“Bildiyiniz kimi, məni VII Elat mədəniyyət tədbirinə buraxmadılar. Hətta tədbir zamanı virtual olaraq çıxışımı belə yasaqlamaq istədilər. Təəssüflər olsun ki, bəzi soydaşlarımız da bununla razılaşmaq istəmişdi. Lakin çoxluğun iradəsi öz işini gördü və mən çıxışımı virtual olaraq tədbir iştirakçılarına çatdırdım. Çıxışım ondan ibarət idi ki, mən niyə doğulduğum vətənimdə deyiləm. Ancaq görünür, bu hakimiyyətin niyyəti bizim Gürcüstanda apardığımız etimad mühitini iflasa uğratmaq, iki toplumun qarşılıqlı inteqrasiyasını əngəlləməkdir. Eləcə də, regional təhlükəsizliklə bağlı gürcülərin və azərilərin bir modeldə olmağında maraqlı deyillər. Buna qarşı olan da fars, ermənilər və erməninin ağası ola bilər. Elat bayramından sonra mənim əleyhimə qara piar başlayıb, məni terrorçuluqda, separatçılıqda, Gürcüstanın ərazi bütövlüyünü təhdid etməkdə, ikinci Pankisi dərəsi hazırlamaqda, Rusiya adamı olmaqda ittiham edirlər”.
Bu fikirləri bizimlə söhbətdə “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli dilə gətirib. Müsahibəni təqdim edirik.
- Zəlimxan bəy, hamı gözləyirdi ki, sizin Gürcüstana girişinizə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq. Ancaq indi bəlli olur ki, sizi gürcü mediası terrorçu, separatçı kimi təqdim edir. Bunu necə şərh etmək olar?
- Əslində, biz elə bu məsələni təhlil etməklə məşğuluq. Regiondakı durum, milli təhlükəsizlik məsələsi, müstəqilliyin saxlanılması bizim birliyimizi, daha liberal davranmağımızı diktə edir. Saakaşvilinin dönəmindən sonra atılan demokratik addımlar ümid verirdi ki, Gürcüstan Azərbaycanla daha yaxın münasibətlər qurmağa çalışacaq. Təəssüflər olsun ki, yeni komanda hakimiyyətə gələndə məni daha çox İvanaşvili və Rusiya ilə bağlayırdılar. Mən də bunu təkzib edirdim. Amma görünür, son proseslərdə bu faktor mühüm rol oynayır. Bölgədə etnik zəmində qarşıdurma yaratmaq hər zaman imperiyanın siyasəti olub. Gürcü hakimiyyətinin bu davranışı mən dediyim siyasətin konsepsiyasına daha çox oxşayır. Çünki mən bu yaşımda təqdir etdiyim düşərgədən şəxsimə qarşı belə aqressiv münasibət gözləmirdim. Mən Gürcüstana hər zaman aydın formada, separatizmin əleyhinə, bu ölkənin ərazi bütövlüyünün təbliği, soydaşlarımızı bu dövlətçiliyə bağlamaq siyasəti irəli sürmüşəm. Soydaşlarımızın bir hissəsinin məni ittiham etməsinə baxmayaraq, Gürcüstan siyasi hakimiyyəti ilə daha cazibəli davranmağa təşviq etmək bizim işlərimiz olub. O cümlədən regional təhlükəsizliklə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə strateji tərəfdaşlığına ictimai dəstək vermişik. Siyasi proseslərə, Gürcüstanın daxili işlərinə qarışmamışıq. Gürcüstanın milli dövlət quruculuğunda mütərəqqi məqamları təbliğ etmişik. Bu ölkənin Azərbaycan və türk dünyasında tanınması, onun mədəniyyətinin, dilinin, tarixinin təbliği üçün müstəsna xidmətlərimiz olub. Gürcüstanla bağlı Türkiyə mediasında 20-ə qədər proqram müəllifi olmuşuq. Və buna görə təmənna güdməmişik. Çünki soydaşlarımız orada yaşayır, Gürcüstan da bizə doğma dövlətdir, ona xidmət etməyi şərəf bilmişik. Bütün bunlara görə minnətdarlıq istəməmişik. Ancaq şəxsimizə qarşı belə aqressiv yanaşma da gözləməmişik. Heç ağlıma gəlməzdi ki, bu aqressiya açıq müstəviyə keçə bilər.
- Bu, anlaşılmazlığın nəticəsi ola bilərmi?
- Əgər anlaşılmazlıq olmuşdusa, aradan qaldırılmalı idi. Bizim müraciətlərimizə münasibət bildirməli, Azərbaycanın notasına cavab verməli idilər. Əgər bunlar yoxdursa, deməli, indi Gürcüstanın koalisiya hökumətində Borçalı türklərinə, “Borçalı” Cəmiyyətinə, eləcə də, Azərbaycan aurasına aqressiv yanaşan zümrə var.
- Sizə elə gəlmirmi ki, bütün bunlar VII elat tədbirindən sonra başlandı?
- Bildiyiniz kimi, məni VII Elat mədəniyyət tədbirinə buraxmadılar. Hətta tədbir zamanı virtual olaraq çıxışımı belə yasaqlamaq istədilər. Təəssüflər olsun ki, bəzi soydaşlarımız da bununla razılaşmaq istəmişdi. Lakin çoxluğun iradəsi öz işini gördü və mən çıxışımı virtual olaraq tədbir iştirakçılarına çatdırdım. Çıxışım da ondan ibarət idi ki, mən niyə doğulduğum vətənimdə deyiləm. Ancaq görünür, bu hakimiyyətin niyyəti bizim Gürcüstanda apardığımız etimad mühitini iflasa uğratmaq, iki toplumun qarşılıqlı imteqrasiyasını əngəlləməkdir. Eləcə də, regional təhlükəsizliklə bağlı gürcülərin və azərilərin bir modeldə olmağında maraqlı deyillər. Buna qarşı olanlar da farslar, ermənilər və ya erməninin ağası ola bilər. Elat bayramından sonra mənim əleyhimə qara piar başlayıb, məni terrorçuluqda, separatçılıqda, Gürcüstanın ərazi bütövlüyünü təhdid etməkdə, ikinci Pankisi dərəsi hazırlamaqda, Rusiya adamı olmaqda ittiham edirlər. Gürcü mediasına görə, mən Qəbələ şəhərinə tez-tez gedirəm və orada Rusiya adamları ilə görüşürəm. Bəli, Dinamo Tbilisi-Qəbələ futbol oyunu zamanı mən Qəbələyə getmişdim. Proqnozum da özünü doğrultdu və Qəbələ komandası da rəqibə layiqli cavabı verdi. Biz bundan o yana getməmişik. Təəssüf edirəm ki, indi Gürcüstan hökumətində mənə qarşı belə dəhşətli aqressiv münasibət var. Mənə elə gəlir ki, gürcü xalqı bu hakimiyyətlə tez bir zamanda vidalaşmaq haqqında düşünməlidir. Əks təqdirdə bölgədə daha ağır gərginliklər yarana bilər.
- Mümkündürmü ki, Borçalıda yaşayan və ictimai fəaliyyət göstərən soydaşlarımız sizin haqqınızda gürcü hökumətinə donoslar yazsın?
- Əlbəttə mən bunu istisna etmirəm. Saakaşvili dönəmində daha liberallaşma, icmalaşmaya yaşıl işıqların yandırılması, soydaşlarımızın təşkilatlanması, Gürcüstana inteqrasiyası, ali təhsillə bağlı yeni modelin tətbiqi kimi addımlar atıldı. Məhz bunun da nəticəsində hazırda Gürcüstan ali məktəblərində iki minə yaxın soydaşımız təhsil alır. Yəni bir liberallaşma getdi, azlıq olaraq Borçalı türklərinin haqqı tanınırdı. Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər bir yana, Gürcüstanın inteqrasiya olunduğu demokratik Avropanın tələblərinə uyğun bir model sərgiləndi. Biz də bundan çox məmnun idik və ona görə də Saakaşvilini təqdir etmək bu baxımdan mənəvi borcumuz oldu. Lakin indi bu istiqamətdə fərqli yanaşmalar görürük. Hazırda Gürcüstanın milli təhlükəsizlik konsepsiyasında soydaşlarımızın icmalaşması, təşkilatlanması, Gürcüstanın iç siyasətində daha üstün mövqe qazanmasını yasaq edən düşüncə tərzi var. Yəni bu milli-strateji təhlükəsizlik konsepsiyasında indiki hakimiyyət fərqli yanaşma ortaya qoyur. Saakaşvilinin dönəmində hüquq-mühafizə orqanlarından, siyasi sistemdən kənarlaşdırılan şəxslərin yenidən hakimiyyəti təmsil etməsi soydaşlarımıza qarşı kommunist təfəkkürünün yenidən tətbiq edilməsinə gətirib çıxarıb. Bu da nədir? Elat tədbirini ələ almaq və urvatsız etmək. Elat bir inteqrasiya modelidir, iki toplumun və mədəniyyətin yaxınlaşma prosesidir. Bundan əndişələnirlər. Çünki bu milli strateji təhlükəsizlik konsepsiyasıdır, soydaşlarımız bir araya gəlməməlidir. Başqa sözlə, “parçala və hökm sür” siyasəti həyata vəsiqə qazanmalıdır. Bu hakimiyyətdə hazırda belə bir xətti həyata keçirməklə məşğuldur.
- Hazırda sizin Gürcüstana buraxılmamanızla yanaşı, gürcü mediasında haqqınızda fərqli bir kampaniya aparılır. Bütün bunlara qarşı hansı addımlar atmağı düşünürsünüz?
- Əslində, sizdən əvvəl biz fikir dartışmasında idik. Təbii ki, bizim daha səbirli davranmaq, hadisələri izləmək, təhlil etmək düşüncəmiz var. Qeyd etdiyiniz kimi bir neçə saytda, bəzi özəl televiziya kanallarında və o cümlədən hakimiyyətə yaxınlığı ilə seçilən “İmedia” kanalında bəlli süjetlərin hazırlanması, Elat mədəniyyət tədbirinin çoban yığıncağı adlandırılması, təhqirlərin yağdırılması, Pankisi dərəsi ilə Borçalının müqayisə olunması kimi hallar var. Təbii ki, bütün bunlar bir mərkəzdən idarə edilir və baş verənlər bütün bu tezislərin siyasi hakimiyyət və milli təhlükəsizlik orqanları tərəfindən hazırlanmasına işarə verir. Təbii ki, biz burada məsuliyyətsizlik etməyəcəyik ki, qarşıdurma baş versin. Hər yerdə, hər kənddə, ziyalılar birliyində bu məsələlər müzakirə edilir. Üç gün əvvəl kəndlərdə kənd icra nümayəndələrinə tapşırılıb ki, guya bizim soydaşlarımız Elat tədbirinin əleyhinədir və gələn ildən belə bir tədbir keçirilməsin. Nəzərə alın ki, kənd icra nümayəndələri də yerli icra hakimiyyəti orqanlarına tabedir. Şübhəsiz ki, bu, avantürist bir şeydir. Ancaq soydaşlarımız var ki, “parçala və hökm sür” siyasətinə uyğun olaraq gürcülərin bu konsepsiyası ilə iş birliyindədir. Ziyalı qiyafəsində, siyasətçi rolunda və ya ictimai fəaliyyətlə məşğul olmaq kontekstində belə rollara rast gəlmək olar. Əlbəttə, bütün bunlar təbii hallardır. Başqa sözlə, buna görə təəccüblənmək də qeyri-mümkündür. Ona görə də parçalanan cəmiyyətdə üzə gülən, altda bu işi görən insanlar var. Orada mənim daha yaxın çevrəmdən də, bu cür adamlar ola bilər. Konkret olaraq bundan sonra biz hansı addımlar atacağıq? Şübhəsiz ki, mən soyuqqanlı şəkildə bütün bu prosesi izləyirəm. Bizim müəyyən addımlarımız olacaq. Fikirlərimizi deyəcəyik. Hazırda bizə qarşı olan bu konsepsiyanın mənşəyini araşdırmaqla məşğuluq. Gürcüstan siyasi hakimiyyətindən tələblərimiz olacaq, Gürcüstanın ölkəmizdəki səfirliyinə müraciətlərimiz ola bilər, səfirliyi dinc qoymayacağıq. Yəni Azərbaycanla bu cür davranmaq olmaz. Eyni zamanda barəmizdə saxta uydurmalar səsləndirən saytların redaksiyasına nümayəndə heyətimiz gedəcək, onlardan təkzib tələb ediləcək. Hazırda təkzib mətni üzərində işlənilir. Həmçinin mümkündür ki, Tiflisdə mətbuat konfransı keçirək, bu avantürist və qara piar kampaniyasının mahiyyətini gürcü cəmiyyətinə çatdıraq. Onlara erməni separatizmi bəs etmədi, Abxaziya və Osetiya bəs eləmədi, indi də bizdən separatçı düzəltmək istəyirlər. Mən də bəyan edirəm ki, türk tarixində kiminsə əlində alət olmaq, separatçılıqla bağlı fəaliyyət göstərmək kimi ənənə yoxdur. Bizim haqqımız olarsa, bunu istəyirik. Biz də soydaşlarımızın bu dövlətin daxilində daha yüksək şəkildə vətəndaşlıq hüququnun təminindən savayı bir şey istəmirik. Ancaq indiki tendensiya davam edəcəksə, buna uyğun da nəticə ola bilər.
- “Borçalı” Cəmiyyəti fəaliyyətini davam etdirəcəkmi?
- Şübhəsiz ki, davam etdirəcək, həm də daha əzmlə. Mən cəmiyyətin İdarə Heyətinin üzvlərinə və fəallarına təşəkkür edirəm. Hətta ən ixtiyar yaşında olan elmlər doktoru deyir ki, əvvəl bir qat işləyirdimsə, indi beş qat işləyəcəyəm. Üzərimizə ağır yük düşür. Biz vəziyyəti bu cür buraxmarıq. İndi beşinci kolona xidmət edən çoxdur, çoxları canişin olmaq arzusundadır. Azərbaycan və Gürcüstanın müstəqilliyi qanlar hesabına əldə edilib. Müstəqilliyi ucuz şəkildə qurban vermək olmaz. Əksinə, Borçalı insanı təmərküzləşəcək və Gürcüstanı bu cür yıxmaq istəyənlərə layiqli cavab verəcək ki, bu ölkə sənin vətənin olduğu qədər də mənim vətənimdir. Sən təəssübkeş olduğun qədər mən də təəssübkeşəm. Gürcüstan dövləti isə şəxsən məndən zərər, xəyanət görməz. Biz xəyanət mənbəyi ola bilmərik. Bunu birdəfəlik bilsinlər. Bu coğrafiyada 90 milyona yaxın türk yaşayır, onların da ən sədaqətli dostu gürcülərdir. Bu reallığı dərk etmək, unutmamaq lazımdır. Borçalıya, Borçalı insanına təcavüz etmək Qafqazın birliyini təhdid etmək istəyən mənbələrə pas ötürməkdir.
Nemət Orucov