Suallarımıza Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər cavab verib. Partiya sədri, əsasən, təmsil etdiyi təşkilatın fəaliyyətindən, təşkilatlanma prosesindən, digər partiyalarla əlaqələrindən, Ədliyyə Nazirliyi ilə münasibətlərindən danışıb.
Sülhəddin Əkbər həmçinin son zamanlar müxalifət düşərgəsində baş verən proseslərdən, eyni məqsədə xidmət edən alternativ qurumların yaradılmasından, düşərgənin bu fəaliyyətlə əldə edə biləcəyi uğur və perspektivlər haqda suallara cavab verib.
- Sülhəddin bəy, partiyanızda hansı yenilik var, Ədliyyə Nazirliyi təşkilatınızı qeydiyyata aldımı?
- Bilirsiniz ki, biz qeydə alınmaq üçün sənədləri Ədliyyə nazirliyinə təqdim etmişdik. Ancaq nazirlik təqdim etdiyimiz sənədləri baxmadan geri qaytarıb. Səbəb budur ki, xüsusi ərizə forması var və sənədləri ona uyğun formaya salmaq lazımdır. Hazırda sənədləri nazirliyin təqdim etdiyi və Nazirlər Kabinetinin təsdiq etdiyi həmin ərizəyə uyğun formada doldurub Ədliyyə Nazirliyinin baş idarəsinə təqdim etmişik. Ümid edirik ki, bu məsələ qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
- Bəs, partiyanızın təşkilatlanması, fəaliyyəti, strukturu, yeni təyinatlar istiqamətində hansı yeniliklər var?
- Bu istiqamətlərdə xüsusi bir yenilik yoxdur. Çünki biz aktiv siyasi fəaliyyətə sentyabr ayından başlamağı planlaşdırırıq. Ümid edirik ki, sentyabrdan başlayaraq bu istiqamətdə ciddi fəaliyyət olacaq. Əslində, qurultay keçirən zaman əsas fəaliyyət istiqamətlərini müəyyən etmişik və buna uyğun formada da işimizi aparacağıq. Əsas iş partiyanın dövlət qeydiyyatına alınması, təşkilati işlərin aparılması, ölkənin tam əhatə olunması, əlaqələrin gücləndirilməsi, partiyanın informasiya siyasətinin qurulması istiqamətində olacaq. Bu istiqamətlərdə işlər aparılacaq.
- Hamı deyir ki, sentyabrdan aktiv siyasi proseslər başlayacaq. Bir neçə gündən sonra sentyabr ayı başlayacaq. Bəs, indi müxalifət düşərgəsində ümumi ab-havanı, durumu necə qiymətləndirirsiniz?
- İndi müxalifət düşərgəsində ümumi vəziyyət arzu edilən səviyyədə deyil. Bütün potensial, resurslar getdikcə zəifləyir. Əlbəttə, burada müxalifətin rəqibi ilə yanaşı müxalifət cameəsinin subyektiv addımları və yol verdiyi yanlışlıqlar da əsas rol oynayır. Xalqın siyasətə, müxalifətə marağının və inamının azalması da bu düşərgənin toparlanmasına mane olur. Bu problemdir və böyük ehtimalla yeni siyasi proses baş verməsə, müxalifətdə yaşanan bu böhranlı vəziyyət davam edəcək. Ancaq hazırda Azərbaycan ətrafında həm beynəlxalq vəziyyət kəskinləşir, həm də 2015-ci ildə ölkədə parlament seçkiləri keçiriləcək. Ola bilsin ki, bu amil müxalifətin tədricən toparlanması, ictimai-siyasi aktivliyin tədricən irəliləməsinə səbəb olacaq. Lakin bunun hansı dövrə təsadüf edəcəyini demək çətindir.
- Hazırda bir neçə partiya İsa Qəmbərin təşəbbüsü ilə bir araya gəlib və siz özünüz də partiya olaraq bu prosesdə iştirak edirsiniz. Bunu müxalifətin aktivləşməsi üçün etdiyi cəhd hesab etmək olarmı?
- Xeyr. Mən belə deməzdim. Çox təəssüf ki, müxalifət reaktiv siyasət aparır. Başqa sözlə, ancaq baş verən hadisələrə münasibətini ifadə edir, reaksiya verməklə kifayətlənir. Aktiv siyasət isə yoxdur. Azərbaycan müxalifətinin işlənib hazırlanan proqramı, planı yoxdur. Bu səbəbdən də, müxalifət məcburdur ki, hadisələrə reaktiv qiymət verməklə kifayətlənsin. Bu dinamik siyasət deyil və aktivliyin artması kimi qiymətləndirilə bilməz.
