3 İyul 2015 14:13
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səhhətimdə problemlər yarandığı üçün açılış mərasiminə qatıla bilmədim. Lakin bağlanış mərasimində iştirak etdim. Hesab edirəm ki, bu, iqtidar-müxalifət münasibətlərində irəliyə doğru atılan addımdır. İndiyə qədər müxalifət belə tədbirlərə dəvət olunmurdu, protokola salınmırdı. Müxalifətin də dövlət tədbirlərinə dəvət edilməsinə təbii yanaşmaq vacibdir. Müxalifətin bu tədbirlərə dəvət edilməsini irəliyə doğru müsbət addım kimi qeyd edirik. Hesab edirəm ki, bu, davamlı olmalıdır".

Bunu qəzetimizə müsahibəsində "Azadlıq-2015" Seçki Blokunun həmtəsisçisi, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. Müsahibəni təqdim edirik.

- I Avropa Oyunları başa çatdı, qarşıdan parlament seçkiləri gəlir. Bu haqda nə düşünürsünüz?
- Qarşıdan gələn parlament seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında aparıcı məsələlərdən biri olaraq qalır. Çünki bu, növbəti beş il müddətində ölkənin parlamentinin formalaşdırılması ilə bağlı prosesdir. Ötən ay başı daha çox I Avropa Oyunlarına qarışan və bu tədbiri yüksək səviyyədə keçirən Azərbaycan hökuməti də bundan sonra diqqətini parlament seçkilərinə yönəldəcək. Buna da təbii yanaşmaq lazımdır. Çünki seçki prosesini hakimiyyət aparacaq. Maraqlı qüvvələr isə bu prosesə tərəf olaraq qatılacaq.

- Siz partiya olaraq seçkilərdə iştirak haqqında fikirləşirsinizmi?
- Biz Aydınlar Partiyası olaraq seçkilərdə iştirak etməyi düşünür və boykot məsələsinə müsbət yanaşmırıq. Siyasi qüvvələr seçkilərdə iştirak etməlidir. Bundan başqa, biz partiya olaraq "Azadlıq-2015" Seçki Blokunda təmsil olunuruq. Seçkilərə də bu blok tərkibində qatılacağıq. Blok daxilində seçkilərə hazırlıq işləri aparılır, seçki qərargahı yaradılıb, blok üzvləri arasında seçki dairələrinin bölüşdürülməsinə dair ilkin razılaşma var.

- Aydınlar Partiyası neçə namizəd irəli sürmək potensialına malikdir?
- Biz təxminən nəzərdə tutmuşuq ki, seçki dairələrini partiyalar arasında bərabər bölək və ya təşkilatların istədiyi qədər bölək. Biz prinsip etibarı ilə partiya olaraq əksər seçki dairələri üzrə namizədlər irəli sürmək imkanına malikik. Ancaq biz həm də seçki bloku daxilində əldə olunan razılaşmalara diqqət edirik. Düşünürəm ki, seçki bloku sonda vahid namizədlərlə çıxış edəcək, namizədlər siyahısı da ictimaiyyətə açıqlanacaq.

- Digər siyasi qüvvələrlə seçki məsələsində əməkdaşlıq mümkündürmü?
- Biz digər qüvvələrlə əməkdaşlıq məsələsi haqda müzakirə aparmamışıq. "Azadlıq-2015" Seçki Blokunda belə bir məsələ yoxdur. Amma hesab edirəm ki, bu istiqamətdə müzakirələr mümkündür. Xüsusilə, seçkilərdə ola biləcək nöqsanların aradan qaldırılması, eləcə də, seçki dairələrinin tamamilə bölüşdürülməsi mümkün olmasa da, müəyyən dairələrdə namizədlərin razılaşdırılması haqda düşünmək mümkündür. Lakin vurğulayım ki, hələlik bu mövzu nə blok daxilində, nə də digər qüvvələrlə müzakirə edilməyib.

