7 Oktyabr 2016 14:20
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bütün diqqət noyabrın 8-də keçiriləcək prezident seçkilərinə yönəlib. Medianın əsas müzakirə mövzusu Demokrat Partiyasının prezidentliyə namizədi Hillari Klintonla Respublikaçılar Partiyasının namizədi Donald Tramp, onların çıxışları və bir-birinə atmacalarıdır. Seçki prosesinin gedişi barədə məlumat almaq üçün hazırda Vaşinqtonda yaşayan, bir neçə il Azərbaycanda olmuş Josua Nonana müraciət etdik. 2006-cı ildə xüsusi proqramla regionlarda yaşayan gənclərə dəstək, Azərbaycanın bölgələrində ingilis dilinin tədrisi üçün ölkəmizə gələn Josua Nonan feysbuk sosial şəbəkəsində Azərbaycan dilini bilən amerikalı kimi tanınır. ABŞ seçkiləri ilə bağlı danışmazdan öncə ona ölkəmizlə bağlı suallar ünvanladıq. Teleqraf.com J.Nonanın cavablarını təqdim edir:


2006-cı ildə 3 ay müddətində Azərbaycanın Saray qəsəbəsində bir ailədə təlim keçən J.Nonan daha sonra 2008-ci ilədək Şəki və Zaqatalada Sülh Korpusunun könüllüsü kimi çalışıb, o, burada ingilis dilinin tədrisi ilə məşğul olub. 2009-2010-cu illərdə isə tədqiqatçı vəzifəsində işləyib. Bu müddət ərzində J.Nanon Azərbaycan dilini öyrənib. Cənubi Qafqaz regionu onun diqqətini çəkdiyindən Josua Nanon Azərbaycan dilindəki biliklərini indi də təkmilləşdirməyə çalışır: “Regionalist kimi mənim üçün yerli və regional dil və mədəniyyəti bilmək vacibdir. Şəkidə və Saray qəsəbəsində Azərbaycan dilini öyrədən müəllimlərə, həmkarlarıma təşəkkür edirəm. Bir neçə il ərzində ünsiyyət səviyyəsində dilinizi öyrənə bilmişəm. Yerli bələdiyyələr, icra hakimiyyəti və QHT-lərlə işləmişəm.USAID-in maliyyə dəstəyi ilə Şəki, Qax, Zaqatala və Balakəndə kiçikmiqyaslı infrastruktur salınması layihəsində iştirak etmişəm”.

- Bəs azərbaycanlı dostlarınızla indi də əlaqə saxlayırsınız?
- Skayp və feysbuk vasitəsilə əlaqə saxlayıram. Saray qəsəbəsində birgə yaşadığım ailə ilə indi də sıx ünsiyyətimiz olur. Şəki və Saraydan olan dostlarımın sayı 20-dən çoxdur. Onlarla Azərbaycan, hərdən rus və ingilis dilində söhbət edirik. Amerikadakı azərbaycanlılarla da görüşürük. Azərbaycan üçün çox darıxıram. Mətbəxinizdən düşbərə, dovğa, doğramacı xoşlayıram. Ölkənizdə maraqlı günlərim olub, o günləri dostlarla tez-tez xatırlayırıq.

- Biz ABŞ-da seçki kampaniyası barədə kənardan, media vasitəsilə alırıq. İstərdim Vaşinqtonda yaşayan birisi kimi seçki mənzərəsi barədə danışasınız. Sizcə, Trampın, yoxsa Klintonun şansları böyükdür?
- Hillari Klinton ideal namizəd olmasa da, o, ABŞ siyasətinin normalarını çox gözəl bilir. Tramp Amerika Birləşmiş Ştatları üçün yüksək dəyərə malik nümayəndə deyil. Lakin Klinton bir çox seçkilərdə liderliyi ələ alıb.

- Sadə amerikalılar hansı namizədi dəstəkləyir?
- Bəziləri Demokratların, bəziləri isə Respublikaçıların namizədini dəstəkləyir. Ancaq Klinton reytinqdə Trampı üstələyir.


- Bir çox ekspertlər hesab edir ki, Klinton-Tramp debatı seçkinin nəticəsinə təsir edə bilər. Sizin yanaşmanız necədir?
- Məncə, bu, seçkilərə marjinal təsir edəcək.

- Hillari Klintonun xəstəliyi Trampa əlavə şans verə bilər?
- Buna artıq ötüb keçmiş məsələ kimi baxılır.

- Sizin seçiminiz necə olacaq?
- Hesab edirəm ki, Donald Tramp irqçi deyil, o, öz dəyərlərini və nə istədiyini nümayiş etdirir. İrqçi olmasa belə, bundan faydalanır, ailəsi Almaniyadan nə vaxtsa köçüb gələn, özü immiqrant bir dəyərə malik olan Tramp ölkənin gücləndirilməsi və rifahı ilə bağlı vədlər verir. Bu, sadəcə tragik bir vəziyyətdir. Bu səbəbdən düşünürəm ki, amerikalılar Hillari Klintona səs verməlidir. Bu, çox vacibdir, hətta Klinton gömrüksüz ticarətin tərəfdarı olsa belə, ən önəmlisi, o, irqçilyi dəstəkləmir və immiqrasiya sistemində dəyişiklərə cəhd göstərməyəcək. Özüm You Tube hostinqində video çəkib amerikalıları prezident seçkilərdə Hillari Klintonu dəstəkləməyə çağırmışam.


- Barak Obamanın 8 illik prezidentlik fəaliyyətini necə dəyərləndirirsiniz?
- İran, Kuba, Myanma, Asiya ilə yenidən balanslaşdırılma və Trans-Sakit Okean Tərəfdaşlığı ilə bağlı müsbət addımlar atılıb. Laborist qüvvələrin iştirakı çox aşağı səviyyədə olduğundan daxili siyasətdə qarışıqlıq yaşandı.

- Bəs Obamanın Suriya ilə bağlı siyasəti barədə nə deyə bilərsiniz?
- Suriya ilə bağlı çox zəif siyasət apardı.

- Hillari Klintonun dəstəkçisi kimi necə hesab edirsiniz, əgər prezident seçilərsə, ABŞ xarici siyasətində nə kimi dəyişikliklər ola bilər?
- Yalnız onu deyə bilərəm ki, prezident Obama ilə müqayisədə daha güclü xarici siyasət yürüdəcək.

- ABŞ-ın Suriya ilə bağlı siyasətində dəyişiklik gözlənilir?
- Məncə, daha güclü iradə nümayiş etdiriləcək.

- Son reytinqlər kimin öndə olduğunu göstərir?
- Nyu York Tayms qəzetinin yazdığına görə, Klintonun reytinqi 82 faiz, Trampınki isə 18 faizdir. Tramp bizim idealların nümayəndəsi deyil, o, bizim cəmiyyətdə Şeytanı nümayiş etdirir.

- Amerika mətbuatı Donald Trampın “pleyboy” filminin ortaya çıxdığını yazın. Belə xəbərlərin seçkiyə hansısa təsiri olurmu?
- Xeyr, bunun hər hansı təsiri olacağını düşünmürəm.

- Dağlıq Qarabağ münaqişəsi haqda məlumatınız var?
- Bəli, mən bu münaqişənin tez bir zamanda sülh yolu ilə həllini ümid edirəm.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər