6 Yanvar 2015 16:11
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səidə Qocamanlı: “İşçi Qrupuna seçilmədikləri üçün ittihamları gücləndiriblər”

“Bizim Monitorinq Qrupuna gündəlik ən azı 6 şikayət daxil olur. Onların hamısı Azərbaycan vətəndaşlarıdır. Hər bir vətəndaşın pozulan hüququnu bərpa etmək vəzifəmizdir. Onlar İşçi Qrupuna ümidlə baxırlar. Əlbəttə, İşçi Qrupu kiminsə xoşuna gəlməyə bilər, ona tənqidi münasibət də ola bilər. İndiyə qədər ünvanımıza nələr deyilməyib? Hazırda da deyirlər və yazırlar. Ancaq unutmayaq ki, biz işləməliyik. İşçi Qrupu hüququ pozulan hər bir vətəndaş üçün işləyəcək”.

Bunu Teleqraf.com-a müsahibəsində Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsinin üzvü, Birləşmiş İşçi Qrupunda fəaliyyət göstərən Səidə Qocamanlı bildirib. Müsahibəni təqdim edirik:

- Səidə xanım, 2014-cü il başa çatdı. Hüquq müdafiəçisi olaraq başa vurduğumuz ildəki fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Biz 2014-cü ili uğurla başa vurduq. Yeni il ərəfəsində əfv fərmanı verildi və azadlığa qovuşanlar bayramı öz evlərində keçirdilər. Sonuncu əfvi digərlərindən fərqləndirən odur ki, bu fərman 2014-cü ilin sonlarında fəaliyyətini bərpa edən İşçi Qrupunun işi ilə bağlı idi. İşçi Qrupunun iclaslarında hüquq müdafiəçiləri olaraq siyahı hazırlamışdıq. Eləcə də, Əfv Komissiyasına müraciət etmişdik. Müraciət Monitorinq Qrupuna daxil olan hüquq müdafiəçiləri adından edilmişdi. Müsbət haldır ki, müraciət nəzərə alındı, verdiyimiz siyahı üzrə on nəfər azadlığa buraxıldı. Bu, böyük uğurdur. Çünki hər bir müraciətin arxasında insan taleyi durur. Əlbəttə, əfvlə bağlı subyektiv və obyektiv fikirlər səsləndirilir. Bəzisi deyir ki, niyə hamı azadlığa buraxılmadı və s. Amma unutmayaq ki, hər bir şəxsin azadlığa qovuşmasına görə sevinməliyik. Çünki bu, hüquq müdafiəçilərinin uğurudur. Müsbət addımları dəyərləndirməmək mümkün deyil. Təmsil olunduğumuz İşçi Qrupunun iclasları keçiriləcək. Çalışırıq ki, digər insanların da azad edilməsinə, ailələrinin yanında olmasına nail olaq. Hər halda çalışmalıyıq ki, Monitorinq Qrupunun tərtib etdiyi siyahı qapansın. Son əfv fərmanı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilib. Xüsusilə, Avropa Şurası tərəfindən. Hesab edirəm ki, Avropa Şurasının qış sessiyasında Azərbaycan hökumətinin bu addımı müsbət qiymətləndiriləcək, bunun davamının gözlənildiyi qeyd ediləcək. İşçi Qrupunun fəaliyyətinin bərpa olunmasında Avropa Şurasının da töhfəsi olub. Şuranın baş katibi Yaqland Azərbaycan Prezidenti ilə görüşü zamanı İşçi Qrupunun bərpa olunması qərara alınıb. Bu bir dialoqdur, irəliyə doğru addımdır. Təbii ki, bu addım Avropa Şurası tərəfindən müsbət qiymətləndirildi. İndi Avropa Şurası İşçi Qrupunun fəaliyyətinin uğurlu, davamlı və səmərəli olmasının marağındadır.

- Hazırda Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun siyahısında neçə məhbusun adı var?
- Bizim siyahımızda olan məhbuslardan on nəfəri son əfvlə azadlığa buraxılıb. Təbii ki, siyahımızda iyirmiyə yaxın şəxsin adı var. Hesab edirik ki, dialoq, səmərəli və işgüzar fəaliyyətin nəticəsi olaraq onların hər biri azad edilə bilər. Çoxlu sayda məhbuslar var ki, onlara kömək etməyi vacib sayırıq. Hazırda bizi ən çox narahat edən Qobustan Qapalı Həbsxanasında cəza çəkən məhbuslardır. Onların çoxu cəzasını çəkib, içlərində yaşlı və xəstə məhbuslar var. İşçi Qrupunda bu məhbusların məsələsini qaldırmaq niyyətindəyik. Heç olmasa, onlara verilən cəza dəyişdirilsin, yüngülləşdirilsin. Çünki ağır xəstədirlər. Bizim Monitorinq Qrupuna gündəlik ən azı 6 şikayət daxil olur. Onların hamısı Azərbaycan vətəndaşlarıdır. Hər bir vətəndaşın pozulan hüququnu bərpa etmək vəzifəmizdir. Onlar İşçi Qrupuna ümidlə baxırlar. Əlbəttə, İşçi Qrupu kiminsə xoşuna gəlməyə bilər, ona tənqidi münasibət də ola bilər. İndiyə qədər ünvanımıza nələr deyilməyib? Hazırda da deyirlər və yazırlar. Ancaq unutmayaq ki, biz işləməliyik. İşçi Qrupu hüququ pozulan hər bir vətəndaş üçün işləyəcək.

- Mart ayına qədər fəaliyyətiniz nədən ibarət olacaq?
- Biz gündəlik fəaliyyətimizlə məşğuluq, daxil olan şikayətləri araşdırırıq. Ümid edirəm ki, Novruz Bayramı ərəfəsində neçə-neçə ailələri sevindirə biləcəyik və əfv fərmanı veriləcək. Hər halda bunu İşçi Qrupu səviyyəsində qaldıracaq və həllinə çalışacağıq.

- İşçi qrupunun son toplantısı noyabrda keçirilib. Yenidən toplantı gözlənilirmi?
- Bəli, sonuncu iclasımız ötən ilin noyabrında keçirilib. Bundan sonra tərtib etdiyimiz işlərin siyahısına baxmışıq. Sonra isə müəyyən sayda insanlar azadlığa buraxıldı. Fikrimcə, bu ay ərzində İşçi Qrupunun toplantısı keçiriləcək. Elə ay ola bilər ki, iclas bir dəfə, elə ay ola bilər ki, iki dəfə keçirilsin. Bu, daha çox vəziyyətdən, məsələlərin aktuallığından asılıdır. İclaslardan əlavə biz onsuz da sıx təmasdayıq. Əfv Komissiyası ilə də işləyirik, lazım olanda dövlət strukturlarına, DİN, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına müraciət edirik. Yəni iş dayanmır.

- Yanvarın sonunda Avropa Şurasının qış sessiyası keçiriləcək. Bu sessiyada iştirak edəcəksinizmi?
- Sessiyanın gündəliyi ilə tanış deyiləm. Ancaq fikrimiz var ki, sessiyada iştirak edək. Bu, işçi səfər olacaq. Hesab edirəm ki, Avropa Şurasının qış sessiyasında son əfvə müsbət qiymət veriləcək. Bu, birmənalıdır. Əfv öz yerində, bu həm də İşçi Qrupunun fəaliyyətinə verilən qiymət olacaq. İşçi Qrupunda Avropa Şurasının da nümayəndəsi iştirak edir. Həmin nümayəndə də görür ki, biz təkcə siyahımızda olan məhbusların deyil, həm də bizə edilən şikayətlər, digər məhbusların problemlərini həll etməyə çalışırıq. Onlar da görür ki, iş gedir və ən əsası tərəflər bir-birini dinləməyi bacarır. Çalışırıq ki, insanlara kömək edək. Burada hər bir iş diqqətlə araşdırılır və laqeydlik yoxdur.

- Hazırda ümumi vəziyyəti neçə qiymətləndirirsiniz?
- Elə problemlər var ki, hüquq müdafiəçiləri onları həll edə bilər və biz buna qadirik. Problemləri toplayıb gərginləşdirmək olmaz. Fikrimcə, problemlərdən qurtulmaq lazımdır. Bunun üçün də istək vacibdir. Biz də imkanlarımız daxilində buna çalışırıq. İşçi Qrupunun amalı odur ki, problemləri ölkə daxilində həll etməyə qadir olduğumuzu göstərək. Biz bunun üçün çalışırıq.

- Sizə qarşı sosial şəbəkələrdə və digər yerlərdə səsləndirilən ittihamlar artıq aradan qalxıbmı?
- Yox. Əksinə, ittihamlar daha da vüsət alıb. Bu iddialar bitən deyil. Bunun da səbəbi bəllidir. Çox qəribə haldır. Bizimlə bağlı deyirlər ki, onlar əvvəl yaxşı idilər, indi satılıblar. Bu, qəbuledilməzdir. Bir daha qeyd edirəm ki, bu iddialar və ittihamlar İşçi Qrupunun fəaliyyətinin bərpasından sonra ortaya çıxdı. Hər şey də İşçi Qrupunun başında idi. Çünki hər bir kəs bura daxil olmaq arzusunda idi. Bizi ittiham edənlər bu quruma daxil olmaq, dövlət strukturları ilə üz-üzə oturub bu haqda müzakirə aparmaq niyyətində idilər. Onlar İşçi Qrupuna seçilmədikləri üçün bu ittihamlar daha da gücləndi. Nəticədə bura daxil olanlardan ikisini çıxmaq şərti ilə yerdə qalanları “satılmışlar” adlandırdılar. Hansı qüvvələr ki, bizi ittiham edirlər, onlar hüquq müdafiəçiləri arasında fikir ayrılığı yaratmağa qədər getdilər, bizi iki hissəyə böldülər, yarımıza satqın dedilər. İndi isə belə məlum olur ki, satılmayan iki nəfər də satılıb, çünki bizimlə birlikdədirlər. Vaxtımızı belə mənasız ittihamlara xərcləsək, bizə edilən şikayətlərə zamanımız çatmaz. Bu gün sosial şəbəkələrdə əleyhimizə nələr danışmırlar. Biz də buna cavab vermirik. Çünki hər kəs öz tərbiyəsinə görə hərəkət edir. Məşhur məsəl var, pişiyin ağzı ətə çatmayanda deyir ət təmiz deyil. Onların da ağzı İşçi Qrupuna çatmadığından belə edirlər. Ancaq bilsinlər ki, İşçi Qrupu vaxtında olub, sonradan elə onların əsassız iddiaları səbəbindən işinə xitam verib və 2014-cü ildən yenidən fəaliyyətə başlayıb. İşçi Qrupu var, xoşlarına gəlsə də, gəlməsə də biz işləyəcəyik. İnsan nə qədər soyuqqanlı olmalıdır ki, on nəfərin azadlığa buraxılmasına rəğmən yazsınlar ki, guya biz heç nə etməmişik. Bu adamlar üçün insan taleyi əhəmiyyətli deyil. Onlar hesab edirlər ki, nə qədər insan tutulsa bir o qədər bizə yaxşıdır. Çünki istəyirlər Azərbaycanı dünyada qara rəngdə göstərsinlər, daima təzyiq altında olaq. Yəqin buna görə qazanırlar. Belə olmaz. Bu ölkə bizimdir. Bu ölkənin nüfuzu elə bizim nüfuzumuzdur. Strasburqa gedəndə və Azərbaycanın əleyhinə mənfi fikir eşidəndə adamın ürəyi ağrıyır. Avropada, elə bizə qonşu dövlətlərdə, hətta Rusiyanın özündə də insan hüquqları pozulur. Ancaq onların adını çəkmirlər, Azərbaycanın adını çəkirlər. Bu da yuxarıda dediyim insanların xoşuna gəlir. Bu insanlar özlərini vətənpərvər adlandırırlar. Əslində isə bu Vətənə qarşı düşmənçilik, yalançı patriotluqdur.

- Bir ittihamları da odur ki, Siz yaşlanmısınız, artıq hüquq müdafiəçiliyi sferasından getməlisiniz...
- Belə ittihamlar var. Hətta deyirlər ki, nənəmiz yaşındadırlar, rədd olub getsinlər. Nələr demirlər ki? Moskvada iki il əvvəl rus hüquq müdafiəçisi Luydmila Aleksayevna çıxmışdı. Onun yaşı səksəndən çox idi. İndi bu ittihamları irəli sürənlər bilsinlər ki, onlardan da çox enerjimiz, səviyyəmiz və təcrübəmiz var. Biz Avropada, Amerikada məktəb keçmişik, elə-belə gəlib hüquq müdafiəçisi olmamışıq. Həbs olunurlar, azadlığa çıxandan sonra deyirlər ki, hüquq müdafiəçisiyik. Bir əlinə kitab al, oxu gör hüquq müdafiəçisi nədir, onun nəzəriyyəsi necədir. Bundan sonra hüquq müdafiəçisi ol. Siyahı tərtib etmək hələ hüquq müdafiəçisi olmaq deyil. Əslində, bunlara fikir vermədən işləmək, daha çox insana kömək etmək lazımdır. Biz hüquq müdafiəçisi borcumuzu bilir və bunu layiqincə yerinə yetiririk. Heç bir ittiham, əsassız iddialar bizim qarşımızı ala bilməz. Bizim bir şüarımız var-Azərbaycan!

Nemət


Müəllif:

Oxşar xəbərlər