Teleqaraf.com Koreya Respublikasının Azərbaycan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə müsahibəni təqdim edir.
- Cənab səfir, Koreya-Azərbaycan diplomatik əlaqələrinin bu günkü durmunu necə qiymətləndirirsiniz?
- 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri əməkdaşlıq siyasi sahədə aktiv şəkildə inkişaf etdirilmişdir. Bu dövrdə bir çox dövlət və hökumət rəsmiləri ölkəyə qarşılıqlı səfərlər etmişdir. Bunlardan üçü prezidentlərin səfərləri, ikisi baş nazirlərin səfərləri olub. Hər il hökümətlərarası iqtisadi komissiyanın iclasları və siyasi dialoqlar həyata keçirilir. Ancaq ikitərəfli əməkdaşlığın mövcud potensialını nəzərə alaraq indiyə qədər əldə etdiyimiz nailiyyətlərlə qane olmamalıyıq. Birlikdə çalışaraq əməkdaşlığımızı daha da dərinləşdirməliyik.
Səfirlik bu əməkdaşlığı inkişaf etdirmək üçün iqtisadiyyatın 5 əsas sahəsinə fokuslanaraq fəaliyyətini davam etdirir. İki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək üçün diplomatların əsas vəzifəsi əməkdaşlıq mühitini yaratmaqdır. Əməkdaşlıq siyasəti nə qədər uğurlu olsa da, mühit uyğun olmasa, real nəticələr götürmək çətindir. Səhiyyə, İnformasiya Texnologiyaları, neft kimya sənayesi, nəqliyyat və turizmin də daxil olduğu bu 5 sahədə uğur üçün belə münbit şərait və mühitin olduğuna inanıram. İki ölkə dil yaxınlığını əsas götürərək mədəni əməkdaşlığa da xüsusi fikir verməlidir. Mədəni əməkdaşlıq və qarşılıqlı anlaşmanın iqtisadi əməkdaşlıq üçün də bir növ zəmin yaradacağına inanıram. Konsulluq və viza məsələlərində sadələşdirilmə də vacibdir və bu sadələşdirilməyə dəstək olaraq birbaşa reyslərin açılması əməkdaşlığa böyük təkan verəcəyinə inanıram. Diplomatik fəaliyyətimizi belə çoxyönlü və sistemli şəkildə inkişaf etdirməklə ölklərə arasındakı əməkdaşlığa töhvə verəcəyimizdən əminəm.
- Koreyanın inkişaf etmiş iqtisadiyyatı var və bu baxımdan bir çox uğurlar qazanıb. Bu uğurların əsasında nə dayanır?
- Koreya iqtisadiyyatının sənayeləşmə dövrünün başlanğıcı hesab edilən 1962-ci ildə Koreyada adam başına düşəm ümumdaxili məhsul 62 dollar idi. Bu rəqəmdə son 50 ildə 450 dəfə artım olmuş və 27,633 dollara qədər qalxmışdır. Belə yüksək göstərici və artım uzaqgörən və güclü liderliklə bərabər koreya xalqının çalışqanlığı və əqidə möhkəmliyi ilə mümkün olmuşdur. Dövlət başçısının liderliyi altında dövlət rəsmilərinin şəffaf iqtisadi siyasəti uğurla həyata keçirilmiş və təhsilli xalqımızın işitirakı və əməksevərliyi ilə bu siyasət öz bəhrəsini vermişdir. Bu dövrdə siyasətin əsas istiqamətlərini ixracyönümlü iqtisadi siyasət, sistemli və effektiv iqitisadi inkişaf planı, yüksək səviyyəli təhsil, təşəbbüskar və çalışqan işçi mədəniyyətinin təqlidi təşkil edirdi.
- Koreya yüksək texnoloji imkanlarına görə tanış ölkədir. Həmçinin hər zaman Seul olimpiadasını xatırlayırıq. Bu günlərdə Seulda baş verən kütləvi aksiya bizi narahat etdi. Bəzi məlumatlara görə, aksiyada 1 milyona yaxın insan iştirak edib. Cənab səfir öz ölkəsində baş verənlərə görə narahatdırmı? Hadisələrin məntiqi sonluğu olaraq hakimiyyət dəyişikliyi baş verə bilərmi?
- Koreyada 1 milyondan artıq insanın aksiya keçirməsi mənim fikrimcə, Koreyada demokratiyanın nə qədər inkişaf etdiyini göstərir. Bu demokratiyanın sübutudur. Koreyada siyasi, iqtisadi və digər sahələrdə dövlət sistematik olaraq qurulub. Bu sistematik uyğunluğa əsasən siz dediyiniz aksiyalar olsa da, partiyalar arasında münaqişələr olsa da bunlar dövlətin işinə təsir göstərmir. Dövlət öz aktiv fəaliyyətini davam etdirir. Belə aksiyalar Koreyada birinci dəfə deyil. Bu qarşıdurmalar, aksiyalar ölkənin inkişafına dəstək olmaqla öz həll yolunu tapmış və insanların adi həyatına çox da təsirini göstərməmişdir. Bizdə siyasi mühitdəki problemlərin olması təbiidir. Sistematik olaraq dövlət idarəçiliyi, hökumət tərəfindən problemlərin həlli əsasdır. İndiki dövrə qədər də Koreya təcrübəsi göstərir ki, iqtisadi, siyasi, mədəni sahədə olsun hər hansı belə problem zaman ərzində həll olunur və bu həll yolu da dövlətin inkişafına müsbət yöndə təsir edir.
- Koreya-Azərbaycan ticarətinin dövriyyəsi nə qədərdir?
-Azərbaycan ilə Koreya arasındakı iqtisadi münasibətlər neftin qiyməti düşməmişdən əvvəl daha yüksək səviyyədə idi. Bu münasibətlərdə Koreyanın Azərbaycanda investisiya qoyuluşu da yüksək idi. Bununla əlaqədar olaraq da 2014-ci ildə qoyulan investisiya ilə hazırkı dövr arasında fərq həddən artıq çoxdur. Azərbaycanla ticarət dövriyyəsi 2014-cü ildə 270 milyon dollar olsa da, 2015-ci ildə azalma müşahidə olunmuş və bu rəqəm 126 milyon dollara düşüb. Neftin qiymətinin ticarət dövriyyəsinə təsir etməsi bizi də narahat edir. İqtisadi əməkdaşlığın bazası sağlam olmadığına görə ticarət dövriyyəsinin də 40 faizə yaxın aşağı düşməsindən narahat oluruq. Əsaslı iqtisadi münasibətlərin olması şərtdir. Mən də iki ölkə arasında əsaslı iqtisadi əməkdaşlığı əldə etmək üçün çalışıram. İki ölkə arasındakı münasibətlər indikindən daha yaxınlaşmalıdır. Çünki, bizim əməkdaşlığa çox böyük potensialımız var. İnvestisiya qoyuluşu artırılmalı və fərqli sahələrdə investisiya qoyulmalıdır.
- Bəs hazırkı iqtisadi-maliyyə böhranın Sizin ölkənizə təsiri hansı səviyyədədir?
- Koreya ixrac yönümlü iqtisadiyyata malik olduğundan neft qiymətinin düşməsi öz təsirini göstərib. Xüsusən Koreyanın ixracının 58%i inkişaf etməkdə olan ölklərdə gəmiqayırma, tikinti və ağır sənaeyənin payına düşdüyündən idxalda eniş müşahidə olunmağı normaldır. Neft və kimya sənayesi sahəsində ixrac 30% azalıb. Ancaq Koreya iqtisadiyyatının əsasları sağlam və hərtərəfli olduğundan bu azalmanın təsiri güclü olmayıb. Koreyanın ümumi ixracı isə 2014-cü ildə 572 milyard 665 milyon ABŞ dollarından bir az aşağı düşərək 526 milyard 901 milyon ABŞ dollarına düşüb, bu isə ən çox ixrac edən ölkələr sırasında dünyada 6-cı yer deməkdir.
- Koreyanın Azərbaycana yatırdığı investitisiyanın həcmi nə qədərdir? Nüfuzlu Koreya şirkətləri Azərbaycanda hansı sahələrə investitisiya qoymaqda daha maraqlıdırlar?
- Hazırki dövrə qədər Koreyanın Azərbaycana investisiya qoyuluşu təxminən 50 milyon dollara yaxın olub. Amma bu hal hazırda yüksək bir rəqəm deyil. Ancaq bildiyiniz kimi, Azərbaycanda iqtisadiyyatın diversifikasıyası prosesi yeridilməyə başlanılıb. Bu proses çərçivəsində Azərbaycanla ən çox əməkdaşlıq edəcək ölkənin Koreya olduğunu düşünürəm. Koreya iqtisadiyyatı öz gücünə görə dünyada 11-ci yerdədir və bütün sahələrdə rəqabətə davamlıdır. Azərbaycan da öz növbəsində müstəqillik qazanandan bəri iqtisadi sahədə böyük nailiyyətlər əldə edib və mənim fikrimcə iki ölkə öz güclərini birləşdirib birgə fəaliyyətə davam etsə hər iki tərəf böyük xeyir götürə bilər. İqtisadiyyatın diversfikasiyasına dəstək olması üçün Koreya tərəfindən 5 sahəni əsas götürmüşəm. Azərbaycanla Koreya arasında əməkdaşlıq mühitini araşdırmaq mənə ona görə asandır ki, bundan əvvəl bir neçə post-sovet ölkələrində fəaliyyətdə olmuşam. Bu fəaliyyətimin nəticəsidir ki, Azərbaycanda da hal hazırda iqtisadiyyatda, təhsildə insan resurslarının çox olduğunu və bunun uyğun olaraq iqtisadi əməkdaşlıq üçün potensialın böyük olduğunu düşünürəm. Bu potensialı nəzərə alaraq əsas 5 sahənin - səhiyyə, informasiya texnologiyalar sahəsi, nəqliyyat sahəsi, neft kimya sahəsi və turizm sahəsi olması qənaətindəyəm. Koreya səhiyyə sahəsindəki inkişafına görə dünyada ilk yerlərdən birini tutur. Koreyanın təcrübəsinin Azərbaycana gətirilməsi ilə Azərbaycanda da səhiyyənin səviyyəsinin yüksəldilməsinə çox yaxşı təsiri olardı. Azərbaycanda Koreya təcrübəsindən istifadə etməklə əsas plan odur ki, bir tibbi kompleksin yaradılmasıdır. Əgər belə bir kompleks yaradılarsa bundan həm Azərbaycan xalqı, həmdə iqtisadiyyatı xeyir götürə bilər. Bunun nəticəsində Azərbaycan regionun səhiyyə mərkəzinə çevrilə bilər. Azərbaycanla əməkdaşlığın artırılmasında ən böyük istəyim odur ki, qohum xalqın da iqtisadiyyatı Koreyada olduğu kimi inkişaf etsin. Öz iqtisadi gələcəklərini özləri həll edə bilsinlər və iqtisadiyyatın ən yüksək səviyyəsinə yüksəlsinlər. Sadaladığım sahələrdə Koreya təcrübəsi Azərbaycana çox vacibdir. Koreya tarixi ipək yolunun şərqdəki son nöqtəsi olaraq Azərbaycanla ticarət və nəqliyyatın da bu yol üzrə bərpasında maraqlıdır. Nəqliyyatın və yolun açılması biznes və insanların gediş-gəlişini təmin edəcəkdir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən “Samsung Engineering” şirkəti, Halla Korporasiyası, Samsung Elektroniks, LG Elektroniks və digər 20-ə yaxın şirkəti göstərmək olar.
Bundan əlavə Koreya hökuməti Azərbaycanda birdəfəlik yardım proyektlərini həyata keçirmək üçün bu günə qədər 56 milyon dollarlıq vəsait ayırıb. Bunlardan Elektron Hökumət Təlim Mərkəzi (3,7 milyon ABŞ dolları), Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Miltimedia İnfrastrukturu (3,5 milyon ABŞ dolları) Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemi yaradılması (26 milyon dollar) proyektlərini misal göstərmək olar.
Uzun müddətli aşağı faizli kredit proqramı çərçivəsində isə (EDCF proyekti) Pirşahıda çirkab su təmizləyici qurğuların inşası layihəsinə 435 min ABŞ dolları, Təhsil Nazirliyi ilə birgə Peşə Hazırlığı Məktəbinin tikintisi üçün 220 min ABŞ dolları kredit ayırılıb.
- SOCAR-la Cənubi Koreyanın "Samsung Engineering Co. Ltd." şirkəti arasında SOCAR-ın vasitəçili ilə Sumqayıtda Karbamid Zavodu tikilir. Bu zavod haqqında məlumat verə bilərsiniz?
- Ötən həftə zavodun tikildiyi ərazidə inşaat işləri ilə tanış olduq. Hal-hazırda zavodun tikintisinin 70 faizi həyata keçirilib. 2018-ci ilin əvvəllərində artıq tikintinin tam başa çatması planlaşdırılır. Bu “Samsung”un Azərbaycanda böyük bir layihəsidir. Bu layihənin çox uğurla həyata keçiriləcəyinə inanıram. İzləyin və görün deyirəm. Fəaliyyətləri indi də uğurla davam etməkdədir. Koreya tikinti şirkətləri kontraktda qeyd olunan zamanda işlərini təhvil verməklə daha çox tanınırlar. Həmçinin də arada yaranan problemləri də tez bir zamanda həll etdikləri üçün fərqlənirlər.
- Azərbaycan ilə Cənubi Koreya arasında turizm sahəsinin inkişafı istiqamətində hansı işlər görülür? İki ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı hansısa addımlar atılacaqmı?
- İki ölkə arasında müxtəlif sahələrdə inkişafdan danışdım. Təbii ki, turizm ən vacib sahələrdən biridir. Gərək insanlar bir-birini görsünlər, tanısınlar ki, iki ölkə arasında əlaqələr buna uyğun olaraq inkişaf etdirilsin. Turizm sahəsində əsas rol oynayan təbii ki, viza siyasətinin sadələşdirilməsi idi. Viza verilməsinin sadələşməsi sahəsində bəzi dəyişikliklər edilib. Bu ilin əvvəlindən başlayaraq Koreya vətəndaşları üçün Azərbaycanda Hava Limanında birdəfəlik giriş vizası tətbiq olunmağa başlanıb. Buna cavab olaraq da Koreya hökuməti də Azərbaycan vətəndaşlarına viza verilməsini sadələşdirib. Əvvəllər Koreya vizası 5 gün ərzində verilirdi, indi isə birdəfəlik qısa müddətli vizalar yalnız bir iş gününə verilir. Koreya vətəndaşlarının Azərbaycana gəliş gedişinin asanlaşdırılmasına görə çox minnətdarıq. Bu proseduraların gələcəkdə daha da asanlaşdırılacağına inanıram.
Turizmin inkişafına dəstək verən başqa bir məsələ nəqliyyatdır. Azərbaycan və Koreya arasında birdəfəlik təyyarə səfərləri olmamağı turizmin inkişafına mane olur. Birbaşa reyslərin açılması ilə bağlı bizim səfirliyimiz AZAL ilə görüşlər təşkil edib. Hal-hazırdakı statistikaya görə, Azərbaycana gələn koreyalıların sayı 4000 nəfərə yaxın olur. Mənim fikrimcə turizmin inkişafı üçün bu çox zəif göstəricidir. Əgər birbaşa reyslər açılarsa Azərbaycana gələn koreyalıların sayı bir neçə dəfə artar. Koreyalılar çox səyahət edən xalq olaraq da tanınırlar. İl ərzində 20 milyona yaxın koreyalı ölkədən xaricə turizm məqsədi ilə səfərlər edib. Azərbaycanın ətrafındakı Türkiyəyə koreyalı turistlərin daha çox getməsi müşahidə edilir. 1 il ərzində Xorvatiyaya 35 mindən çox koreyalı turist səyahət edib.
- Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal altındadır. 20 ildən çoxdur ki, aparılan sülh danışıqları öz nəticəsini verməyib. Bəs Koreyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi nədən ibarətdir?
- Koreyanın belə bir təcrübəsi olduğuna görə Azərbaycanda da müharibə nəticəsində torpaqlarını itirmiş köçkünlərin ağrılarını çox yaxşı başa düşürük. Qaçqın və məcburi köçkünlərin tez bir zamanda öz torpaqlarına geri qayıtmasını arzu edirik. Səfirliyimizin qaçqın və məcburi köçkünlərlə bağlı tədbirləri olub. Beyləqanda qaçqın və məcburi köçkünlərə bağlı tədbirlər keçirmişik. Hər dəfə onların həyatı ilə maraqlananda mən də pis oluram. Və Azərbaycan xalqını çox yaxşı başa düşürəm. Qaçqın və məcburi köçkünlərə dəstək dedikdə səfirliyimiz tərəfindən onlara tibbi yardım göstərilir, müayinə olunur. Rəsm müsabiqəsi təşkil olunur. Həmçinin məcburi köçkün ailələrinin evlərinə ziyarət olunur. Onlarla söhbətlər aparılır. Səfirliyimiz bu fəaliyyətləri bir neçə ildir davam etdirir. Bununla da Koreya hökuməti Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanında olduğunu və münaqişənin həlli üçün maraqlı olduğunu göstərir.
- Diplomat kimi mövqeyinizi açıqladınız. Bəs Qarabağ məsələsində şəxsi mövqeyiniz necədir?
- Əvvəlcə dediyim fikirlərin çoxu şəxsi fikirlərimdi. Azərbaycanın çətinliklərini çox yaxşı başa düşürəm. Bu problemlər şəxsən məni narahat edir. Azərbaycanın münaqişədəki rolunu dəstəkləyirəm.
- Azərbaycanla Koreya arasında mədəni münasibətlərin inkişafı istiqamətində hansı addımlar atılır? Yeri gəlmişkən Azərbaycan və Koreya mədəni dəyərləri arasında oxşar cəhətlər hansılardır?
- Azərbaycan və Koreya bildiyiniz kimi, Altay ailəsinin üzvüdülər. Dil, mədəniyyət cəhətdən qohumluqları var. Azərbaycan və Koreya arasında dil yaxınlığı ilə birlikdə folklorunda, adət-ənənələrində də oxşar cəhətlər çoxdur. Bizim Koreyada belə bir ailə adəti var ki, kitab olur və o kitabda ailənin kökləri qeyd olunur. Bizim ailənin kitabında ailəmizin köklərinin türk xalqları ilə qohumluğunun sübutu vardır. Hal-hazırda qəbul olun fikirlərdən biri də ondan ibarətdir ki, koreyalılar Altay dağlarının ətəklərindən gəlib və türk xalqları ilə qohumluqları vardır. Bu qohumluğu əsas götürərək, Azərbaycan ilə Koreya arasında əməkdaşlıq digər ölkələr kimi yox, xüsusi qohumluğa əsaslanan əməkdaşlığın olmağını istəyirəm. İki ölkə arasındakı qohumluq münasibətləri haqqında xalqın xəbərinin olması, ölkədə bunun qəbul olunması Mərkəzi Asiyada, Türkiyədə daha çox yayılıb. Onlar bilirlər ki, Koreya ilə türk xalqları qohumdur. Bu yaxınlıq münasibətləri haqqında Azərbaycanda nisbətən məlumatsızlıq var və bunun da hər iki ölkədə aradan qaldırılması həm Azərbaycan, həm də Koreyanın xeyrinə olacağına inanıram.
