15 Sentyabr 2015 13:05
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu anti-Azərbaycan qüvvələrin içərisində anti-milli qüvvələr də var. Bu satqın, xəyanətkar, ”beşinci kolon"un funksiyasını yerinə yetirən anti-milli qüvvələr Azərbaycan haqqında yalançı dosyeləri onlara çatdırır və faktiki olaraq belə qətnamələrin ərsəyə gəlməsində fəal iştirak edirlər. Bu kolonun bir çox üzvləri ən müxtəlif cinayətlər törətdiklərinə görə, hazırda məhkəmə qərarları ilə həbsdədirlər. Görün, bunlar nə dərəcədə reallıq hisslərini itiriblər ki, yazırlar Leyla Yunus, Arif Yunus, Xədicə İsmayılova və digərləri qeyd-şərtsiz azadlığa buraxılmalıdır. Biz 30-40 il əvvəl belə məsələləri Moskva ilə müzakirə edəndə Moskvaya şükür edirdik".

Bunu Teleqraf.com-a müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik:

- Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycana qarşı qəbul etdiyi qətnaməni necə qiymətləndirirsiniz?
- Bu qətnamə Azərbaycana qarşı növbəti iftira və qərəzdən başqa bir şey deyil. Avropa Parlamenti hər zaman Azərbaycana qarşı özünün kəskin mövqeyi, qeyri-obyektivliyi ilə fərqlənib. 1988-ci ildə Azərbaycan ərazisi olan Dağlıq Qarabağda erməni separatizmi başlayanda Avropa Parlamenti “Ermənistan SSR-də vəziyyət haqqında” xüsusi qətnamə qəbul etdi. Həmin vaxt parlament üzvləri ciddi “müzakirə” apararaq bu qətnaməni qəbul ediblər. Qətnamədə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim olunurdu, eləcə də, azərbaycanlıların ermənilərə qarşı guya həyata keçirmiş olduğu diskriminasiya xüsusi ifadə edilirdi. Həmçinin SSRİ Ali Sovetinə təklif olunurdu ki, Dağlıq Qarabağın gələcək statusu müəyyən edilənə qədər bu ərazi Kremlin xüsusi idarəçiliyinə keçirilsin. Bu təkliflə çıxış edən Avropa Parlamenti 2015-ci ildə Azərbaycana qarşı kampaniyanı başqa müstəvidə davam etdirir. Yeri gəlmişkən, Avropa Parlamentinin 1988-ci ildə çıxardığı qətnamədə irəli sürdüyü tövsiyələri SSRİ rəhbərliyi nəzərə almışdı. Məhz bunun nəticəsi idi ki, 1989-cu ildə Dağlıq Qarabağda xüsusi idarəçilik sistemi yaratdı. Yəni, Avropa Parlamenti zaman-zaman Azərbaycana qarşı kampaniyanı davam etdirib. Daha doğrusu, artıq Avropa Parlamenti anti-Azərbaycan kampaniyasının mərkəzinə çevrilib. Onlar Azərbaycana qarşı iftira atmaqdan, böhtan yağdırmaqdan, qərəzli fikir söyləməkdən əsla utanmırlar. Təcrübə göstərir ki, Azərbaycanda ən müxtəlif ciddi tədbirlər və ya beynəlxalq konfranslar keçirilən ərəfədə bu cür qətnamələr qəbul edirlər.

- Məqsədləri nədir?
- Burada məqsəd Azərbaycanın artan nüfuzuna zərbə vurmaqdır. Baxın “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində məhz bu cür fəaliyyət olmuşdu. Bundan başqa, Avropa Oyunları ərəfəsində də Avropa Parlamentinin toplaşaraq qətnamə qəbul etdiyinin şahidi olduq. Xüsusilə, 2013-cü il prezident seçkiləri ərəfəsində də Avropa Parlamentinin belə qətnaməsi ortaya çıxdı. İndi isə qarşıdan parlament seçkiləri gəlir. Odur ki, bu ərəfədə belə bir qətnamənin verilməsi təsadüfi deyil. Avropa Parlamentinin erməni lobbisinin təsiri altında olan parlamentariləri, ayrı-ayrı siyasi qüvvələr hər zaman Azərbaycana qarşı anti-Azərbaycan mövqelərini ortaya qoyublar. Bu qətnamə də Avropa Parlamentinin Azərbaycana qarşı növbəti addımlarından biridir. Doğrudur, Azərbaycanın Avropa Parlamenti və Avropa İttifaqı qarşısında hər hansı bir öhdəliyi yoxdur. Sentyabrın 10-da qəbul etdikləri qətnamənin də Azərbaycanda hər hansı bir formada tətbiq olunmasının hüquqi əsası yoxdur. Sadəcə, bütün bunlar beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu aşağı salmaq, onun imicinə zərbə endirməyə hesablanan addımlardır. Biz bunu anlayırıq və bu kimi qətnamələrə də layiqli cavab veririk. Təsəvvür edin ki, Avropa Parlamentinin 1988-ci ildə qəbul etdiyi qətnamədə Sumqayıt hadisələri də qoyulmuşdu.

- Avropa Parlamenti 1988-ci ildən bu yana Azərbaycana qarşı belə qətnamələr qəbul edir. Sizcə, nəyə görə, bu davamlı prosesdir, Azərbaycanı niyə hədəfə alırlar?
- Bunun arxasında duran başlıca qüvvə erməni lobbisidir. Erməni diasporasının maliyyə imkanları ilə hərəkətə gətirilən, eyni zamanda, ermənilər vasitəsilə siyasi proseslərdə müdafiə edilən, habelə ayrı-ayrı dövlətlərdə yüksək vəzifələrə irəli çəkilən şəxslər bu kampaniyada əsas aparıcı qüvvədir. Başqa sözlə, erməni lobbisinin təsiri altında olan və onlardan maliyyələşən siyasətçilər, məmurlar Azərbaycana qarşı bu gün də, sabah da qərəzli kampaniyanı davam etdirəcək. Söhbət Azərbaycanın beynəlxalq aləmdə güclənən nüfuzuna zərbə endirməkdən gedir. Çünki bu, Ermənistanın müəyyən etdiyi strategiyanın tərkib hissəsidir və Ermənistanın dövlət maraqlarının içərisində xüsusi yer alır. Məsələnin birinci vacib səbəbi budur. İkincisi, bu gün Avropada bir anti-islam və anti-türk kampaniyası aparılır. Baxın, müsəlman ölkələrində hansı hadisələr baş verir. İstər Afrikanın şimalında, istərsə də Yaxın Şərqdəki durum olsun. Bir sıra dövlətlər çökdürülüb, ölkə daxili vətəndaş müharibələrinə cəlb edilib, xaotik vəziyyət yaradılıb. Ən qəribəsi budur ki, sadaladığım ərazilərdəki dövlətlərin hamısı müsəlman dövlətləridir. İndi bu layihəni Türkiyəyə tətbiq etmək istəyirlər. Bunun artıq işartıları özünü göstərir. Bu gün Türkiyə həm İraq Şam İslam Dövləti (İŞİD), həm də PKK ilə müharibəyə cəlb edilib. Yəni Türkiyəni terrorçu qurumlarla mübarizəyə cəlb ediblər. Avropa bu hadisəyə hansı münasibət bəsləyir? Faktiki olaraq Avropa PKK-nı azadlıq uğrunda mübarizə aparan təşkilat adlandırır, Türkiyəni müdafiə etmir. Ən müxtəlif vasitələrlə PKK-ya həm dövlət olaraq dəstək verir, həm maliyyə yardımı, həm də silah yardımı edir. Üçüncüsü, Azərbaycanın dayanıqlığı, yüksək sürətlə inkişafı, sabitliyi, artan beynəlxalq nüfuzu birmənalı olaraq anti-türk və anti-müsəlman olan bu qüvvələri qıcıqlandırır. Onlar bu gün Azərbaycanı da Liviya, İraq, Suriya və Əfqanıstan kimi xaos içində görmək istəyirlər. Onlar Azərbaycanın inkişafını heç bir halda görmək istəmirlər. Reallıq budur. Məhz bu amillər anti-Azərbaycan fəaliyyətini stimullaşdıran, müəyyənləşdirən və istiqamət verən başlıca cəhətlərdir.

- Onlara ölkə içində də dəstək olanlar var?
- Çox təəssüflər olsun ki, bu anti-Azərbaycan qüvvələrin içərisində anti-milli qüvvələr də var. Bu satqın, xəyanətkar, “beşinci kolon”un funksiyasını yerinə yetirən anti-milli qüvvələr Azərbaycan haqqında yalançı dosyeləri onlara çatdırır və faktiki olaraq belə qətnamələrin ərsəyə gəlməsində fəal iştirak edirlər. Bu kolonun bir çox üzvləri ən müxtəlif cinayətlər törətdiklərinə görə, hazırda məhkəmə qərarları ilə həbsdədirlər. Görün, bunlar nə dərəcədə reallıq hisslərini itiriblər ki, yazırlar Leyla Yunus, Arif Yunus, Xədicə İsmayılova və digərləri qeyd-şərtsiz azadlığa buraxılmalıdır. Biz 30-40 il əvvəl belə məsələləri Moskva ilə müzakirə edəndə Moskvaya şükür edirdik. Ona görə, şükür edirdik ki, Moskva heç olmasa, özünün müstəmləkə siyasətini abır-həya ilə müəyyənləşdirirdi. Bunlar artıq abır-həya hisslərini itiriblər və Azərbaycanın hüquq mühafizə orqanlarını təzyiq, təhdid edirlər. Buna görə də, Azərbaycan cəmiyyəti bütün bunların fərqində olmalıdır. Bir millət olaraq dövlətimizin ətrafında olmalı, dövlətçiliyimizin qoruyub saxlanmasında iradəmizi ortaya qoymalıyıq. Dövlətlə, Prezidentlə Azərbaycan xalqının vəhdəti daima ortada olmalıdır ki, bu cür qətnamələrin heç bir əhəmiyyəti olmasın.

- Avropa Parlamentinin məlum qətnaməsinin təsiri nədən ibarət olacaq?
- Hər hansı bir təsiri olmayacaq. Azərbaycan Avropa Parlamentinin qarşısında hər hansı bir öhdəlik götürməyib. Azərbaycan parlamenti də toplaşaraq məlum qətnaməni müzakirə edib və ona lazımi cavabı verib. Azərbaycan öz yolu ilə gedib və bundan sonra da gedəcək.

- Azərbaycan Avropa Parlamenti ilə münasibətlərini bundan sonra necə qurmalıdır?
- Bir sıra həmkarlarımın dediyi kimi, biz Avropa Parlamenti, eləcə də, bir sıra Avropa təşkilatları ilə münasibətlərə yenidən baxmalıyıq.

- Yəni, münasibətləri dayandırmalıyıq?
- Avropa Parlamentinin bir qurama təşkilatı var-Avronest Parlament Assambleyası. Bu qurumdan tamamilə çıxmaq lazımdır. Milli Məclisin artıq bununla bağlı müvafiq qərarı var. İkincisi, Azərbaycanın Avropa ittifaqı ilə müəyyən layihələri var. Bu layihələr dayandırılmalı, onlar danışıqlara cəlb edilməli, Azərbaycanın şərtləri ortaya qoyulmalıdır. Avropa Parlamentində əyləşən deputatlar kosmosdan gəlməyiblər. Onlar Avropanın ayrı-ayrı ölkələrindən seçilən deputatlardır. Hər halda onlar özlərinin şəxsi maraqlarından daha çox öz dövlətlərinin maraqlarını nəzərə almalıdırlar. Azərbaycan bu şərti Avropa İttifaqının, onun müvafiq komitələrinin qarşısında qoymalıdır. Bununla bərabər mən, əlbəttə, Azərbaycanın Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığının tərəfdarlarından biriyəm. İki tərəfli əməkdaşlıqda biz ciddi tələb kimi öz ölkələrindən seçilən deputatların bəlli çıxışlarına həmin dövlətlərin reaksiyasını öyrənməliyik. Yəni, bir dövlət olaraq onlar da öz ölkələrindən seçilən deputatların fikirlərini qiymətləndirməlidir. Biz də bilək görək, bu deputatların arxasında təkcə erməni lobbisi dayanır, yoxsa onların təmsil etdikləri dövlət də dayanır. Azərbaycan dövləti bunu da bilməlidir.

- Gəlin bir qədər məsələyə başqa istiqamətdən yanaşaq. Avropa Parlamentinin bu qətnaməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesində Azərbaycanın mövqelərinin zəiflədilməsində təsiri ola bilərmi?
- Əslində, buna hədəflənən addımdır. Avropa Parlamentində, Avropadakı digər qurumlarda, ayrı-ayrı çevrələrdə ciddi yer tutan, ABŞ dövlət katibi səviyyəsində müdafiə olunan erməni mövqeyi nə qədər şişirdilsə də, Azərbaycandan üstün mövqeyə çıxma perspektivi mövcud deyil. Biz birmənalı şəkildə bu üstünlüyümüzü qoruyub saxlayacağıq və bir qədər də üst qatlara keçəcəyik. Buna qətiyyən şübhəm yoxdur. Azərbaycanı izləyən hər bir ciddi müşahidəçi də bu qənaətdədir. Mənə elə gəlir ki, biz müharibənin başlamasına gecikməli deyilik. Azərbaycanın suverenliyi, nüfuzu və gücü Ermənistana qarşı qalibiyyətli müharibədən keçir.

- Təcrübə göstərir ki, Avropa qurumları sinxron şəkildə fəaliyyətdə olur. Avropa Parlamentinin məlum qətnaməsindən sonra daha hansı strukturlar analoji mövqelər sərgiləyə bilər?
- İlk növbədə bu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda hökmən öz ifadəsini tapacaq. İstisna etmirəm ki, Avropa Şurasında da bu özünü göstərsin. Müxtəlif formalarda bu proses davam edə bilər. Məncə, son zamanlar Azərbaycanın işğalçı Ermənistana qarşı güc nümayiş etdirməsi, erməni təxribatlarının qarşısının qətiyyətlə alınması, Azərbaycanın bir neçə gün əvvəl başlatdığı hərbi təlimləri də Ermənistanı və erməniləri müdafiə edən dairələri narahat edir. Bu narahatlıq da özünü 10 sentyabrda qəbul edilən qərəzli qətnamədə ifadə edir.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər