Teleqraf.com-un İraq prezidentinin köməkçisi Turhan Müftüoğlu ilə eksklüziv müsahibəsi:
- Turhan bəy, hazırda İraqda mövcud olan ictimai- siyasi və hərbi vəziyyət haqqında nə deyə bilərsiniz?
- İraqda dirəniş var, ölkə böyük bir müharibənin içərisindədir. Xüsusilə, İraqın müxtəlif vilayətlərində savaş müşahidə olunur. Ambar, Mosul və Kərkük vilayətləri ətrafında qızğın savaşlar gedir. Təhlükəsizlik mövzusunda durum bundan ibarətdir. Daxili siyasətlə bağlı İraq baş nazirinin islahatlar təşəbbüsü var. Bu islahatlar hazırda icra edilir. Bu, daha çox qanunlar və təlimatlarla bağlıdır. Əlbəttə ki, aparılan islahatların nəticəsi olmalıdır. Çünki İraq son illər ancaq savaşlara şahid olub.
- İraq Şam İslam Dövləti (İŞİD) deyilən silahlı və terrorçu hərbi qüvvə ilə bağlı hansı tədbirlər həyata keçirilir?
- Birinci sualınıza cavab verərkən elə İŞİD-ə qarşı aparılan müharibəni nəzərdə tuturdum. İraqın daxilində İŞİD-lə bağlı böyük bir savaş gedir. Ramadi ətrafını İraq ordusu mühasirəyə götürüb, indi bu ərazilərdə qızğın müharibə davam edir. Bizim hesablamamıza görə, yaxın bir-iki ay ərzində burada savaş başa çatacaq və İŞİD məğlub olacaq. Bundan sonra Kərkükün cənubunda və qərbində də əməliyyatlar həyata keçiriləcək. Daha sonra isə İraq ordusu Mosul ətrafında bu işləri başa çatdıracaq. Bizim təxminlərimiz və ehtimallarımız bundan ibarətdir.
- Siz İraqda ən fəal siyasətçisiniz, millət vəkili olmusunuz, nazir kimi fəaliyyət göstərmisiniz. İŞİD deyilən qüvvə hansı səbəblərdən yarandı, necə oldu ki, ortaya qəfildən belə bir silahlı terror təşkilatı çıxdı?
- İŞİD adlanan terror təşkilatı İraq ərazisinə Suriya sərhədindən sızıb. Suriyanın bütün sərhədləri açıqdır. Ona görə də, hər yerdən bura gələrək İŞİD-ə qoşuldular. Avropadan, ərəb ölkələrindən, Rusiyadan İŞİD-ə qatılanlar oldu. Daha sonra onlar Suriyadan İraqa sızdılar.
- İŞİD kifayət qədər silah arsenalına malikdir. Onlar bu silahları haradan, kimdən alır?
- İŞİD faktiki olaraq neft ticarəti ilə də məşğuldur. İraqdan və Suriyadan çıxardığı neftin ticarətini həyata keçirir. Bu ticarətdən əldə etdiyi maliyyə ilə silah alır. Bu silahlar isə sərhəddən gəlir. Eyni zamanda İraq ordusu bir yerdə məğlub olduğu zaman bu ordunun silahlarına nəzarət İŞİD-in əlinə keçir.
- İŞİD özü müstəqil terror qurumudur, yoxsa onun arxasında böyük güclər var?
- İŞİD öz-özlüyündə güclü bir quruluşdur. Ancaq onunla bərabər bəzi dövlətlər İŞİD-ə dəstək verir. Bu, son dərəcə açıqdır.
- İŞİD-ə dəstək verənlərin məqsəd və marağı nədir?
- Əslində, burada heç kimin məqsədi olmamaldıır. Məsələn, iki il əvvəl biz qonşu dövlətlərə və dostlara dedik ki, əgər İŞİD Suriya sərhədindən İraqa sızarsa, bundan sonra hər yerə sıza bilər. İndi görürük ki, artıq İŞİD hər yerə sızıb. Baxın, Səudiyyə Ərəbistanında gündəlik terror hadisələri, partlayışlar baş verir. Ondan əvvəl Küveytdə belə terror hadisələri həyata keçirildi. İndilikdə Türkiyədə də belə hadisələr törədirlər. İŞİD təkcə bizimlə qonşu ölkələrə deyil, Avropaya, Rusiyaya və Amerikaya da gedə bilər. Bunlar hər yerə sıza bilərlər. Bu son dərəcə aydındır. Odur ki, dünya bu məsələdə İraqa hər cür dəstəyini verməlidir.
- Bəs, İraqda PKK-ya qarşı hər hansı bir addım atılırmı?
- İraq hökumətinin o qədər resursu yoxdur ki, PKK-nı ərazisindən çıxarsın. Hazırda əsas müharibə İŞİD qüvvələri ilə aparılır. Ancaq Türkiyənin silahlı qüvvələri PKK-ya qarşı əməliyyat aparır.
- Bizim üçün daha vacibi İraqda yaşayan türkmənlərin durumudur. Bizə türkmənlərin vəziyyəti haqqında müfəssəl məlumat verə bilərsinizmi?
- Hazırda İraq türkmənləri ən pis durumda yaşayan xalqdır. İraq türkmənlərinin coğrafiyasına daxil olan Dilafər, Qaraqoyunlu, Rəşidiyyə, Mosul bütünlüklə İŞİD deyilən terror quruluşunun əlinə keçib. Bunun nəticəsində türkmənlər öz yurd-yuvalarından qaçqın düşüblər. Eləcə də, İŞİD bəzi kəndləri dağıdıb, bu kəndlər onların nəzarətinə keçib. Həmçinin Kərkükün guneyində, Diyalə istiqamətində də vəziyyət bu cürdür. Türkmənlər hazırda tarixlərinin ən pis gününü yaşayırlar. Elimiz, millətimiz qaçqın hala düşüb.
- Qaçqın düşən türkmənlər hara toplaşıb, hazırda onların durumu necədir?
- Türkmənlərin bir qismi Mosulu tərk edərək Kərkükə toplanıb. Kərkük səmtində, mərkəzdə yerləşiblər. Bir qismi İraqın şimalına toplaşıb. Eyni zamanda bir qismi də İraqı tərk edib. Durum belədir. Acınacaqlı vəziyyətdə qalıblar.
- İraqda yaşayan türkmənlərin sayı bəllidirmi?
- 1957-ci ilin statistikasına əsasən İraqda yaşayan türkmənlərin sayı 3 milyona yaxındır.
- Son günlər Türkiyənin türkmənlərlə əlaqəyə girdiyi haqqında məlumat almışıq. Hazırda Türkiyənin İraq türkmənlərinə isti münasibəti varmı, əlaqələr mövcuddurmu?
- Türkmənlərin bütün türk dövlətlərinin və millətlərinin dəstəyinə ehtiyacı var. Türkmənlər ən çətin durumda yaşayırlar. Onların qardaş ölkələrin dəstəyinə ehtiyacı var.
- Ancaq bəyan olunmuşdu ki, Türkiyənin dəstəyi ilə 5 min nəfərdən ibarət türkmən silahlı dəstəsi qurulacaq...
- Belə bir şey yoxdur. İndi yalnız bizim Millətçi Türkmən Xalq Partiyasının silahlı gücləri var. Eləcə də, islami türkmən partiyalarının silahlı gücləri var. Amma Türkiyənin 5 min türkməndən ibarət silahlı birləşmə yaratması kimi bir şey yoxdur. Düzdür, türkmənlərin Türkiyədə keçirdiyi görüşlə bağlı fotolar yayılıb. Ancaq ortalıqda dediyiniz məsələ yoxdur.
- Demək istəyirsiniz ki, bölgədə türkmənlərin bir neçə silahlı dəstəsi var, amma vahid komandanlığı yoxdur?
- Belədir. Ancaq Dilafər bölgəsində 7 min silahlı türkmən var. Ancaq onlar indiyə qədər Dilafərə getməyib. Kərkükün güneyində də 2500 nəfərə qədər silahlı türkmən var. Bu türkmənləri İraq hökuməti silahlandırıb. Yəni, başqa bir dövlət deyil, İraq dövləti silah verib. Hazırda türkmənlər hər yerdə İŞİD-ə qarşı vuruşur. Bu silahlı dəstələri bizim tarixi torpaqları qorumağa çalışır, bəziləri isə başqa ərazilərdə İŞİD-ə qarşı müharibədə iştirak edir.
- Ancaq belə iddialar var ki, İŞİD-in nəzarətinə keçən türkmən torpaqları sonradan kürdlərin ixtiyarında olur...
- Xeyr. Belə bir şey yoxdur. Hansı ərazilər İŞİD-in nəzarətinə keçib, o torpaqlar elə İŞİD-in kontrolundadır.
- Demək istəyirsiniz ki, türkmən torpaqları hansısa formada kürdlərin nəzarətinə keçməyib?
- Yəni, bizim bəzi yerlərdə, xüsusilə Kərkük səmtində problemlərimiz var. Ancaq bu müharibəyə səbəb olan problem deyil. Onun xaricində türkmən coğrafiyası İŞİD nəzarətindədir.
- Türkiyə ilə İraq arasında soyuq münasibətlərin olduğu deyilir. Siz İraq hökumətinin üst qatında təmsil olunan şəxssiniz. Bu məlumat doğrudur?
- Hər kəs öz marağını nəzərə alır. Bu, əlbəttə ki, türkmənlərə bir az zərərli olur.
- Azərbaycan-İraq münasibətlərinin durumu sizi qane edirmi?
- Biz türkmən olaraq bütün qardaş dövlətlərdən dəstək gözləyirik. Bunun başında da Azərbaycan durur. Bundan başqa, Azərbaycan-İraq münasibətləri çox gözəldir. İki aydan sonra İraq-Azərbaycan arasında hava yolları açılacaq, gediş-gəliş daha asanlaşacaq. Münasibətlərimiz irəli gedir.
- İraq hökumətində türkmənlərin təmsilçiliyi necədir, biz məlumat alırıq ki, son zamanlar şiə məzhəbindən olan şəxslər İraq hökumətindən çıxarılır?
- Əlbəttə ki, İraq hökumətində, parlamentində, digər strukturlarda türkmənlərin təmsilçiliyi var. Ancaq bu təmsilçilik arzu etdiyimiz səviyyədə deyil. İndi bizim hökumətdə yalnız bir nazirimiz, parlamentdə 8 nümayəndəmiz var. Könül istərdi ki, onların sayı daha çox olsun. Amma türkmənlərin durumu, ərazilərin nəzarətimizdə olmaması səbəbindən vəziyyət istədiyimiz kimi deyil. Hazırda İraq hökumətinin insan haqları naziri türkməndir. Ayrı-ayrı səlahiyyət sahibi olan şəxslərimiz də var.
- Azərbaycana səfəriniz gözlənilirmi?
- İnşallah, belə bir imkan olsa, səfər edəcəyik.
- Siz həm də Millətçi Türkmən Xalq Partiyasının sədrisiniz. Partiyanızın durumu necədir?
- Bizim partiyanın bütün türkmən coğrafiyasında yerli təşkilatları var. Amma Mosul və Dilafər büromuz İŞİD-in nəzarətinə keçib. Biz də Mosul, Dilafər və Bəşir istiqamətində şəhidlər verdik. Hazırda İraq hökuməti ilə bərabər bizim partiyanın da silahlı gücü var və Kərkükün güneyində savaşda iştirak edirlər. Silahlı güclərimizə dəstəyi İraq hökuməti verir.
Nemət