Mədəni sahədə əmakdaşlıq ölkələr arasında anlaşmanın artması və münaqişələrin həllində çox vacibdir. Diplomatiyanın əsasında da mədəni ünsürlər əsas götürülməlidir. Müasir diplomatiyada da mədəniyyət diplomatiyası və icitmai diplomatiya anlayışı qəbul edilməyə başlamışdır. Altay qohumluğunu paylaşan Azərbaycan və Koreya arasında da bu diplomatiyanın tətbiqinin çox vacib və səmərəli olacağına inanıram.
Azərbaycan və Koreyanın ancaq dil yaxınlığı deyil, mədəni dəyər və adətlərində də yaxınlıq müşahidə edilə bilər. Yerdə oturmaq, cəmiyyətin və ətrafın xeyri üçün hərəkət etmək və daha da oxşar ünsürləri tapmaq çox da çətin deyil. Bu oxşarlıqlar əsas görtürülərək bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir.
- Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq hansı səviyyədədir? Koreyada nə qədər azərbaycanlı tələbə təhsil alır?
- Azərbaycan ilə Koreya arasında təhsil sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Hazırda Koreyada 70-dən artıq azərbaycanlı tələbə təhsil alır. Bu tələbələr adətən Koreya Dövlət təqaüd proqramı, tələbə mübadiləsi proqramı və digər proqramlarla Koreyada təhsil alırlar. Tələbələrin Koreyada yüksək göstəricilərlər təhsil aldıqlarını bilirəm, təhsillərini bitirdikdən sonra Koreyada işləyən yaxud Azərbaycana geri dönərək iki ölkə arasında əməkdaşlığa töhvə verdiklərini də deyə bilərəm. Azərbaycanlılar Koreyada yüksək göstəricilərlə təhsil alırlar. Mənim fikrimcə bu da dil yaxınlığımız ilə bağlıdır. Azərbaycanla Koreya arasındakı dil qohumluğu və mədəni oxşarlıqlar Azərbaycanlıların dil öyrənməyini asanlaşdırır. Buna uyğun olaraq da dili yaxşı öyrənib təhsil alırlar. Mən Azərbaycanla birlikdə Gürcüstanda da Koreyanın səlahiyyətli səfiriyəm. Azərbaycanlılarla birlikdə gürcülər də Koreyada təhsil alırlar, dil öyrənirlər. Ancaq gürcülər Azərbaycanlılar qədər uğurlu olmurlar. Azərbaycanlılar qısa müddətdə Koreya dilinə sahiblənirlər. Onların Azərbaycana paxıllığı tutur. Azərbaycanlı tələbələr Koreyada televiziya proqramlarında iştirak edirlər. Bu da Azərbaycanın Koreyada tanınmasına səbəb olur. Bakı Dövlət Universitetində “Koreyaşünaslıq” ixtisası üzrə təhsil alan bir tələbə Koreya haqqında Viktarinaya qatılıb. Fərqli ölkələrdən gələn tələbələr Koreya haqqında biliklərini sınayırlar. Bu müsabiqədə 1-ci yeri Azərbaycanlı tələbə tutdu və televiziyada yayımlandı. Koreyanın milli idman növü olan taekvando da azərbaycanlıların uğurlar əldə etməsinin şahidi olmuşuq. Bunların hamısı Azərbaycanla Koreya arasında münasibətlərin inkişafına səbəb olur.
NEMƏT