“Obama ilə Putinin görüşü səmərəli olmadı. Qarşıdurma şəraitində keçdi. Putin mətbuat konfransında bildirdi ki, o, Ukrayna, eləcə də Suriya məsələsində ABŞ-ı günahkar görür. Yəni, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Elə buna görə də Putinin Baş Məclisdəki çıxışından dərhal sonra Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı qərar qəbul etdi. Bununla da Putin NATO-ya göstərmək istədi ki, o, bundan sonra güc mövqeyindən diplomatik siyasət həyata keçirəcək və lazım gələrsə, NATO ilə konfrontasiyaya gedəcək”.
Bunu qəzetimizə müsahibəsində politoloq Qabil Hüseynli deyib. Müsahibəni təqdim edirik.
- BMT Baş Assambleyasının növbəti sessiyasını, aparılan müzakirələri nə cür qiymətləndirirsiniz?
- BMT Baş Assambleyasının budəfəki sessiyası yubiley sessiyasıdır. BMT-nin yaranmasının 70 illiyinə həsr edilib. Bu səbəbdən sessiyada dünyanın BMT-yə üzv olan 201 dövlətindən böyük əksəriyyətinin birinci simaları, yəni prezidentləri iştirak edirdi. Sessiya hələ davam edəcək, amma sessiyanın gündəliyinə dünyanı maraqlandıran çox ciddi məsələlər daxil edilib. Əvvəla, dünyada yaranmış gərgin atmosferi BMT Baş Assambleyası müzakirə edəcək. Bu məsələyə dair beynəlxalq birliyin aparıcı üzvləri öz baxışlarını bəyan etdilər. Məsələn, ABŞ Prezidenti Barak Obama geniş bir nitqlə, hətta reqlamentlə ona ayrılmış nitqdən üç dəfə çox olan bir nitqlə çıxış etdi. Rusiya Prezidenti Vladimir Putin, Türkiyənin Baş naziri Əhməd Davudoğlu, İngiltərənin Baş naziri Devid Kemeron çıxış etdi. Yəni, əksər dövlətlərin başçıları artıq öz fikirlərini bəyan ediblər. Əsas məsələ dünyada artan gərginliyin qarşısının alınması, dövlətlərin dinc, yanaşı yaşamasının bərqərar edilməsidir. Bundan sonra daha çox ekoloji böhranlara diqqət yetiriləcək. Çünki hazırda dünyanı təhdid edən böhranlardan biri də ekoloji problemlərdir. Dünyada istiliyin səviyyəsinin durmadan artması, eləcə də ərzaq böhranının da müzakirə edilməsi gündəlikdə durur. Çünki bu gün dünya əhalisinin 1 milyarddan çoxu aclıq çəkir. Yəni, doyunca yeyə bilmir və bu problem Afrika ölkələrində daha kəskin məsələ kimi qarşıda durur. Bu problem bəzi Asiya ölkələrində də var. Əhali sürətlə artır, amma buna adekvat olaraq dünyanın ərzaq ehtiyatlarını artırmaq olmur. Bu məsələlər də müzakirə ediləcək. Yəni, sessiya bütövlükdə həm BMT-nin müzakirə etdiyi məsələlər baxımından, həm də orada dünya başçılarının iştirakı baxımından çox prinsipial əhəmiyyətə malikdir. Zənnimcə, qəbul edilmiş qərarlar dünyada əmin-amanlığın qorunmasına, sülhün möhkəmləndirilməsinə bir sıra münaqişə ocaqlarının söndürülməsinə və bir sözlə, dünyada dinc yanaşı yaşamaq siyasətinin həyata keçirilməsinə müəyyən qədər təsir edəcək.
- Bu sessiya həm də BMT-nin dünyadakı nüfuzu, onun regional və qlobal məsələlərin həllində oynadığı rol məsələsini də gündəmə gətirib. BMT-nin yarandığı dövrlə indiki vəziyyətini müqayisə etsək, bu ən böyük universal təşkilatın nüfuzunun aşağı düşdüyünü söyləyə bilərikmi?
- Bildiyiniz kimi, BMT 1945-ci ildə yaranıb. BMT yarandığı ilk vaxtlarda dünyada sülhün qorunması işinə önəmli töhfələr verib. BMT yarandığı vaxtdan onun iki əsas qolu - Təhlükəsizlik Şurası və Baş Assambleyasının işini ciddi qurulmasına çalışılıb və bu orqanlar sülhün və əmin-amanlığın qorunmasına müəyyən töhfələr verib. Amma indi bir çox dövlətlər belə hesab edirlər ki, BMT-nin strukturu dəyişən dünyanın gerçəkliklərinə uyğun gəlmir. Ona görə də BMT-nin strukturunun təkmilləşdirilməsinə ciddi ehtiyac var. Məsələn, Almaniya, Yaponiya və Braziliya BMT-nin strukturunun dəyişdirilməsi, xüsusən də Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və Təhlükəsizlik Şurasının qərarlarına hörmət edilməsi barədə layihə hazırlayaraq qəbul edilməsi üçün Baş Assambleyanın sessiyasının müzakirəsinə təqdim ediblər. Onların fikrincə, cəmi 5 dövlətin Təhlükəsizlik Şurasının daimi üzvü olması və onların BMT-də qəbul edilən qərarlara veto qoymaq səlahiyyətinin olması təşkilatın səmərəli fəaliyyətinə mane olur. Ona görə də bu ölkələr əvvəla, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin say tərkibini 15-ə çatdırmağı, eyni zamanda veto hüququnun aradan qaldırılması və sadə səs çoxluğunun tətbiq edilməsini təklif edirlər. Bu məsələlər də BMT Baş Assambleyasının 70-ci sessiyasında müzakirə ediləcək və əgər qəbul edilərsə, demək, BMT-nin strukturunun təkmilləşdirilməsinə başlanılacaq. Bundan başqa BMT qərarlarına nəzarət orqanı kimi xüsusi bir orqanın yaradılması təklifi də irəli sürülür. Eyni zamanda, BMT-nin “Mavi dəbilqəlilər” adlanan xüsusi silahlı qüvvələrinin sayının artırılması da müzakirə ediləcək. Çünki “Mavi dəbilqəlilər” münaqişə rayonlarına göndərilən əsas silahlı qüvvələrdir, amma onların sayının azlığı ucbatından bütün münaqişə bölgələrinə BMT-nin silahlı qüvvələrini göndərmək mümkün olmur. Başqa bir problem isə BMT-nin büdcəsi məsələsidir. Çünki bu büdcə BMT-yə üzv olan ölkələr tərəfindən ödənilməlidir. Məsələn, hər bir ölkəyə əhalisinin sayına görə kvota müəyyənləşdirilib. Amma elə ölkələr var ki, illərdir BMT büdcəsinə olan borcunu ödəyə bilmir və bu səbəbdən BMT büdcəsinin təxminən 60 faizdən çoxunu ABŞ ödəyir. Hətta, Rusiyanın özü də BMT büdcəsinə olan borcunu gecikdirir və vaxtlı-vaxtında ödəyə bilmir. Bu məsələ də gündəlikdə dayanır və ümumiyyətlə, dünya dövlətlərinin fikri belədir ki, dünyada dövlətlər arasında münasibətlərin qorunub saxlanılmasına xidmət edən bir beynəlxalq təşkilat kimi BMT-nin daha aktiv və dinamik rolunu təmin etmək üçün onun struktur islahatlara böyük ehtiyacı var və yəqin ki, bu istiqamətdə praktiki addımlar atılacaq.
- BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirildi. Çox maraqlıdır ki, bu görüşdən dərhal sonra Vladimir Putin Federasiya Şurasına ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı müraciət edib. Biz yaxın günlərdə Suriya ilə bağlı hansı hadisələrin şahidi ola bilərik?
- Obama ilə Putinin görüşü səmərəli olmadı. Qarşıdurma şəraitində keçdi. Putin mətbuat konfransında bildirdi ki, o, Ukrayna, eləcə də Suriya məsələsində ABŞ-ı günahkar görür. Yəni, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Elə buna görə də Putinin Baş Məclisdəki çıxışından dərhal sonra Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı qərar qəbul etdi. Bununla da Putin NATO-ya göstərmək istədi ki, o, bundan sonra güc mövqeyindən diplomatik siyasət həyata keçirəcək və lazım gələrsə, NATO ilə konfrontasiyaya gedəcək. Suriya məsələsi çox ciddi məsələdir. Burada ABŞ başda olmaqla 26 dövlətin iştirakı ilə anti-İŞİD koalisiyası formalaşdırılıb. Nəticədə Bəşər Əsədin hakimiyyətdən getməsi və keçid hökumətinin yaradılması nəzərdə tutulub. Amma Putin BMT-dəki çıxışında birmənalı surətdə bildirdi ki, onun ölkəsi Bəşər Əsədi axıradək qoruyacaq və Suriyaya qoşun yeridilməsinin məqsədi də mövcud rejimi qorumaqdan ibarətdir. Bütün bunlar İŞİD probleminin, Yaxın Şərqdəki avtoritar sistemlərə münasibətdə fərqli mövqelərin mövcud olduğunu göstərir və açıq surətdə konfrontasiyaya, hərbi qarşıdurmaya çağırışdır. Mən inanmıram ki, Rusiya bu cür zehniyyətlə, bu cür ideologiya ilə dünyadakı mövqelərini qoruyub saxlaya bilsin. Xüsusilə də, Suriya hadisələrində öz mövqeyini hakim mövqe kimi başqa dövlətlərə qəbul etdirə bilsin. Məncə, Rusiya Suriyada böyük bir bataqlığa düşüb. Vaxtilə Sovet İttifaqı Əfqanıstanda necə çətin duruma düşmüşdüsə, Rusiya da Suriyada bu cür çətin duruma düşəcək və bu, Rusiyanın öz içərisində gedən proseslərə, ola bilsin, dağılma prosesinə, yaxud mərkəzdənqaçma meyillərinə ciddi stimul verəcək.
- Son vaxtlar Ermənistan-Azərbaycan qoşunların təmas xəttində gərginlik müşahidə olunur. Prezident İlham Əliyev də dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edərkən, Ermənistanın Azərbaycanı təxribata çəkdiyini bildirib. Erməni tərəfinin bu təxribatlarda məqsədi nədir?
- Təmas xəttindəki gərginliyin birinci səbəbi Sərkisyan rejiminin laxlamasıdır. Ermənistanda bir-birini ardınca əhalinin mitinqləri keçirilir və “Sərkisyan hakimiyyətdən get” şüarı ilə keçirilən mitinqlər hər gün sıralarını genişləndirir. Sərkisyan həm hakimiyyətini qorumaq, həm də əhalinin diqqətini özündən yayındırmaq üçün cəbhədə atəşkəs rejimini pozur və qoşunlarımızın mövqelərinə, mülki əhaliyə atəş açmaq barədə əmr verir. Bütün bunlar onu göstərir ki, Sərkisyan rejimi həm bir tərəfdən Dağlıq Qarabağla bağlı sərsəm bəyanatlar verməklə əhalinin rəğbətini özünə qaytarmaq istəyir, həm də Azərbaycanı bir növ qorxutmaq, çəkindirmək istəyir. Amma bizim ordumuz kifayət qədər güclüdür, düşmənin bütün təxribatlarına layiqli cavab verir. Sərkisyanın bu təxribatlarının arxasında bir də Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşması dayanır.
- Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararsı Forumu başlayıb. Rusiya ilə Azərbaycan arasında son illərdə əməkdaşlığın genişlənməsini nə cür qiymətləndirirsiniz?
- Rusiya yaxın qonşumuzdur. Rusiyanın bəzi siyasətçiləri, bəzi siyasi addımları ilə razılaşmamaq olar. Tutaq ki, yaddaşımızda Dağlıq Qarabağ məsələsinin problemə çevrilməsində Rusiyanın rolu barədə o qədər də xoş olmayan xatirələr var. Amma bütün bunlara baxmayaraq, Rusiya bizim yaxın qonşumuzdur, həm də böyük bir dövlətdir. Orada bizim 2 milyondan çox soydaşımız yaşayır. Bu dövlətlə normal münasibətlərin olması, belə deyək, lazımi xarakter daşıyır. Hesab edirəm ki, sözügedən forumun keçirilməsi zəruridir. Azərbaycan-Rusiya münasibətlərinin, xüsusilə ticarət və iqtisadi əlaqələrlə bağlı münasibətlərin inkişaf etdirilməsi çox vacibdir. Bütün sahələrdə əməkdaşlıq Rusiya-Azərbaycan münasibətlərinin üstün surətlə inkişaf etdiyini göstərir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Dağlıq Qarabağ probleminin həllinə də töhfə verə, bütövlükdə hər iki ölkənin iqtisadiyyatı üçün yaxşı perspektivlər aça bilər.
Səxavət Həmid