17 Mart 2016 12:12
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu Novruzda İranda 1395-ci il başlayacaq”

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin Teleqraf.com-a müsahibəsi:

- Regionda Azərbaycan-İran-Rusiya münasibətlərində yaxınlaşma müşahidə edilir, iqtisadi sahədə addımların atılması gözlənilir. Bu durumu necə qiymətləndirirsiniz?

- İran, Azərbaycan və Rusiya iqtisadi əlaqələrinin güclənməsi məsələsində üç ölkənin xarici siyasətinin istiqamətlərinə, iqtisadi potensial və tələbatlarına diqqət etmək və nəticə çıxarmaq vacibdir. Bu amilləri nəzərdən keçirdikdə onların arasında böyük fərqlər görünür. Ona görə də, davamlı və ətraflı inkişaf məsələsində gələcəkdə hansısa addımlar atıla bilər. Qənaətimcə, hər üç ölkənin tələbatlarına diqqət etdikdə davamlı inkişafın necə baş verəcəyi bir qədər çətin məsələdir. Hər halda zaman özü bunu göstərəcək. Şübhəsiz ki, bəzi durumlardan qaynaqlanan səbəblərə görə, müəyyən istiqamətlərdə əməkdaşlıq olacaq. Lakin zənn etmirəm ki, bu, uzunmüddətli və strateji əlaqələr halına gələcək. Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Azərbaycan münasibətləri, Azərbaycan-Qərb münasibətləri və enerji faktoru, habelə Rusiyanın İranla münasibətlərində inam və etimadın zəif olması sözügedən ikitərəfli və üçtərəfli iqtisadi əlaqələrin perspektivinin parlaq olmasına kölgə salır.

- Rusiya Suriyadakı hərbi hissə və texnikasının müəyyən hissəsini çıxarmaq haqda qərar verib. Bu İranda necə qarşılanır? İddia olunur ki, Rusiyanın Suriyada İranla müttəfiqlik etməsi İsrailin xoşuna gəlmirdi və səbəblərdən də biri də budur...

- Rusiyanın Suriyadan bəzi hərbi qüvvəsini çıxarmasını İran rəsmiləri Suriyada 5 ildir davam edən müharibədən sonra sülhün əldə edilməsinə müsbət təsir göstərəcəyini vurğulayıblar. Ancaq nəzərdən qaçırmamaq lazımdır ki, bu məsələ Suriya prezidenti Bəşər Əsədin mövqeyinin zəifləməsinə səbəb ola bilər. Halbuki, Rusiya Bəşər Əsədi dəstəkləyirdi. Bu məsələ Suriya böhranının həllinə aid müzakirələrin gedişatı zamanı çoxlu suallar ortaya çıxarırdı. Rusiya hava qüvvələrinin və digər ordu birləşmələrinin Suriyada fəaliyyət göstərməsinə təkcə İsrail deyil, Türkiyə, Səudiyyə Ərəbistanı, əksər müsəlman ölkələri qarşı idi. Qərbdə bəzi şirkətlər bundan razı idi. Təbii ki, Rusiya bu səbəblərdən və iqtisadi durumunun zəifləməsi ucbatından uzun müddət Suriyada qala bilməyəcəkdi. Rusiya ona görə Suriyaya daxil oldu ki, Ukrayna hadisələrindən qaynaqlanan problemləri, özəlliklə sanksiyalar bu ölkənin iqtisadi, texniki və daxili durumuna ziyan vururdu. Qənaətimcə, prezident Putin ABŞ prezidenti Barak Obama ilə alış-veriş etmək məqsədilə Suriyada hərbi iştirakına qərar vermişdi. Məncə, indi Rusiya hərbi hissələrinin Suriyadan çıxarılması, əslində, pərdə arxasında bu alış-verişin baş tutmasından xəbər verir.

- Türkiyədə baş verən terror hadisələrinin təşkilatçısı qismində PKK-nın adı hallanır. İran PKK və PYD-ni terror təşkilatı olaraq qəbul edibmi?

- Şübhəsiz ki, İran bu terror hadisələrini və hərəkətlərini pisləməlidir. Hazırda bu hadisələr İran tərəfindən pislənilib. Türkiyədə kürd problem ancaq siyasi yolla həllini tapmalıdır. Nə terror, nə hərbi qüvvələr bu böhranı yoluna qoya bilər.Əksinə, bu, problemi bir qədər də mürəkkəbləşdirər. Odur ki, burada siyasi yollara baş vurulmalıdır.

- İranda Novruz Bayramı necə qarşılanır?

- İran tarixi ənənələrinə sadiq qalan ölkədir. Bu mənada Novruz Bayramı İranda böyük təntənə ilə qeyd edilir. Xüsusilə ,evlərdə bu coşğu yaradır. Novruz Bayramında İranda həm də il dəyişir. Bu Novruzda hicri-şəmsi təqvimi ilə rəsmən 1395-ci il başlayacaq. Novruz Bayramı münasibəti ilə orta məktəblər və universitetlərdə iki həftəlik tətil elan olunacaq. Dövlət təşkilatlarında isə təxminən bir həftə tətil olacaq. Əhalinin bir hissəsi bu tətillərdə daxili səfərlərə çıxır. Çox az bir qism isə xarici səyahətə gedir. Bayramın birinci günü insanlar bayram görüşləri üçün bir-birinin evinə gedir, təbriklərini çatdırır, bayramlaşırlar. Bir qism insan isə belə əlamətdar gündə xəstəxanalara, yetim evlərinə baş çəkirlər. İlin topu atılan zaman hər ailə bir süfrə arxasında evində əyləşirlər.

Nemət


Müəllif:

Oxşar xəbərlər