9 Fevral 2017 18:45
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə ilə müsahibəni təqdim edir.

- Araz bəy, Rusiya və İsrail vətəndaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən Aleksandr Lapşinin Belarusdan ölkəmizə ekstradisiyasını necə qiymətləndirirsiniz?
- Çox normal qiymətləndirirəm. Hesab edirəm ki, Belarus prezidenti Lukaşenkonun Azərbaycan dövlətinə, prezidentinə və xalqına hörməti var. İkincisi, bu ekstradisiyanın əhəmiyyəti də var. Azərbaycan indiyə qədər bəyan edib ki, heç kəsə düşmən tərəfindən işğal edilən ərazilərə daxil olmağa icazə vermir. Deməli, bu tələb yerinə yetməlidir. Sözsüz ki, bu fakt ayrıları üçün dərs olacaq.

- Lapşinin Azərbaycan məhkəmə orqanları tərəfindən mühakimə edilməsi barədə nə deyə bilərsiniz?
- Aleksandr Lapşinin Azərbaycan məhkəmələri tərəfindən mühakimə edilməsi qanunidir. Cinayət harada işlənibsə şəxs orada mühakimə olunmalıdır. Bu beynəlxalq hüququn qaydasıdır.

- Bloggerin məhkəmə prosesinə beynəlxalq diqqət nə dərəcədə güclü ola bilər?
- Mən bu haqda bir söz deyə bilmərəm, çünki falçı deyiləm. Ancaq hər halda çox yaxşı haldır ki, Azərbaycan dövləti öz istəyinə nail oldu. Baxmayaraq ki, Rusiya Xarici İşlər Nazirliyi öncədən bloggerin Azərbaycan tərəfinə ekstradisiyasına etiraz edirdi. Ekstradisiyadan sonra da müəyyən etirazlar oldu. Eyni zamanda İsrail tərəfindən də etiraz oldu. Ancaq bu, Azərbaycanın hüququdur ki, məhkəmə prosesində həmin şəxsin mühakiməsindən sonra hansısa addımlar atsın. Cənab prezidentin hüququ var ki, bu şəxsi əfv etsin, azadlığa buraxsın. Və ya əgər bizim bu şəxsin vətəndaşı olduğu ölkə ilə qarşılıqlı ekstradisiya haqda razılaşmamız varsa, o halda bu şəxs öz dövlətinə ekstradisiya edilə bilər.

- Səhv etmirəmsə, bizim Rusiya ilə bağlı ekstradisiya barədə razılaşmamız var...
- Açığını deyim ki, belə bir razılaşmanın olub-olmadığı haqda məndə dəqiq informasiya yoxdur.

- Rusiyanın ölkəmizdəki səfiri ekstradisiyadan dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyinə gələrək nota təqdim edib. Bunu necə qiymətləndirmək olar?
- Nota təqdim edəndə nə dedi ki? Bəyəm etirazını bildirdi? Beynəlxalq aləmdə hər hansı bir işlə bağlı nota verilməsi normal haldır. İkincisi, bəyan olundu ki, Aleksandr Lapşin səhvini başa düşüb, üzr istəməyə hazırdır. İsrail və Rusiya tərəfi bunu ifadə etdi. Onlar bəyan etmədilər ki, Lapşin qanunları pozmayıb. Nəzərə alın ki, İsrail və Rusiya gözləmirdi ki, Belarus Azərbaycana belə ehtiramla yanaşacaq və Lapşini Bakıya göndərəcək.

Əlavə edim ki, Soso Pavliaşvili vaxtı ilə belə addım atmışdı. Onu Azərbaycan "persona non qrata" elan etdi, sonra isə əfv olundu. Bir neçə belə axmaq adamlar oldu ki, Azərbaycanın icazəsi olmadan Qarabağa getdi. Azərbaycan XİN bu şəxsləri özünün qara siyahısına saldı. Az sonra onları qara siyahıdan çıxararaq əfv elədi. Mənim şəxsi fikrim belədir ki, belə hallarda mövqeyi yumşaltmaq lazım deyil. Bizim belə məsələlərlə bağlı mövqeyimiz sərt olmalıdır.

- Rusiyanın Bakıdakı konsulu bu gün və ya sabah həbsxanada Lapşinlə görüşəcək...
- Bu qanun çərçivəsində olan proseduradır. Beynəlxalq qanunlara görə, hər hansı bir ölkənin vətəndaşı başqa bir dövlətdə mühakimə edilirsə, saxlanılıbsa, diplomat onunla görüşə, məşğul ola bilər.

- Ancaq iş ondadır ki, Rusiyanın Ermənsitandakı diplomatları öz torpağına gedərkən, saxlanılan Dilqəm Əsgərovla bağlı belə canfəşanlıq etmirlər. Baxmayaraq ki, Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır...
- Əlbəttə, bu Rusiyanın özündən asılı məsələdir. Ancaq qanunla Rusiya Dilqəm Əsgərovu da müdafiə etməlidir. Əslində bu bir daha sübut edir ki, necə Dağlıq Qarabağ məsələsində ikili standartlar var, bu məsələdə də ikili standart özünü göstərir.

- Azərbaycan tərəfi bloggerin azad edilməsinin qarşılığı olaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi tələbini irəli sürə bilərmi?
- Lapşinin gətirilməsi Azərbaycan hüquq-mühafizə orqanlarının fəaliyyətidir. Siz dediyiniz məsələ ilə bağlı mən bir söz deyə bilmərəm. Lakin praktikada belə hallar olur.

- Həftənin əvvəllərində həm də Rusiya siyasətçisi Jirinovskinin SSRİ-nin sərhədlərinin bərpa olunacağı, keçmiş SSRİ respublikalarının Rusiyaya birləşdiriləcəyi, ölkələrin əvəzinə quberniyalar yaradılacağı haqda fikirləri ciddi müzakirə mövzusuna çevrildi. Sizin bu məsələyə dair konkret mövqeyiniz nədən ibarətdir?
- Jirinovskidir də.

- Kifayətə qədər ciddi mövqe ortaya qoymayıbmı?
- O heç. Ümumiyyətlə Kremlin ruporudur. Nəyisə sınaqdan keçirmək istəyəndə bu fikri qoyurlar Jrinovskinin ağzına. Jrinovskinin də ağzı açarsızdır. Amma unutmayın ki, Hind okeanında rus əsgərlərinin çəkmə yumasının üzərindən 20 ildən çox zaman keçib. Mən düşünmürəm ki, Rusiya zorla gəlib nəsə edə bilər. Amma Cənubi Qafqaz xalqları deyəndə bəllidir ki, ermənilər artıq Rusiyanın nəzarətindədir. Faktiki belədir. Əgər erməni iqtisadiyyatı Rusiyanın əlindədirsə, deməli ölkə də onun əlindədir.


- Ancaq Jirinovski təkcə Azərbaycan və Ermənistandan danışmadı, hətta Baltik ölkələri, Gürcüstanı da bura daxil etdi...
- Deyir, desin də. Mən gedib onun ağzını yumacağam? Hesab edirsiniz ki, Kremlidə ancaq ağıllı insanlar əyləşib? Putin ətrafında olan 4-5 təmiz adamla əgər ölkəni ayağa qaldırıbsa, bu göstərir ki, o, çox məharətli siyasətçidir. Qalanları oğurlayır, çapır və talayır.

- İrəvanda anti-Belarus etirazları nə məna daşıyır?
- Təbii ki, orada belə aksiyalar olmalıdır. "Xozeyin deyib başlayın, başlayıblar. Hər şey "xozeyin"dən asılıdır.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər