“Kitabla yanaşı onun reklamı çox vacibdir. Mən heç vaxt kitablarımın reklamı haqqında düşünməmişəm. Mənim bir kitabım 250 min tirajla çap olunurdu və qurtarırdı. Yəqin indi də köhnə xülyalarla yaşayıram. İndi kitab min nüsxə çıxanda onun satışı problem olur. Bəziləri özü satdırır, bəziləri dükanlara paylayır. Mən bu işlə məşğul olmuram, kitabları özümdə saxlayıb dostlara hədiyyə verirəm. Kitabımı bir neçə kitabxanaya bağışlamışam, amma heç bir dükana verməmişəm”.
Bunu Teleqraf.com-a müsahibəsində VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. Müsahibəni təqdim edirik:
- Sabir bəy, Vətəndaş Həmrəyliyi Partiyası sanki sürətlə qurultaya hazırlaşır. Buna səbəb nədir?
- Əslində, o qədər də sürətlə hazırlaşmırıq. Ancaq partiyanın qurultayının gecikməsi də sanki bir ənənəyə çevrilib. Bu mənada bir az yubanmışıq. Hazırda rayon şöbələrimizdə konfransların keçirilməsinə başlanılıb, qurultaya nümayəndələr seçilir. Bu proses başa çatmalıdır ki, qurultayın hansı tarixdə keçirilməsini müəyyən edək. Biz qurultayı elə nəzərdə tutmuşuq ki, kənarda yer olmasa, öz qərargahımızda təşkil edə bilək. Bizim bütün rayonlarda strukturlarımız mövcuddur. Hər halda bu il qurultay keçirəcəyik.
- Siyasi partiyalarda qurultay zamanı və ondan sonra ciddi problemlər yaşanır. Müsavat Partiyasının timsalında bunu müşahidə etdik. VHP-də də belə problemlər yaşana bilərmi?
- Namizədlər ortaya çıxsa, mən bundan ancaq sevinərəm. Mən də istəyirəm ki, partiyanın işini apara bilən olsun. Təbii ki, partiyamızda bunu edə biləcək gənclər də, başqaları da var. Sadəcə iş ondadır ki, mən buna təkid edirəm, onlar isə məni buraxmaq istəmirlər. Mən məmnuniyyətlə istərdim ki, partiya rəhbərliyində böyük dəyişikliklər olsun və sədrliyə namizəd olsun. Sədrliyə namizədlər olsa, mən bunu səsverməyə buraxmadan, böyük həvəslə özüm qurultaya təklif edərəm ki, həmin şəxs sədr seçilsin. Yəni müqavimət göstərmərəm. Əslində, siyasətə gəlməklə yanaşı getmək də olmalıdır. Mən neçə illərdir partiyanın sədriyəm. Bizim taleyimiz elə gətirdi ki, ömrümüzün ən gözəl illərini meydanlardan başlayaraq ölkənin müstəqilliyinə həsr etdik. Əlbəttə, şikayətlənmək istəmirəm. Demirəm ki, bunun qədri bilinir və ya bilinmir. Amma məşhur “el üçün ağlayan gözsüz qalar” sözü də gərək unudulmasın. Biz 25 ildir çalışmışıq. Xüsusilə, bir yazıçı-şair olaraq ömrümüzün ən gözəl illərini bu işə vermişik. Yazıçı üçün yazıb-yaratmaq missiyası var və əsas fəaliyyət buna istiqamətlənməlidir. Biz də ən gözəl dövrümüzü siyasətə vermişik və təbii ki, zaman gələndə bundan aralanmaq da lazımdır.
- I Avropa Oyunları bitdi. Parlament seçkilərinin gündəmə gəlməsi gözlənilirmi?
- Şübhəsiz ki, həm siyasət, həm dövlət, həm də bütün idarələr hazırda öz fəaliyyətinə qayıtmalı, Oyunlar ərəfəsində olan psixologiyadan və ab-havadan gündəlik fəaliyyətə dönülməlidir. Gündəlik həyatda da kifayət qədər işlər var və onlardan biri də seçkilərə hazırlıqdır. Yayın istisinə baxmayaraq, seçki və ölkənin iqtisadi qayğılar gündəmə gələcək.
- Demək, avqustdan etibarən siz də fasiləsiz Yardımlıda olacaqsınız...
- Mən parlamentin Beynəlxalq Komitəsinin üzvüyəm və bu istiqamətdə işlərimiz olur. Həm də adətən iş olanda rayona gedirəm. Elə-belə “mən gəlmişəm” deyə gündə camaatı narahat etməyə ehtiyac yoxdur. Nə zaman dəvət edirlərsə və ya nə zaman ciddi problem olursa, rayona gedirəm. Bu yay da başqa illərdən fərqli olmayacaq.
- Mən seçki kampaniyasını nəzərdə tuturam...
- Nəzərə alın ki, seçki kampaniyasını 5 il ərzində aparmışam. Rayonun inkişafı, camaatın qayğıları ilə bağlı nə qədər imkanım və gücüm çatıbsa, həll etmişəm. Bu işləri 2-3 ay müddətinə həll etmək olmaz. Mən özümü reklam etmədən, amma sakitcə seçildiyim rayonlar üzrə lazım olan işləri etmişəm, problemlərin həlli üçün əlimdən gələni əsirgəməmişəm.
- Siz həm də DAK-ın sədrisiniz. İndiyə qədər DAK bir neçə dəfə parçalanıb. Siz həmsədr seçiləndən sonra stabillik yaranmışdı. İstanbulda keçirilən sonuncu qurultaydan sonra təşkilatın parçalanması haqda xəbərlər çıxır, vaxtında bu təşkilatda olan şəxslər anti-DAK bəyanatları səsləndirir. DAK-da nə baş verir?
- Əslində, heç nə baş vermir, sadəcə kimlərsə istəyir ki, nəsə baş versin. Sonuncu qurultay əslində birləşdirici qurultay idi. Qurultaydan öncə mən vaxtilə DAK-ın üzvü, fəalı olan və sonradan müəyyən səbəblərdən küsüb gedən insanlara dəvətnamə göndərib ali tədbirimizə dəvət etmişdim. Onların bir qismi qurultaya gəlmişdi. Hətta ikinci bir DAK dedikləri qurumun sədri Mirəşrəf Fətiyev də gəlmişdi. Və qurultayda İdarə Heyətinin üzvü seçildi. İndi ikinci DAK deyilən qurum da yoxdur. Özü də böyük həvəslə bu işə qoşuldu, başqa iddia ilə çıxış etmədən dedi ki, hamımız bir yerdə olmalıyıq. Mən də ona təşəkkür edirəm.
- Bəs, onda niyə parçalanma görüntüsü, anti-DAK bəyanatları verilir, vaxtilə yanınızda olan Əjdər Tağızadə indi sizə qarşı çıxışlar edir?
- Qeyd etdiyim kimi, sonuncu qurultay birlik qurultayı idi. Şübhəsiz ki, bu birlik kimlərisə narahat edir. Görünür, bu, bizim taleyimizdir. Strukturlarımızın normal işləməsinə mane olmaq istəyən qüvvələr var. Bu dəqiqə alternativ bir qurum yoxdur, amma DAK-da hər zaman güney-quzey mübahisələri olub. Deyiblər ki, həmsədrlərin biri quzeydən, biri güneydən olmalıdır. Və ya DAK-ın istiqaməti haqqında mübahisələr baş verib. Bu dəfə bizim Avropada yaşayan fəallar məsələni konkret olaraq bir adam və DAK Daimi Şurası ilə bağlı qoydular. Dedilər ki, DAK-a Daimi Şura lazım deyil və bu qurum ləğv olunmalıdır. Səbəbini də izah etdilər və mən bu haqda danışmaq istəmirəm. Bildirildi ki, Daimi Şura qalsa, biz gəlməyəcəyik. Beləliklə də, qurultayda Daimi Şura ləğv edildi və onun sədri də İdarə Heyətindən çıxdı. İndi olan söz-söhbətlər də əsasən buna görədir. Bunu da mən etməmişəm. Ancaq məni hədəfə çevirmək istəyirlər. Əslində, bu, Güney Azərbaycandan olan və hazırda Avropada yaşayan dostlarımızın təkidi ilə olub. Görünür, onlar bir-birini daha yaxşı tanıyır. İndi DAK-da mövcud olan parçalanmalar aradan qalxıb. Hollandiyada olan V qurultayda parçalanma olmuşdu və mən də orada iştirak etməmişdim. Hazırda DAK mövcud olduğu illər ərzində son illərdəki qədər fəal olmayıb. İndi fəallaşdıqca, bizi sevməyən insanların iddiaları da artır. Amma bu xırda iddialardır və ona əhəmiyyət vermək istəmirəm. Biz işimizi görürük və bundan sonra da görəcəyik.