- Bu cür siyasətlə uğur əldə etmək mümkündür?
- Düşünürəm ki, belə reaktiv siyasətlə nəticə əldə etmək mümkün deyil. Nəticə əldə etmək üçün birinci müxalifət düşərgəsində vəziyyəti dəyişmək lazımdır. Bu isə çətin və uzun müddətli iş tələb edir. Bunun üçün müxalifət ardıcıl iş aparmalıdır. Mövcud inkişafla Azərbaycan müxalifətinin uğur qazanmasına inanmıram.
- Siz indi Müsavat, KXCP, ADP, Ümid və hətta Azadlıq Partiyası ilə əməkdaşlıq edirsiniz. Bunu sizin partiyanın yeni proseslərdə iştirakı kimi təqdim etmək olarmı?
- Burada söhbət siyasi məqsədlərdən deyil, daha çox insan hüquqları məsələsindən gedir. İnsan hüquqları Azad Demokratlar Partiyasının əsas prioritetlərindən biridir. Bizim partiyanın əsas məqsədi insan hüquq və azadlıqlarının təminat altına alınmasıdır. Bu baxımdan istənilən formatda dialoq və əməkdaşlığa hazırıq. Bu zaman da siyasi qüvvələr arasında fərq qoymağı düzgün hesab etmirik. Bir müddət əvvəl belə bir təşəbbüs göstərilib, siyasi partiyaların toplaşaraq müzakirələr aparılması haqda təkliflər olub. Biz də bu prosesdən kənarda qala bilməzdik. Ancaq bir daha vurğulayım ki, bizim də iştirak etdiyimiz bu müzakirələrdə ancaq baş verənlərə reaksiya veririk, bundan uzağa gedən fəaliyyət yoxdur. Partiyamız yeni təsis edilib və elə bir gücü, potensialı yoxdur ki, təkbaşına aktiv siyasətə başlasın. Biz hələlik formalaşma və yaranış mərhələsindəyik.
- Bu formatda təmsil olunan partiya sədrləri zamanında yüksək postlar tutublar. Doğrudanmı, indi onlar bir araya gəlsələr də, əslində birlikdə deyillər?
- Əməkdaşlıq formatı tapmaq asandır, əsas odur ki, bu format işləsin, funksional olsun. Onun funksional olması üçün təklif edirəm ki, nə mümkündürsə ondan başlanılsın. Mən konkret məqsəd təklif etmişəm ki, gəlin fəaliyyəti bu məqsəd ətrafında quraq. Həmçinin qeyd etmişəm ki, fəaliyyət forması dəyirmi masa olsun və həm də açıq olsun. Məqsədimizi müdafiə edən siyasi qurumlar, ictimai təşkilatlar və hətta ziyalılar fərd olaraq bu quruma daxil olsunlar. Məqsəd birdirsə, bu istiqaməti qəbul edən bütün potensialı bu işə cəlb etmək lazımdır. Əslində, hesab edirəm ki, bütün potensialın bir araya toparlanması yetərsiz olacaq. Odur ki, bir yerdən başlamaq lazımdır. Mən həm də təklif etdim ki, bir xartiya qəbul edilsin, bu məqsədi qəbul edən qurumlar artıq yaranacaq dəyirmi masanın təsisçiləri olsunlar. Sonradan bura qoşulanlar isə iştirakçılar olsun. Mənim təklifim bundan ibarətdir. Əslində, hələlik funksional əməkdaşlıq etməyənlərin birdən təşkilat qurması ciddi hesab oluna bilməz. Üstəlik nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyəti yaranan, tezliklə parçalanan və intriqalara səbəb olan belə siyasi birlikləri çox görüb. Bu səbəbdən də siyasi birliklərə inam və etimad da yüksək deyil. Mən bunu deyərkən yaxın keçmişdəki təcrübəni nəzərdə tuturam. İlk öncə funksional əməkdaşlıq yaranmalı, dəyirmi masada bu iş getməlidir. Bundan sonra ictimai-siyasi proseslərin özü gələcəkdə siyasi birliyin yaranıb-yaranmaması zərurətini ortaya qoyacaq. O zaman bu haqda düşünmək olar. Bu daha uyğun variantdır.
- KXCP qərargahına toplaşan partiyalar daha çox ümumi şəkildə siyasi partiyaların insan hüquqları müdafiə komitəsi mərkəzinin yaradılmasını istəyirlər. Əgər bu təklif keçsə və sizin təkliflər rədd edilsə, bu prosesdə iştirak edəcəksinizmi?
- Mən fikrimi və təklifimi açıq şəkildə dedim. Azad Demokratlar Partiyası yalnız dəyirmi masa formatında funksional əməkdaşlığa hazırdır.
