna görə sevinməsini anlamıram. Guya bununla nə qazanıblar və bundan sonra nə qazanacaqlar? Şəxsən düşünürəm ki, ermənilər bundan heç nə qazanmayacaq. Əvəzində bu hərəkətlərlə bölgədə gərginliyi artırırlar. Təəssüflər olsun ki, ermənilərin bəyan etdiyi məqsədlər atdıqları addımlarından çox uzaqdır. Belə sənədlərin heç bir hüquqi və siyasi nəticəsi olmayacaq. Nə qədər istəyir, qəbul etsinlər. Soyqırımlarla bağlı beynəlxalq qanunlara uyğun olaraq beynəlxalq tribunal məşğul olmalıdır. Yalnız beynəlxalq tribunalların çıxardığı qərarla genosid siyasəti tanına bilər. Beynəlxalq Tribunal Holokost haqda belə qərar verib. Eləcə də Ruanda haqqında da belə bir qərar var. Lakin Türkiyə haqqında Malta tribunalı keçirilib və qərar çıxarılıb ki, erməni genosidi olmayıb. İndi bunların qəbul etdiyi qərarın tarixi əsası yoxdur.
- Ancaq Çexiya prezidenti də bəyan etdi ki, “erməni soyqırımı”nı tanımaq üçün öz parlamentinə təklif verəcək...
- Çexiya prezidenti və digərləri özlərinin siyasi maraqlarına uyğun olaraq hansısa addımlar ata bilərlər. Türkiyə sürətlə inkişaf edən ölkədir, regional oyunçudur. Bu baxımdan istəyirlər ki, Türkiyənin inkişafının qarşısını almaq üçün bəhanə tapsınlar və bu imkandan daima istifadə etsinlər. Məqsədləri budur. Ancaq onların bu məqsədinə biz əhəmiyyət verməsək, təsiri olmayacaq və işləməyəcək. Soyuqqanlı yanaşma olmalıdır. Qəbul etmisiniz, çox gözəl, istəyirsiniz birini də qəbul edin. Yanaşma belə olmalıdır, sadə və emosiyadan kənar.
- Müşahidələr göstərir ki, kənardan “erməni soyqırımı” silahı ilə Türkiyəyə təzyiqlə yanaşı, qardaş ölkənin daxilində hər gün terror aktları törədilir, PKK obyektlərə hücumlar təşkil edir. Sizcə, bu iki məsələ bir-birilə əlaqəlidir, yoxsa fərqli addımlardır?
- Mən bu hadisələrin bu və ya digər şəkildə bir-birilə bağlılığının olduğunu istisna etmirəm. Türkiyə sürətlə inkişaf edir. Türkiyə əhalisinin sayı Rusiya əhalisinin yarısı qədər olsa da, az qala Rusiyanın daxili məhsulunun yarısını bu ölkə təşkil edir. Təsəvvür edin, neft ixrac etməyən ölkə belə iqtisadi uğurlara nail olub. Türkiyə indi vacib regional oyunçuya çevrilib. Eləcə də ən güclü iqtisadiyyata malik olan iyirmiliyin üzvüdür, həmçinin iqtisadi çəkisinə görə 15-ci yerdədir. Bu da, çoxlarının xoşuna gəlmir. Odur ki, bəhanələr axtarır, nəsə tapanda bunu tətbiq etməyə, dəstək verməyə çalışırlar.
- Türkiyə daxilində baş verən terror hadisələri, PKK-nın fəaliyyəti, ona kənardan dəstək kimi proseslər nə zamana qədər davam edəcək?
- Əsas məqsəd türklər və kürdlər arasında daha dərin çaşqınlıq yaratmaqla bunu konfliktə çevirməkdir. Türkiyənin kürd və türk vətəndaşlarının əksəriyyəti vətənpərvərdir. Hesab edirəm ki, bu planlar heç bir nəticə verməyəcək. Çünki kürd məsələsini az qala yüz ilə yaxındır ki, istifadə edirlər. Bu mənada yeni bir tendensiya yoxdur. Nəzərə alın ki, əvvəlki dövrlərdə Türkiyə zəif idi. Ancaq indiki mərhələdə Türkiyə çox güclüdür. Sadəcə olaraq indi Türkiyə dövlətçiliyini onu sevməyənlər sınağa çəkirlər. Fikrimcə, Türkiyə siyasəti və dövlətçiliyi bu cür sınaqlardan layiqincə çıxacaq.
- Sanki bu proseslərdə Türkiyə meydanda təkdir, sağdan da, soldan da vurulur. Ona dəstək ancaq Azərbaycandan verilir. Bu yanaşma nə dərəcədə obyektivdir?
- Azərbaycan hər bir məsələdə Türkiyənin yanındadır. Bizim ən böyük və ən etibarlı dostumuz Türkiyədir. Biz bunu deməliyik və deyirik də. Bu, həqiqətdir. Bəzən sual verirlər ki, Türkiyəyə qarşı belə qərar qəbul edirlər, axı bunun bizə nə aidiyyəti var? Niyə Azərbaycan belə hallara etiraz edir? Məncə, belə suallara konkret cavab verilməlidir. Qənaətimcə, erməni tərəfi genosid mövzusunu ona görə qaldırır ki, onlar Azərbaycan xalqına və dövlətinə qarşı etdikləri cinayətlərə haqq qazandırmaq istəyirlər. Məhz buna görə də biz saxta genosidi rədd edirik. Birincisi, belə bir siyasət olmayıb. İkincisi, indiki Ermənistan rəhbərliyi birbaşa Xocalıda törədilən genosidi həyata keçirənlərdir. Onlar özlərinə haqq qazandırmaq üçün saxta erməni genosidi mövzusunu dünyada qabardırlar. Hesab edirəm ki, bu siyasət Ermənistanın əsas maraqlarına ziddir. Çünki Ermənistan regional əməkdaşlıq yerinə düşmənçilik ruhunu istehsal edir. Bunun nəticəsində izolyasiyada qalacaq. Onun inkişafı yoxdur və gələcək perspektivi də ola bilməz.
NEMƏT