“Türkiyədə maraqlı proseslər yaşanır. Əslində, Ərdoğan müstəqil siyasət yeridir, bəzən İsrailin burnunu ovuşdurur, arabir Amerika ilə razılaşmır. Bütün bunlarsa indi Ədalət və İnkişaf Partiyasına (AKP) baha başa gəlir. Əgər 12 il əvvəl AKP seçkilərdə seçicilərin səslərinin mütləq əksəriyyətini götürmüşdüsə, indi vəziyyət fərqlidir. Məhz son parlament seçkilərinin nəticəsi bunu göstərdi. Şübhəsiz ki, beynəlxalq güclər Türkiyəyə qarşı yönəlib. Məqsəd də odur ki, Türkiyə müstəqil siyasət yürütməsin. Bu siyasətin pis və yaxşı olması başqa mövzudur. Ancaq demək olar ki, Ərdoğan iqtisadi cəhətdən Türkiyəni bataqlıqdan çıxardı. Faktiki olaraq bu, belədir. Türkiyə bölgədə söz sahibi oldu. Bu da Amerika, Avropa və digər beynəlxalq güc mərkəzlərinə sərf etmir”.
Bu fikirləri Teleqraf.com-a müsahibəsində “Olaylar” qəzetinin baş redaktoru, yazıçı, türkoloq Yunus Oğuz dilə gətirib.
- Yunus bəy, son illər yaradıcılığınızı, əsasən, roman və əsərlərə istiqamətləndirmisiniz. Hazırda yaradıcılığınızla bağlı hansı yeniliklər var?
- Son dövrlər, əsasən, iki əsər üzərində çalışıram. Bunlardan biri Azərbaycanın geosiyasi durumu istiqamətindədir. Daha doğrusu, Əli Həsənovun müəllifi olduğu kitabın təhlilidir. Digər əsər isə Atabəy Eldəgiz haqqındadır. Bunları işləyirəm. Əsərlərdən birini yazıram, digərinin hazırlığını görürəm. Təbii ki, mənbələri axtarıram, romanın strukturunu qururam. Əslində, mənə görə, əsas məsələ romanın strukturunu qurmaqdır, bundan sonra problem olmur. Təbii ki, mənbələrlə işləməkdə çətindir. Mən mümkün olan bütün mənbələrdən istifadə edirəm. İndi biz XXI əsrdə yaşayırıq, internet dövrüdür. Dünyanın harasından istəsən, arxivlərə daxil ola, sənə lazım olanı tapa bilərsən. Bu əsərlərin birini bu il başa çatdırmağı düşünürəm.
- Qarşıdan parlament seçkiləri gəlir. Seçkilər haqqında nə düşünürsünüz?
- Seçkilərlə bağlı nə düşünə bilərik ki? Seçki normal olacaq, demokratik keçiriləcək. Bu, təbiidir. Əlbəttə, kim özünə güvənirsə, özünü millət vəkili görürsə, namizədliyini irəli sürüb seçkilərdə mübarizəsini aparacaq. Parlament seçkiləri Azərbaycan Konstitusiyasında təsbit olunan qanundur və hər 5 ildən bir keçirilməldir. İstənilən Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər. Biz də, ümid edirik ki, seçkilər Azərbaycan üçün xeyirli olacaq.
- Namizədliyinizi irəli sürmək haqqında düşünürsünüz?
- Normalda namizədliyimi irəli sürə bilərəm. Lakin belə bir fikrim yoxdur. Mən sonuncu dəfə 10 il əvvəl namizədliyimi vermişəm. İndi seçkilərdə namizəd qismində iştirak etmək niyyətim yoxdur. Sonradan başım yazılara qarışdı. Tutaq ki, namizədliyimi irəli sürdüm və deputat seçildim. Bu zaman artıq mən yazılarımı dayandırmalıyam. Çünki aktiv yazı yazmağa imkan olmayacaq. Uzağı ildə bir dəfə yazı yazaram, 5 ilə bir kitab çıxararam. Lakin düşünürəm ki, xalqımıza daha çox kitablar, fikirlər və ideyalar lazımdır. Hesab edirəm ki, daha çox indiki fəaliyyətimlə xalqımıza xeyir verə bilərəm.
- Yunus bəy, Türkiyədə gedən prosesləri izləyirsinizmi, qardaş ölkədə sizcə, nələr baş verir?
- Türkiyədə maraqlı proseslər yaşanır. Maraqlı proseslər nədir? Əslində, Ərdoğan müstəqil siyasət yerdir, bəzən İsrailin burnunu ovuşdurur, arabir Amerika ilə razılaşmır. Bütün bunlar indi Ədalət və İnkişaf Partiyasına (AKP) baha başa gəlir. Əgər 12 il əvvəl AKP seçkilərdə seçicilərin səslərinin mütləq əksəriyyətini götürmüşdüsə, indi vəziyyət fərqlidir. Məhz son parlament seçkilərinin nəticəsi bunu göstərdi. Şübhəsiz ki, beynəlxalq güclər Türkiyəyə qarşı yönəlib. Məqsəd də odur ki, Türkiyə müstəqil siyasət yürütməsin. Bu siyasətin pis və ya yaxşı olması ayrı mövzudur. Ancaq demək olar ki, Ərdoğan iqtisadi cəhətdən Türkiyəni bataqlıqdan çıxardı. Faktiki olaraq bu belədir. Türkiyə bölgədə söz sahibi oldu. Bu da Amerika, Avropa və digər beynəlxalq güc mərkəzlərinə sərf etmədi. Odur ki, seçkilərdən sonra PKK-nı gücləndirdilər, İraq Şam İslam Dövləti (İŞİD) adlı qurumu Yaxın Şərqdə aktivləşdirdilər. İŞİD heçdən meydana çıxmayıb. Türkiyədə son parlament seçkilərindən çıxan nəticədən dərhal sonra AKP vəziyyəti qiymətləndirdi və Ərdoğan erkən seçimlərə getmək xəttini tutdu. Hesab edirəm ki, Ərdoğanın bu addımı düzgün seçimdir. Məncə, yeni seçkilər AKP-nin uduşu olacaq. 45 günə koalisiya hökuməti qurulmadı və buna paralel olaraq PKK-nın fəaliyyətində bir aktivləşmə müşahidə edildi. Bu da Türkiyə seçicisinə göstərdi ki, əgər AKP təkbaşına hakimiyyətə gəlsəydi, belə hallar baş verməzdi. Bildiyiniz kimi, HDP parlamentə daxil olub və bir tərəfdən də onlar sıxırlar. Ərdoğan da seçiciyə mesaj verdi ki, əgər koalisiya hökuməti istəyirsinizsə, situasiya bu cür olacaq, yox, əgər PKK-ya qarşı ciddi mübarizə, möhkəm stabillik istəyirsinizsə, AKP-yə səs verin. Buradan həm də o görünür ki, bütün oyunlar seçkilərin başındadır. PKK-nın, kürd əsilli vətəndaşların çoxluq təşkil etdiyi ərazilərdə polisə, əsgərə və mülki vətəndaşa olan hücumlar dolayısı yolla AKP-nin əlinə oynayır. AKP də deyir ki, mənə səs verin, təkpartiyalı hökumət qurum və Türkiyə əvvəlki dövrünə qayıtsın. Ərdoğan daxili ictimaiyyətlə problemini həll etsə və erkən seçkilərdə qələbə qazansa, bu zaman xarici güclər geri çəkiləcək. Yox, əgər seçkilərdə yenə koalisiya hökuməti meydana çıxacaqsa, məncə, indiki vəziyyət olacaq və qardaş ölkədə situasiya bir qədər də mürəkkəbləşəcək.
- Erkən seçkilər hansı nəticələri ortaya qoya bilər?
- Artıq mesajlar var, cəmiyyət indiki şəraiti istəmir, PKK-nın hücum və terror aktlarından yorulub. Məncə, Türkiyədə cəmiyyət güclü əl istəyir ki, PKK-nın fəaliyyətini dayandırsın, stabillik yaransın. Ərdoğan hələlik güclü əlini göstərmir. Təbii ki, mən dediyim məqamlar AKP-nin seçki təbliğatında güclü formada istifadə ediləcək və Ərdoğan özü də bu prosesdə iştirak edəcək. Ancaq seçki prosesini görmədən AKP-nin nə qədər səs toplayacağını demək bir qədər çətindir. Düşünmürəm ki, HDP son seçkidə əldə etdiyi səsdən çox qazanmayacaq. Hazırda Türkiyədə kürd əsilli gənclər Ərdoğana məktublar yazır, Türkiyə bayrağı altında yaşamaq istədiklərini qeyd edirlər. Bu, mühüm situasiyadır.
- CHP-nin seçkidən sonrakı durumu necə olacaq?
- Məncə, CHP və MHP udub. Ancaq bu uduşu məğlubiyyətə döndərmək Ərdoğan üçün çətin olmayacaq. Ərdoğan kifayət qədər xarizmatik siyasətçidir, güclü natiqdir və böyük söz ehtiyatına malikdir. O, meydanda etdiyi çıxışlarla ictimaiyyəti özünə çəkə bilir. Düşünürəm ki, koalisiya hökuməti qurulmadığı üçün Ərdoğan MHP və CHP-ni günahlandıracaq. Onları vəzifə davası aparmaqda ittiham edəcək, bəyan edəcək ki, orada əsgər öldürülür, burada da MHP və CHP hökumət davası edir. Qənaətim belədir ki, Ərdoğan lazım olan qədər səs ala biləcək.
- PKK-nın bundan sonrakı fəaliyyəti necə olacaq?
- Bir daha qeyd edim ki, burada oyunlar var və bu oyunların başında da seçkilər durur. Ola bilsin ki, PKK fəallaşması üçün hansısa güclə razılaşıb. Hesab edirəm ki, izn olmadan belə səviyyədə fəallaşmaq mümkün deyil. PKK-ya deyəndə dur ayağa, bunu et, dərhal edir.
- PKK-ya göstərişi kimlər verə bilər ki?
- Bu göstəriş xaricdən də, daxildən də verilə bilər. Zənnimcə, indi PKK-ya qarşı fəaliyyət zəifdir. Sanki mübarizə görüntü xarakterindədir. Türkiyənin Milli İstihbarat Təşkilatı var və bu, ciddi qurumdur.
- Erkən seçkilərdən sonra PKK-nın fəaliyyəti səngiyəcəkmi?
- Məncə, seçkilərə qədər də səngiyə bilər. Əgər AKP daha çox səs ala biləcəyini hiss edəcəksə.
- Yaxın Şərqdə baş verən prosesləri, hadisələri necə şərh edərsiniz?
- Türkiyədə baş verənlər əslində, Yaxın Şərqdə baş verənlərin bir hissəsidir. Əslində Yaxın Şərqdə baş verənlər ABŞ və Avropanın birgə planıdır. Bu plana görə, islam nüfuzdan düşməli, bölgədə xaos yaşanmalı, neftin qiyməti mümkün qədər ucuzlaşmalıdır. Sizə maraqlı bir məqam deyim. Hazırda yaxın Şərqdə müharibə gedir, lakin neftin qiyməti ucuzlaşır. Ancaq 1990-2000-ci illərdə Yaxın Şərqdə hər hansı bir güc dövləti müharibəyə başlayırdısa, neftin qiyməti qalxır və 100 dolları keçirdi. İndi Yaxın Şərqdə 4-5 yerdə müharibə gedir, neftin qiyməti isə aşağı düşür. Bu, nədən xəbər verir? Neftə sahib olmaq üçün qiyməti aşağı salırlar, sonra neft quyularını və aksiyaları alırlar. Bütün oyunlar təbii ehtiyatlarla əlaqədardır. Məsələ ondadır ki, PKK, İŞİD və digər təşkilatları elə Amerika yaradıb. İndi də idarə edirlər. Məqsəd də budur ki, Yaxın Şərqdə xaos yaratmaq, milli sərvətləri ələ keçirmək və xristian aləmində müsəlmanları gözdən salmaq. İŞİD də birdən ortaya çıxmadı, bu, uzun müddət işlənən sistemdir və çox güman ki, bunu Lenqlidə hazırlayıblar. İŞİD-i birdən deyil, sadəcə, lazım olanda ortaya atdılar.
- İndi Yaxın Şərqdə bundan sonrakı prosesləri necə görürsünüz?
- Amerika istədiyini almayınca, səngiməyəcək.
- İstədiyi nədir?
- İstəyi Yaxın Şərqdə mütləq geosiyasi siyasət yürütmək.
- Ancaq bölgədə acı durumda olan türkmənlərdir...
- Əlbəttə, mən bu haqda fikirləşirəm, mümkün qədər onların durumu ilə maraqlanıram. Türkmənlər bizim soydaşlarımızdır. Artıq türkmənlər də məcburən silahlanır. Türkiyə də bu prosesə dəstək verir. Onlar silaha əl atmağa məcburdur. İndi Suriya və İraqda yeni bir silahlı qüvvə ortaya çıxır. Məncə, insanın öz ailəsini və vətənini qorumaq üçün əlində silah olmalıdır. Çünki kimsə üstünə silahla gəlirsə, sən də silah götürməyə məcbursan.
- Proseslər bu formada davam edərsə, türkmənlər muxtariyyət qura bilərmi?
- Əgər türkmənlər bunu istəyəcəksə və Türkiyə də buna dəstək verəcəksə, niyə də olmasın? Türkmənlər muxtariyyət istəyir, başqa şey istəmirlər. Əgər kürdlərə verirlərsə, türkmənlərə niyə verməsin? Hər halda bununla bağlı türkmən xalqının arzusu və istəyi olmalıdır. Düzdür, çox zaman deyirik ki, bunun üçün türkmənlərin beynəlxalq dəstəyi yoxdur. Ancaq nəzərə alın ki, mübarizə apara-apara beynəlxalq dəstək olur. Kürdlər vuruşa-vuruşa muxtariyyət alıblar. Türkmənlər də mübarizə ilə buna nail olmalıdır.
- Sizcə, bölgədə Kürdüstan adında dövlət yaranacaq?
- ABŞ-ın Orta Şərq layihəsi var. Bu layihəyə görə, Kürdüstan yaranmalıdır. Yəni Suriya, İraq və Türkiyə ərazisinin müəyyən hissəsində kürd dövləti yaratmaq məqsədi var. İndi Türkiyə bunu yaxına buraxmır. Rusiya və İran da bu məsələdə dirənir. Amma fakt odur ki, belə bir layihə var. Bunun baş verib-verməməsi aparılan siyasətdən asılı olacaq. İndiki siyasət bu istiqamətə doğru gedir. Məncə, bunun qarşısını almaq üçün Türkiyədə keçiriləcək erkən seçkilər olduqca əhəmiyyət kəsb edəcək.
Nemət