- Milli Şura özündən savayı heç bir qüvvəni müxalifət hesab etmir. Belə bir mövqe ortada olduğu təqdirdə hansısa anlaşma mümkündürmü?
- Bu, Azərbaycan müxalifətinin köhnə xəstəliyidir. Yəni, "məndən başqa müxalifət yoxdur" iddiası öncələr də olub. Vaxtilə Müsavat Partiyası da belə iddia ilə çıxış edib. İndi də Milli Şura bu iddianı ortaya qoyub. Fikrimcə, bu, qüsurlu yanaşmadır. Amma seçkilərdə əməkdaşlıq istər-istəməz mümkün məsələdir. Çünki siyasi təcrübədə belə hallara rast gəlinib. Ancaq bir qüvvənin özünü real, digərlərini isə ciddi təşkilat kimi qəbul etməməsi qüsurlu yanaşmadır.

- Son zamanlar Milli Şura ilə Müsavat arasında qarşılıqlı ittihamlar müşahidə edilir. Milli Şuranın üzvü olaraq bu durumu necə qiymətləndirirsiniz?
- Bu da siyasi qüvvələr arasında "mən birinciyəm" iddiasının nəticəsidir. Vaxtaşırı çəkişmələr, gərginliklər, qarşılıqlı ittihamlar və təhqirlər baş verir. Zamanında belə hallar "Yeni Müsavat" və "Azadlıq" qəzetində müşahidə olunub. İndi mövqelər bir qədər dəyişib və daha ciddi çəkişmə Müsavata yaxın media ilə Milli Şura arasında gedir. Əlbəttə, bu çəkişmə həmin qüvvələrin daxili işidir. Amma bu çəkişmə müəyyən mənada ədəb qaydaları və siyasi mədəniyyət çərçivəsində getməlidir. İndi daha çox Milli Şura sədrinə qarşı ittihamlar müşahidə edilir. Buna ehtiyac yoxdur.

- Ancaq iş ondadır ki, Cəmil Həsənli hər şeyə reaksiya verir. Hətta Ümid Partiyasına yaxın olan və ictimai rəyə təsiri olmayan Tamilla Qulami adlı yazarın köşəsinə də dərhal münasibət bildirib. Sizə elə gəlmirmi ki, gerçək lider bir qədər səbirli olmalı və hər şeyə dərhal reaksiya verməməlidir?
- Siyasi arenada başqalarının fikirlərinə reaksiya verməyi siyasətçi özü müəyyən edir. Biz partiya olaraq yaranan zaman belə mövqe ilə çıxış etdik ki, bizə qarşı olan istənilən fikirlərə, ittihamlara, əsaslı və ya əsassız yanaşmalara, ümumiyyətlə, cavab verməyək. Biz partiya olaraq bu mövqeni əsas götürmüşdük.

- Hər şeyə reaksiya verməmək siyasətçini bir qədər də hörmətli etmirmi?
- Başqa cür düşünənlər də ola bilər. Hər halda bu, bizim mövqeyimiz idi. Kimsə çıxışa və yazıya münasibət bildirirsə, bu, onun şəxsi məsələsidir.

- Təmsil olunduğunuz blok avqustda mitinq keçirəcəyini anons etmişdi. Bu mövqedə qalırsınızmı?
- Bu məsələ ilə bağlı müzakirələr gedir. Bizim mövqeyimiz belədir ki, blok olaraq seçkiöncəsi mitinq keçirək. Hazırda müzakirələr gedir, təşkilat komitəsi yaradılıb, hazırlıq işləri aparılır. Əslində isə bu haqda müzakirələr yenicə başlayıb. Çünki I Avropa Oyunları ilə əlaqədar olaraq bu istiqamətdə olan müzakirələri dayandırmışdıq. İndi yenidən bu məsələni gündəmimizə gətirmişik. Bu qərar qüvvədədir və müzakirələr başlayıb, fikrimizdə dəyişiklik yoxdur. Mitinqi keçirib-keçirməyəcəyimizi gələcək göstərər. İndilikdə qərarımız qüvvədədir.

- "Azadlıq-2015" Seçki Blokunun mitinq keçirmək üçün potensialı varmı?
- Niyə yoxdur ki? İstənilən siyasi qüvvənin mitinq keçirmək potensialı var. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bunun nümunələri olub. Söhbət ondan getmir ki, mitinqdə 10 min insan iştirak etsin. Mitinq etirazın, sərbəst fikrin bildirilməsinin bir formasıdır. Burada adamların sayını deyil, səslənən fikirləri, məqsədi, çağırışları nəzərə almaq lazımdır. Daha adamları barmaqla sayıb, "burada adam az oldu, bu mitinq alınmadı" kimi fikirlər siyasi fəaliyyətə uyğun olmayan məsələdir.

- Müxalifətdə mitinqlər də monopoliyaya alınıb. Digər partiyalar mitinq keçirə bilməməkdə ittiham edilir...
- Bu, düzgün olmayan yanaşmadır. Mitinqlər partiyanın gücünü müəyyən edən tərəzi deyil. Siyasi təşkilatların gücünü yalnız seçkilər müəyyən edə bilər. Belə fəaliyyəti vaxtaşırı həyata keçirirlər, amma bu qüsurlu yanaşmadır. Mən bu yanaşmanı qəbul etmirəm. Mitinqlərə çıxanların sayı ilə siyasi qüvvənin gücünü müəyyən etmək məntiqi ciddi deyil. Əlbəttə, mümkündür ki, partiyanın çağırışını 1 nəfər və ya min nəfər dəstəkləsin. Bəlkə, aksiyaya həmin an 800 nəfər getmək istəyir, amma bu imkanlara sahib deyil. Bu kimi məsələləri nəzərə almaq lazımdır. Mitinqin monopoliyaya alınması məsələsinə gəldikdə, bunu hər partiyanın özü müəyyən etməlidir ki, aksiya keçirir, ya keçirmir. Məsələn, biz partiya olaraq hesab edirik ki, mitinq siyasi fəaliyyətin bir nömrəli prioriteti deyil. Sadəcə, mitinq siyasi fəaliyyətin formalarından biridir. Daimi deyil, vaxtaşırı buna müraciət etmək olar. Mitinqlərə daha çox seçkilər mərhələsində müraciət etmək doğru olardı.

- Azərbaycan parlamentinin sədri Oqtay Əsədov ATƏT-in müşahidə missiyasını qarşıdan gələn Milli Məclis seçkilərini müşahidə etməyə dəvət edib. Buna münasibətiniz necədir?
- Çox müsbətdir və yaxşı haldır. Buna normal proses kimi yanaşmaq lazımdır. Azərbaycan ATƏT-ə üzv dövlətdir və bizim müəyyən öhdəliyimiz var. Bu öhdəlikdən biri də ATƏT-in seçkilər zamanı müşahidəçilik institutunu təşkil edib bu missiyanı həyata keçirməkdir. Azərbaycan da buna hörmətlə yanaşıb və öncədən dəvətnamə göndərib. Təbii ki, Azərbaycanın ATƏT Parlament Assambleyasında təmsil olunan deputatları da digər ölkələrdə keçirilən seçkiləri müşahidə edəcək missiyanın tərkibində ola bilər. Yəni bu, beynəlxalq öhdəlikdir.

- Siz I Avropa Oyunlarının açılış və bağlanış mərasiminə dəvət olunmuşdunuz?
- Bəli, dəvət edilmişdim. Ancaq səhhətimdə problemlər yarandığı üçün açılış mərasiminə qatıla bilmədim. Lakin bağlanış mərasimində iştirak etdim. Hesab edirəm ki, bu, iqtidar-müxalifət münasibətlərində irəliyə doğru atılan addımdır. İndiyə qədər müxalifət belə tədbirlərə dəvət olunmurdu, protokola salınmırdı. Müxalifətin də dövlət tədbirlərinə dəvət edilməsinə təbii yanaşmaq vacibdir. Müxalifətin bu tədbirlərə dəvət edilməsini irəliyə doğru müsbət addım kimi qeyd edirik. Hesab edirəm ki, bu, davamlı olmalıdır.

- Ancaq AXCP və Milli Şura bu tədbirlərdə iştirak etdiyi üçün digər partiyaları tənqid edir...
- İttiham etmək çox asandır. Əgər mən hansısa tədbirdə yoxamsa, prosesdə iştirak etmirəmsə, orada iştirak edənləri ittiham etməyim doğru deyil. Müxalifətçilik ölkənin ictimai, iqtisadi, idman həyatından ayrılmaq demək deyil. Çünki bunların hər birində birbaşa və dolayısı yolla iqtidar iştirak edir. Onların yanaşması düzgün deyil.

Nemət


Müəllif:

Oxşar xəbərlər