13 Sentyabr 2014 12:50
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinin nəticələri ilə bağlı AzərTAc-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfirinin nəticələri barədə nə deyə bilərsiniz?
- Azərbaycan-Türkiyə münasibətlərindən söhbət gedirsə ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlamamaq mümkün deyil. Səfərin siyasi əhəmiyyəti və ümumi nəticələri təkcə qardaş ölkələrimiz üçün yox, regionda sülh və sabitliyin bərqərar olunması, inkişaf və tərəqqinin daha müasir modellərdə vüsət alması baxımından əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı etimada əsaslanan inkişaf modeli kimi bütün dünyaya nümunədir. Prezident Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi təqdirdə Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək” fikri Türkiyə ilə Ermənistan arasında sərhəd qapısının açılması mövzusunda möhtəkirlik edənlərə birdəfəlik cavab oldu. Ən əsası odur ki, prezidentlərimiz bir daha bütün dünyaya bəyan etdilər ki, Azərbaycan və Türkiyə üçün heç bir məsələdə fikir ayrılığı yoxdur. Bu tarixi fikrin ilkin nəticəsi səfərin ardınca NATO-nun Uelsdə keçirilmiş sammitində özünü göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdəki çıxışında Alyansın Azərbaycana verdiyi vədlərin yerinə yetirilməsinin vacib olduğunu və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin böyük önəm daşıdığını vurğulaması bir daha bütün dünyaya nümayiş etdirdi ki, biz sevincimizi və kədərimizi bərabər bölüşən qardaş xalqlar və ölkələrik. Sammitin bəyannaməsinin 30-cu maddəsində Alyansın tərəfdaşlıq etdiyi ölkələrin, o cümlədən Azərbaycanın kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəyi bildirilir. Bu, Azərbaycanın xarici siyasətinin uğuru, Azərbaycan-Türkiyə müttəfiqliyinin nəticəsidir. Bu ilin aprelində isə Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışında Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verib. Dövlətimizin başçısının Türkiyə və Azərbaycanda böyük coşqu ilə qarşılanan “Türkiyə yoxdursa, mən burada varam” ifadəsi dünyanın siyasi tarixində özünə əbədi yer tapıb.

- Qardaş ölkələrimiz arasında gələcək fəaliyyət strategiyasının qurulması barədə nə deyə bilərsiniz?
- Bəhs etdiyimiz səfərdə enerji sahəsində əməkdaşlığın yeni istiqamətləri barədə səslənən fikirlər xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bildirdi ki, yaxın 5-6 ildə Azərbaycan tərəfi Türkiyəyə təxminən 17-20 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində qardaş ölkənin “Şahdəniz”dəki və TANAP layihəsindəki payı kifayət qədər artırılıb. Yaxın günlərdə TANAP-ın təməlinin qoyulması Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq. Bəyanatlarda səsləndirildiyi kimi, Türkiyədən Avropaya keçəcək bu enerji xətti çox böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bundan başqa, İzmirdə “Star” neftayırma zavodunun tikilməsi Azərbaycan və Türkiyə arasında həyata keçirilən ən böyük iqtisadi layihələrdəndir. Ümumi dəyəri 5 milyard ABŞ dollarından çox olan bu layihə əsasında yaradılan müəssisə Şərqi Avropada ən böyük neft və kimya kompleksi olacaq. “Star” həm yatırılan sərmayənin həcminə, müvəqqəti və daimi iş yerlərinin sayının çoxluğuna, həm də zəruri neft və kimya məhsullarının istehsalına görə nadir müəssisədir. Azərbaycanın təşəbbüsü ilə yaradılan və Avropanı Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi daşımalar sistemində yeni mərhələnin başlanğıcı olacaq.

Azərbaycan ilə Türkiyə arasında 180-ə yaxın, o cümlədən iqtisadi sahədə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutma, gömrük sahələrində sazişlər daxil olmaqla 40 ikitərəfli sənəd imzalanıb. 2013-cü ildə ticarət dövriyyəsi 1,99 milyard ABŞ dolları məbləğində olub. Türkiyənin Azərbaycanda əsas kapitala yatırdığı sərmayə 2,6 milyard dollar təşkil edib. Bu, ölkəmizdəki xarici sərmayənin 6,5 faizini təşkil etməklə beşinci yerə sahib olmaqdır. Xarici sərmayədar tərəf kimi qeyri-neft sektorunda 25,5 faiz payla Türkiyə birinci yerdədir və investisiya məbləği 1,9 milyard dollar civarındadır. Azərbaycanın Türkiyədəki sərmayəsi 5 milyard dollara yaxınlaşıb.

- Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfiri ərəfəsində ciddi bir informasiya təxribatı ilə üzləşdik. Bu təxribatın haradan qaynaqlandığını müəyyənləşdirə bildinizmi?
- Dostluq və qardaşlıq nə qədər möhkəm olursa ona qarşı qüvvələr də fəallaşır. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində hər iki ölkənin aidiyyəti üzrə rəsmi şəxsləri bu dezinformasiyanın yaratdığı qeyri-sağlam mənzərəni aradan qaldırmaqla məşğul oldular. Araşdırmalar göstərir ki, qeyd etdiyimiz dezinformasiya heç bir fəaliyyəti olmayan, daim su bulandırmaqla özlərini gündəmdə saxlayan qüvvələr tərəfindən ortaya atılmışdı. Belə təxribatlar yenə də ola bilər. Sirr deyil ki, təcavüzkar Ermənistan, dünya erməniləri və Türkiyəni gözü götürməyən xarici qüvvələr uydurma “erməni soyqırımı”nın yüz illiyi ilə bağlı ciddi təxribatlar hazırlayırlar. Əminəm ki, qardaş Türkiyə ilə Azərbaycan bu təxribatların da qarşısını birgə səylərlə alacaqlar.


Müəllif:

Oxşar xəbərlər