- Orada olan qüvvələrin bir-biri ilə qeyri-ciddi və səmimiyyətdən uzaq münasibətləri birlik formatının yaranmasını və dayanıqlı olmasını təkzib etmirmi?
- Bilirsinizmi, əslində insan haqları mövzusu bütün partiyaların maraqlarına uyğundur. Bu siyasi məqsəddən bir qədər kənar, hakimiyyət uğrunda siyasi mübarizə olmadığından bu prosesdə keçmişdə münasibətləri kəskin olan qüvvələr də iştirak edə bilərlər. Müəyyən müddətdən sonra əməkdaşlıq, ictimai-siyasi psixoloji ortam da formalaşa bilər. Ancaq bu daha çox gələcəyin işidir.
- Milli Şura da müdafiə komitəsi yaradıb, KXCP qərargahına toplaşan siyasi partiyalar da. Üstəlik KXCP, Müsavat və Pənah Hüseyn həm Milli Şuranın yaratdığı komitədə təmsil olunur, həm də sizinlə birgə komitədə. Sizcə, bu qeyri ciddilik deyilmi?
- Mən buna neqativ deyil, pozitiv yanaşmağın tərəfindəyəm. Fikrimcə, bu, gələcəkdə iki qurum arasında körpü rolunu oynaya bilər.
- Eyni qüvvələrin fərqli komitələrdə təmsil olunması separatizm, siyasi manevr əldə etmək istəyi deyilmi?
- Mən fərqli yanaşıram və fikrimi də sizə açıqladım. Əksinə, bu gələcəkdə bütün qüvvələrin birgə olması üçün əsas yarada bilər. Azərbaycan cəmiyyəti artıq müxalifətin fəaliyyətindən yorulub. Bu qüvvələr də dediyim faktoru nəzərə almalı, bilməlidir ki, cəmiyyətin ona dəstəyinin azalmasının bir səbəbi də düşərgədaxili didişmələrdir.
- Milli Şuranın əksər üzvləri yaratmaq istədiyiniz birliyə ironiya ilə yanaşırlar...
- Əsas odur ki, fəaliyyət olsun. Bu kimi hallar fəaliyyət olmayanda ortaya çıxır. Fəaliyyət olacaqsa, bu qiymətləndiriləcək. Fəaliyyət əvəzinə, siz dediyiniz hallar baş verəcəksə cəmiyyət bunu mənfi qiymətləndirəcək.
- Maraqlıdır, siz, İsa Qəmbər, Elşad Musayev, İslam Partiyası və digərləri əvvəl Milli Şurada təmsil olunub, sonra bu qurumdan istefa etmisiniz. İndi deyirsiniz ki, Milli Şura ilə fəaliyyəti koordinasiya etmək lazımdır. Bu sizcə, nə qədər ciddi siyasət izləməkdir, əgər fəaliyyəti koordinasiya etmək lazım idisə, orada qalıb bunu etmək daha ciddi təsir bağışlamazdımı?
- Bu normal haldır. Mənə dünya siyasi tarixində bir nümunə gətirin ki, siyasi birlik yaranıb və dağılmadan davam edib? Siyasi birlik yaranır, əgər məqsədinə nail olursa, fəaliyyət başqa fazaya keçir, nail olunmursa dağılır. Bu gün zərurət olsa, birlik yaranacaq, sabah zərurət aradan qalxsa, birlik də aradan qalxacaq. Bu təbii prosesdir.
- Demək istəyirsiniz ki, artıq Milli Şura dağılıb?
- Sizin sualınızın məntiqini anlamıram.
- Deyirsiniz zərurət aradan qalxanda birliklər də dağılır. Milli Şuranın üzvlərinin yarısı istefa verib. Demək, bu qurumun qalması zərurəti aradan qalxıb?
- Maraqlı keçid edirsiniz. Mən Milli Şura ilə bağlı mövqeyimi açıq bildirmişəm.
- Müxalifətdə bu qədər fikir ayrılığı var, bəs niyə fikir ayrılığı olduğu sayda siyasi və ya funksional birliklər yoxdur?
- Bizim partiya iki məsələ ilə bağlı əməkdaşlığa hazırdır. Birincisi, strateji məsələdir. Qarşıya qoyduğumuz məqsədlərimiz üst-üstə düşən qüvvələrlə uzunmüddətli əməkdaşlıq edə bilərik. Taktiki məsələlər isə seçkilərlə bağlı ola bilər. Konkret sualınıza gəldikdə deyim ki, hazırda iki qurum var. Əgər mövqelər çoxdursa və cəmi iki qurum varsa, buna şükür eləmək lazımdır.
Nemət Hüseynli