24 Aprel 2015 11:42
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunus Oğuz: "Dünya azərbaycanlılarının tribunasına çevrilməyi bacardıq"

Əsası Həsən bəy Zərdabinin dəsti-xətti ilə qoyulan "Əkinçi" qəzeti Azərbaycan mətbuatının təməli, bünövrəsi oldu. Dövrün, zamanın əlverişsiz mühiti, siyasi təzyiq və basqılara baxmayaraq, Azərbaycan aydınları tərəfindən müxtəlif dövrlərdə qəzetlər, jurnallar nəşr edildi. Hətta sovetlər dönəmində müstəqil mətbuat anlayışını dilə gətirmək mümkün olmayanda ziyalılarımız öz yazılarında dolayı yollarla müstəqilliyin "şirinliyi"ni insanlara çatdıra bildilər. Nəhayət, Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu və vaxtilə Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin və Üzeyir bəy Hacıbəylinin arzu etdikləri reallaşdı - milli mətbuat yarandı. Belə mətbuat orqanlarından biri 1995-ci il aprelin 24-də əsası qoyulan "Olaylar" qəzetidir.

20 yaşı tamam olan qəzetin yaranması, keçdiyi yol barədə "Gündəlik Teleqraf"ın suallarını "Olaylar" qəzetinin baş redaktoru və "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz cavablandırıb.

- Yunus bəy, hansı səbəblərdən bu qəzet meydana gəldi?
- "Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzeti müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarındandır. 1995-ci il aprelin 24-də "Olaylar" müstəqil media aləminə daxil oldu. "Olaylar" adını təsadüfi seçmədik. O zaman xəbər, məkan adları bildirən mətbu orqanlar çox idi. İstədik fərqli və milli olsun. Elə həmin dövrdə ilk prinsipimiz "Dövlət, millət, əxlaq" şüarı idi. 20 illik fəalliyətimiz dövründə bu prinsiplərə əməl etdik. Hətta ən çətin məqamlarımızda belə bu meyarları əldə rəhbər tutduq. "Olaylar" qəzeti ötən 20 ildə daim öz prinsipial mövqeyinə sadiq qaldı, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etdi, əsl vətənpərvərlik və təəssbükeşlik nümunəsi göstərdi. "Olaylar" qəzeti o qəzetlərdəndir ki, "KİV haqqında" Qanunu və "Jurnalistlərin peşə davranış qaydaları"na tam şəkildə əməl edir, ictimai, siyasi proseslərdə baş verən hadisələri obyektiv şəkildə ictimaiyyətə çatdırmağa çalışır.

- Çətinlikləriniz oldumu?
- Əlbəttə, hər bir yeni yaranan mətbuat orqanının, qəzetin qarşılaşdığı problemlər bizlərdən də yan keçməyib. Fəaliyyətə başladığımız dövrdə demək olar ki, müstəqil mətbuat çox az idi. O dönəmdə ictimai-siyasi proseslərə təsir etmək həm asan idi, həm çətin. Belə vaxtda bir stol, bir stul və bir qələmlə "Olaylar" qəzeti meydana gəldi. İllər keçdikcə qəzet öz ətrafında geniş oxucu kütləsi toplaya bildi. Eləcə də, maddi-texniki bazamız gücləndi. Amma onu deyim ki, problemlərimiz də az olmadı, xüsusilə, məhkəmələrdə çox əziyyətlər çəkmişik. Vaxtilə fəaliyyət göstərmiş "Sara TV" qəzetimizi dəfələrlə məhkəməyə verib. Amma sonda haqq və ədalətə söykəndiyimiz üçün qələbə bizim tərəfimizdə olub. Təbii ki, ötən 20 il ərzində bütün çətinliklər geridə qaldı və bu gün redaksiyamız müasir dünyanın tələb etdiyi prinsiplərlə öz fəaliyyətini qurub. Qəzetin, eyni zamanda, informasiya agentliyinin artıq xeyli müddətdir internet resursu fəaliyyət göstərir. Əvvəlki illərlə müqayisədə indi kollektivimiz böyükdür. Həm də sevindirici haldır ki, 20 il ərzində "Olaylar" qəzeti və informasiya agentliyi bir məktəb oldu. Vaxtilə qəzetimizdə çalışan jurnalistlər indi müxtəlif media orqanlarında, televiziyalarda və başqa yerlərdə çalışırlar.

- Xəbərləriniz təkcə yerli auditoriyaya ünvanlanıb, yoxsa...
- "Olaylar" qəzeti və İnformasiya Agentliyi xəbər məkanında daim öndə olub. Xəbərlərimiz Azərbaycan, rus və ingilis dillərində dünyanın əksər ölkələrinə yayımlanıb. Əsas işimiz xəbər istehsalı və yayımı olsa da, milli məfkurəni ön planda tutduq. "Olaylar" qəzeti bu illər ərzində dünyada yaşayan Azərbaycan türklərinin əsas tribunasına çevrilməyi bacardı. İran, İraq, Rusiya, Gürcüstan, Türkiyədə yaşayan azərbaycanlılar "Olaylar" qəzetini öz doğma mətbu orqanı bildi. "Olaylar" qəzeti dünya azərbaycanlılarının haqq bağıran səsi oldu.

- Gənc jurnalistlər bu gün təcrübə üçün "Olaylar"a gəlirlərmi?
- Milli mövqedə olmaqla peşəkarlığı da arxa plana keçirməmişik. "Olaylar" qəzetinin əsas prinsipi obyektivlik, çeviklik və dürüstlük olub. "Olaylar" qəzeti peşakar jurnalist kadrlarının yetişdirilməsində mühüm rol oynayıb. "Olaylar" qəzeti Azərbaycan mətbuatının tarixində ilk dəfə olaraq gənc jurnalist kadrların hazırlamasında və təcrübə toplanmasında öz töhfəsini verib. 90-cı illərdə "Olaylar" qəzetinin redaksiyasında gənc jurnalistlər məktəbi fəaliyyət göstərirdi. Bu gün Azərbaycan mətbuatının ünlü simalarından bir çoxu həmin məktəbin məzunları olublar. Əminəm ki, hər zaman haqqın, ədalətin carçısı rolunda çıxış edən "Olaylar" qəzeti bundan sonra da öz prinsipindən dönməyəcək, amalı ancaq dövlətə və milli maraqlara xidmət olacaq.

BƏXTİYAR

P.S "Gündəlik Teleqraf" qəzeti olaraq, "Olaylar" qəzetinin 20 yaşı münasibətilə qəzetin rəhbərliyini və kollektivi təbrik edirik.


Müəllif:

Oxşar xəbərlər