3 Avqust 2016 17:08
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir:

- Türkiyədə baş verən son hadisələri necə qiymətləndirirsiniz?

- Birmənalı qiymətləndirmək çox çətindir. Bu gün mediada belə informasiya yayılır ki, guya növbəti qiyam cəhdi ola bilər. Lakin bu iddialar əsaslı deyil. Əgər hakimiyyətin indiki siyasəti davam edəcəksə və onlar istəyəcəksə, belə qiyama cəhd halları da qala bilər. Lakin zaman gələcək bütün bu suallara cavab veriləcək. Fikrimcə, bu məsələnin bu qədər şişməsi, dünyanın gündəmini tutması uğurlu bir texnologiyadır. Bunda hakimiyyətin də xidməti var.

- Siz 15 iyulda baş verənləri dövlət çevrilişinə cəhd hesab etmirisniz?

- Əvvəla, bu, Türkiyə Cümhuriyyətinin daxili işidir. İkincisi, qos-qocaman Türkiyə bu kimi hadisələri çox görüb, ancaq beləsini heç görməyib. Bir sözlə, bu, onların daxili işidir və özləri bilər. Türkiyədə iqtidar müxalifətə ən kəskin sözləri deyir, müxalifət də eyni cür reaksiya verir və s. Lakin kritik məqamlarda onların hamısı dövlətçilik naminə gözlənilməz addımlar atırlar. Odur ki, indiki halda birincisi bu Türkiyənin daxili işdir, ikincisi bu məsələlər bir qədər də zaman istəyir. Ərdoğan hakimiyyəti Türkiyə seçicilərini, siyasətçilərini ələ almağı bacarır, qısa müddətdə də dünyanı özünə cəlb edə bilib.

- Necə düşünürsünüz, 15 iyul hadisəsindən sonra Türkiyədə millətçi xətt güclənirmi?

- Türkiyədə millətçi xətt hər zaman önəmli olub. Hərbi çevrilişlər zamanı bu faktor özünü göstərib, elə çevrilişə cəhd ssenariləri zamanı da bu, ortaya çıxıb. Ancaq bir az taktiki gedişlər seçkilərdə seçicinin mövqeyinə təsir edə bilir. Amma Türkiyədə hər zaman millətçi əhval-ruhiyyə aparıcıdır və gündəmdədir.

- Lakin son hadisələr, xüsusilə I Ordu komandanlığının prezident Ərdoğanı İstanbula dəvət etməsini, prezidenti inandırmaq üçün “məni MHP başqanı Dövlət Baxçalıdan soruşun” deməsi fonunda millətçi xətt zaman-zaman itirdiyi mövqeyini bərpa edə biləcəkmi?

- Mən başa düşürəm və detallara getmək istəməzdim. Türkiyədə qayda var. Hər kəs millətini, dövlətini, bayrağını, torpağını sevir. Və bu, bütün türk vətəndaşlarına aiddir. Bu məsələdə dini, milli fərqlilik əsas olmur. Millətçi xətt Türkiyədə hər zaman olub. Sonrakı dönəmdə isə millətçi kəsim təşkilatını ortaya qoydu, Alparslan Türkeşin rəhbərliyi ilə proseslər getdi, Millətçi Hərəkat Partiyası formalaşdı və s. İndi bu prosesdə yetişən insanların əksəriyyəti, demək olar ki, bütün struktur və qurumlarda var. Bu siyasi məktəbi keçən, burada püxtələşən insanlar partiyasını dəyişə bilir, lakin keçdiyi məktəbi unutmur, dinə və islama sayğısı olduğu kimi millət və dövlət məsələsində də öndə olur. Bu millətçi məktəbi keçən siyasətçilər indiki CHP-də, AKP-də və digər siyasi təşkilatlarda, qurumlarda mövcuddur. Onlar da bu gün harada olmalarından asılı olmayaraq fəaliyyətlərini göstərir, dövlət və millət məsələsi ortaya çıxanda mövqelərini açıq qoyurlar. Odur ki, bu xətt Türkiyədə daha əhatəlidir.

- Türkiyənin gələcəyi haqda mütəxəssislər narahatlıqlarını gizlətmirlər. Siz, nə düşünürsünüz?

- Türkiyənin gələcəyi gözəl olacaq və inkişaf edəcək, amma indiki siyasət daha olmayacaq. Türkiyədə istənilən məsələni imitasiya etdirmək olar, amma uzun müddət yaşatmaq olmaz. Türkiyə nəhəng ölkədir və onun dalğası da nəhəng olur.

- Türkiyənin xarici siyasət vektorunda dəyişiklik, Ankara-Vaşinqton münasibətlərində problem, Moskva-Ankara əlaqələrində istiləşmə ola bilərmi?

- Münasibətlərdə çat əmələ gəlməyəcək, gərginlik olmayacaq. Bu politoloqların, təhlilçilərin versiyasıdır, ancaq bu yanaşmalar həm də bu gün baş verənlərə, verdirilənlərə görədir. Fikrimcə, bu da səngiyəcək. Türkiyənin üstünlüyü ondan ibarətdir ki, istənilən ölkə ilə yaxşı əlaqələr qura bilər və bu məsələdə problem yoxdur. O ayrı məsələdir ki, həm də yanlışlıqlar var. Məsələn, qos-qocaman Böyük Britaniya Avropa Birliyinə əlvida deyirsə, Türkiyənin Avropa Birliyinin qarşısında nə işi var? Ancaq dövlətlərarası münasibətlər normal olacaq, qazanan Türkiyə olacaq.

- Türkiyənin NATO-dan çıxma ehtimalları nə dərəcədə real və əsaslıdır?

- Bu, mümkün olacaq bir iş deyil. Türkiyə o boyda səhvə yol verməz. Bunu siyasətdə demək, təzyiq məqsədilə istifadə etmək olar, lakin reallıqda bunu etmək çətin məsələdir. Hələ ki, NATO-nun özünün imkanları var. Sadəcə indi bundan siyasi faktor kimi istifadə edilir. Fikrimcə, bu, sözdə deyilər, amma əməldə edilməz.

- Fətullah Gülən məsələsi necə həll ediləcək?

- Bunun arxasında, şübhəsiz ki, bizim bilmədiyimiz məsələlər də var. Amma hər şey həm də ortadadır. Gülən məsələsi hər cür həll edilə bilər. Məsələn, bir nəfəsdir, gedər gəlməz və məsələ həll olunar. Bundan sonra da Gülən üzərində siyasət quranlar bilərlər ki, daha məsələ bitdi. Nəzərə almaq lazımdır ki, burada bir rəqabət məsələsi də var. Çəlimsiz, zəif, ömrünün son günlərini və ya illərini yaşayan bir adam hamıdan güclüdür. Axı bu necə olur? Dava həm də, bunun davasıdır. İnşallah, Türkiyə gələcəkdə daha güclü, daha qüdrətli və inkişafda olan bir dövlət olacaq.

NEMƏT


Müəllif: