Odessa Vilayət Dövlət Administrasiyasının sədri Mixail Saakaşvili noyabrın 7-də vəzifəsindən istefa verdiyini açıqlayıb. O, bunu ölkə hakimiyyətinin korrupsiyaya qarşı sistemli mübarizə aparmaması ilə əlaqələndirib. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu ilə müsahibəmiz M.Saakaşvilinin istefasına gətirən səbəblər və bundan sonra baş verə biləcək proseslər barədədir.
– Elxan bəy, Mixail Saakaşvilinin istefasını necə qiymətləndirirsiz?
– Saakaşvilinin istefasında qeyri-adi heç nə yoxdur. Gözlənilən istefa idi. Baxmayaraq ki, Ukrayna prezidenti Petro Poroşenko onu qubernator təyin etmişdi. Amma Saakaşvili Gürcüstanda həyata keçirdiyi islahatları Odessada həyata keçirə bilmədi. Çox böyük çətinliklərlə üzləşirdi. Korrupsiya, administrativ resurslarla mübarizə aparırdı, mərkəzi hakimiyyətlə, özəlliklə daxili işlər naziri Arsen Avakov və Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav Prodanla münaqişələri var idi. Saakaşvili isə çox fəal siyasi fiqurdur və bu islahatları həyata keçirə bilmədiyi üçün sonda istefa vermək məcburiyyətində qaldı.
– Saakaşvilinin gələcək karyerası ilə bağlı nələri proqnozlaşdırırsınız?
– Düşünürəm ki, Saakaşvilinin siyasi gələcəyi ilə bağlı üç variant var. Birinci variant odur ki, yenidən Gürcüstan siyasi sisteminə qayıdacaq. İkinci variant Amerikaya qayıdıb yenidən pedaqoji fəaliyyətlə məşğul olacaq və üçüncü variant odur ki, Ukraynada qalıb məhz bu ölkədə siyasi fəallığını davam etdirəcək. Çünki onun korrupsiya əleyhinə bir təşkilatı var, onu partiyaya çevirib parlament seçkilərində iştirak edə bilər. Birinci variant istisnadır. Çünki, əvvəla onun partiyası Gürcüstanda məğlub oldu, Gürcüstana qayıtsa onu həbs gözləyir. İkinci variant da məncə, onun maraqlarına xidmət etmir. Bir ara Amerikada pedaqoji fəaliyyətlə məşğul oldu, amma bu da onun siyasi fəallığını azaltdı. Mən düşünürəm ki, Ukraynada qalıb parlament seçkilərində iştirak etmək istəyəcək. Bununla Ukrayna siyasi arenasında qalmaq istəyəcək.
– Saakaşvilinin partiya yaradıb Ukraynada uğur qazanmaq şansı nə qədərdir?
– Bunu demək çətindir. Ukrayna Ali Radasına düşmək üçün seçkidə müəyyən qədər səs faizi toplamaq lazımdır. Müəyyən qədər populyarlığı var, amma gərək təşkilatını gücləndirsin, partiyaya çevirsin. Həm də bir məsələ var. Düzdür, Saakaşvili Ukrayna vətəndaşlığını alsa da, parlament seçkisində iştirak etmək üçün bir neçə il Ukraynada yaşamaq lazımdır. Şərtlər çox ağırdır və bu şərtlər daxilində onun parlament seçkilərində iştirakı da sual altına düşə bilər. Amma Saakaşvilinin xarizmasını nəzərə alaraq, onun belə asanlıqla təslim olmayacağını söyləyə bilərik. Yəni, o, istefadan sonra kölgəyə çəkilən siyasətçilərdən deyil. Ukrayna daxilində mübarizəsini davam etdirəcək. Ətrafına tanınmış siyasətçiləri də toplasa, özü parlamentdə iştirak edə bilməsə belə kənardan öz partiyasını güclü şəkildə irəli aparmağa çalışacaq. Mən onun üçün başqa alternativ görmürəm.
– Ukrayna Prezident Administrasiyasının rəsmi tvitter mikrobloqunda yer alan xəbərə görə Saakaşvilinin istefa ərizəsi Nazirlər Kabineti tərəfindən daxil olan kimi Ukrayna prezidenti onu imzalayacaq...
– Bu ondan xəbər verir ki, Saakaşvili artıq Poroşenko ilə də yollarını ayırıb. Çünki buna qədər Saakaşvili Poroşenkonu çox da tənqid etmirdi. Əsas nazirləri tənqid edirdi, keçmiş baş nazir Arseni Yasenyuku sərt şəkildə tənqid edirdi. Amma Poroşenkonun adını çəkmirdi. Amma düşünürəm ki, bu istefadan sonra onun əsas tənqid hədəflərindən biri də məhz elə Poroşenko olacaq. Poroşenko da məcbur qalıb ona sərt şəkildə cavab verəcək.
– “Sərt şəkildə cavab verəcək” deyərkən nəyi nəzərdə tutursunuz? Məsələn, Saakaşvilinin ölkədən çıxarılması ola bilərmi?
– Yox, bu cür addım atılacağını düşünmürəm. Çünki Saakaşvilinin Amerikada da müəyyən dəstəyi var. Ukrayna isə böyük ölçüdə Amerikadan asılıdır. Əgər Ukrayna hakimiyyəti Saakaşvilini ölkədən çıxarmaq, yaxud ekstradisiya etmək istəsə, Amerika bu məsələyə mənfi yanaşa bilər. Ona görə də buna inanmıram. Bununla Poroşenkonun imicinə də çox böyük zərbə dəyə, Amerikanın dəstəyindən məhrum ola bilər. Ona görə də Poroşenkonun belə bir addım atacağını zənn etmirəm. Artıq Saakaşvilinin alternativi qalmayıb. Əgər o, bütün hakimiyyəti korrupsiyada günahlandırırsa və istefa veribsə, deməli onun sərtliyi artacaq. Hakimiyyəti, prezident institutunu, hökuməti çox ciddi surətdə tənqid etməyə başlayacaq. Onun tənqidlərində həqiqət də var. Fikir verin, Ukrayna xalqı hakimiyyət dəyişikliyini nəyə görə etdi?! Maydan hərəkatı nəyə görə baş verdi?! Ona görə ki, xalq yenilik, iqtisadiyyatın inkişafını, Avropaya inteqrasiya istəyirdi. Bunların heç biri baş vermədi. Tam əksinə. Ukrayna bəyənmədiyimiz rejimlərin, tutaq ki, Yanukoviçin dövründə xaricə mal satışından 40-50 milyard dollar qazanırdısa, indi onun heç yarısını qazana bilmir. Ona görə də Saakaşvili əslində tənqidində haqlıdır. Korrupsiya da o qədər azalmayıb. İstehsal artmayıb. Ona görə də düşünürəm ki, Saakaşvili bu cür tənqidlə ətrafına xeyli fiqur yığa bilər.
– Saakaşvilinin son hədəfi Ukrayna prezidentliyinə iddia etmək ola bilərmi?
– Bu bir qədər utopik olar. Hələ parlament seçkisinə qatılmalıdır. Bəli, xarizması, tərəfdar toplusu var. Amma daha o qədər də deyil ki, Ukraynada prezident seçkisinə iddialı olsun.
– Həm Saakaşvili, həm də Poroşenkoya ABŞ-ın dəstəyi var idi. İndi belə görünür ki, Poroşenko demokratik islahatlarla bağlı seçkiqabağı dövrdə üzərinə götürdüyü missiyaya, verdiyi sözə xilaf çıxıb...
– Prinsipcə, xilaf çıxmayıb. Poroşenkonun islahat aparmağa resursu yoxdur, gücü də çatmır. Həm də Donbas məsələsi də həll olunmamış – dondurulmuş qaldı. Getdikcə də Poroşenkonun reytinqi azalır. Ukraynaya tez-tez gedib-gələn adam kimi mən görürəm ki, ümumiyyətlə, bu ölkədə bir siyasi fiqurun və ya siyasi hərəkatın üzdə qalması çox çətindir. İnsanlar ondan tez üz döndərirlər. Əgər real nəticə yoxdursa, həmin lideri tez unudurlar. Ukraynanın müstəqillik tarixində belə hadisələr çox olub. Viktor Yuşşenko rəngli inqilab nəticəsində böyük ajiotajla prezident seçildi. Böyük gözləntilər var idi ki, nəhayət, islahatlar aparılacaq, böyük nəticələr əldə olunacaq və sair. Amma ikinci dəfə prezident seçkisində cəmi 5 faiz səs topladı. Çox böyük biabırçılıqla məğlub oldu. İndi də Poroşenkonun reytinqi getdikcə aşağı düşür. Prezident seçkisində qələbə çalmaq şansı da çox aşağıdır. Tarix Poroşenkonu da unuda bilər. Çox mənfi nəticələr var. Yenə təkrar etmək istəyirəm; iqtisadiyyat bərbad gündədir, sosial məsələlər həll olunmur, maliyyə məsələsində böyük asılılıq var, zavod və fabriklər dayanıb, bir tərəfdə torpaqlar işğal altındadır. Poroşenkonun da bütün bu məsələləri həll etməyə resursu yoxdur. Ona görə də bu cür çox çətin, mürəkkəb situasiya yaranıb. Bu situasiyadan Poroşenko yox, daha islahatçı bir insan prezident seçilsə belə çıxmaq çox çətin olacaq.
– Demək istəyirsiniz ki, Saakaşvili də çıxara bilməz?
– Saakaşvili Gürcüstan prezidenti olanda resursları var idi. Gürcüstanın əhalisi də Ukrayna əhalisindən 10 dəfə azdır. Yəni, Gürcüstanda islahatlar həyata keçirmək üçün o qədər də böyük iqtisadi və sosial resurslar lazım deyil. Bir az Amerika, bir az Avropa kömək etdi, Saakaşvili çox uğurlu nəticələr əldə etdi. Korrupsiyanın kökünü kəsdi. Bəli, əldə edilən uğurlar çox böyükdür. Turizm gəlirləri də artdı. Ukraynanın əhalisi də çoxdur. Ona görə də Saakaşvili Gürcüstanda əldə etdiyi uğurları Ukraynada təkrarlaya bilməz. Amerika Saakaşvilinin qara qaşına, qara gözünə vurulmayıb ki, tutalım o Ukrayna prezidenti olsa, ona islahatlar aparmaq üçün 10 milyardlarla dollar kredit versin. Saakaşvili Poroşenkonun yerində olsa, bircə məsələdə uğur qazana bilər. Bəli, korrupsiyanın bəlkə də kökünü kəsə bilər. Amma korrupsiyanın kökünün kəsilməsi uğurlu islahatlar demək deyil. Ukraynada oturuşmuş oliqarxik sistem var. Bunu dağıtmaq da çox çətindir. Ukrayna iqtisadiyyatının yarıdan çoxu bu oliqarxların əlindədir. Poroşenko da bu sistemi dəyişə bilmədi. Çünki o özü də kiçik bir oliqarxdır. Poroşenko oliqarxları siyasətdən uzaqlaşdırıb. Bu, onun böyük uğurudur. Amma iqtisadiyyatda varlıqlarını qoruyurlar. Bütün banklar, media oliqarxların əlindədir. Sənaye müəssisələrinin əsas hissəsi onlara məxsusdur. Saakaşvili gəlib bunları onların əlindən alası deyil ki... O zaman Ukrayna elə bu gün dağılar. Ona görə də bu cür ölkədə islahat aparmaq son dərəcə çətindir. Maydan hərəkatından sonra olan gözləntilər də əslində özünü doğrultmadı.
Səxavət HƏMİD