11 Avqust 2014 17:44
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rasim Ağayev: “Sərkisyan bu açıqlaması ilə həm yalan danışır, həm də oyun oynayır”

Avqustun 10-da Soçidə keçirilən Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşündə Serj Sərkisyan yenə öz ampluasına sadiq qalıb. Təcavüzkar dövlətin başçısı qoşunların təmas xəttində əvvəlkitək gərginlik olmayacağını desə də, dərhal Azərbaycanı ittiham etməyə başlayıb: “Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı müddəalarını həyata keçirib? Ermənistan o qətnamələrə uyğun olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis – bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq”.

Politoloq Rasim Ağayevlə söhbətimiz zamanı Soçi görüşü ilə bağlı açıq qalan suallara aydınlıq gətirməyə çalışdıq.

– Soçi görüşü ilə bağlı mövqeyinz nədən ibarətdir?

– İlk növbədə qeyd etməliyəm ki, bu görüş Rusiya prezidentinin təşəbbüsü və onun bilavasitə himayəsi altında keçirildi. Bu da çox qəribədir. Çünki Azərbaycanın bütün müqəddəratı Qərbin iri kompaniyaları vasitəsilə Qərbə bağlıdır. Neçə ildir “Cənub dəhlizi”, digər iri enerji layihələri ilə bağlı söz-söhbət gedir. Ancaq Qərb ölkələri regionda əmin-amanlıq olmasına, nəticədə Qərb kompaniyalarının bizneslə məşğul olmalarına maraq göstərmədilər. Rusiyanın isə bu regionda faktiki olaraq iri investisiya layihələri yoxdur. Olanlar da çox kiçikdir. O layihələri ABŞ-ın, Avropa İttifaqının layihələri ilə müqayisə etmək olmaz. Buna baxmayaraq Rusiya təşəbbüs göstərir, tərəfləri masa arxasına əyləşdirir, onları dilə tutur və böyük nəticə əldə olunmasa da, hansısa razılıq əldə edə bilir. Soçi görüşünə böyük ümidlərlə yanaşmışdıq. Amma real yanaşsaq, bilməliyik ki, bilavasitə hansısa praktiki nəticəyə gəlmək olmazdı. Çünki belə bir vəziyyətdə, yəni, konfliktə uğramış ölkələr arasında münasibətləri sülh yoluna qoymaq özü böyük bir işdir. Bunu prezidentlər də dedilər. Amma bu yolda gec-tez hansısa praktiki nəticəyə gəlmək daha çətin məsələdir. Buna gərək müxtəlif üsullarla yol tapasan, müxtəlif alətlərdən istifadə edib hansısa ortaq məxrəcə gələsən. Mənə elə gəlir ki, Putin tərəflər arasında ortaq məxrəcin tapılmasına çox böyük maraq göstərir. Tərəflər daimi görüşmək üçün razılaşdılar və yaranmış vəziyyətdən çıxış yolları axtaracaqlarını bildirdilər. Bu da onu göstərir ki, biz yaxın vaxtlarda, hardasa 3-4 aya, yaxud yarım ilə, bir ilə Ermənistanla Azərbaycan arasında danışıqların müxtəlif səviyyələrdə davamını görəcəyik və hansısa nəticəyə çatmaq olar. Yəni, demək istəyirəm ki, hansısa sülhməramlı qərara ümid, şans indi daha çoxdur, nəinki 3-4 ay bundan əvvəl.

– Sizcə, təmas xəttində əvvəlkitək gərginlik olacaqmı?

– Gərginlik də olacaq, atəşkəs də pozulacaq, hər iki tərəfdən itkilər də olacaq. Sonra yenə gərginlik azalacaq. 25 ildir ki, biz daşnaklarla “hərbi yola çıxmışıq”, bu “yol” birdən-birə kəsilə bilməz. Gərək xalqlar özləri də öz münasibətlərini bildirsinlər. Əgər erməni xalqı öz qonşularına həqiqi mənada yenə də ərazi iddiası irəli sürəcəksə, “Böyük Ermənistan” mifi ilə yaşamaq istəyirsə, o zaman təbii ki, heç nə əldə etmək olmaz. Ermənilər açıq-aşkar Azərbaycana da, Gürcüstana da, Türkiyəyə də ərazi iddiası irəli sürürlər. Ya gərək bu ölkələr ermənilərin iddialarını qəbul etsinlər, ya da ermənilər öz iddialarını geri götürsünlər. Birinci variant qeyri-mümkündür. Qalır ikinci variant. Azərbaycan gərək böyük diplomatik məharət nümayiş etdirsin, səbirliliklə, iradəliliklə və ümidlə iş görsün. Məncə yalnız bu halda hansısa nəticəyə çatmaq olar. Çünki bu saat Ermənistanın vəziyyəti ağırdır və mənim zənnimcə indi hansısa nəticəyə çatmağa daha əsaslı şanslar var, nəinki dünən. Bir ildən, üç ildən sonra vəziyyətin necə olacağını da bilmək olmaz. Çünki regionda vəziyyət dəyişiləcək.

– Amma Sərkisyan təmas xəttində əvvəlkitək gərginliyin olmayacağını deyib...

– Sərkisyan çox şey deyə bilər. O elə şeylər deyir ki, onun üçün maraqlı olsun. Əlbəttə, təki təmas xəttində gərginlik olmasın, buna kim etiraz edir? Amma mən Ermənistanın daxilində olan problemləri götürürəm və görürəm ki, Sərkisyanı faktiki olaraq təkləyiblər. Sərkisyan rejimi, xuntası, komandası bilavasitə daşnaklarla praktiki olaraq əlbəyaxa olub, dil tapa bilmirlər. Digər siyasi qüvvələrlə də dil tapa bilmirlər, xalq arasında, siyasi elitalar arasında Sərkisyanın rejimindən böyük narazılıq var və bu, haqlı narazılıqdır. Bunlar hamısı öz yerindədir və təbii ki, burada provokasiyalar da olacaq, çalışacaqlar aranı vursunlar, razılaşmaları pozsunlar və sair. Amma Sərkisyanın hansısa nəticəyə gəlmək üçün hazırda imkanları da, şansları da çox böyükdür. Çünki təzə adam gələnədək, məsələni öyrənənədək uzun zaman keçəcək. Sərkisyan isə neçə ildir hakimiyyətdədir və hər şeyi yaxşı bilir. Onunla dəfələrlə söhbətlər olub. Bu məsələni onunla yerdən götürmək daha əlverişlidir, nəinki onun yerinə gələcək yeni adamla. Yeni adam yeni vədlərlə, yeni problemlərlə gələcək. Ümumiyyətlə, yeni adamlarla işləmək çətin olur. Yəni, yeni adam gələndə elə bilir ki, bir dəqiqəyə bütün dünyanı dəyişə biləcək. Sərkisyan isə artıq hər şeyi görüb, hər şeyə bələddir və mənə elə gəlir ki, onunla danışıqlar aparmaq olar. Sərkisyan olmasın, qeyrisi olsun. Ermənistan formal olaraq müstəqildir. Ermənistanın müqəddəratı bilavasitə Rusiyadan asılıdır. Jirinovski demişkən, Putin nə deyirsə o olacaq.

– Sərkisyan görüş zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz bəhs edib. “Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı müddəalarını yerinə yetirib” deyə sual edib. Sizcə, o bununla nə demək istəyib? Azərbaycan qətnamənin hansı müddəlarını yerinə yetirməyib?

– Bu qətnamələrin tələblərindən biri tərəflərin atəşi dayandırmasından ibarət idi. Bunu Ermənistan da edib, Azərbaycan da. İkincisi, sülhməramlı qüvvələri bölgəyə yerləşdirmək və sülh yolu ilə hansısa razılığa gəlmək qətnamədə öz əksini tapıb. Buna Azərbaycan da razıdır, Ermənistan da. Amma əsas tələb zəbt olunmuş rayonların qaytarılmasından ibarət idi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mənası və mühümlülüyü bundan ibarətdir. Müstəqil bir ölkənin ərazilərini işğal etmək icazəsi nə Amerikaya, nə Rusiyaya, nə Ermənistana, nə də digər bir ölkəyə verilir. Sərkisyan oyun oynayır, özünü bilməməzliyə vurur. Soçidə istədi ki, real siyasəti boşboğazlığa çevirsin. Bunun cavabı da çoxdan verilib. Yəni, ordunu çək öz ərazilərinə, bununla da məsələ bitsin. Sərkisyanın deməsi ilə deyil ki... Hamı yaxşı bilir ki, ümumiyyətlə, BMT TŞ-nın qərarı bilavasitə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlıdır. Əsas tələb bundan ibarətdir. Əlbəttə, Sərkisyan bu açıqlaması ilə həm yalan danışır, həm də oyun oynayır. Dünyanın ən böyük universal təşkilatının ali orqanı sənə deyib ki, rayonları işğaldan azad et. Sənin nə işin var, Azərbaycan nə edəcək, nə etməyəcək. Bu qərarı Ermənistan qəbul etməyib ki Azərbaycan onun qarşısında öhdəlik daşısın. Bu qərarı BMT Təhlükəsizlik Şurası qəbul edib. Azərbaycan da onun qarşısında cavabdehdir. Əgər Azərbaycan nəyisə etməyibsə və etməyəcəksə BMT qarşısında cavab verəcək. Hazırda söhbət qətnamələrin əsas tələbinin icra olunmamasından – Azərbaycan torpaqlarının Ermənistan ordusunun işğalından azad olunmasından gedir.

Səxavət


Müəllif: