7 Oktyabr 2015 15:52
5 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mətbuatda Zamin Hacı kimi yazan yoxdur”

Teleqraf.com Sevinc Telmanqızı ilə müsahibəni təqdim edir.

- Sevinc xanım, neçənci ildən mətbuatdasınız?

- 1999-ci ildən...

- “Yeni Müsavat”a qədər hardasa işləmisinizmi?

-“Yeni Müsavat” qəzetinə gələnə qədər “525-ci qəzet”, “Reytinq” və “7 gün” qəzetlərində işləmişəm. 2001-ci ildə çalışdığım “7 gün” qəzeti bağlandı və yolum “Yeni Müsavat”a düşdü.

- Yolunuz birdən-birə necə oldu ki, Rauf Arifoğlunun qəzetinə gəlib çıxdı? Bunun bir tarixçəsi varmı? Adətən, hər jurnalistin Rauf bəylə bağlı bir hekayəsi olur.

- Əslində, mənim bu qəzetə gəliş hekayəm də çox maraqlıdır. Rauf Arifoğlu birinci dəfə həbs olunub, azadlığa çıxandan sonra ondan bir müsahibə götürmüşdüm. “7 gün” qəzeti üçün.

- Aha...

- Zəhər-zəqqum suallar, olduqca ağır söhbət... Təsəvvür belə edə bilməzsiz.

- Neçə yaşınız olardı onda?

- 20-cə yaşım vardı və indiki bəzi gənclər kimi özümüzü hamıdan haqlı, güclü və ağıllı bilirdik. Rauf bəy səbrlə suallarımı cavabladı, müsahibə bitdi və dedi ki, mən sizin redaktorunuz olsam, bu müsahibəni uğursuz hesab edərdim. Çünki söhbət başlayan kimi hücum taktikası seçdiz və müsahibinizi də artıq silahlandırmış olduz. Amma çox maraqlıdır ki, elə həmin söhbətin sonunda da “Yeni Müsavat”da işləməyi təklif etdi.

- Rauf Arifoğlunun təklifini eşidən kimi “Yeni Müsavat”a keçməyə razı oldunuz, yoxsa?

- Yox, o zaman iş yerim vardı deyə qəbul etmədim. Həm də o vaxt Rauf Arifoğlu ilə işləmək fikri məni qorxudurdu.

- Niyə?

- Zəhmi ağır idi. (gülür) Amma “7 gün” bağlanan kimi ilk iş təklifini də Rauf bəydən aldım. Dedi, gəlsin, məndən aldığı müsahibələr kimi müsahibələr alsın. Bu qəzetə yolum belə düşdü və o gün bu gündür ki, burdayam.

- Bəs sizə jurnalistikanı kim öyrədib? Bu sahədə ustadınız kim olub?

- Mən ixtisasca jurnalist deyiləm, filologiya fakültəsinin məzunuyam. Jurnalistikanı da çalışdığım dövrdə redaktorlarımdan, özümdən daha təcrübəli jurnalist həmkarlarımdan öyrənmişəm. Və hələ də öyrənməyə davam edirəm. Həmkarlarımın yazılarını, araşdırma və reportajlarını, müsahibələrini bir şagird marağı, həvəsi ilə oxuyuram hər gün. Heç vaxt da “mən bu işi bilirəm” yekəbaşlığını etmədim, etmərəm də.

- Yadınızda qalan elə bir yazınız, ya reportajınız, araşdırmanız, müsahibəniz... varmı ki, ondan sonra özünüzə ürəklə peşəkar deyə bildiniz?

- Məni tanıyanlar bilir, heç vaxt özümlə bağlı gurultulu sözlər deməmişəm. Barəmdə deyiləndə də utanmışam, dərhal o tərifi təkzib etmək üçün arqumentlər uydurmağa başlamışam. Amma jurnalistikada özüm-özümü çox sınaqdan keçirmişəm. Özümü, qələmimi, əzmimi, səbrimi...

- Deyirsiniz, özümü çox sınaqdan keçirmişəm. Bəs o sınaqlardan yadınızda qalanı varmı, mümkünsə, birini dansın.

- Mənimçün son olaraq ən məsuliyyətli dönəm eks deputat Gülər Əhmədovanın məlum videosu yayılan ərəfələr idi. Mövzu ilk gündən mənə verildi və onu hərtərəfli araşdırmaq da öhdəmə düşdü. O cür intriqa, korrupsiya, qalmaqal.... dolu bir mövzudan üzüağ çıxa bildim. Bir gün məhkəmədə olurdum, o biri gün hadisə iştirakçılarından birinin evində, o biri gün araşdırma üçün Türkiyədə. Həmin mövzuda çoxlu sayda maraqlı tərəf vardı və onlardan heç biri mövzu davam etdiyi müddətcə məndən tam razı qalmadı. Əslindəsə işin düsturu budur – o cür çoxbucaqlı məsələlərdə tərəflərdən birini razı saldınsa, deməli, sən də tərəfə çevrilirsən. Yox, hamıya eyni dərəcədə tribuna verdinsə, demək ki, düz yoldasan.

- Bəzən deyirlər ki, yaxşı jurnalist bir az da həyasız olmalıdır. Sizcə, “həyasız” sözü burada hansı anlamda işlənir?

- Baxır kim “həyasız” sözünün altında nə başa düşür. Jurnalistika barədə anlayışı olmayan evdar qadına elə gələ bilər ki, sənin hansısa siyasətçiyə bir neçə dəfə zəng vurub, israrla müsahibə istəməyin, ya da açıqlama almaq üçün bir dövlət məmurunu maşınına qədər təqib etmən həyasızlıqdır. Amma peşəkarlar bilir ki, bu, sadəcə, informasiya axtarışında edilən cəhddir. Sən o siyasətçiyə və ya məmura şəxsi işinlə bağlı sürəkli zəng edib, israr etsən...

- Bu artıq həyasızlıqdır...

-Bəli, bunun adı həyasızlıqdır və utancverici bir şeydir.

- Ancaq mənə elə gəlir, peşə müstəvisində “həyasızlıq” sözünün bir az yaxşı çaları da var. Yəni hansı yolla olur-olsun, işinin öhdəsindən gəlirsən. Bəs görəsən, peşəndə həyasız olmaq yaxşı bir şeydirmi?

- İnformasiya almağa doğru gedən bəzi yollar mübahdır. İsrarla üzsüzlük arasında bir incə sərhəd var. Hesab edək ki, birisindən dəhşətli dərəcədə müsahibə almaq istəyirsən. Onu suallarınla “tərlətmək”, oxucunu, ictimaiyyəti maraqlandıran mətləbləri işıqlandırmaq üçün zəng edirsən, müsahibə istəyinə “yox” cavabı verilsə də, müəyyən fasilələrlə israrlarında davam edirsən. Tərəddüd edən, bu müsahibənin ona ziyan verəcəyini düşünən müsahibi razı salmaq üçün ağlını işə salırsan, arqumentlər səsləndirirsən, psixoloji gedişlər edirsən... Təbii ki, qürurunu unutmadan – aşırı dozada xahiş, az qala yalvarışa keçən israr həddində yox. Eyni əzmkarlıq reportajlar, araşdırmalar üçün də keçərlidir.

- Məncə, yaxşı jurnalistin dili də şirin olmalıdır, ilan yuvasından çıxaran dil.

- Bizim redaksiyada məşhur bir zarafat var. Demək müsahibə janrında uğur qazanmış, çətin danışan müsahibləri razı salan jurnalistlər barədə belə deyirlər: “onun işi tütək çalıb, torbadan ilan çıxarmağa bənzəyir. Müsahibi elə qəşəng tovlayır ki, adam bir də görür ki, bir səhifəlik müsahibənin “dizini qatlayıb”. Bir neçə il əvvəl “danışmaram” deyib dirənən bir müsahibim vardı. Dedim, narahat olmayın, qorxulu heç nə yoxdur, adi suallardır. Adam danışdı, danışdı, danışdı... Və bir də müsahibənin sonunda fərqinə vardı ki, danışmaq istəmədiyi hər şeyi açıb töküb. Dedi, məni hipnoz elədiniz. Özünü də, məni də buna inandırdı. (gülür)

- Müsahibə götürdüyünüz adamları özünüz seçirsiniz, yoxsa daha çox işlədiyiniz yerdən deyirlər?

- Hər ikisi. Redaksiyanın gündəlik planlaşdırmasında verilən müsahibə tapşırıqları olur. Özüm də zaman-zaman baş redaktora müsahibə təklifləri verirəm. Elə bir məhdudiyyət yoxdur.

- Sizə müsahibə verməkdən imtina eləyən olanda növbəti dəfə neçə dəfə cəhd edirsiniz? Ümumiyyətlə, bu cəhdlərin sayı adətən, neçə olmalıdır?

- Bayaq da dedim. Mən müsahibə üçün edilən cəhdləri jurnalistika adına müqəddəs hesab edirəm.(gülür) Ondan da heç vaxt incimərəm, qüruruma da toxunmaz. Jurnalistin işi müsahibə istəmək və müsahibi müsahibə verməyə razı salmaqdır. Bu, həkimin xəstəni müalicə etməsi qədər təbiidir. Cəhdlərin sayına gəlincə, saymamışam düzü və elə dəmir qaydalarım da yoxdur ki, filan saydan sonra israr etmək olar, ya olmaz. Müsahib aktuallığını, marağını qoruduğu müddət ərzində israr etmək olar.

- Məncə, çox cəhd eləmək də yaxşı deyil.

- O jurnalistə qoçaq deyirəm ki, cəhdlərinin sayı maksimum 3-ü keçməsin.

- Mən də jurnalist işləyirəm, ancaq aldığım hər müsahibə nədənsə, yaxşı olmur. Siz necə bilirsiniz, müsahibənin maraqlı olması üçün jurnalistdən asılı olan şeylər nələrdir? Yoxsa bu, ancaq müsahibdən asılıdır?

- Özünüzlə bağlı təvazökarlıq edirsiz, məncə. Çünki şəxsən mən sizin müsahibələrinizi, köşələrinizi oxuyuram və bu barədə sizin şəxsi poçtunuza da təşəkkür məktubu yazmışam.

- Hə, yadımdadır, çox sağ olun...

- Bu, belə... Amma müsahibənin maraqlı olması hər iki tərəfin əhvalından, dalğalarının tutmasından da asılıdır. Bundan başqa, müsahibəyə getmədən öncə ciddi hazırlaşmaq lazımdır. Bir az pafoslu desək, müsahibə bir növ müharibəni xatırladır. Gərək “silahların” güclü olsun. Müsahib sənin onun haqqında heç nə bilmədiyini duysa, sənə yalan da danışa bilər, qeyri-səmimilik də edər və sair. Və bir də müsahibə beyin gimnastikasını xatırladır. Müsahibə zamanı daim oyaq olmalısan, heç bir fikri, etirafı qaçırmaq olmaz. Çünki ilk baxışda çox önəmsiz görünən bir replikanın altında ciddi mətləblər, böyük, sensasion həqiqətlər yata bilər.

- Sizdə nə vaxtsa elə hisslər olubmu deyəsiniz, filankəs kimdir ki, mən ona zəng edəm, müsahibə alam?

- Əsla, nə danışırsız? Onu düşündüyün anda jurnalist qələmini yerə qoymalısan... Mən hörmət etmədiyim, şəxsi həyatda salam belə verməyə tənəzzül etməyəcəyim o qədər adamdan müsahibə götürmüşəm ki... Onların şəxsiyyəti mənim üçün çox arxa plandadır. Bəzi adamlar mənimçün ancaq ikiayaqlı informasiya daşıyıcıları, informasiya mənbələridir. Hər şeyi o qədər ürəyimə yaxın buraxsam, bu işi görmək çətin olar mənim üçün.

- Bəs yazılarınızın çox, ya az oxunması sizin üçün əhəmiyyətlidirmi?

- Statistika da önəmli göstəricidir, amma hər şey deyil. Nəzərə alanda ki, bu ölkədə Elza Seyidcahanla İlhamə Quliyevanın davası xəbərini 10 minə yaxın adam oxuyur, statistikanı o qədər də ciddiyə alıb, həyəcanlanmağa ehtiyac yoxdur. Keyfiyyəti peşəkarlar müəyyənləşdirir.

- Sevinc xanım, məşğul olduğunuz işdən yorulduğunuz vaxtlar çoxmu olur?

- Yazdıqlarının daşa dəyib, özünə qayıtdığını, qeyri-peşəkarların ortada meydan suladığını görəndə təbii ki, mənən yorulursan. Amma fiziki yorğunluq hər gün olur. Ev, uşaq, məişət qayğıları və üstəgəl, yaxşı yazmaq öhdəliyi... Səhər 7-nin yarısından başlanan bu qaçaqaç mənə marafonu xatırladır. Ta ki, finişə çatana qədər..

- Belə bir qayda var ki, jurnalist müsahibə zamanı mövqe nümayiş etdirməməlidir. Ancaq sizin bəzi müsahibələrinizdə məncə, mövqeyiniz açıq-aydın hiss olunur.

- Məsələn, hansı müsahibəmi nəzərdə tutursunuz? Birini deyin.

- Yadınızdadırsa, Xalq yazıçısı Anarla söhbətinizdə belə bir şey vardı.

- Kontr arqumentlə mövqe bildirmək tamam fərqli şeylərdir. Məsələn, sən müsahibinə opponentlik etməlisən və söhbət ancaq bu halda dinamik, maraqlı olar. Yoxsa ki, sən ona limitsiz tribuna ver, o da monoloq söyləsin. Bu kimə maraqlıdır? Müsahibənin enerjili olması, beyin fırtınasına çevrilməsinin bir yolu da bu cür sərt suallardadır. Yeri gələndə onun nitqinə mədəni şəkildə müdaxilə də edəcəksən, hirslənəcəyini bilsən belə, iynəli sualını da verəcəksən. Anarla bağlı hansı müsahibəni deyirsiz, düzü, xatırlamadım. Ondan o qədər müsahibə almışam ki, sayını belə unutmuşam. (gülür)

- Görəsən, jurnalistlər üçün tikilən binada ev sahibi olmaq ürəyinizdən keçibmi, yaxud keçirmi?

- Xeyr, keçməyib və keçmir. Nə ürəyimdən, nə də beynimdən.

- Niyə?

- Bayaq haqqında danışdığımız həyasızlıq məsələsi o vaxt olar ki, mən bunu arzulayım.

- Sevinc xanım, son vaxtlar mətbuatda sizi təsirləndirən hansı yazını deyə bilərsiniz?

- Son dövrlərdə ən çox təsirləndiyim yazılar Rauf bəyin “Məmməd Aslana 26 il gecikmiş təşəkkür yerinə” və “Hacı Qalib Məkkədə niyə ölmədi...” köşələri oldu. Baş redaktorumuzdu deyə yazılar haqda xüsusi danışmaq etik olmaz, amma onu deyim ki, hər ikisi publisistika janrında usta işi idi. Bir də Şərif Ağayarın “Şəkil” hekayəsi məni çox sarsıtdı.

- Bəs hansı köşə yazarlarını daim maraqla izləyirsiniz?

- Mən artıq klassikaya çevrilmiş köşə yazarlarını və bəzi işıqlı, gənc yazarları diqqətlə izləyirəm. “Mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında” tipli köşələri bir qayda olaraq oxumuram, məncə, oxucu da artıq onlardan yorulub.

- Kimləri oxuduğunuzla bağlı bəlkə, konkret adlar çəkəsiniz. Olarmı?

- Şahvələd Çobanoğlunun orijinal köşələrini çox bəyənirəm, az qala hər cümləsi bir köşə dəyərində olan yazıları çoxdur bəyin. Günel Mövludun yazısını harda görsəm, oxuyuram, mövzulara orijinal yanaşması olur.

- Bəs sonra?

- Samir Sarı, Zamin Hacı, Seymur Baycan, Elnur Astanbəyli artıq klassikaya çevrilib.

- Zamin Hacıda dayanaq. Sizcə, Zamin bəy köşə yazarı kimi daha ustadı, yoxsa ailə başçısı kimi?

- Məncə, hər iki sahədə ustadı. Heç birinə haqsızlıq etmək istəmirəm.

- Maraqlıdır, Zamin bəyin sevdiyi adamları siz də sevirsiniz, sevmədiyi adamları siz də sevmirsiniz... Ailədə belə bir xüsusiyyət varmı?

- Əsla. Belə bir şey olsa, həyat çox boz olardı.

- Fikirlər var ki, Zamin Hacı əvvəllər daha yaxşı yazırdı, ancaq o qədər yazdı, yazdı, yazdı, yazmadığı mövzu qalmadı. Daha o, öz köşələrini əvvəlki istedadla, əvvəlki enerji ilə yaza bilmir. Tükənib deyə yazıları daha çox yola verir...

- Ooo, çox qəddarlıq elədiz. (gülür)

- Bu fikirlərlə razı deyilsiniz?

- Təbii ki, razı deyiləm. Ümumiyyətlə, yazmadığı mövzu qalmadı yanaşması yanlışdır.

- Niyə ki?

- Azərbaycan kimi ölkədə mövzu tükənə bilərmi, sizcə? Digər tərəfdən, Zamin Hacının yazıları hər zaman məlumatla, dəqiq analizlə və ən əsası faktlarla zəngin olur. Öldürücü yumoru da öz yerində. Səviyyəni, plankanı heç vaxt aşağı salmır. Məncə, mətbuatda onun kimi yaza bilən yoxdur.

- Bəs çağdaş yazıçılarımızdan sizin üçün yaxşılar kimlərdi? Hansılarının kitablarını oxumusunuz, yaxud oxumaq istəyirsiniz?

- Təəssüf edirəm ki, bu məsələdə o qədər də geniş fikir sahibi deyiləm. Çünki hazırda mütaliə mənim ən yaralı yerimdir, vaxt azlığı imkan vermir ki, müasir yazarlarımızın kitablarını izləyə bilim.

- Belə. Sevinc xanım, uşaqlarınızın da jurnalist olmasını istəyirsinizmi?

- Uşaqların peşəsi ilə bağlı xüsusi arzum yoxdur. Əsas odur ki, hansı sahəni seçirlərsə seçsinlər, işlərinin ustası, professional olsunlar. Biz də baxıb onlarla qürur duyaq. Çünki bu ölkədə ciddi şəkildə professional çatışmazlığı var. Əksəriyyət işini başdansovdu, qeyri-peşəkar şəkildə görür və bunun altını hamımız, həyatın müxtəlif sahələrində çəkirik.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər