“Faktiki olaraq dünyada anasına xor baxanların hamısını bir yerə toplayıblar, onlar da İŞİD-i formalaşdırıblar. Yaxın Şərqə toplanan bu cinayətkar ünsürlər özlərinə dövlət qurmaq xəyalına düşüblər. Hesab edirlər ki, İslam bayrağı altında öz dövlətlərini yarada biləcək, Yaxın Şərqdə ağalıq edəcəklər. Elə ABŞ-ın özü də zamanında bu cür yarandı. Avropanın tör-töküntüləri ABŞ-a yollanmışdı, hinduları qırır, məhv edir, torpaqları tuturdular. Bu zaman onların içərisində ağıllı, savadlı insanlar var idi və dövlət yarada bildilər. Ancaq Yaxın Şərqdə bu quldurların içərisində bir nəfər görməmişəm ki, savadı olsun”.
Bunu qəzetimizə müsahibəsində Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib. Müsahibəni təqdim edirik.
- Araz bəy, bir iranşünas olaraq Yaxın Şərqdə baş verənləri necə şərh edərdiniz?
- Biz artıq neçə ildir ki, Yaxın Şərqin dağıdılması prosesini müşahidə edirik. Bu, təsadüfi deyil və Amerika tərəfindən həyata keçirilir. Amerika mütəxəssisləri son 20-30 ildir ki, xarici siyasət kurslarını yaxşı hesablaya bilmir, tarazlaşdırmaqda çətinlik çəkirlər. ABŞ-ın keçmiş dövlət katibi demişdi ki, Amerika hazırda aşırı narkotik maddə qəbul edən narkomana bənzəyir. Yaxın Şərqdə normal sabitlik, güclü liderlər, prezidentlər var idi. Bu liderlər hərdən Amerikanın təkliflərinə yox deyir, “bu haqda fikirləşərəm” cavabını verirdi. Bu da, sözsüz ki, Amerikada olan yeni nəsil siyasətçiləri qıcıqlandırır, xoşlarına gəlmirdi. Bu yeni nəsil siyasətçilər hesab edirlər ki, dünya birqütblü olduğundan hamı Amerikaya “hə” deməlidir. Məhz bu səbəbdən güclü liderləri sıradan çıxarmağa başladılar. Bu məqsədlə İraqda Səddam Hüseyni, Tunisdə Əli Salehini qovdular, Misirdə Hüsnü Mübarək dönəmini dayandırdılar, Liviyanı xaraba günə qoydular, Qəddafini vəhşicəsinə qətlə yetirdilər. İndi xaraba qoyduqları Liviyada 50 il normal həyat olmayacaq. Həmçinin Suriyanı viran qoydular, İraqı dağıtdılar. Nəticədə nə oldu? Yaxın Şərqdə hazırda böyük xaos yaranıb və Amerika bunun qarşısını necə ala biləcəyini düşünür. Amma bunun yolunu bilmir. Amerikada hesab edirdilər ki, Yaxın Şərqdə güclü liderləri sıradan çıxardıqdan sonra bu ərazilər onların müstəmləkəsi olacaq. Ancaq elə xaos yarandı ki, onlar indi “zəhmət”lərinin bəhrəsini belə görə bilmirlər. Əksinə, onlar bu prosesi apararkən Səudiyyə Ərəbistanı və İsraili müəyyən mənada zəiflətdilər. Baxmayaraq ki, regionda ABŞ-ın dayaq nöqtəsi məhz bu ölkələr idi. İndi də bilmirlər ki, apardıqları prosesin altından necə çıxsınlar.
- İŞİD adlanan qurum necə yarandı?
- İŞİD-lə bağlı fərqli yanaşmalar, versiyalar irəli sürülür. Hesab edirəm ki, İŞİD adlanan qurumun yaranması təbii proses idi. Əgər sən bütün ərəbdilli quldurları, analarına hörmət etməyənləri, narkotik aludəçilərini bir yerə toplayıb silahlandırırsansa, günün birində bir molla ortaya çıxacaq və deyəcək ki, gəlin öz dövlətimizi quraq. Təbii ki, bu zaman səslənən təklifi də hamı dəstəkləyəcək. Üstəlik dindən gözəl məqamları götürüblər. Biri xəlifəlik, digəri imamət yaradır. Nəticədə dünya məhvə doğru gedir. Məhz ABŞ-ın düşünülməyən siyasətinin nəticəsidir ki, bütün quldurları bir yerə topladılar və onları silahlandırdılar. İndi deyirlər ki, İŞİD ələ keçirdiyi ərazilərdən çıxardığı nefti satır və çoxlu pul qazanır, maliyyə imkanlarını artırır, silah alır. ABŞ və onun müttəfiqləri bu nefti İŞİD-dən almırsa, bəs, İŞİD nefti kimə satır? Təbii ki, elə həmin ABŞ və müttəfiqləri nefti İŞİD-dən ucuz qiymətə alır, bu silahlı terror qurumunun maliyyə imkanlarını genişləndirir və sonra da onlara silah satırlar. Faktiki olaraq dünyada anasına xor baxanların hamısını bir yerə toplayıblar, onlar da İŞİD-i formalaşdırıblar. Yaxın Şərqə toplanan bu cinayətkar ünsürlər özlərinə dövlət qurmaq xəyalına düşüblər. Hesab edirlər ki, İslam bayrağı altında öz dövlətlərini yarada biləcək, Yaxın Şərqdə ağalıq edəcəklər. Elə ABŞ-ın özü də zamanında bu cür yarandı. Avropanın tör-töküntüləri ABŞ-a yollanmışdı, hinduları qırır, məhv edir, torpaqları tuturdular. Bu zaman onların içərisində ağıllı, savadlı insanlar var idi və dövlət yarada bildilər. Ancaq Yaxın Şərqdə bu quldurların içərisində bir nəfər görməmişəm ki, savadı olsun.
- Bundan sonrakı durum sizcə necə olacaq, siyasi-hərbi vəziyyət sabitləşəcəkmi?
- Yaxın illər üçün bu regionda sülh, əmin-amanlıq yaranmayacaq və indiki gedişat davam edəcək. Eləcə də, İŞİD-ə qarşı mübarizə aparılacaq, nəticədə çoxlu qanlar töküləcək, insanlar öləcək. Bu da heç kəsə yaxşı bir şeylər vəd etməyəcək. Yaxın Şərq alovlanmaqda davam edəcək. Yaxşı bir şey gözlənilmir.
- Bu proses başqa regionlara keçə bilərmi?
- Bu prosesin digər regionlara keçməsi ehtimalları haqda müzakirələr aparılır. Ancaq mən bunu düşünmürəm. Fikrimcə, İŞİD çalışacaq ki, Suriyanı təsir altına alsın. Hazırda Suriya ərazisinin 70 faizinə Əsəd hökuməti nəzarət etmir. İraqda da müəyyən ərazilər İŞİD-in nəzarəti altındadır. Yaxın Şərqdə baş verən bu prosesin nəticəsi olaraq kürd dövləti yaranacaq.
- İranşünas siyasətçi Türkiyədə gedən prosesləri izləyirmi?
- Türkiyədəki proseslər göz önündədir. İndiki Türkiyə hökuməti çalışdı, əlindən gələni etdi ki, bu dövlət zəifləsin. Çünki Türkiyə cəmiyyətinin və dövlətinin nüvəsində orduya inam, hörmət və qayğı dururdu. Cənab Ərdoğan hakimiyyətə gəldikdən sonra AKP hökumətinin mövqelərini gücləndirmək üçün ordunun nüfuzunu aşağı saldı, onu zəiflətdi. Son parlament seçkilərində AKP əhalinin səsinin mütləq əksəriyyətini qazana bilsəydi, biz Türkiyədə fərqli bir quruluşun yarandığını görəcəkdik. Ancaq Türkiyədə insanlar daha ayıqdırlar, onlar AKP-yə mütləq səs vermədilər. İndi ehtimal var ki, Türkiyədə AKP-nin imkanları tədricən azalsın. Qeyd etdiyim ki, Yaxın Şərqdə baş verən proseslər konteksində kürd dövləti yarana bilər. Bu, ABŞ-ın əsas planlarına daxildir. Üstəlik Türkiyə iqtidarı da buna tam şərait yaradır.
- PKK-nın Türkiyə daxilində həyata keçirdiyi terror hadisələrini necə qiymətləndirirsiniz?
- Bu partlayışları həyata keçirmək çox pis haldır. Biz insan ölümünə səbəb olan hər bir addımı pisləyirik. Qanundan kənar fəaliyyətə haqq qazandırmaq olmaz. Terror pislənməlidir. Ancaq bu proseslərdə Türkiyənin apardığı siyasətin də təsiri var. Hökumət müəyyən qədər qüsurlu siyasət aparıb və indi də bütün bunları kürdlərin üzərinə atmağa çalışır. Bildiyiniz kimi, müharibə aparan siyasi qüvvə nəticədə güclənir. Bunu AKP iqtidarı da bilir. Bir daha qeyd edirəm ki, PKK-nın Türkiyə daxilində törətdiyi partlayışları mənfi qiymətləndirmək lazımdır. Burada daxili siyasətə hesablanan addımlar da ola bilər. Yəni göstərilir ki, siz bizi zəiflətsəniz, nəticədə PKK güclənəcək. Yaxın Şərqdə yaşananlar göstərir ki, kürd dövlətinin yaranması üçün bütün zəmin yaranıb. Buna həm Amerikanın istəyi, həm də Türkiyə iqtidarının apardığı siyasət səbəb olub.
- Kürd dövləti hansı ərazidə yarana bilər?
- Bu da müzakirə edilir. Biz əlamətlərə görə, fikirlərimizi deyirik. Ehtimal edirəm ki, bunu etmək istəyənlər daha çox bu dövlətin İraq və Türkiyə ərazində yaranmasında maraqlıdırlar. Sonu necə olacaq, bunu yaşayaraq görəcəyik.
- Ancaq İranın da adı çəkilir...
- Tamamilə haqlısınız. İran ərazisində də kürdlər yaşayır və sayları da çoxdur. Ancaq İran həm də güclü dövlətdir. Bu dövlətdə heç kimin ağlına gəlməz ki, ordunu zəiflətsin, onun nüfuzunu aşağı salsın.
- Türkiyədə indi koalisiya hökuməti qurula bilmir, danışıqlar gedir. Siyasi boşluğun müşahidə edilməsi, Türkiyəyə qarşı cızılan ssenarilərin güclənməsinə səbəb olurmu?
- Türkiyə İraq və Suriya məsələsində ABŞ-la müttəfiqlik etdi. Həmin dövrdə İraqdakı kürdlərə silah verildi və s. Düşünülürdü ki, Türkiyəni Avropa Birliyinə qəbul edəcəklər. Ancaq bir müddətdən sonra anladılar ki, Türkiyəni Avropa Birliyinə qəbul etmək istəyi yoxdur. Məhz bundan sonra Türkiyə özünün siyasətini yürütməyə başladı. Burada biz AKP-nin yeni Osmanizm siyasəti haqda danışmırıq. Belə bir siyasət yoxdur və aparılmır. Əlbəttə, onlar İslama söykənən dövlət qurmaq istərdilər. Misirdə ən yaxın müttəfiqləri Mursi idi. Mursi yıxılandan sonra AKP bir qədər sürətlə prezidentli respublikaya keçid istiqaməti götürdü. Ancaq bu da alınmadı. Çünki son parlament seçkilərinin nəticəsi ortaya başqa reallıqlar çıxardı. Türk xalqı göstərdi ki, ağıllıdır. İndi əsas məsələ erkən seçkilər məsələsidir. Hesab edirəm ki, ölkə yenidən seçkilərə gedəcəksə, bu zaman AKP-nin topladığı səs faizləri bir qədər də aşağı düşəcək. Bu da, həmin partiya üçün maraqlı proses ola bilməz.
Nemət