“Rusiya Suriyanın qanuni prezidentinin dəvəti ilə təyyarələrini gətirdi və müxalifəti bombalamağa başladı. Eyni zamanda ABŞ başda olmaqla 60 ölkənin bombaladığı İŞİD-i də bombalayır. Bu məqamda Qərb başlayır əsəbiləşməyə və hər yerdə yayır ki, Rusiya dinc insanları bombalayır. Guya bunların aylardır bombaladığı adamların hamısı terrorçulardır. Vəziyyət bundan ibarətdir. İndi ABŞ görür ki, Rusiya bir oyunçu kimi Yaxın Şərqə qayıdır. Buna qədər Yaxın Şərqdə yeganə oyunçu ABŞ idi. Amma hazırda Rusiya bu məkana yenidən qayıdır, İranla müttəfiqlik edir, Suriya və İraqla yaxınlaşır, Misirlə əvvəlki münasibətlərini bərpa etməyə çalışır”.
Bunu qəzetimizə müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Suriya ətrafında vəziyyət bir qədər də gərginləşib, artıq Rusiya da İŞİD-ə qarşı hava hücumuna start verib. Son durumu necə şərh edərsiniz?
- Son 5 ildə Yaxın Şərqdə baş verənlərə nəzər salsaq, görərik ki, Qərbin fəal iştirakı ilə ərəb dövlətləri ardıcıl şəkildə dağılır. İraq, Liviya üç hissəyə parçalanıb, Yəmən, Sudan da eyni aqibətlə üzləşib. Ən sonda isə Suriyanı bölmək istədilər. Bəhanə də o idi ki, Bəşər Əsəd diktatordur, xalqı əzir, insan hüquqlarını tanımır. Halbuki ki, həmin bölgədə Bəşər Əsəddən də pis diktatorlar var və onlar Qərbin əsas müttəfiqləridir. Onlar güman edirdilər ki, digər ərəb dövlətlərində olduğu kimi Suriyada da Əsədi asanlıqla devirəcəklər. Ancaq bəlli oldu ki, Əsədin dayaqları kifayət qədər möhkəmdir, ictimai bazası var, ordusu qiyamçılara qarşı vuruşmağa hazırdır. Artıq 4 ildir ki, Suriyada vətəndaş müharibəsi gedir, ölkə xaraba qalıb. Müxalifətin gücü Əsədi devirməyə çatmır. Qərb müxalifətə silah-sursat versə də, təlim keçsə də, Əsədi devirmək mümkün olmur. Arada da böyük pullar xərclənir. Bu da, şübhəsiz ki, Qərbi qəzəbləndirir. Çünki ola bilsin ki, Qərbin planı Əsəddən sonra başqa bir ərəb-müsəlman ölkəsində qarışıqlıq yaratmaq idi. Suriya isə onların qarşısında qala kimi dayanıb. Üstəlik artıq təbliğat müharibəsi də keçərli deyil. On minlərlə insan qaçqın hala salınandan sonra Qərb hansı insan haqlarını bəhanə gətirib deyə bilər ki, bu məqamlara görə Suriya məsələsinə müdaxilə etmişdik? Həm də, bəlli olur ki, Əsədə qarşı vuruşan Suriya müxalifətinin əsas hissəsi radikal islamçılardır və onlar, ümumiyyətlə, insan haqlarını tanımırlar. Əllərində imkan olsa, şəriət qaydalarını tətbiq edərək Suriyanı VII əsrə qaytararlar.
- Belə bir situasiyada gözlənilmədən Rusiya hadisələrə müdaxilə etdi...
- Bəli, üstəlik hüquqi baxımdan tam qüsursuz formada qarışdı. Suriyanın qanuni prezidentinin dəvəti ilə təyyarələrini gətirdi və müxalifəti bombalamağa başladı. Eyni zamanda ABŞ başda olmaqla 60 ölkənin bombaladığı İŞİD-i də bombalayır. Bu məqamda Qərb başlayır əsəbiləşməyə və hər yerdə yayır ki, Rusiya dinc insanları bombalayır. Guya bunların aylardır bombaladığı adamların hamısı terrorçulardır. Vəziyyət bundan ibarətdir. İndi ABŞ görür ki, Rusiya bir oyunçu kimi Yaxın Şərqə qayıdır. Buna qədər Yaxın Şərqdə yeganə oyunçu ABŞ idi. Amma hazırda Rusiya bu məkana yenidən qayıdır, İranla müttəfiqlik edir, Suriya və İraqla yaxınlaşır, Misirlə əvvəlki münasibətlərini bərpa etməyə çalışır. Əlbəttə, bu, Amerikanın xoşuna gəlmir. Odur ki, indi diplomatik qarşıdurma gedir. Açıq deməliyik ki, Qərbin yürütdüyü siyasət təməlindən yanlış idi. Onların siyasəti tam xalqa söykənmirdi. Eləcə də, avtoritarlara qarşı mübarizə bəhanəsi saxta idi, heç kəs buna inanmırdı. Hazırda ərəb coğrafiyasında ABŞ-ın nüfuzu çox aşağı səviyyədədir. Təbii ki, Rusiyanın geniş və uzunmüddətli müdaxiləsi üçün maliyyə imkanları yoxdur. ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən bir neçə dəfə çoxdur. Təbii ki, qüvvələr nisbəti fərqlidir. Amma unutmaq olmaz ki, hərb meydanında hər şeyi büdcənin böyüklüyü həll etmir. Həm də tərəflərin qətiyyəti, cəsarəti və döyüş qabiliyyəti həll edir. İndilikdə Rusiyanın hava hücumları sübut edir ki, səmərəli əməliyyatlar apara bilirlər.
- Suriya ətrafında proseslər 4 ildən çoxdur davam edir. Nədən Rusiya məhz bu mərhələdə proseslərə birbaşa müdaxilə etmək qərarını verdi?
- Rusiya bu dövr ərzində bəzi səhvlərə yol verdi. Ukrayna hadisələri Qərb hakim zümrəsinin və Kiyev hakimiyyətinin səhvi idi. Rusiya səhv edib Ukraynaya girdi, Krımı ilhaq etdi, Donetski və Luqanski separatçılarını dəstəklədi. Əvəzində Qərbdən sanksiyalara məruz qaldı. Bu da Rusiya iqtisadiyyatına ciddi zərbə oldu. Sanksiyaların sonu bir halda götürülə bilər-Rusiya Krımdan imtina etsin. Bu da Rusiya üçün mümkünsüzdür. İndi Rusiya dirənib, deyir ki, Krımı qaytarmayacam, üstəlik Ukraynanın federallaşması baş verəcək, Kiyev Donetski və Luqanskinin nazı ilə oynayacaq və heç vaxt NATO-ya daxil olmayacaq. Qərb də deyir ki, sanksiyaları nəinki saxlayacağıq, hələ artıracağıq. Şübhəsiz ki, Qərbin bu siyasəti də ağlabatan deyil. Kubaya qarşı bu sanksiyalar 50 il qüvvədə qaldı. Nə oldu? Sanksiyalar ola bilsin ki, əhaliyə təsir edir, amma hakim zümrə üçün bunun əhəmiyyəti olmur. Rusiya da təcrid siyasətindən çıxmaq üçün əks addımlara keçdi. Özünün dünya miqyaslı oyunçu olduğunu göstərmək üçün Suriyaya girdi, İrana S-300 raket kompleksi satmaq qərarını verdi. Biz hələ görəcəyik ki, Rusiya neçə əməliyyatla sübut edəcək ki, zəif dövlət deyil, dünya işlərinə qarışa bilir. Elə situasiya yarana bilər ki, Qərb Rusiya ilə əməkdaşlığa gedər. Rusiya deyir ki, biz yalvarmırıq, siz özünüz bizimlə əməkdaşlığa getməyə məcbursunuz. Təsəvvür edin ki, müttəfiq koalisiya İŞİD-ə qarşı 9 min hava zərbəsi endirib. Bunun da təsiri zəifdir. Amma Rusiya bir neçə yüz zərbə ilə göstərdi ki, bu məsələdə daha səmərəlidir. Mesaj verir ki, İŞİD-ə qalib gəlmək istəyirsinizsə, bizimlə əməkdaşlıq edin. ABŞ isə söz tapa bilmir və deyir ki, siz Əsədə dəstək verməsəniz, əməkdaşlığa gedərik. Necə yəni dəstək verməsəniz? Bəşər Əsəd Rusiyanın Suriyaya daxil olmasının əsas zəmanətidir. Rusiya öz müttəfiqini devirib ABŞ-a hədiyyə etməz ki. Odur ki, indi siyasi və hərbi qarşıdurma yaranıb. Bir tərəfdən də İraq hökuməti deyir ki, əgər rus aviasiyası səmərəli olsa, Moskvaya təklif edəcəklər ki, öz ərazisindəki İŞİD qüvvələrini də bombalasın.
- Ancaq Rusiyanın son addımları Ankara-Moskva münasibətlərini də gərginləşdirir...
- Türkiyə Rusiya üçün nə dərəcədə əhəmiyyətlidir? Bəli, mühüm ticarət əlaqələri var. Amma Rusiya üçün Türkiyə əhəmiyyətli olduğu qədər Türkiyə üçün Rusiya da əhəmiyyətlidir. Bu iki ölkə arasında münasibətlərin kəsilməsi hər iki tərəf üçün ziyanlıdır. Cənab Ərdoğan elan edib ki, Rusiya qazından imtina edə bilər. Bu, sanki “bələdçinin acığına qatara bilet alacağam, amma mənzil başına piyada gedəcəyəm” fikrinə oxşayır. Rusiya qazından imtina Ankaraya heç nə vermir. Əksinə, rus qazı imkan verirdi ki, Ankara ucuz qaz almaq üçün Azərbaycana, İrana desin ki, qiyməti aşağı sal. Digər tərəfdən, Türkiyə hərbi baxımdan Rusiya üçün təhlükə deyil. Eyni zamanda, indi Rusiyanın bu addımları qarşısında Türkiyənin strateji, coğrafi, siyasi, hərbi əhəmiyyəti artır. SSRİ dağıldıqdan sonra Qərb üçün Türkiyənin geosiyasi əhəmiyyəti azalmışdı. İndi Rusiya-Qərb qarşıdurması fonunda Türkiyənin geosiyasi və hərbi əhəmiyyəti artır. Məhz bu səbəbdən NATO “canıyanan” kimi deyir ki, Türkiyəni müdafiə etməyə hazırdır. Amma Rusiya da Türkiyəyə təhlükə deyil. Sadəcə, Türkiyə Suriyanın daxili işlərinə qarışmaqla çox şey itirdi. Türkiyə Suriya ilə ticarətdən və əlaqələrdən 10 milyardlarla pul qazanırdı. Suriya ilə sərhədlərdə əmin-amanlıq mövcud idi. İndi sərhəd dəlixana olub, qaçqınlar bu tərəfə keçir. Sirr deyil ki, Türkiyə İŞİD-ə qarşı mülayim mövqe ortaya qoyurdu. Amma indi Türkiyə məcbur oldu ki, İŞİD-i vursun.
- Fakt odur ki, Rusiya qırıcıları Türkiyənin hava məkanını pozur. Sizcə, bu təsadüfidir, yoxsa bilərəkdən edilir?
- Əslində, müharibədən, hərbi texnikadan başı çıxmayan insanlar hesab edirlər ki, rus qırıcısının Türkiyə hava məkanını pozması böyük təhqirdir, müdaxilədir. Qırıcı təyyarə göyə qalxanda sürəti bəzən saatda min kilometr olur. Təyyarə havada dönəndə Türkiyənin hava məkanına daxil olub. Üstəlik, Türkiyə ərazisini bombalamayıb, kəşfiyyat məqsədilə əməliyyat aparmayıb. Bu, bir təsadüfdür. Bunu Ankara da, Moskva da bilir. Sadəcə, indi Türkiyə bu məsələni qabardaraq deyir ki, hava məkanımı pozmusan, təhlükəsizliyimə müdaxilə olub. Əslində isə hər bir dövlətin təhlükəsizliyi orada aparılan səmərəli siyasətdən asılıdır. İndi bu səmərəsiz siyasətin nəticəsində Türkiyədə silahlar danışmağa başlayıb, terror hadisələri olur, insanlar güllələrin qurbanı olur. Rusiya təyyarəsinin hava məkanını pozması təhlükəsizliyə təhlükə yaratmır. Məncə, Türkiyə bu məsələdə səs-küy yaratmaq əvəzinə elan edərdi ki, belə bir hadisə olub və ümid edirlər ki, bir daha bu kimi hal baş verməyəcək. Bu, daha ağayana mövqe olardı. Yoxsa, səs-küy qopartmaq ki, hava məkanıma rus təyyarəsi girib, bunun nəticəsi də yoxdur. Həm də, Türkiyənin özü hazırda Suriya və İraq ərazisində bombardman həyata keçirir və buna görə ona heç kəs söz demir.
- Hazırda Rusiya kanallarında Əfqanıstana da müdaxilə edilə biləcəyinə dair fikirlər səslənir. Sizcə, Rusiya Əfqanıstanda da hərbi əməliyyatlar keçirə bilərmi?
- Rusiya Əfqanıstana girməyəcək. 1979-cu ildə Əfqanıstana müdaxilə edib və öz dərsini alıb. Əfqanıstanda Qərb siyasətinin nəticəsində ifrat radikallar güclənib, mütəşəkkil qüvvəyə çevriliblər. Üstəlik, Taliban Əfqanıstanın müəyyən hissəsinə nəzarət edir. Hesab edirəm ki, bütün bunları qəsdən ediblər. Əfqanıstanın kitabı bağlandı, burada 100 ildir müharibə gedir. Əfqanıstanın sakitliyi dövrü Zahir şah dönəmində idi. Səfehlik edib şahı devirdilər. İndi də qeyri-müəyyən durum içərisindədirlər. Əfqanıstan artıq vətəndaş müharibəsi içindədir, xarici dövlətlərin cıdır meydanıdır. Rusiyanın yenidən Əfqanıstana girməsi inandırıcı deyil. Bu haqda son zamanlar müəyyən fikirlər səslənsə də, inandırıcı görünmür.
Nemət