Zəfər Quliyev: “Yunanıstanın qərarı təəccüblü deyil”
Suallarımıza “El” Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Zəfər Quliyev cavab verib.
Politoloq 2001-ci ilin 11 sentyabrında Amerikada Pentaqona və əkiz qüllələrə edilən hücumdan, bu hücumdan sonra dünyada yaranan yeni reallıqdan, islam dini və müsəlmanların terrorçu elan olunmasından danışıb. Eləcə də, Ukraynada baş verən prosesləri şərh edib, Rusiyanın Ukrayna məsələsində tədricən geri çəkiləcəyi haqda proqnozlar irəli sürüb.
Müsahibimiz eyni zamanda Yunanıstanda saxta erməni soyqrımı haqda qanunun qəbulu, bu saxta soyqırımı tanımayanların cəzalandırılması barədə son xəbərləri dəyərləndirib.
- Zəfər bəy, 11 sentyabr 2001-ci ildə Əl-Qaida tərəfindən ABŞ-a edilən hücumdan sonra dünya çox dəyişib?
- Qərb dünyası üçün 11 sentyabr dəhşətli və əhəmiyyətli hadisə oldu. Bu həm də onların bir çox məsələlərə baxışını dəyişdi. İlk növbədə müasir təhlükələri dəyərləndirmək və prioritetləri seçmək baxımdan mühüm oldu. Bu hadisədən sonra ABŞ və onun müttəfiqləri terrora qarşı mübarizəni önə çıxardı. Həm də terrora qarşı çıxmaq onlara imkan verdi ki, Orta Şərq projesini həyata keçirsinlər. Hətta o zaman belə fikir yaranmışdı ki, əgər 11 sentyabr hadisələri olmasaydı belə, ona yaxın süni təhlükə yaratmaq lazım idi. Çünki həmin vaxt ABŞ üçün siyasətində dəyişiklik etmək baxımından belə hadisənin baş verməsi lazım idi. Doğrudan da, belə versiyalar səslənirdi ki, bəlkə də ABŞ kəşfiyyatının bu hadisələrdə əli var. Əl-Qaidaya qarşı, eləcə də, İraq və Əfqanıstana qarşı geniş miqyaslı hücumlar etmək, avtoritar rejimlərə qarşı siyasətini sərtləşdirmək üçün, həm də ABŞ hərbi maşınını fəal formaya gətirmək baxımdan 11 sentyabr böyük rol oynadı. Məhz 11 sentyabrdan sonra ABŞ terrorizmə qarşı geniş blokunu yaratdı və dünyada hegemonluğunu bir qədər də möhkəmləndirə bildi. Üzdə olan bu dəyişikliklər çox önəmli idi. Bu hadisədən sonra dünyada terrorizmə qarşı mübarizə önə çıxdı. Ancaq bu hadisənin başqa bir nüansı da oldu. Məhz bu hadisədən sonra terrorçuluq birbaşa müsəlman dövlətləri və İslam dini ilə bağlandı. Nə qədər desələr də ki, terrorun dini və milləti yoxdur, lakin məhz ilk olaraq islam ölkələri və islam dininə qarşı hücumlar gücləndi.
- Yəni terrorçuluq müsəlmanlar aid edildi...
- Bəli. Sanki bu hadisə müsəlmanların terrorçu olması haqda fikir və stereotipləri gücləndirdi. Təsadüfi deyil ki, 11 sentyabrdan sonra ciddi qalmaqallar baş verdi. Məsələn, Məhəmməd Peyğəmbərlə bağlı karikatura çap olundu, Quran yandırıldı. Eyni zamanda da islam dinini hörmətdən salmaq, islam ölkələrinə qarşı təzyiqi gücləndirmək kimi tendensiyalar gücləndi.
- Ancaq 11 sentyabr hadisəsindən sonra dünyada terror da gücləndi.
- Bəli, tamamilə haqlısınız. Əslində, bu təbii hadisə idi. Terror gücləndi. Çünki əks hərəkat hərəkəti aradan qaldırmır, onu bir qədər də gücləndirir. Terrorla mübarizə güclənirsə, ona qarşı olan proseslər də güclənir. Məhz o dövrdən başlayan terrorla mübarizə nəinki terrorun miqyasını azaltdı, əksinə, gördük ki, terror yaxın şərqdə deyil, dünyada problemə çevrildi. Terror təşkilatlarının sayı artdı, onlar artıq müasir silahla təchiz olunur, maliyyə problemləri yaşamır. Bu da ilk növbədə göstərir ki, bəzi ölkələr lazım gələndə terrorçu təşkilatları maliyyələşdirir, lazım gələndə də istiqamətləndirirlər. Əlbəttə, mən burada ancaq İranı nəzərdə tutmuram.
- İndi dünyanın əsas gündəmini Ukrayna tutur. Sanki bu ölkədə də ikinci Qarabağ problemi yaranır. Situasiyanı necə qiymətləndirirsiniz?
- Ukrayna əlbəttə, əsas məsələlərdən biridir. Ancaq diqqətlə baxanda görünürdü ki, vəziyyət öncədən hazırlanırdı. Bu Qərb-Rusiya qarşıdurmasına təkan verəcək. İndi faktiki olaraq Ukrayna uğrunda mübarizə Qərb və Rusiya qarşıdurmasını gücləndirir. Aydındır ki, bunun ilk səbəbi Rusiyadadır. 2007-ci ildə Münxendə çıxışı zamanı Putin açıq formada Amerikanın siyasətini tənqid etdi və bir qütblü dünyanı qəbul etmədiyini elan etdi. Bu məşhur çıxışı Rusiyanın gələcək siyasətini göstərirdi. Bundan sonrakı proseslərdə bu xətt müşahidə olundu. Məsələn, məşhur Münxen çıxışından yarım il keçmədi ki, Rusiya hərbi maşını Gürcüstana müdaxilə etdi, beş günlük müharibə baş verdi. Nəticədə Abxaziya və Osetiya Gürcüstandan qoparıldı. Bununla cənab Putin sanki neoimperiya siyasətini Gürcüstanda sınaqdan keçirirdi. Qərb ölkələri, ABŞ və NATO Gürcüstan əməliyyatına bir qədər laqeyd və qeyri-ciddi yanaşdılar. Hesab etdilər ki, bu sadəcə Saakaşvili-Putin qarşıdurması, kiçik lokal münaqişədir və davamı gəlməyəcək. Lakin hadisələrin gedişi göstərirdi ki, Rusiya özünün qanunlarını sərtləşdirir, xarici siyasət doktrinasını, habelə hərbi doktrinasına dəyişiklik edib. Nəhayət, Putin üçüncü dəfə prezident seçildikdən sonra elan etdi ki, Moskva Avrasiya İttifaqı yaradır. Əslində Putin imperiya sözünü işlətməsə də, dünyaya bəlli idi ki, burada söhbət sovet ittifaqını hansısa formada bərpa etməkdən gedir. Bu mənada yeni siyasi xətti reallaşdırmaq üçün Ukrayna Rusiya üçün əsas ünvan idi. Məhz Ukraynada qalib gələndən sonra Rusiyanın ambisiyaları MDB məkanında reallaşa bilərdi. Beləliklə də, Putinin çalışdığı ikiqütblü dünyanın yaranması istiqamətində real addımlar atıla bilərdi. Ukraynadakı hadisələr göstərdi ki, bu dəfə Amerika və qərb ölkələri vəziyyətə daha ciddi yanaşdılar və Gürcüstanda buraxdıqları səhvlərini Ukrayna məsələsində təkrar etmədilər. Başa düşdülər ki, faktiki olaraq burada dünyanın geosiyasi durumunun dəyişməsindən söhbət gedir. İndi Rusiyanın yeni siyasi xətti dayandırılmasa və qarşı alınmasa, bir çox ölkələr təhlükə qarşısında olacaqlar. Həm də nəzərə alınırdı ki, Rusiya enerji silahından da Avropaya qarşı açıq formada istifadə edir. Beləliklə də, Avropanı da enerji cəhətdən və digər mexanizmlər hesabına özünə tabe etdirmək istəyir. Odur ki, indiki məqamda artıq Ukraynada hadisələr son dövrdə Rusiyanın zəifləməsi istiqamətində inkişaf edəcək. Təsadüfi deyil ki, indi atəşkəsin dayandırılması haqda danışıqlar və razılıq daha çox Moskvanın təşəbbüsü idi.
- İndi Ukrayna ərazisində Qarabağ probleminə oxşar konflikt yarana bilərmi?
- Burada Qarabağ konfliktinə oxşarlıq ondan ibarətdir ki, Rusiya çalışır ki, münaqişəni konservasiya etsin. Necə ki, 1994-cü ildə Moskva Qarabağ münaqişəsini konservasiya etdi. Kremldə başa düşdülər ki, Ukraynada müharibəni davam etdirmək, ora əsgər göndərmək, əsgər itkilərinin sayının artması, Qərbin sanksiyaları və bunun tədricən sərtləşdirilməsi yaxşı nəticə verməyə bilər. Bu isə Rusiyanın maraqlarına uyğun deyildi. Odur ki, indi atəşkəsin dayandırılması Moskva üçün çox vacib idi. Burada da hiyləgər niyyət ondan ibarət idi ki, çalışıb separatçı rejimin əldə etdiyi nailiyyətləri saxlamaq və qorumaq, beləliklə də Qarabağa oxşar uzunmüddətli dondurulan münaqişə ocağı yaratmaq. Bundan sonra lazım olanda Moskva bu münaqişədən rəsmi Kiyevə qarşı istifadə etsin. Bu mənada Moskvanın planı Ukrayna hakimiyyətinə bəlli idi. Mənə elə gəlir ki, hər halda rəsmi Kiyev Qarabağın da, Abxaziyanın da, Osetiyanın da tarixini bilir, anlayır ki, Rusiya bu proseslərdə hansı siyasət izləyib. Ukrayna hökuməti çalışacaq ki, bu məsələdə səhv etməsin. İlk növbədə burada fərq ondan ibarətdir ki, indiki mərhələdə Ukraynanın arxasında Avropa İttifaqı, NATO və Amerika dayanır. Qarabağ münaqişəsi zamanı Azərbaycan faktiki olaraq tək idi və biz görürdük ki, bir çox hallarda Amerika ilə Rusiyanın maraqları üst-üstə düşür. İndiki dövr bir qədər fərqlənir, artıq Rusiya-Amerika qarşıdurması var. Qərb açıq formada Ukraynanın arxasında durur, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu konflikti saxlamaq və dondurmaq alınmayacaq. Bir müddətdən sonra Ukrayna ordusu yeni silah əldə edəcək, güclənəcək. Bu müddətdə sanksiyalar hesabına Rusiya zəifləyəcək. Ola bilsin ki, bu mərhələdə problemin həlli hərbi müstəvidə özünü tapacaq. Beləcə, Ukrayna bu regionlarda öz nəzarətini bərpa edəcək. Bu ehtimal çox böyükdür.
- Yunanıstan saxta erməni soyqırımı ilə bağlı qərar verib, bu ölkədə erməni soyqrımını tanımayanlar cəzalandırılacaq. Afinanın bu addımını necə qiymətləndirmək olar?
- Burada ilk olaraq daha çox Yunanıstan-Türkiyə problemləri nəzərə alınmalıdır, ortada Kipr adası problemi də var. Baxmayaraq ki, Kipr məsələsində mövqe razılaşmaları olsa da, pozitiv tendensiyalara rəğmən Afina ilə Ankara arasında fərqli baxışlar özünü göstərir. Həmçinin 2015-ci il saxta erməni soyqırımının 100 illiyi ilə bağlı erməni lobbisi bütün ölkələrlə fəal iş aparır. Bu cür faktlarla biz rastlaşa bilərik. Buna görə, təəccüblənmək lazım deyil. Bilirik ki, bir çox ölkələr erməni kartından fəal istifadə edir. Lazım gələndə Türkiyəyə, lazım gələndə isə Azərbaycana qarşı bu tip addımlar atılır. Türkiyənin apardığı fəal xarici siyasətə qarşı ən ciddi kartlardan biri erməni kartıdır. Biz yaxın bir ildə belə hallarla üz-üzə gələcəyik. Fikrimcə, Azərbaycan və Türkiyə çox soyuqqanlı formada bu halların qarşısını almalıdır. Əks istiqamətdə də fəal siyasət aparılmalıdır. Bu mənada Yunanıstanda belə bir qərarın verilməsinə görə, təəccüblənməyə dəyməz.
Nemət Orucov