2 Sentyabr 2015 19:33
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hərəkatın seçkidə iştirakı olmayacaq. Yəni, bizim hərəkat təşkilat formatında seçkilərə qatılmayacaq. Ancaq fərd olaraq arzu edən şəxslər seçki prosesində iştirak edə bilər. Bununla bağlı qadağa yoxdur. Fikrimcə, hərəkatda olan və seçkidə iştiraka maraqlı olan ona yaxın şəxs ortaya çıxa bilər. Hələlik mən, Vurğun Əyyub və təxmini bir neçə şəxs seçkilərdə iştirak edə biləcəyini qeyd edib. Ancaq konkret say demək mümkün deyil”.

Bunu “Gündəlik Teleqraf”a müsahibəsində ADR üzvü, professor Adil Qeybulla bildirib. Müsahibəni təqdim edirik:

- Adil bəy, uzun illər Müsavat Partiyasının siyahısı üzrə parlament seçkilərinə qatılmısınız. İndi Müsavat seçkilərdə irəli sürəcəyi namizədlərinin siyahısını açıqlayıb. Veteran müsavatçı olaraq siyahını necə qiymətləndirirsiniz?
- Müsavatın açıqladığı siyahı, əslində, partiyanın durumunu göstərir. Bu, həm də partiyanın mövcud resursunu, intellektual səviyyəsini, insan ehtiyatını, ictimai yükünü göstərir. Yəni, partiyanı qiymətləndirmək üçün bu siyahıya baxmaq yetərlidir. Partiyanın seçkilərdə irəli sürdüyü namizədlərin populyarlığı, ictimai çəkisi, siyasi aktivliyi, nüfuzu mühüm faktorlardır. Bu, həm də seçkilərdə qələbəyə təsir edəcək amillərdən hesab oluna bilər. Nə dərəcədə seçki olursa-olsun, amma partiya ictimai çəkisi və nüfuzu olan şəxslərlə seçkiyə gedəndə, bu onun uduşu olur, təsiri də yüksək olur. Biz dəfələrlə seçkilərdə iştirak etmişik və bu faktorları müşahidə etmişik. Amma təcrübə göstərdi ki, indi açıqlanan siyahı yalnız şəxsi sədaqət, qrupbazlıq və dəstəbazlıq prinsiplərinə əsasında hazırlanıb. Mən buna çox təəssüf edirəm. Həmin siyahıda partiyanın yaranmasında, onun inkişafında mühüm əhəmiyyəti olan şəxslər yoxdur. Ancaq bunun önəmi də yoxdur. Çünki indi bu hal artıq reallıqdır. Müsavatın açıqladığı bu siyahı ilə çox şeyləri müzakirə etmək olar.

- Hansı məqamları müzakirə etmək olar?
- Məsələn, yazı mədəniyyəti olmayan zamanların ictimai quruluşunu, münasibətlər sistemini öyrənmək üçün həmin dövrün folkloruna müraciət edirlər. İnsanlar müəyyən məsələləri folklorda ifadə edirlər. Folklor əsasında isə tarixçilər və filosoflar həmin dövrün xarakterini verir, həmin dövrün şəraitini dəyərləndirirlər. İndiki bəhs etdiyimiz seçki siyahısı da partiyadaxili münasibətləri tam ortaya qoyan bir məqamdır. Eləcə də, partiyanın resurslarını, çəkisini, gücünü və s. Odur ki, əlavə bir suala ehtiyac qalmır. Hələlik seçkilərə müəyyən zaman qalıb. İndi seçkilərin keçirilməsi məsələsinin özü ciddi müzakirə edilir.

- Belə anlaşılır ki, siz Müsavatın namizədlər vitrinini bəyənməmisiniz...
- Tamamilə haqlısınız. Bu vitrini kim bəyənib ki? İstənilən adam bu vitrinə baxıb Müsavatın gününə qiymət verə bilər. Təbii ki, Müsavat Partiyasının bu günə düşməsi də hamını narahat edir.

- Müsavatın namizədlər siyahısında Milli Demokrat Partiyasının nümayəndələri var. Eləcə də, NİDA Təşkilatının da nümayəndələrinin olacağı deyilir. Bu halı necə şərh edirsiniz?
- Bəli. Bu da, göstərir ki, Müsavatın bir partiya olaraq resursları yetərli deyil.

- Cəmiyyət tərəfindən tanınmayan bu siyahıda kimlər yer alıb, namizədlər regionlarda olan yerli strukturların nümayəndələridir, ya necə?
- Təkcə regionda strukturların sədrləri məsələsi deyil. Yenə də, bəzi adamların bu siyahıya niyə salındığını bilmək olar. Ancaq nəzərə alın ki, indiki dövrdə seçkilər heç də asan məsələ deyil. Söhbət ondan gedir ki, 125 deputat seçiləcək, ölkədə siyasi aktiv təbəqə də yetərincədir. Həm Yeni Azərbaycan Partiyasından, həm qeyri hökumət təşkilatlarından, həm ictimai xadimlərdən, həm də digər partiyalardan xeyli sayda şəxs namizədliyini irəli sürəcək. Bəlkə də, iki mindən çox şəxs namizədliyini irəli sürüb parlamentə düşmək uğrunda mübarizə aparacaq. Belə bir şəraitdə siyasi partiyanın uğuru necə təmin oluna bilər? Bunun üçün ictimai nüfuzu yüksək olan, xalq arasında tanınan şəxslərin namizəd siyahısında nə qədər yer tutması vacib məsələdir. Bu baxımdan Müsavat Partiyasının açıqladığı namizədlər siyahısını çox uğursuz hesab edirəm. Siyahının hazırlanması zamanı şəxsi münasibətlər zəmini xüsusi rol oynayıb. Məsələn, Tural Abbaslının Müsavatın namizədlər siyahısında yer almaması sırf qərəzin nəticəsidir.

- Müsavat başqanı Arif Hacılı, sabiq başqan İsa Qəmbər bu siyahını tərtib edərkən dediyiniz məqamları nəzərə almayıb?
- Bu şəxslərin hissləri, qəzəbi və qisası təəssüflər olsun ki, reallığı, münasibətləri və digər məsələləri üstələyib. Buna təəssüf edirəm.

- Bir çox məşhur şəxslər var ki, VII qurultaydan sonra partiyanı tərk etdilər. Sizcə, bu ziyalılarla danışıb onların namizədliyini partiya xətti ilə irəli sürmək olmazdımı?
- Əlbəttə, olardı. Onun üçün həm siyasi iradə lazımdır, həm də məsələyə yanaşma tamamilə başqa cür olmalıdır. Əgər partiyanın lideri, keçmiş liderini nəzərdə tuturam, Məclisdə ondan ayrılan partiyadaşlarına salam vermirsə, bu fakt çox mətləblərdən xəbər verir. Odur ki, mən bu məsələlərə maraqsız yanaşıram. Çox gözləntilər var idi. Amma gözləntilər özünü doğrultmadı.

- Müsavatdan gedən ziyalılarla təmasınız varmı?
- Bəli, təmaslarımız mövcuddur.

- Onlar bu haqda nə düşünürlər?
- Bildiyiniz kimi, biz ictimai təşkilat yaratmışıq. Təbii ki, bu təşkilatın gələcək perspektivinin necə olacağı daha çox siyasi situasiyadan asılıdır. Amma hər halda biz fəaliyyətimizi davam etdiririk, ölkədə gedən seçki və digər proseslərdə fəal iştirak etməyə çalışırıq, münasibətimizi bildiririk. Başqa sözlə, biz siyasətdən çəkilməmişik və ictimai fəaliyyətdən uzaqlaşmamışıq.

- Qarşıdan gələn seçkilər haqqında nə düşünürsünüz?
- Bu il keçiriləcək parlament seçkiləri çox maraqlı olacaq. İctimai-fəal, dövlətçilik şüuru və parlamentə töhfə verə biləcək şəxslər orada olsalar daha yaxşı olar.

- Siz seçkilərdə iştirak edəcəksiniz?
- Seçkilərdə iştirakla bağlı tam qərarım yoxdur. Lakin seçkilərdə iştirak etmək niyyətim var. Amma hansı dairədən necə və hansı şəraitdən seçkilərə qatılmağım konkret deyil. Nəzərə alıram ki, seçkidə iştirak edəcək namizədlərin tam siyahısı açıqlanmayıb, mənzərə mənə tam aydın deyil. Yəqin ki, seçkilərə qatılsam, Şəki şəhər seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm. 2010-cu ildə Şəki kənd dairəsindən namizəd olmuşam. Həmin dairədə yaxşı işlədim. Əlbəttə, bu dairənin ərazisinə həm də mənim doğulduğun kənd düşürdü. Lakin bir daha orada insanlarla üz-üzə gəlmək istəmirəm. Odur ki, şəhər dairəsi haqqında düşünürəm. Çünki şəhərdə də məni kifayət qədər tanıyırlar, üstəlik ziyalı təbəqə daha çoxdur. Hesab edirəm ki, buradan daha çox səs toplaya bilərəm. Ancaq konkret olaraq qərarımı verməmişəm.

- Azərbaycanda Demokratiya və Rifah Hərəkatının seçkilərlə bağlı mövqeyi necə olacaq?
- Hərəkatın seçkidə iştirakı olmayacaq. Yəni, bizim hərəkat təşkilat formatında seçkilərə qatılmayacaq. Ancaq fərd olaraq arzu edən şəxslər seçki prosesində iştirak edə bilər. Bununla bağlı qadağa yoxdur. Fikrimcə, hərəkatda olan və seçkidə iştiraka maraqlı olan ona yaxın şəxs ortaya çıxa bilər. Hələlik mən, Vurğun Əyyub və təxmini bir neçə şəxs seçkilərdə iştirak edə biləcəyini qeyd edib. Ancaq konkret say demək mümkün deyil.

- Müsavat Partiyasının rəhbərliyi ADR Hərəkatını barəsində Ədliyyə Nazirliyinə şikayət yazdığı üçün tənqid, ittiham edir. Hansı səbəblərə görə, Müsavatdan Ədliyyə Nazirliyinə şikayət etmisiniz?
- Mən özüm fərd olaraq bu məsələlərdə iştirak etmirəm. Həmin müraciət və şikayətlə bağlı da geniş informasiyaya malik deyiləm. Ancaq şikayət etmək, münasibət bildirmək hər bir şəxsin hüququdur və mən şəxsən bu hüququ tanıyıram. Əlbəttə, insanları bu səviyyəyə gətirib çıxarmaq, onlara qarşı aşağılayıcı münasibət sərgiləmək qarşı tərəfdə də adekvat münasibət ifadə olunmasına səbəb olur. Bu da, hansısa nəticələrə gətirib çıxara bilər.

- Müsavat rəhbərliyi iddia edir ki, bu şikayət partiyanın qeydiyyatına problem yarada bilər...
- Partiyanı elə hala salıblar ki, onun qeydiyyatı o qədər də önəm kəsb etmir. Onun nüfuzunu bu qədər aşağı salınmasından sonra qeydiyyat nə məna kəsb edə bilər ki?

- ADR Hərəkatını məhz bu sifarişi yerinə yetirməkdə ittiham edirlər. Bu ittihama cavabınız nədir?
- Ümumiyyətlə, yarlıqlar yapışdırmaq Azərbaycan xalq hərəkatında da bir tendensiya halını almışdı. Əgər yadınıza gəlirsə, hərəkatın ilk illərindən kimdən xoşları gəlmirdisə, ona “KQB agenti” yarlığı yapışdırırdılar. Bu hələ indiyə qədər olan ətalət mühitində qalmaqda davam edir. Bunlar əslində boş-boş məsələlərdir. Əvvəla, ADR Hərəkatına toplaşan şəxslər Müsavatın keçmiş üzvləridir, vaxtilə rəhbərlikdə və seçkili orqanlarda fəaliyyət göstəriblər. Onların hansı səbəbdən partiyadan getdiyi və ya uzaqlaşdırıldığı ictimaiyyətə bəllidir. Üstəlik onların fəaliyyəti də göz önündədir. Bu ittihamlar absurd olmaqla yanaşı siyasi demoqogiyadan başqa bir şey deyil. Sanki belə ittihamlar sürməklə özlərinə bəraət qazandırmağa cəhd edirlər.

Nemət


Müəllif:

Oxşar xəbərlər