Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Nüvə Təhlükəsizliyi Sammitinin keçirilməsinə münasibətiniz nə cürdür?
– Nüvə təhlükəsizliyi qlobal əhəmiyyət kəsb edən bir problemdir. Ona görə də bütün dünya dövlətlərinin rəhbərlərini ciddi maraqlandıran məsələdir. Xüsusilə, son zamanlar beynəlxalq terror təşkilatlarının nüvə silahı əldə etmək istiqamətində səyləri, cəhdləri artmaqdadır. Kəşfiyyat məlumatları bunu açıq şəkildə göstərir. Xüsusən, İranın nüvə proqramı ilə bağlı razılaşma əldə edildikdən sonra Şimali Koreyanın uzaq mənzilli raket uçuşları həyata keçirdiyi, hətta nüvə silahı ilə ABŞ-ı təhdid etdiyi, İŞİD-in, Əl-Qaidə-nin kütləvi qırğın silahları əldə etməyə çalışdığı bir zamanda nüvə təhlükəsizliyi, təbii ki, aktual bir məsələdir. Nüvə təhlükəsizliyi təkcə nüvə silahına və texnologiyasına sahib olan ölkələri deyil, eyni zamanda bütün dövlətləri maraqlandırır. Çünki dövlətlərin demək olar, mütləq əksəriyyətində bu və ya başqa şəkildə bu materiallar var. Bildiyiniz kimi, bu materiallar təkcə silah sənayesində deyil, eyni zamanda bir çox sahələrdə dinc məqsədlərlə də istifadə olunur. Ona görə də nüvə materiallarının və texnologiyalarının, hətta alimlərinin qorunması çox ciddi müzakirə mövzusudur.
Digər tərəfdən sammit dövlət və hökumət başçılarının görüşməsi, ikitərəfli məsələləri müzakirə etmək üçün də bir fürsətdir. Bu baxımdan sammitin siyasi-diplomatik əhəmiyyəti də var.
– Bundan öncə üç sammit keçirilib. Belə bir sual yaranır; bu sammitlərin keçirilmə zərurəti nədən yaranıb?
– Sammitin keçirilmə zərurəti kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq zərurətindən yaranıb. Bilirsiniz ki, nüvə silahı adından da göründüyü kimi dünyanın ən qorxulu, kütləvi qırğına səbəb ola biləcək bir silah növüdür. Dünyanın bir çox dövlətləri, eyni zamanda qeyri-dövlət qurumları bu silahı əldə etməyə çalışırlar. Nüvə silahına sahib olan dövlətlər və bir sıra neytral dövlətlər bu silahın yayılmasına qarşıdırlar. Ona görə də bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsi, nüvə təhlükəsizliyi sahəsində əlavə tədbirlərin görülməsi, nüvə silahının yayılmasının qarşısının alınması, eyni zamanda bu sahədə təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi baxımından təbii ki, yüksək qiymətləndirilməlidir. Bu məsələyə də ABŞ kimi dövlətin liderlik etməsi təbii ki, müsbət haldır.
– Sammitə Azərbaycanın da dəvət olunmasını necə qiymətləndirirsiniz?
– Azərbaycanın sammitdə yüksək səviyyədə və aktiv iştirak etməsi müsbət haldır. Çünki ölkəmizdə də nüvə materialları var. Eyni zamanda 2014-cü ildə Azərbaycanda nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb, bunun üçün beynəlxalq razılıqlar alınıb. Artıq nüvə təhlükəsizliyi məsələsi Azərbaycan üçün də aktual məsələdir. Digər tərəfdən Azərbaycan üzərindən nüvə materiallarının tranzit yollarla qaçırılması halları, buna cəhdlər olub. Bu baxımdan həm nüvə təhlükəsizliyi, həm də nüvə terrorizminin önlənməsi baxımından Azərbaycanın bu məsələdə aktiv iştirak etməsi, beynəlxalq əməkdaşlığa qoşulması lazımdır.
– Ötən üç sammit nüvə təhlükəsizliyinin təmin olunması sahəsində nə kimi rol oynayıb?
– Diqqət yetirirsinizsə, son dövrlərdə artıq demək olar, heç bir dövlətə nüvə silahı əldə etməyə imkan verilmir. Nüvə silahlarının səviyyəsinin, sayının azaldılmasına çalışılır. Amma son illərdə Qərblə Rusiya arasında gərginliyin yaranmasından sonra bu sahədə bir durğunluq yaranıb. Mənə elə gəlir ki, bu sahədə yeni cəhdlərə ehtiyac var. Çünki dünyada çoxlu sayda kütləvi qırğın silahı, o cümlədən nüvə silahı toplanıb. Bu da çox təhlükəlidir. Bu təhlükə səviyyəsini aşağı salmağa böyük ehtiyac var. Yüksək səviyyəli bu cür tədbirlərin həll etməyə çalışdığı başlıca problemlərdən biri məhz mövcud nüvə silahlarının səviyyəsinin azaldılması, yəni ixtisarıdır. Nüvə başlıqlarının, həmçinin onları daşıya biləcək vasitələrin ixtisarı bu gün də aktualdır. Əvvəldə qeyd etdiyim kimi ən aktual məsələ isə artıq beynəlxalq terror təşkilatlarının bu silahı əldə etməyə cəhd göstərməsidir və bu da çox təhlükəli bir haldır.
– Bu təhlükə nə dərəcədə realdır?
– Təhlükənin reallıq səviyyəsini qiymətləndirmək üçün gərək bütün kəşfiyyat məlumatları əldə olsun. Həmin kəşfiyyat məlumatlarının qiymətləndirilməsi nəticəsində fikir söyləmək mümkündür. Amma mənim əlimdə belə məlumatlar yoxdur, ona görə də ancaq dünyanın aparıcı ölkələrinin kəşfiyyat xidmətləri, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu təhlükənin səviyyəsini daha dəqiq müəyyən edə bilər. Amma mətbuata sızan informasiyalardan bəlli olur ki, beynəlxalq terror təşkilatlarının həm nüvə materiallarını, həm bu sahədə çalışan alimləri, həm də nüvə texnologiyasını əldə etməyə cəhd göstərmələrinə dair artıq ciddi kəşfiyyat məlumatları var. Yəni, artıq bununla bağlı təsdiqlənmiş məlumatlar var. Bunun özü də ciddi siqnaldır.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, nüvə materialları heç də bütün ölkələrdə lazımı, tələb olunan səviyyədə qorunmur. Ona görə də bu materialların, texnologiyaların və bu sahədə çalışan alimlərin ələ keçirilməsi nəzəri cəhətdən mümkündür.
– Burda iki məqam var. Nüvə materiallarını terrorçuların əlinə keçməkdən qorumaq və təbii fəlakətlər zamanı, o cümlədən texnogen qəzalardan Atom Elektirik Stansiyalarının zərər çəkməməsini təmin etmək. Birinci məqamla bağlı fikirlərinizi bildirdiniz. Bəs, yeni bir Çernobıl faciəsinin, yaxud Fukisimadakına bənzər qəzanın yaranmaması üçün nə etmək lazımdır?
– Hərbi məqsədlərlə istifadə olunan sahələrdə nüvə materialları çox ciddi şəkildə qorunur. Amma bunu dinc məqsədlərlə istifadə olunan sahələrə aid etmək çox çətindir. Yaxud, böhran yaranan dövlətlərdə, yəni mərkəzi hakimiyyətin zəiflədiyi yerlərdə belə ciddi təhlükələr ortaya çıxır. Yəni, qeyd etdiyim kimi nüvə materialları tibbdən tutmuş kənd təsərrüfatına, kənd təsərrüfatından atom enerjisinə qədər çox müxtəlif sahələrdə istifadə olunur. Ona görə də bu məsələyə heç də hər bir ölkə eyni məsuliyyətlə yanaşmır. Təhlükəsizlik, mühafizə məsələləri həm də çox ciddi maliyyə tələb edir. Xatırlayırsınızsa, SSRİ dağılandan sonra hətta ABŞ-da SSRİ-dəki nüvə silahlarının və materiallarının qorunmasına maliyyə yardımı göstərilməsinə dair qanun qəbul olundu. Çünki SSRİ yeni dağılmışdı, həm mərkəzi hakimiyyət zəifləmiş, həm də bu silahlar köhnəlmişdi və çox ciddi maliyyə qaynaqlarına ehtiyac var idi. Rusiyanın isə bu cür qaynaqları yox idi. Ona görə də nüvə silahının və materiallarının qorunması çox mürəkkəb, kompleks yanaşma tələb edən, geniş və dərin bir məsələdir. Nüvə təhlükəsizliyi dedikdə ilk baxışda insanın ağlına ancaq nüvə silahı gəlir. Amma bu çox geniş bir sahədir və bu sahədə çoxsaylı təlimatların, xarici ekspertlərin məsləhətlərinə, məşvərətlərinə baxmayaraq onların icrası heç də hər yerdə eyni səviyyədə olmur.
– Sammitdə hansı qərarların qəbul olunacağını gözləyirsiniz? Bu tədbirin əvvəlkilərdən fərqli cəhəti nə ola bilər?
– Əvvəlkilərdən fərqli cəhəti bu sahədə təhlükənin, təhdid səviyyəsinin artmasıdır. Bir tərəfdən Şimali Koreya açıq, nümayişkəranə şəkildə beynəlxalq birliyə, eyni zamanda öz qonşularına – Cənubi Koreyaya, Yaponiyaya, həmçinin ABŞ-a meydan oxuyur, digər tərəfdən də dünyada nüvə silahını geniş yayılması və beynəlxalq terror təşkilatlarının kütləvi qırğın silahı, o cümlədən nüvə silahı, nüvə materialları əldə etməyə artıq açıq şəkildə səy göstərməyə başlamasıdır. Yəqin ki, bu iki məsələ, o cümlədən İranın nüvə proqramı məsələsi geniş şəkildə müzakirə olunacaq. Konkret qərarın olun-olmayacğını deyə bilmərəm. Yəqin ki, hansısa sənəd qəbul olunacaq. Amma konkret hansısa bir nəticənin olacağını söyləmək çox çətindir. Çünki bu sahədə çox ciddi addımların atılmasına ehtiyac var. Amma adətən bu tipli, yəni, geniş nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirlərdə konkret qərarlar qəbul olunmur. Burada daha çox prinsipcə yüksək səviyyəli siyasi-diplomatik əhəmiyyətli qərarlar verilir. Sizin nəzərdə tutduğunuz konkret qərarların qəbulu üçün gərək bütün dünya ölkələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə çoxtərəfli sənəd hazırlansın və həmin sənədə də sammitdə iştirak edən bütün dövlətlər imza atsın.
– Nüvə təhlükəsizliyi məsələsindən danışarkən “Metsamor” AES-dən danışmamaq əlbəttə, doğru olmaz. Bu stansiya region üçün real təhlükə törədirmi?
– Bəli, bu, real təhlükədir. Uzağa getmək lazım deyil, heç beynəlxalq ekspertlərin rəyinə də ehtiyac yoxdur. Əgər belə bir təhlükə olmasaydı, bu stansiyaının fəaliyyəti Rusiya və Ermənistanın birgə razılaşması ilə uzun müddətə dayandırılmazdı. Ən ciddi fakt, dəlil-sübut kimi mən bunu göstərərdim. Demək, bu stansiyanı tikən Rusiya da, onu istismar edən Ermənistan özü də bilir ki, bu stansiya nə dərəcədə təhlükəlidir. Əvvəla, bu stansiya çoxdan və köhnə texnologiya ilə tikilib. Təhlükəsizlik səviyyəsi də dünyadakı müasir reaktorlarla müqayisədə çox aşağı səviyyədədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, seysmik aktivliyi yüksək olan zonada yerləşir.
Səxavət HƏMİD