“Novorossiyski limanından Suriyaya qoşunların, eyni zamanda ağır texnikanın göndərilməsi məhz Suriyaya girişi qanuniləşdirdi. Bunun üçün də Rusiya Təhlükəsizlik Şurasından icazə almalı idi və onu deyim ki, bu qurum tərəfindən artıq razılıq qərarı verilib. Bu icazələr əvvəllər də olub. Yadınızdadırsa, 2014-cü ilin mart ayında Donbas və Doneskt ərazisinə qoşun çıxarmaq üçün Putin təklif irəli sürmüşdü və onun bu təklifi Rusiya Təhlükəsizlik Şurasından keçmişdi. Bir sözlə, Rusiyanın Suriyada olmasına baxmayaraq, dünya ictimaiyyətinin gözündə aqressor olmamaq üçün rəsmi Moskva öz addımlarını leqallaşdırmalı idi”.
Bunu qəzetimizə müsahibəsində politoloq Arzu Nağıyev bildirib. Müsahibəni təqdim edirik.
- Arzu müəllim, BMT-nin 70-ci yubiley sessiyası nə ilə yadda qaldı?
- BMT-nin bu sessiyası bir çox məqamlarla yadda qaldı. Əsas məqamlardan biri iki super dövlət olan ABŞ və Rusiya prezidentlərinin hansı məramla sessiyada iştirak etməsi və onların hansı məsələlərdə razılığa gəlmələri ilə bağlı məlumat əldə etmək idi. Ümumiyyətlə isə Rusiya və ABŞ arasında əsas konfliktin nədən yarandığı və bunun necə çözüləcəyini izləmək oldu. Bunun da başında Ukrayna, Krım və gözlədiyimiz Dağlıq Qarabağ və digər məsələlər gəldi. Bir sözlə, BMT-nin bu sessiyası bəzi məqamları ilə yadda qalan oldu.
- Obama və Putinin sessiya çərçivəsində görüşünü necə qiymətləndirərdiniz? Çünki bununla bağlı birmənalı fikir yoxdur.
- Rusiya prezidenti Putinlə ABŞ dövlət başçısı Obamanın görüşü haqqında geniş kütləyə o qədər də açıqlama verilmədi. Ancaq müəyyən versiyalara söykənib bir çox nəticələr çıxarmaq olar. Belə ki, Con Kerrinin verdiyi müsahibə və prezidentlərin özlərini necə aparmaları ilə müəyyən nəticələr hasil olur. Məsələn, mənim çıxardığım nəticəyə görə, hər iki dövlət Ukrayna krizisini həll edə bilər. O cümlədən Rusiya və Amerika arasında Ukrayna ilə bağlı Minskdəki görüşün davamı olaraq, bu gün (B.M- dünən) planlaşdırılıb ki, Olland, Merkel, Putin və Poroşenkonun görüşü keçirilsin. Digər tərəfdən 3 ay ərzində, yəni ilin sonuna qədər Minsk görüşünün davamı olaraq Ukraynada atəşkəs davam etdirilsin. Bütövlükdə, Ukrayna ilə bağlı məsələlərdə qeyd etdiyim istəklərə diqqət yönəldildi. Ancaq ayrılıqda Ukraynadan qoşunların çıxarılması, Rusiya ilə sərhədlərin açılması və ya bağlanması və digər bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılmayıb.
- Əsas fikirlər Suriya ilə bağlı idi?
- Bəli, ikinci ən vacib məsələ kimi Suriya böhranı diqqət mərkəzində olub. Obama və Putinin ortaq məxrəcə gəldiyi məsələlərdən biri məhz budur. Orada belə razılığa gəliblər ki, Suriya bir dövlət kimi qalmalıdır. Kimin iqtidarda olmasından asılı olmayaraq, istər Əsəd, istərsə hansısa qurumu hakimiyyətə gətirməklə Suriyanı bir dövlət kimi saxlamaqla bağlı qərar qəbul edilib. Eyni zamanda İŞİD-ə qarşı birgə mübarizə aparmaq istiqamətində müəyyən bir konsepsiya əldə etməklə bağlı fikirlər olub. Bundan başqa Suriyadakı silahlı qüvvələr və qoşun hissələri varsa, onu idarə etmək üçün müvafiq bir koordinasiya mərkəzi yaratmaq məsələsi də olub. O cümlədən İŞİD məsələsində Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin birbaşa iştirakı, yəni, sünni-şiə məzhəbi məsələsinə görə danışıqların olduğu ehtimal edilir. İŞİD-ə qarşı koalisiya məsələsi də əsas müzakirə mövzularından olub. Lakin bunlara baxmayaraq, Əsədin taleyi məsələsində razılığa gələ bilmədilər. Çünki bu gün Rusiya BMT Təhlükəsizlik Şurasının üzvüdür və dəfələrlə bu məsələ ortaya çıxanda məlum olur ki, Rusiya ilə İran Əsədi hər zaman dəstəkləyir. Buna baxmayaraq, hətta Amerika da düşünür ki, Bəşər Əsəd region üçün çox böyük təhlükədir. Hesab edirəm ki, bu sahədə hər hansı razılığa gəlinməyib. Xüsusilə, koalisiya yaranacağı təqdirdə İranın, İraqın, Suriyanın, hətta Hizbullahın bura daxil olub-olmaması məsələləri də bağlı qaldı və sona qədər həll edilmədi.
- Rusiyanın İŞİD-ə aviazərbələr endirməsi ilə Suriyaya girməsini leqallaşdırdımı?
- Suriya ərazisində Sovet dövründən indiyədək hərbi baza olub. Bunları leqallaşdırmaq və dünya ictimaiyyətinə birtərəfli cavab vermək, xarici dövlətlərin ərazisində hərbi əməliyyatlar keçirməyi qanuniləşdimək baxımından Rusiya bu addımı atdı. Rusiyanın bundan əvvəl də orada mütəxəssislərdən, dəniz piyadalarından və s. ibarət hərbi qüvvələri var idi. Lakin Novorossiyski limanından Suriyaya qoşunların, eyni zamanda ağır texnikanın göndərilməsi məhz Suriyaya girişi qanuniləşdirdi. Bunun üçün də Rusiya Təhlükəsizlik Şurasından icazə almalı idi və onu deyim ki, bu qurum tərəfindən artıq razılıq qərarı verilib. Bu icazələr əvvəllər də olub. Yadınızdadırsa, 2014-cü ilin mart ayında Donbas və Doneskt ərazisinə qoşun çıxarmaq üçün Putin təklif irəli sürmüşdü və onun bu təklifi Rusiya Təhlükəsizlik Şurasından keçmişdi. Bir sözlə, Rusiyanın Suriyada olmasına baxmayaraq, dünya ictimaiyyətinin gözündə aqressor olmamaq üçün rəsmi Moskva öz addımlarını leqallaşdırmalı idi.
- Belə olan halda Türkiyənin bu məsələdə mövqeyi necə olacaq?
- Yaxın günlərdə Moskvada məscidin açılışında Türkiyə prezidenti Ərdoğan iştirak elədi. Təbii ki, Suriya, Bəşər Əsəd məsələsi ilə bağlı Putinlə müzakirələr aparılıb. Türkiyə birtərəfli surətdə Əl-Nusra cəbhəsi və digər qüvvələrlə əlbir, ümumiyyətlə, Bəşər Əsəd rejiminin əleyhinə olan bir dövlət kimi tanınır. Türkiyənin bu gün İŞİD və PKK-ya qarşı apardığı mübarizənin sonunun belə nəticələnəcəyinə, bəlkə də, heç özü inanmırdı. Çünki dünənə qədər Türkiyə regionda öz sözünü deyən bir dövlət idisə, bu gün artıq bu missiyanı digər dövlətlərə həvalə etməyə başlayıb. Eyni zamanda nüvə proqramı ilə bağlı Amerikanın İranla yaxınlaşması da Türkiyəyə xoş olmayan bir məsələdir. Digər bir maraqlı məqam isə Rusiyanın Yaxın Şərq regionuna, konkret olaraq Suriyaya qoşun çıxarmasıdır. Bunun özü belə Türkiyənin lehinə işləməyən bir məsələdir. Qeyd edim ki, bu məsələnin sonu kürd problemi ilə bağlana və eyni zamanda Türkiyə əleyhinə olan qüvvələrin birləşməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, bu gün İŞİD terror qruplaşmasına qarşı mübarizə adı ilə Rusiyanın regiona yeritdiyi qoşunlar heç də Türkiyənin xeyrinə deyil.
- Cəbhə xəttində hər gün gərgin vəziyyətin olmasına baxmayaraq, nədənsə BMT-də Dağlıq Qarabağ probleminə dondurulmuş münaqişə kimi yanaşıldı...
- Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi və Ukrayna, Krım, o cümlədən Suriyada baş verən hadisələr gündəmdə olan məsələlər sırasındadır. ABŞ prezidenti Obama və Rusiya dövlət başçısı Putinin görüşü zamanı əsasən Ukrayna və Suriya məsələləri müzakirə mövzusu oldu. Mənə elə gəlir ki, ATƏT-in Minsk qrupuna Dağlıq Qarabağ münaqişəsinin həlli tam həvalə edildiyi üçün, Avropa, Amerikanın yanaşması baxımından Qarabağ münaqişəsinin Ukrayna və Suriya kimi təhdid olmadığına görə ikinci plana keçirdilər. O cümlədən onların çalışdığı əsas o idi ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı məhz ATƏT-i təmsil edən dövlətlərin, konkret desək, Fransanın, Rusiyanın mövqeyini bilsinlər. Bu gün Ukraynaya diqqət əsas ona görədir ki, bu ölkə Avropaya bir pəncərədir. Sabah Ukraynada baş verən proseslər Avropada təkrarlana bilər. Eyni zamanda Rusiya heç bir zaman imkan verməyəcək ki, NATO qoşunları Ukraynaya qədər irəliləsin və onu vursun. Məhz bu istiqamət daha gərgin istiqamət sayılır. Bundan başqa Suriyada daha çətin problemlər yaşanır. Ümumiyyətlə, burada baş verənlər Yaxın və Orta Şərqin hər bir ölkəsinə təhdid daşıyan bir problemdir. Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupu tərəfindən ortaya qoyulan Madrid prinsipləri əsasında başa çatdırmaq mümkündür. Rusiyanın ermənilərin havadarı rolunda çıxış eləməsi Dağlıq Qarabağ məsələsinin BMT-də yenidən qabartmağa imkan vermədi. Lakin buna baxmayaraq, Fransa prezidenti Olland öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və həlli ilə bağlı müəyyən məsələlərə toxundu. Türkiyənin baş naziri Əhməd Davudoğlu öz çıxışında bu məsələyə toxundu və Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə çatdırdı. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu məsələyə yenidən qayıtdı. Hətta ABŞ prezidenti Obama Sarkisyana məsələnin qanun çərçivəsində həll olunması ilə bağlı replika da səsləndirdi. Yəni, BMT-nin sonuncu sessiyasında Dağlıq Qarabağ məsələsinə çox böyük diqqətlə yanaşılmasa da, ancaq münaqişə ilə bağlı müəyyən məsələlər dilə gətirildi.
Bəxtiyar Məmmədli