Rövşən Rzayev: “İnanıram ki, sülh müqaviləsini Prezident İlham Əliyev imzalayacaq”
“Ermənistanda vəziyyət olduqca gərgindir. Artıq erməni xalqı bilir ki, hakimiyyəti zəbt edən Sarkisyan-Koçaryan rejimi xalqı və dövləti hansı uçuruma gətirib. Bu proses bir qədər də dərinləşə bilər. Ona görə də, erməni xalqı maraqlıdır ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versin və onlar da regional proseslərə normal şəkildə qatıla bilsinlər. Xüsusilə, onların marağında regional layihələrdə iştirak etmək məsələsi var. Ancaq bu layihələrdə Azərbaycanın razılığı olmadan iştirak qeyri-mümkündür”.
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü Rövşən Rzayev bildirib. Müsahibəni təqdim edirik:
- Rövşən müəllim, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında görüşlər uzun müddətdir ki, keçirilmir. Buna səbəb nədir?
- Problemin kökündə erməni icmasının görüşlərdən imtina etməsi, bizimlə müzakirə aparmamaq istəyi durur. Onlar hər vəchlə görüşdən yayınırlar. Çünki başa düşürlər ki, elementar münasibətləri bərpa etsələr, dünya ictimaiyyətinə tutarlı cavab verə bilməyəcəklər. Ona görə də, görüşlərdən imtina edirlər.
- Hazırda icmalar arasında heç bir əlaqə yoxdur?
- Əlaqələr mövcud deyil, amma proseslər davam edir. İstəyirik ki, beynəlxalq təşkilatların dəstəyi ilə icmaların görüşlərini bərpa edək. İnanıram ki, biz bu vasitə ilə istəyimizə nail olacağıq.
- Əgər görüşlərin nəticəsi olmursa, bunu keçirməyə nə ehtiyac var?
- Görüşlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Bu görüşlər baş tutandan sonra dünya ictimaiyyəti biləcək ki, insanlar arasında problemlər yoxdur, münasibətlər normaldır. Sadəcə olaraq Koçaryan-Sarkisyan rejimi Ermənistanda hakimiyyəti zəbt etmək məqsədilə bu addımları atıb və indi də sülhdən yayınırlar. Onların yalanlarının iç üzü açılacaq. Biz də bunun üçün əlimizdən gələni edirik.
- Bizim icmamız bu proseslərdə nə dərəcədə aktivdir?
- Dağlıq Qarabağın Azərbaycanlı İcması bu proseslərdə kifayət qədər aktivlik nümayiş etdirir. İcma bacardığını bu günə qədər edib, bundan sonra da edəcək. Buna şübhə ola bilməz. İcmanın sədri Bayram Səfərovdur. Eləcə də Kamal Abdulla və Fərhad Bədəlbəyli kimi üzvlərimiz var. O cümlədən Elman Məmmədov da icma üzvüdür. O, vaxtilə Xocalının icra başçısı olub, bu proseslərin içərisində artıq 20 ildən çoxdur ki, var. Yəni icma güclüdür və çalışırıq ki, fəaliyyəti daha gücləndirək. Milli Məclis rəhbərliyi də xarici səfərlər zamanı mənə imkan yaradır ki, çıxış edib sözümüzü deyək.
- Xarici səfərlər zamanı erməni tərəfi ilə təmaslarınız olurmu?
- Əlbəttə, olur. Lakin bu təmaslar xoşagələn olmur.
- Nə mənada xoşagələn olmur?
- Onlar belə təmaslarda maraqlı deyillər və bu cür kontaktlardan qaça bilirlər. Ancaq biz də fəaliyyətimizi davam etdiririk.
- Ermənilər beynəlxalq təşkilatlarda və dünyada çoxmu müdafiə edilir?
- Əlbəttə ki, bu, həqiqətdir. Dünyada Ermənistanın ciddi dəstəyi var, üstəlik erməni lobbisi də fəaliyyət göstərir. Bu fəaliyyətin ana xəttini də anti-Azərbaycan fəaliyyəti tutur. Onlar dünyanın bir çox yerlərində bunu edə biliblər və bu gün də bu proses gedir. Təbii ki, son on ildə Azərbaycan kifayət qədər güclü və sistemli iş apara bilib. Ən çətin və ağrılı yerimiz Fransadır. Burada erməni lobbisi son dərəcə güclüdür. Ancaq Mehriban xanım Əliyeva Fransada kifayət qədər böyük işlər aparıb. Bu işlərin nəticəsində Fransanın ictimai şüurunda fikirlər tamamilə dəyişib. Bu işləri biz davam etdirməliyik ki, daha uğurlu nəticə əldə edək. Ümumiyyətlə, hər kəs çalışmalıdır ki, imkanı daxilində iş aparsın.
- Ümumiyyətlə, dünyada əsas güclü erməni mərkəzləri haradadır və orada bizə münasibətdə vəziyyət necədir?
- Fransa məsələsini qeyd etdim. Eləcə də Rusiya və Amerikada erməni lobbisi güclüdür. Nəzərə alın ki, bu təsadüfi də deyil. Ermənilər uzun illər bu ölkələrdə fəaliyyət göstərib, öz lobbilərini formalaşdırıblar. Bizim üçün də vacibdir ki, bu ölkələrdə, eləcə də digər yerlərdə kifayət qədər güclü işləyək.
- Hazırda Azərbaycanın diasporasının durumunu necə qiymətləndirirsiniz?
- Xarici səfərlərimiz zamanı çalışıb diaspora qurumlarımızla görüşürük. Dövlət özü də diaspora ilə bağlı ciddi iş aparır. Diasporumuz kifayət qədər güclənir. Bütün bu işlərin nəticəsi olaraq sonda ədalətli, Azərbaycanın maraqları və ərazi bütövlüyü təmin edilməklə sülh müqaviləsi imzalanacaq. Sülh müqaviləsini də Prezident İlham Əliyev imzalayacaq. Bu mənim qəti fikrimdir və bunu görəcəyik.
- 2015-ci il saxta erməni soyqırımının yüz illiyi gəlir. Tərəflər bu prosesə necə hazırlaşırlar?
- Erməni tərəfi çalışır ki, saxta soyqırımı dünya ictimaiyyətinə təqdim etsin, bundan öz maraqları naminə istifadə etsin. Azərbaycan və Türkiyə isə digər məsələlərdə olduğu kimi bu məsələdə də daima bir yerdədir, birgə fəaliyyət göstərir. Beynəlxalq təşkilatlarda da tutarlı fəaliyyət ortadadır. Türkiyənin rəhbərliyi də dəfələrlə bəyan edib ki, arxivləri açmağa hazırdırlar, erməni yalanını üzə çıxarmaq niyyətindədirlər və bu arxivlərlə işləmək üçün hər tərəfin alimlərini prosesə cəlb olunmasını vacib sayırlar. Ancaq erməni tərəfi bundan imtina edir. Şübhəsiz ki, haqq-ədalət öz yerini tapacaq.
- 2015-ci ilin aprelində erməni təhlükəsi ilə üzləşmək ehtimalı varmı?
- Azərbaycana qarşı Ermənistan tərəfindən heç bir təhlükə olmayıb və ola da bilməz. Ermənistan elə bir dövlət deyil ki, Azərbaycana qarşı təhlükə yarada bilsin. Ermənistan bir dövlət olaraq heç bir səviyyədə Azərbaycanla müqayisə edilə bilməz. Odur ki, biz onlardan heç bir təhlükə gözləmirik.
- Ermənistanda olan daxili vəziyyəti necə qiymətləndirirsiniz?
- Ermənistanda vəziyyət olduqca gərgindir. Artıq erməni xalqı bilir ki, hakimiyyəti zəbt edən Sarkisyan-Koçaryan rejimi xalqı və dövləti hansı uçuruma gətirib. Bu proses bir qədər də dərinləşə bilər. Ona görə də, erməni xalqı maraqlıdır ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versin və onlar da regional proseslərə normal şəkildə qatıla bilsinlər. Xüsusilə, onların marağında regional layihələrdə iştirak etmək məsələsi var. Ancaq bu layihələrdə Azərbaycanın razılığı olmadan iştirak qeyri-mümkündür. Ermənistanda normal düşünən insanlar maraqlıdır ki, bu proseslər erməni xalqının maraqlarına uyğun formada keçsin. Buna da mane olan hakimiyyəti zəbt edən indiki rejimdir. Fikrimcə, erməni xalqı nəyin baş verdiyinin fərqindədir.
- Sizcə, Rusiya-Ermənistan münasibətləri hazırda hansı səviyyədədir?
- Ermənilərin apardığı siyasətə diqqətlə yanaşmaq lazımdır. Ermənilər Rusiyanın istəyi ilə Avrasiya İttifaqına daxil olub. Eyni zamanda da Avropa İttifaqı ilə yaxından işləyir. Bu, təsadüfi proseslər deyil. Rusiya da bu prosesi görür. Lakin həqiqət bundan ibarətdir ki, ermənilər prosesi uğurla apara bilirlər. Onlar ikili oyunları oynamağı bacarırlar. Bu gün Rusiyada əsas müxalifət nümayəndələrindən biri olan Kasparov bildirib ki, ermənilər istənilən an mövqelərini dəyişə bilərlər. Həm Rusiya iqtidarında, həm də müxalifətində ermənilər var. Bütün bunlar göstərir ki, ermənilər münasibətlərdə səmimi deyillər və sona qədər də səmimi olmayacaqlar. Bu həm də sistemli, tarixi xarakter daşıyır. Bunların indiyə qədər ortada sabit mövqeyi də olmayıb. İşğalçı, orta əsr düşüncəsi ilə yaşayırlar. Əslində erməniləri başqa cür də təsəvvür eləmək olmaz. Onlar xalqını düşünsəydi, regional proseslərə çoxdan qatılıb irəli gedərdilər.
- Son zamanlar Ermənistanda böyük aksiyalar keçirilib. Bu, erməni xalqının öz istəyinə uyğun idi, yoxsa proseslərin arxasında kənar qüvvələr durur?
- Ermənistanı Qərbdə dəstəkləyən lobbisi var və onlar istəmirlər ki, ölkə bu formada idarə edilsin. Qərbdə yaşayan ermənilər daha uğurlu Ermənistan görmək istəyirlər, lakin buna ciddi maneələr yaradılır. Bu da daxili siyasətdə özünü büruzə verir.
- Azərbaycan-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, çox isti münasibətlər mövcuddur. Bu tarixi münasibətlərdir və həmişə olacaq. Ermənistandan fərqli olaraq Azərbaycan sabitdir və Rusiyaya qarşı yalan düşüncəsi olmayıb. Rusiya üçün ən etibarlı tərəfdaş Azərbaycandır. İki ölkə arasındakı münasibətlər daha da genişləndirilməlidir. Bu da Azərbaycanın maraqlarına uyğundur.
- Son dövrlər iki ölkə arasında münasibətlər intensiv xarakter alır. Bunu Rusiyanın Azərbaycanla bağlı ənənəvi siyasətindən imtina etməsi kimi baxmaq lazımdır, yoxsa sanksiyalar səbəbindən sıxılan Rusiyanın Azərbaycana ehtiyacı yaranması kimi?
- Rusiya görür ki, etibarlı tərəfdaş Azərbaycandır. Anlayır ki, regionda vəziyyət gərgindir, Minsk qrupu çərçivəsində düşüncələrində dəyişiklik etməklə uğurlu durum yarada bilər. Hesab edirəm ki, Rusiya nəhayət ədalətli mövqe tutacaq.
- Prezidentlərin oktyabrın 27-də təşkil olunacaq Paris görüşündən nə gözləyirsiniz?
- Mən hər bir görüşü maraqla izləyirəm və görüşdə müsbət halın olacağına ümid edirəm.
Nemət ORUCOV