Əlövsət Talışxanlı: “Pozuntulara yol verən şəxslərin cəzalandırılması lazımdır”
“Mən demişdim ki, bu məsələ araşdırılmalıdır. İş ondadır ki, Müsavat maliyyə problemləri səbəbindən qurultayının ikinci gününü qərargahda keçirməli oldu. Həmin vaxtda da qərargahda kvorum olmadı. MNTK Məclisdə səsə qoyulmamışdı. Köhnə Məclisə də səlahiyyət verilməmişdi ki, MNTK-nı təsdiq etsin. Odur ki, bəyan etmişdim ki, bu legitim deyil. Fikrimin də üzərində dururam”.
Bunu Teleqraf.com-a müsahibəsində Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sabiq üzvü, qurultayda Qubad İbadoğlunu dəstəkləyən və saxtakarlıqla bağlı ciddi faktlar səsləndirən Əlövsət Talışxanlı deyib. Müsahibəni təqdim edirik:
- Əlövsət bəy, son zamanlar Müsavat Partiyasının maliyyəsinin şəffaf olmasının vacibliyi haqda fikirlər səsləndirilir. Bu haqda nə düşünürsünüz?
- Bizim tələbimiz onunla bağlıdır ki, üzvlük haqları və ianələr müsavatçılar üçün hesabatlı olsun. Eləcə də buna nəzarət olunsun. Biz şəffaflıq deyəndə nəzərdə tutmuruq ki, partiyaya daxil olan üzvlük haqları və ianələrlə əlaqədar hansısa pozuntular mövcuddur. Bizi narahat edən məqam daxil olan vəsaitin hara və necə xərclənməsidir. Qurultaya hazırlıq prosesində gördük ki, yığılan vəsait seçki dövründə başqanlığa namizəd olan bir nəfərin təbliğatına xərclənib. Biz bu kimi halların qarşısını almaq məqsədilə təkliflər vermişik. Partiyanın maliyyə vəsaiti onsuz da cüzidir. Partiya elektrikdən istifadəyə görə, ödəniş edə bilməyib. Təsəvvür edin ki, Əmircanda qurultayı iki gün əvəzinə bir gün keçirmişik. Bu, partiyanın maliyyə durumunun kritik halda olduğunu göstərir. Odur ki, pulların hara xərclənməsi şəffaf olmalıdır. Bu tələbi də təbii qarşılamaq lazımdır.
- Qubad İbadoğlu və Səxavət Əlisoy partiyada qurultaya qədər ciddi qanun pozuntularının olduğunu bəyan edərkən sizə istinad edirlər. Bu haqda nə deyə bilərsiniz?
- MNTK üzvü olduğum, eləcə də məndə bəzi məlumatlar olduğu üçün və bunu səsləndirdiyimdən onlar mənə istinad edirlər. Oktyabrın 6-da bir sıra faktları açıqlamışam. Yəni MNTK üzvü kimi mənim baş verən hadisələrdən xəbərim olub.
- MNTK üzvü olaraq 15-20 rayonda konfransın keçirilmədiyini təsdiq edə bilərsinizmi?
- Bəli, təsdiq edirəm. Bir sıra rayonlarda konfranslar keçirilməyib, özbaşınalıqlar olub. Abşeron rayonunda, Samuxda konfrans keçirilmədiyi halda oradan nümayəndə seçilib. Üstəlik Samuxdan seçilən nümayəndə Gəncə təşkilatının üzvü olub. Mən bunları sadalaya bilərəm. Naxçıvandan da qurultaya nümayəndələr qatılıb. Ancaq MNTK nümayəndələrindən Naxçıvana gedən olmayıb. İnanmıram ki, Naxçıvanda konfrans keçirilsin. Əgər keçirilibsə, ortaya protokollar qoysunlar. Biz də buna baxıb mövqeyimizi müəyyən edək. Yəni xeyli sayda pozuntular olub.
- Əgər bu pozuntular baş veribsə, niyə bunu həmin vaxt deyil, qurultaydan sonra səsləndirirsiniz, siz MNTK üzvü kimi bunu öncədən səsləndirə bilərdiniz.
- Biz son 8 ildə ağır dövr keçirmişik. MNTK çalışıb ki, partiya rahat yolla getsin. Müsavata olan hücumlarla paralel olaraq biz də bu məsələləri qaldırsaydıq, təsəvvür edin vəziyyət necə ağırlaşardı. Lakin biz bu məsələləri zaman-zaman rəhbərliyə xatırlatmışıq, demişik ki, belə olmaz.
- İndi sosial şəbəkələrdə qarşı tərəf deyir ki, əgər qanun pozuntuları olubsa, səsləndirərdilər. Qurultaydan sonra bu haqda danışmaq cığallıqdır.
- Biz bu məsələləri ona görə qaldırmamışıq ki, İsa Qəmbər üçüncü dəfə namizədliyini irəli sürmədi. Bu da çox gözəl bir ənənənin əsasının qoyulması, başqa təşkilatlara nümunə idi. Bu demokratik addımın qarşısında biz susurduq. Çünki bu ölkə siyasəti üçün çox vacib olan bir nümunə idi. Müsavatın dəyərlərindən biri olduğundan biz susurduq.
- Müsavat Partiyasının bundan sonrakı durumunu necə görürsünüz?
- Müsavat bir şəxsin və ailənin təşkilatı deyil, yüz ildən çox yaşı olan partiyadır. Rəqabət hər zaman Müsavatın güclənməsi üçün əsas olub. Bunun ən bariz nümunələrindən biri də 2005-ci il parlament seçkilərindən əvvəl partiya daxilində keçirilən praymeriz seçkiləri olub. Bununla da Müsavat demokratik imicini göstərdi. Ümid edirəm ki, bundan sonra da nizamnamə və proqram əsasında fəaliyyətini davam etdirəcək. Hər hansı bir parçalanma və qopmaların olacağına inanmıram. Əlbəttə, kiçik qüsurları nəzərə almasaq, təlatümlərin olacağını gözləmirəm.
- Ancaq indi Müsavatda razılar və narazılar qrupu yaranıb, onlar bir-birlərini açıq ittiham edirlər. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Bir araya gəlmək üçün qurultay öncəsi və qurultay günü baş verən pozuntular ciddi araşdırılmalı, təhlil olunmalıdır. Eləcə də bu pozuntulara yol verən şəxslərin cəzalandırılması lazımdır. Bunu Müsavatın indiki rəhbərliyi etməlidir. Eyni zamanda partiyanın yeniləşməsi üçün verilən təkliflər öyrənilməli, müzakirə edilməli və bu istiqamətdə ciddi addımlar atılmalıdır. Bizim təklif və iradlarımıza baxılmalı, müvafiq addımlar atılmalıdır.
- Bu addımlar atılmasa, necə olacaq, indiki başqan bəyan edib ki, ona heç kim vaxt verə bilməz?
- Müsavatın başqanı belə deyə bilər. Ancaq Müsavat Partiyasının nizamnaməsi, sənədləri, proqramı var. Hamımız bu sənədlərə uyğun hərəkət etməliyik. Ən sıravi üzvün hüquqlarını pozuruqsa, başqa yolumuz qalmır. Ümid edirəm ki, siyasət nizamnaməyə uyğunlaşdırılacaq.
- Müsavatda təlatümlər olacaqmı?
- Partiyada yaranan indiki vəziyyətdə hər hansı təlatümlərin olacağını, qarşıdurmaların şiddətlənəcəyini güman etmirəm. Hesab edirəm ki, verilən təkliflər və iradlar ciddi müzakirə olunacaq. Bu proseslərin sonunda ümumi razılığa gəlinəcək. Mən buna inanıram.
- Bundan sonra Müsavat Partiyasında fəaliyyətinizi necə görürsünüz?
- Müsavat Partiyasında sıravi üzv kimi qalmaq niyyətindəyəm, partiyanın güclənməsi üçün əlimizdən gələni edəcəyəm, necə ki, indiyə qədər bunu etmişəm. 1992-ci ildən Müsavat Partiyasının bərpa qurultayından təşkilatın üzvüyəm, 2014-cü ilin sentyabrına qədər MNTK-da fəaliyyət göstərmişəm. Fəaliyyətimi sentyabrda başa vurmuşam.
- İndi partiyada fəaliyyətiniz yoxdur?
- Yox. MNTK-da uzun illər çalışmışam, bu qurumu yeni seçilən şəxslərin öhdəsinə buraxırıq. Özüm isə hərəkətimi davam etdirəcəyəm.
- Sərbəst Məclis üzvlüyünə namizədliyinizi irəli sürəcəksinizmi?
- Xeyr, namizədliyimi irəli sürmək niyyətində deyiləm.
- Hansı səbəblərdən?
- Mən Qubad İbadoğlu ilə bərabər səs toplamışam. Qurultayda Məclis seçkilərində 200 səs toplamışam. Əlbəttə, bəlli qüsurlar nəticəsində Məclisə seçilmədim. Hazırda da bunu özüm üçün faciə hesab etmirəm.
- 1992-ci ildən Müsavat üzvü olan, uzun illər MNTK-da çalışan nüfuzlu bir şəxs niyə Məclisə seçilməyib, ona hansı maneələr yaradılıb?
- Mən 2005-ci ildə Lənkəranda deputatlığa namizədliyimi irəli sürmüşdüm, kifayət qədər də effektiv seçki kampaniyası apardım. Ancaq sonda qələbəni başqası əldə etdi. Hesab edirəm ki, həmin seçkidə mən daha çox səs toplamışdım. İndi də Məclisə seçilməməyim mənim üçün faciə deyil. Sıravi üzv kimi fəaliyyət göstərməyim gənclərə də bir örnək olar.
- Hər şey dediniz, amma səbəb və maneələri demədiniz.
- İstəmirəm ki, bu məsələni dramatikləşdirim. Belə başa düşürəm ki, bu, ən yaxşı addımdır.
- Müsavat Partiyasının bundan sonrakı perspektivini necə görürsünüz?
- İnanmıram ki, partiyada böyük bir parçalanma baş versin. Müsavat yüz ildən çoxdur ki, yol qət edir. Təbii ki, partiya inkişafa doğru gedəcək. Partiyada savadlı, müdrik və intellektual insanlar çoxdur. Partiya ancaq qeyd olunan pozuntularla bitmir. Hesab edirəm ki, müdirik insanların səyi nəticəsində təşkilat inkişaf edəcək, müasir çağırışlarla ayaqlaşacaq və ölkənin əsas partiyalarından birinə çevriləcək.
- İndi yüz ilin partiyası olan Müsavatın müttəfiqləri Əhrar, Azadlıq, Xalq və digər kiçik partiyalardır. AXCP və digər böyük partiyalarla münasibətlər gərgindir. Bu durum sizləri qane edirmi?
- Zamanla bu məsələlər müsbət həllini tapacaq. Zaman və dövr hər şeyi öz yoluna qoyacaq. Azərbaycanı sevən, Rəsulzadənin yolunu davam etdirən hər bir müsavatçı bu yolda öz zəhmətini əsirgəməyəcək.
- Siz Müsavatın başqanı və Məclisinin legitim olmadığını elan etmisiniz. Səbəb nədir?
- Mən demişdim ki, bu məsələ araşdırılmalıdır. İş ondadır ki, Müsavat maliyyə problemləri səbəbindən qurultayının ikinci gününü qərargahda keçirməli oldu. Həmin vaxtda da qərargahda kvorum olmadı. MNTK Məclisdə səsə qoyulmamışdı. Köhnə Məclisə də səlahiyyət verilməmişdi ki, MNTK-nı təsdiq etsin. Odur ki, bəyan etmişdim ki, bu legitim deyil. Fikrimin də üzərində dururam.
- İndi də legitim hesab etmirsiniz və bəyanatınızın arxasında durursunuz?
- Bəli, fikrimin üzərində dayanıram.
- İddia edirsiniz ki, sentyabrın 28-də qurultayın ikinci günü qərargahda keçirilən zaman yetərsay olmayıb?
- Bəli. 197 nümayəndə əvəzinə 142 nəfər olub.
- İsa Qəmbər indi partiyada yaranan durumu yoluna qoymaq üçün müdaxilə etməlidirmi?
- Məncə, bunu İsa Qəmbərin özündən soruşmaq lazımdır. Hər halda İsa Qəmbər təcrübəlidir, dövlət rəhbərliyində təmsil olub, parlament sədri postunu tutub. Fikrimcə, bu sual İsa Qəmbərə ünvanlansa, o daha ətraflı cavab verə bilər.
Nemət ORUCOV