- Məhəmməd Hadi haqqında yazdığınız “Şair və şər” romanı artıq çap edilib. Hadi haqqında roman yazmaq ideyası necə yarandı və nədən şair başqa bir şairin həyatından yazmaq qərarına gəldi?
- Mən “Göy Tanrı” romanından başlayaraq Azərbaycanın tarixinin müxtəlif dövrlərinə aid roman yazmışam. Məsələn “Xətai yurdu”, “Difai fədailəri”, “Oğuz Xan”, “Ölüm Zirvəsi” və “Sunami” romanlarını yazmışam. Bunların hər biri mühüm bir tarixi dönəmlə bağlıdır. Bunları yazandan sonra Azərbaycan tarixində şairlərin nələr çəkməsi, necə yaşamasını düşündüm. Bunun da acısını ən çox yaşayanlardan biri Məhəmməd Hadi olub. Şirvanın yetirdiyi ən nəhəng simalardan biridir, Şamaxı zəlzələsindən sonra Bakı-Rusiya-Türkiyəyə gedib, sonra Balkan savaşında iştirak edib. Daha sonra yenidən Bakıya qayıdıb, ardınca Peterburqa gedib. Sonra Gəncəyə gəlib və 40 yaşında həyatını itirib. Mən 18-19 yaşlarında ilk şeirlərimi yazanda Hadinin adını qeyd edirdim. Mənim üçün Vətən deyilən anlayışın bir rəmzi həm də Hadinin taleyidir. O boyda şair şeirlərini küçədə satırdı. Odur ki, bu, məni çoxdan düşündürürdü. Yeri gəlmişkən, şeirlərimdə Cavad xanın da adı var idi. Allah da mənə qismət elədi ki, onlarla bağlı roman yazdım.
- Bizdə oxucu problemi də var, roman neçə min tirajla çap olunub?
- Kitabla yanaşı onun reklamı çox vacibdir. Mən heç vaxt kitablarımın reklamı haqqında düşünməmişəm. Mənim bir kitabım 250 min tirajla çap olunurdu və qurtarırdı. Yəqin indi də köhnə xülyalarla yaşayıram. İndi kitab min nüsxə çıxanda onun satışı problem olur. Bəziləri özü satdırır, bəziləri dükanlara paylayır. Mən bu işlə məşğul olmuram, kitabları özümdə saxlayıb dostlara hədiyyə verirəm. Kitabımı bir neçə kitabxanaya bağışlamışam, amma heç bir dükana verməmişəm.
- Ancaq sizin oxucu probleminiz olmamalıdır...
- Təbii. İndi “Şair və şər” romanı min nüsxə çap edilib və yəqin ki, dostlarımıza hədiyyə edəcəyəm. Eləcə də, böyük kitabxanalara verəcəyəm. İmkanım olsa, kitab mağazalarına 10-15-ni verəcəyəm.
- Yazıçı üçün kitab satışı vacibdir, əks təqdirdə müasir şair və yazıçılarımız da Hadi kimi şeirlərini satmaq durumu ilə üz-üzə gələr...
- Kitabın reklamı vacibdir. Mən özümə görə demirəm. Kitab bir millətin mədəniyyətinin mühüm sahələrindən biridir. Siz bilirsiniz, “Ömür” kitabım İngiltərədə çap edildi. “Amazon” saytına daxil olsanız, görərsiniz ki, bütün Avropanın kitab ticarəti reklamlarında bu romanın adı var. “Göy Tanrı”nın birinci hissəsi Almaniyada çap edildi və onun da kitab ticarəti reklamlarında adı var. Həm də, bu əsərin səsli variantı var. Yəni danışa və görə bilməyən oxucular üçün bu variantını hazırlayıblar. Bizdə təəssüflər olsun ki, bu yoxdur. 30-40 ildir ki, yazırsan, amma danışa, görə bilməyən vətəndaşlarımız bununla maraqlansa da, əldə edə bilmirlər. Sanki biz məsələnin bu tərəfini unutmuşuq. Biz həm də yazdıqlarımızı oxucularımıza çatdırmaq haqqında düşünməliyik. Azərbaycanda bir zamanlar 5-6 min kitabxana var idi. Məncə, bizim Mədəniyyət Nazirliyimiz də kitablardan 2-3 nüsxə alıb kitabxanalara göndərməlidir. Fikrimcə, Azərbaycan dövləti gələcəkdə bu işə maliyyə ayırmalıdır. Biz kitabxanalarımızı müasir ədəbiyyatımızla da zənginləşdirməliyik.
Nemət