17 Avqust 2016 14:41
2 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq dövlət müşaviri, politoloq, Milli Məclisin deputatı Rasim Musabəyovla müsahibəni təqdim edir:

- Qarabağ konflikti ilə bağlı son danışıqlar prosesini necə qiymətləndirirsiniz?

- Fəallığı yüksək qiymətləndirirəm. Lakin hələlik heç bir nəticə yoxdur. Nəticənin əldə ediləcəyinə dair heç bir işarə də yoxdur. Bu fəallığın nəticəsi kimi ilk növbədə xarici işlər nazirləri görüşməli idilər. Lakin belə bir görüşün baş tutacağı elan edilməyib. Görünən budur ki, avqust ayında görüş olmayacaq. Hər halda hiss edilir ki, ermənilər onlara Rusiya tərəfindən təqdim edilən təkliflərdən boyun qaçırmaq niyyətindədir.

- Amerikalı həmsədrin açıqlamasından, yəqin ki, məlumatınız var...

- O, hər ağlına gələni danışır. Nə açıqlayıb ki? Bildirib ki, Rusiyanın fəallığını bəyənirəm. Axı sən kimsən ki, Rusiyanın təşəbbüsünü dəstəkləyəsən?

- Söhbət Amerikanın Rusiya prezidentinin təşəbbüslərini dəstəkləməsindən gedir...

- Bilirəm. Axı o kimdir ki, durub Putinə qiymət versin. Uorlik ABŞ Dövlət Departamentində kiçik bir məmurdur.

- Həmsədrdir...

- Minsk Qrupunda həmsədrdir. Amma ümumiyyətlə, həmsədr adlanan diplomatlar öz ölkələrinin Xarici İşlər Nazirliklərinin orta səviyyəli məmurlarıdır. Onların durub prezidentlərin fəallığına qiymət vermək haqqı və səlahiyyəti yoxdur.

- Prezident Putinin “münaqişə həll edilməlidir, amma burada qalib və məğlub tərəf olmamalıdır” fikrinə necə şərh vermək olar?

- Bu ifadə 20 ildir dilə gətirilir. Bu nə deməkdir, axı bunu xırdalamaq lazımdır.

- Siz mütəxəssissiniz, bu ifadəni necə xırdalaya bilərsiniz?

- Mən bilmirəm bu ifadənin mahiyyəti nədir. Hesab edirəm ki, bu ifadənin arxasında nəyin durduğunu sonda nəticələr göstərəcək.

- Ermənistanda indiki daxili situasiyanı necə qiymətləndirirsiniz, mövcud vəziyyət erməni rəhbərliyinin münaqişə ilə bağlı ciddi addımlar ata biləcəyinə dəlalət edirmi?

- Bu, bir tərəfdən Serj Sərkisiyan tərəfindən oyundur. O mənadakı bu etirazların arxasına bir sipər çəksin və mesaj versin ki, siz dediyiniz məsələlərə gedə bilmərəm. Çünki məni devirər, öldürər, qovarlar və s. Ancaq digər tərəfdən, Sərkisyan anlayır ki, sülh layihələrinə getmək qaçılmazdır. Buna getməzdən öncə radikal qüvvələri təmizləməlidir. Çünki bu radikallar terror da edə bilərlər, əllərindən nə desən gələr. Bu vaxta qədər Ermənistan tarixinin hər səhifəsi terrorla doludur.

- Rusiya-Türkiyə prezidentlərinin görüşünə, aparılan müzakirələrə münasibətiniz necədir?

- Artıq gərginlik aradan götürülüb, ikitərəfli münasibətlərin yoluna qoyulması xətti seçilib. Əvvəlki isti münasibətlərin bərpa olunması çox vaxt tələb edəcək.

- Bu yaxınlaşmanı ABŞ-a qarşı ittifaq kimi təqdim etmək nə dərəcədə əsaslı yanaşmadır?

- Yox. Düşünmürəm ki, Türkiyə Rusiyaya qoşulacaq və 50 illik müttəfiqi olan Avropa və ABŞ-a arxa çevirəcək. Təbii ki, müəyyən narazılıq var. Avropa və Amerikanın Ankaranın tələblərinə, təkliflərinə daha diqqətli yanaşması üçün manevrlər edilir. Amma inandırıcı deyil ki, Türkiyə anti-Qərb xəttini seçsin. Nəzərə alınmalıdır ki, Türkiyə texnoloji cəhətdən Qərb ölkələrinə bağlıdır. Sənayesi, iqtisadiyyatı, hərbisi Qərblə əlaqəlidir. 50 ildir NATO-nun üzvüdür, onun hərbi strukturları NATO standartlarına uyğun və çox bağlıdır. Bunların hamısını birdən-birə qırmaq və müəmmalı anti-Qərb ittifaqına qoşulmaq ağlasığmaz hərəkət olardı. Mən bunu gözləmirəm. Ancaq Rusiya ilə yaxınlaşmaq, lokal məsələlərin həllində birgə səylər, iqtisadi əməkdaşlıq vacibdir. Başqa sözlə, Türkiyəyə Rusiya ilə gərgin münasibətlər lazım deyil. Münasibətləri yaxşılaşdırmaq Türkiyənin dövlət maraqlarına cavab verir. Ancaq Rusiya ilə birləşib Qərbə qarşı çıxış etmək ağlasığmaz bir dönüş olardı.

- Bu ayın əvvəllərində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin apardığı müzakirələri necə şərh edirsiniz?

- Əvvəla, bu görüşü çox müsbət qiymətləndirirəm. Konkret ortalıqda ikitərəfli münasibətləri üçtərəfli formatda davam etdirmək üçün zərurət var. Bu zərurəti həyata keçirmək üçün belə görüş təşkil edilib.

- Söhbət hansı zərurətdən gedir?

- İlk olaraq Şimal-Cənub nəqliyyat dəhlizi. Həmçinin Xəzərdəki məsələlərlə, bölgənin təhlükəsizliyi ilə əlaqəlidir. Yəni elə məsələlər var ki, üçtərəfli formatda müzakirələr tələb edir.

- Rusiya müdafiə naziri Sergey Şoyqunun əvvəlcə Bakıya, daha sonra İrəvana səfər etməsində məqsəd nədir?

- Nazir Şoyqu Ermənistana getməli idi. Çünki orada Kollektiv Təhlükəsizliyi Təşkilatının toplantısı keçirilir. Bu quruma sədrlik Ermənistanda olduğu üçün tədbir İrəvanda keçirildi. Ancaq nazirin ondan əvvəl Azərbaycana gəlməsi də vacib idi. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinin bir tərəfi diplomatik səydirsə, digər tərəfi hərbidir. Baxın, çox zaman atəşkəsi 1994-cü ilin mayında bağlanan Bişkek protokoluna bağlamaq istəyirlər. Bu, əslində yanlışdır. Bişkek protokolu çağırışdan başqa bir şey deyildi və heç bir öhdəlik nəzərdə tutulmurdu. Atəşkəslə bağlı qərar Moskvada müdafiə nazirləri tərəfindən verilib. Burada əsas rolu Rusiya müdafiə naziri Qraçov oynayırdı. İndi isə aprel hərbi toqquşmasından sonra cəbhədə atəşkəsi dayandıran kim oldu? Yenə də Azərbaycan və Ermənistan baş qərargah rəisləri Moskvaya dəvət olundu və bunu Rusiya hərbi rəhbərliyi həyata keçirdi. Yəni Rusiya hərbi rəhbərliyinin Qarabağ konfliktinin həlli prosesində rolu var. Bu baxımdan Şoyqu ilə Bakıda aparılan danışıqlar çox əhəmiyyətlidir. Baxaq görək, bunun davamında daha hansı görüşlər və təmaslar baş verəcək.

NEMƏT


Müəllif: