12 Aprel 2015 10:05
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Cəfərov: “MHP-nin nüfuzu yüksələcək, CHP-nin imkanları azalacaq”

“Ərəb inqilablarının, ziddiyyətlərin arxasında dünyanın iri güclərinin siyasəti dayanır. Burada əsas məqsəd enerji qaynaqlarına sahib olmaqdır. Bundan başqa bir şey təsəvvür etmirəm. Nəticədə insanlar qırılır, məhv olur. Eləcə də, ərəblərin qazandığı mədəni səviyyə düşür. Görünür, burada əsas çıxış yolu dünya bazarında enerji ilə bağlı problemin həll edilməsidir. Enerji ilə bağlı məsələ həll edilsə, ərəb coğrafiyasında da sakitlik yaranar”.

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, parlamentin Türkiyə ilə dostluq qrupunun rəhbəri, professor Nizami Cəfərov bildirib. Müsahibəni təqdim edirik.

- Nizami müəllim, qardaş Türkiyədə parlament seçkilərinə start verilib, partiyalar mandat uğrunda mübarizəyə başlayıb. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Türkiyədə hər seçki ərəfəsində belə proseslər müşahidə edilir. Həm prezident, həm də parlament seçkiləri dönəmində mürəkkəblik yaşanır, partiyalar arasında rəqabət güclənir. Biz dəfələrlə görmüşük ki, qüvvələr nisbəti dəyişə bilir. Odur ki, siyasi partiyalar arasında rəqabət, gərginlik, münaqişələr, atışmalar hər zaman olub. Lakin indi məsələni mürəkkəbləşdirən və gərginləşdirən amillər də var. Bunlardan birincisi dünyada mövcud olan beynəlxalq vəziyyətlə bağlıdır. Yəni beynəlxalq vəziyyət Türkiyə üçün əvvəlki ənənəvi situasiyadan fərqli durum yaradıb. Ərəb ölkələrində gedən mürəkkəb proseslər, İran məsələsi, Avropada baş verən hadisələr vəziyyətə müəyyən qədər təsir edir. Həm də Türkiyənin daxilində də xeyli mürəkkəbləşmə var. Kürd məsələsi ilə bağlı məqam, konstitusiya dəyişikliyinə olan münasibət və s. Prezidentə münasibət də birmənalı deyil. Bundan başqa, seçkidən sonra ölkənin daxili quruluşu ilə bağlı bir sıra məsələlər var ki, müzakirə olunmalıdır. Həmin məsələlər müəyyən qədər ziddiyyətlər yaradır. Amma güman etmirəm ki, bu ziddiyyətlər Türkiyənin taleyində hansısa tarixi rol oynasın. Türkiyə bu gün dünyada regionla bağlı məsuliyyət daşıyan ölkədir. Həm də türk dünyasının böyük dövlətidir. Azərbaycanlılar da Türkiyədə gedən prosesləri yaxından izləyir və hər şeyin uğurla başa çatmasını istəyirlər.

- Türkiyədə parlament seçkiləri ilə bağlı proqnozunuz necədir?
- Ədalət və İnkişaf Partiyası ölkədə böyük nüfuza sahibdir və dövlətin idarə edilməsində, parlamentin təşkilində əsas rolu oynayacaq. Burada mübahisəli bir şey görmürəm. Digər partiyalara gəldikdə, onların daxilində də müəyyən proseslər gedir. Güman edirəm ki, Millətçi Hərəkat Partiyasının nüfuzu müəyyən qədər yüksələcək. Cümhuriyyət Xalq Partiyasının imkanları isə əvvəlkindən bir qədər aşağı düşəcək. Bu da CXP-də təşkilatlanma və idarəçiliklə bağlı problemlərdən qaynaqlanır. Mümkündür ki, indiyə qədər barajı aşa bilməyən müəyyən təşkilatlar, əgər onlar gənclərdən ibarət olacaqsa və müəyyən qədər dünyada gedən proseslərə müasir düşüncə ilə yanaşa biləcəklərsə, parlamentə düşə bilər. Həm də bu il parlamentdə millət vəkillərinin sayı azaldılır. Əslində, buna müsbət yanaşmaq lazımdır. Əgər Türkiyə prezidentli respublika üsul-idarəsinə gedirsə, təbii ki, millət vəkillərinin sayının azaldılması effektli ola bilər. Yəni deputatların sayının çox olmasının Türkiyənin idarəçilik taleyində mühüm rolu olmayacaq.

- Ədalət və İnkişaf Partiyası seçkidən sonra hökuməti təkbaşına qura biləcək, yoxsa koalisiyalı hökumət ola bilər?
- Koalisiya əsaslı hökumətin qurulacağına inanmıram. Amma çox istərdim. Çünki biz müəyyən müqayisələr aparırıq. Türkiyədə indiki vəziyyətdə ölkənin taleyini parlament deyil, prezident həll edir. Belə olan təqdirdə koalisiyanın xüsusi və həlledici əhəmiyyəti ola bilməz. Amma koalisiyanın siyasi üslub kimi əhəmiyyəti ola bilər. Təbii ki, seçkidən sonra Türkiyənin idarə edilməsində Ədalət və İnkişaf Partiyası əsas siyasi qüvvə olacaq.

- Son zamanlar Türkiyə ilə İran arasında problemlər yaşanır. Sizcə, buna səbəb nədir?
- Türkiyə ilə İran arasında heç bir problem olmayacaq. Bir neçə il əvvəl Türkiyədə səfərdə olan zaman Böyük Millət Məclisinin rəhbərliyində olan böyük siyasətçilərə təsadüfi sual etdim ki, Türkiyənin İran siyasəti nədən ibarətdir? Həmin vaxt münasibətlərdə sakitlik hökm sürürdü. Təsəvvür edin ki, bir neçə siyasətçi gülümsəyərək cavab verdilər ki, Türkiyənin İran siyasəti yoxdur. Həqiqətən, elədir. Nə Türkiyənin İran siyasəti, nə də İranın Türkiyə siyasəti var. Bu ölkələr arasında siyasəti beynəlxalq münasibətlər və güclər formalaşdırır. Ona görə də burada Türkiyənin İrana baxışı və ya İranın Türkiyə siyasəti bu ölkələrin taleyinə təsir edəcək gücdə ola bilməz. Yalnız qonşuluq siyasəti, dost münasibətlər var. Həm də nəzərə almaq lazımdır ki, İranda əhalinin böyük hissəsi azərbaycanlıdır. Odur ki, iki ölkə arasında münasibətləri beynəlxalq situasiya tənzimləyir. Hesab edirəm ki, iki ölkə arasında münasibətlər dostluq və yaxın qonşuluq formasında təzahür edəcək. Hər halda ziddiyyət olmayacaq. Əgər bu gün İrana qarşı tətbiq edilən embarqolar götürüləcəksə, iqtisadi münasibətlər və xüsusilə neftlə bağlı addımlar atılacaqsa, heç şübhəsiz ki, İran bunun arxasınca siyasi nüfuz da istəyəcək. Belə olan təqdirdə İranla Türkiyə arasında regionda nüfuz bölüşməsi prosesi gedə bilər. Bu da hər halda qarşılıqlı dostluq münasibətləri formasında olmalıdır. İndiyə qədərki dünya siyasətinin təcrübəsi də göstərir ki, İran-Türkiyə qarşıdurması loyal olub və xüsusi aqressiya ilə müşahidə edilməyib. Bu, daha çox tarixdən gələn, hansısa mənəvi, sünni-şiə məsələsi ilə bağlı olub. Amma uzun illərdir ki, İran-Türkiyə toqquşmasından söhbət getmir.

- Ərəb dünyasında nə baş verir və yaşananların nəticəsi necə olacaq?
- Ərəb inqilablarının, ziddiyyətlərin arxasında dünyanın iri güclərinin siyasəti dayanır. Burada əsas məqsəd enerji qaynaqlarına sahib olmaqdır. Bundan başqa bir şey təsəvvür etmirəm. Nəticədə insanlar qırılır, məhv olur. Eləcə də, ərəblərin qazandığı mədəni səviyyə düşür. Görünür, burada əsas çıxış yolu dünya bazarında enerji ilə bağlı problemin həll edilməsidir. Enerji ilə bağlı məsələ həll edilsə, ərəb coğrafiyasında da sakitlik yaranar. Düşünürəm ki, bu sadə məsələ deyil. Nəzərə almaq lazımdır ki, burada çoxlu maraqlar var, çoxlu dövlətlərin taleyi həll olunur. O cümlədən Ukrayna, Rusiya. Bütün bunlar əslində qarşılıqlı əlaqə şəklindədir. Yəni dünyada olan bugünkü mürəkkəb proseslərdən kənarda nə ərəb məsələsi, nə də şərq problemi həll edilmir. Başqa sözlə, bu, ümumi məsələdir və onun universal həlli lazımdır. Odur ki, ümumi dünya miqyasında razılaşma, iqtisadi-enerji problemlərinin həlli, eyni zamanda dünyanın indiki xəritəsi, ələlxüsus Rusiya ilə bağlı məsələ necə həll ediləcəksə, Şərqdə yaşanan proseslər də buna uyğun formada həllini tapacaq. Başqa sözlə, məsələni Şərqdə həll etmək mümkün deyil. Bu məsələlər beynəlxalq miqyasda həll edilməlidir.

- Niyə ərəb ölkələrində dövlətlərin sərhədi müəyyən olsa da, bir sıra hallarda sərhədlər deyil, “hamımız ərəbik” prinsipi əsas götürülür?
- Doğrudur, dövlətlərin sərhədləri faktiki olaraq var. Ancaq bunların hamısı ərəb xalqları və dövlətləridir. Burada yeni dövlətlər yaratmaq imkanları düşünülə bilər. Düzdür, buna mane olan tarix, adət-ənənə, müəyyən xüsusiyyətlər var və bunları da dərhal həll etmək mümkün deyil. Görünən budur ki, ərəb dövlətləri arasındakı münasibətlərdə olan ziddiyyətlər imkan vermir ki, ərəb dünyasının bütövlüyü olsun. Bu da ərəb dövlətlərinin bütövlüyünə zərər vurur, eləcə də, ayrı-ayrı ərəb dövlətlərinin və ərəb xalqlarının da taleyinə ciddi problemlər yaradır. Ancaq onların özləri bunu həll etmək gücündə və marağında deyillər. Çünki dünya ilə onların əlaqələrində fərqli xüsusiyyətlər var. Ayrı-ayrı ərəb dövlətlərinin dünya birliyi ilə münasibətlərində özünəməxsusluğu var. Bu buzu da sındırmaq çox çətindir. Bu halda məsələ yenə də dünya miqyasında həll olunma məqamının üzərinə gəlib çıxır. Ancaq fikrimcə, bu, uzun müddət davam edə bilməz və ərəb dünyasında da bir nizamlanma olacaq.

Nemət


Müəllif: