2 Avqust 2016 17:05
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir:

- Novella xanım, Türkiyədə baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Türkiyədə iyulun 15-də baş verənlər və sonrakı hadisələr hamımızı məyus etdi. Türkiyənin güclü və qüdrətli olması Azərbaycan üçün çox vacibdir. Amma bu gün Türkiyədə vəziyyət yaxşı deyil. Şübhəsiz ki, qiyamı pisləyirəm. Bu, qəbuledilməzdir. Çevrilişi planlayan və icra edən insanlar cəzalandırılmalıdırlar. Lakin o da həqiqətdir ki, bu qiyamın başında olan rütbəli hərbçilərin çoxu məhz AKP hakimiyyəti dövründə yüksək postlara gətirilib. Turqut Özal və Süleyman Dəmirəldən sonra Türk Silahlı Qüvvələri hər yerdə birinci, güclü və hazırlıqlı ordu hesab olunurdu. Son 10-15 ildə bu ordu daxildən zəiflədildi. Məsələn, Balyoz, Ergenekon adlı əməliyyatlar keçirildi və dövlətçi generallar və zabitlər həbs edildi. Düzdür, sonradan bu şəxslər azadlığa buraxıldı, lakin bu proses ordunu zəiflətdi.

İkincisi, bu hadisələr zamanı adi əsgərlərin linç edilməsi, soyundurulub yerə uzadılması heç də qəbul ediləsi bir addım deyil. Bu əsgərlərin komandirləri, rəisləri var. Onlar cəzalandırılmalıdırlar. Əlbəttə, ola bilsin ki, bizim bilmədiyimiz məsələlər də var. Lakin sıravi əsgərləri bu qədər aşağılamaq doğru deyil. Üçüncüsü, hər kəs gördü ki, 15 iyul çevriliş cəhdindən sonra hakimiyyət ortaya siyahılar qoydu və on minlərlə insanı işdən çıxardı. Demək, bu insanlar məhz indiki hakimiyyət dövründə işə qəbul edilənlərdir və belə görünür ki, Gülən şəbəkəsinə mənsubdur. Bu, işdən alınma prosesi demək olar ki, bütün dövlət idarələrində aparılıb. Deməli, bu adamlar AKP iqtidarı zamanı dövlət müəssisələrində məmur işlərinə alınıb. Məsələn, bir faktı deyim. AKP iqtidarına qədər Türkiyədə polisdə çalışanların əksəriyyəti millətçilərdən ibarət idi və gözəl işləyirdilər. Ancaq sonradan bu şəxslər işdən götürüldü və yeni şəxslər polisə cəlb olundu. İndi bəlli olur ki, polisə işə götürülənlər də Fətullah Gülən şəbəkəsinə bağlı olublar. Məhz bu səbəbdən indi polisdə də təmizləmə əməliyyatı aparılır.

- Həmin polislər bir neçə il öncə dövlətçi generalları həbs etmişdi...

- Balyoz və Ergenekon əməliyyatları zamanı Atatürkçü zabitlərə ağır cəzalar kəsildi. Bu zaman göründü ki, Gülən şəbəkəsi ədliyyə sistemində də ciddi postlar tutub. Bu gün isə onları işdən azad edirlər. 2011-ci ildə Uğur Dindar “Star” kanalında gözəl verilişlər aparırdı. Onu işdən çıxardılar. Səhv etmirəmsə, hazırda “Xalq” TV-də çalışır. Uğur Dindar Balyoz əməliyyatı zamanı həbs edilənlərin yaxınlarını dəvət edib onlarla veriliş hazırlayır və bu əməliyyatın Türkiyəyə nə qədər ziyan vurduğunu göstərirdi. Eyni zamanda bunu Dövlət Baxçalı və Kılıncdaroğlu deyirdi. Sonda bu səslər eşidilmədi və nəticədə 15 iyul dövlət çevrilişinə cəhd ortaya çıxdı. Əlbəttə, indi bəzi iddialar var ki, qiyamı hökumətin özü hazırlayıb. Ancaq mən bu yanaşma ilə qətiyyən razı deyiləm. Ancaq iş ondadır ki, indi Türkiyə pis vəziyyətə gətirildi.

- Bundan sonrakı Türkiyə necə olacaq?

- Hesab edirəm ki, indiki məqamda Türkiyənin vəziyyəti və gələcəyi daha çox birlikdən asılıdır. Başqa sözlə, dövlətçi siyasi partiyalar birləşərək Türkiyəni böhranlı vəziyyətdən çıxarmalıdır. Baxın, hazırda Türkiyədə çoxlu sayda hərbi məktəblər bağlanıb. Sabah sənə hərbi kadrlar lazım olacaq. Mən Türkiyədə bir xanımla görüşdüm və dəhşətə gəldim. Təsəvvür edin ki, xanımın 3 oğlunu PKK terror təşkilatı şəhid edib. Dördüncü oğlunun qolundan tutub gətirib ki, əsgərliyə getsin və Vətənə xidmət etsin. Xanım deyib ki, dördüncü oğlunu da Vətən uğrunda verməyə hazırdır. Mən belə bir türk xanımı ilə tanışam. Bu mənada hərbi məktəbləri bağlamaq, hərbçilərə zərbə vurulması şəxsən məni ciddi narahat etdi. Hesab edirəm ki, bu məsələ tez bir zamanda həllini tapmalıdır.

İkincisi, bu gün daha çox belə fikirlər səslənir ki, Türkiyə NATO-dan çıxa, xarici siyasətinə ciddi dəyişikliklər edə, Rusiya ilə yaxınlaşa bilər. Hesab edirəm ki, siyasəti aparmaq, Rusiya və Avropa dövlətləri ilə yaxınlaşmaq, dost olmaq olar. Ancaq nəzərə almaq lazımdır ki, NATO Türkiyənin əlində qızıl açardır. Məhz NATO hesabına Türkiyə istədiyi ölkə ilə dikbaşına danışa bilir. Bu gün NATO-dan çıxmaq, başqa ölkə ilə yaxınlaşmaq addımları inanın ki, Türkiyəni adi və sıravi bir dövlətə çevirər. Mən bunu əsla istəməzdim. Əlbəttə, Türkiyə Rusiya ilə dostluq etməlidir. Bu saat Türkiyənin malları Rusiya bazarlarında satılır və iqtisadi məsələdə mənfəət gətirir. Başqa sözlə, Rusiya Türkiyə üçün vacib ticarət ölkəsidir. Ancaq Rusiyanı tutub ABŞ-dan uzaqlaşmaq faciə olardı.

- Sizə elə gəlmirmi ki, bu mərhələdə millətçi ideoloji xətlə AKP xətti eyni mövqedən çıxış edir, sanki ciddi yaxınlaşma baş verir?

- Mən bir sıra türk kanallarına baxıram. Gəldiyim qənaət bundan ibarətdir ki, indi millətçi kəsim Türkiyəni qorumaq, bu vəziyyətdən çıxarmaq üçün nələr etməyin lazım olduğunu diktə edir. MHP rəhbərliyi və komandası “Denge” TV, ”Xalq” TV-də çıxışlar edirlər. Hesab edirəm ki, siyasi qüvvələr arasında birləşmə Türkiyənin xeyrinədir. Fikrimcə, MHP başqanı Dövlət Baxçalı və komandası ordunu, polisi düzəltmək prosesini AKP ilə birgə etmək istəyir. Məhz bu səbəbdən də Dövlət Baxçalını yaxına buraxırlar. Bu fikirləri CHP başqanı Kamal Kılıncdaroğlu da ifadə edib.

- Fətullah Gülənin “Hizmət” şəbəkəsi haqda düşüncələriniz nədən ibarətdir?

- Mən Azərbaycanda çox adam tanıyıram ki, Gülənlə iş birliyi qurub burada dərnəklər açıb, projelər həyata keçiriblər. Bu gün onların bəzisi Türkiyə kanallarında Fətullah Güləni pisləyib Ərdoğanı müdafiə edirlər. Söhbət azərbaycanlılardan gedir. Biz bunların hamısını görmüşük. Dəfələrlə vurğulamışam ki, dini dövlətə qatmaq olmaz. Dinin öz, dövlətinsə öz yeri var. Dövlət siyasəti ilə dini siyasəti eyniləşdirmək olmaz. Ancaq Türkiyədə son 10-15 ildə dini siyasətlə dövləti siyasəti bir-birinə qatdılar və bu, Fətullah Gülənin hesabına oldu. Nəcməddin Ərbakan, Ərdoğan Fətullah Güləni yaxşı tanıyırdı və o xətti yaxşı bilirdilər. Odur ki, dövlət siyasəti ilə dini siyasəti ayırd etmək lazımdır. Bu gün ən demokratik kitab Qurandır. Quranda yazılmır ki, get baş kəs, korrupsiya ilə məşğul ol, yalan danış, dövlətinin əleyhinə işlə. Əksinə, yazılır ki, oxu, təhsil al. Quran insanın özünü əxlaqlı aparmaq, yaxşılıqlar etmək, Allahı tanımaq baxımından dəyərdir. Fətullah Gülən məktəblər açıb türk dilini təbliğ edib, ancaq islamın radikal tərəfindən bunu edir.

- Ölkəmiz müstəqillik əldə edəndən bu yana daima Türkiyəyə gedib-gəlirsiniz, fərqli siyasi və ictimai xadimlərlə görüşürsünüz. İndiyə qədər Fətullah Gülənlə bu və ya digər şəkildə kontaktınız olubmu?

- Yox. Mən onu heç vaxt görməmişəm və tanışlığım yoxdur. Prezident Ərdoğanla, Abdulla Güllə, Dövlət Baxçalı və digərləri ilə görüşmüşəm. Lakin Fətullah Gülənlə heç vaxt görüşməmişəm. Amma fakt odur ki, Gülənin çoxlu sayda tələbələri Türkiyədə siyasətdə meydan sulayır.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər