14 İyul 2016 16:18
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, politoloq, sabiq dövlət müşaviri Rasim Musabəyovla müsahibəni təqdim edir.

- Rasim müəllim, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aktiv müzakirələr gedir. Vəziyyəti necə qiymətləndirirsiniz?
- İndi söhbət mənim prosesi necə qiymətləndirməyimdən getmir. Hər halda prezident İlham Əliyev, eləcə də xarici işlər naziri Elmar Məmmədyarov bildirdilər ki, indiki kimi müşahidə olunan intensiv danışıqlar prosesi çoxdandır ki, olmayıb. Bu, özü-özlüyündə müsbət haldır. Faktiki olaraq intensiv danışıqlar gedir və bu danışıqlarda Azərbaycan tərəfinin aktivliyi özünü göstərir.

- Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvandan sonra Bakıya səfər etdi, burada danışıqlar apardı. Bu səfəri və aparılan danışıqlar prosesini necə şərh etmək olar?
- Nazir Lavrov Bakıda oldu, görüşlər keçirdi və mətbuata açıqlama verdi. Lavrov qeyd etdi ki, müəyyən məsələlərdə yaxınlaşmanı təmin etmək mümkün olur. Lakin bunu açıqlamadı, qeyd etdi ki, hələlik məsələ ictimai müzakirə üçün yetişməyib. Hesab edirəm ki, bu da müsbət haldır. Ancaq aparılan intensiv təmasların doğurdanmı real nəticələrə gətirib çıxarıb-çıxarmayacağına nəzəri cavab vermək mümkün deyil. Bu, sınaqdan keçirilməlidir. Ona görə ki, indi əsas məsələlərdə erməniləri yola gətirmək üçün Rusiya Ermənistana ciddi təzyiq etməlidir. Əgər bu təzyiqlər olmasa, düşünmürəm ki, erməni tərəfi özünü ağıllı aparsın.

- Ancaq iş ondadır ki, Serj Sarkisiyan ərəb kanalına müsahibəsində bildirib ki, hətta bütün dünya yığışıb Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamağa inandırsa belə, onlar heç vaxt buna razı olmazlar deyib...
- Sarkisiyandır, deyir də. Başqa nə deməlidir ki? Ondan əvvəl diplomat Koçariyan da nəsə bəyanat vermişdi. Bütün bunlar həm təbliğatdır, həm də mesajdır ki, biz geriyə çəkilən deyilik. Yəni öz mövqelərini möhkəmləndirmək istəyindədirlər. Düşünürlər ki, gəlib torpaqları işğal etmişik, indi buralardan əliboş niyə çıxaq. Ancaq bir məqam daha vacibdir və onu nəzərə almaq lazımdır. Ermənistanın ipi Rusiyanın əlindədir. Rusiya bu ipi çəkmək istəsə, onların qaçası yeri olmayacaq. Bir az naz edə, müqavimət görüntüsü yarada bilərlər, ancaq qaçmağa yerləri yoxdur.

- Bu məsələdə Ermənistan cəmiyyətinin mövqeyi necə olacaq, onlar problemin həlli, torpaqların geri qaytarılmasına hansı reaksiya göstərə bilər?
- Ermənistan cəmiyyətinin 80 faizi bir çox cəmiyyətlər kimi dövlət təbliğatının qurbanıdır. İstəsələr "val"ı bu tərəfə, istəsələr isə o tərəfə fırladacaqlar.

- Ancaq bu ölkədə radikal qruplar da var...
- Təbii ki, radikal mövqe sərgiləyən təşkilatlar var. Onlar ölümlə hədələməkdən tutmuş nəyə qədər istəsən gedə bilərlər. Ancaq bu da erməni rəhbərliyinin problemidir. Əgər onlar özlərini qorumaq istəyirsə, buyurub bu qrupları zərərləşdirsinlər. Onların ayrı yolları yoxdur.

- Danışıqlar prosesində Rusiyanın təşəbbüsü ələ aldığı göz önündədir. Bəs digər həmsədr dövlətlər -Fransa və ABŞ bu prosesdə iştirak etmək istəmir?
- Adını çəkdiyiniz dövlətlər də bu məsələlərin içərisindədir. Rusiya rəhbərliyi onlarla da telefon danışıqlarında olur, apardığı işlər haqqında məlumat verir. Təbii ki, yanaşmalarda fərqlər var. Ona görə ki, ermənilər nəsə açıqlamalar verirlər, harasa qaçırlar və s. Ancaq nəzərə almaq lazımdır ki, biz mərhələli həll planından danışırıq. Düşünürəm ki, müəyyən mənada Rusiya ilə mövqelərimiz üst-üstə düşür. ABŞ dövlət katibi Con Kerri deyib ki, çalışmalıyıq problemin tam həllinə nail olaq. Burada cürbəcür yanaşmalar var. Amma hər bir halda bu məsələ vacibdir ki, Rusiya ilə konfliktin həllinə dair vahid mövqeyə gələk. Bundan sonra Rusiya erməniləri razı salA və bununla məsələni yerindən tərpətmək mümkün ola bilər. Əks halda, bizə lazım gələcək ki, Rusiya iki ay müddətinə ermənilərin üzərindən əlini çəksin.

- Yəni məsələ hərbi fazaya daxil olsun?
- Təəssüflər olsun ki, bu heç də xoşagələn bir yol deyil. Erməniləri ağıllandırmaq və sülhə razı salmaq lazımdır. Əgər erməni tərəfi öz xoşu ilə bu proseslərə başlamasa, təbii ki, onları bir daha ağıllandırmaq lazım gələcək.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər