13 Aprel 2016 14:14
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq baş nazir Rəhim Hüseynovla müsahibəni təqdim edir:

- Rəhim müəllim, aprelin 2-5-də cəbhədə baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Biz erməniləri öz torpaqlarımızdan çıxarmasaq, bu məsələlər uzanacaq, hadisələr təkrar olunacaq. Odur ki, BMT Baş Assambleyasının müvafiq qətnamələrinin əsasında erməni ordusu işğal edilən ərazilərimizi tərk etməlidir. Burada söhbət erməni xalqından deyil, işğalçı Ermənistan ordusundan gedir. Ermənistan bu hadisələri törədir, nəticədə özünün vətəndaşları da qırılır. BMT bizə dəstək verməsə və qətnamələr yerinə yetirilməsə, bu kimi hallar davam edəcək. Atəşkəsin dayandırılması, tərəflərin bir-birinə silah işlətməməsi müvəqqəti haldır. Bu neçə illərdə atəşkəs rejimi olub, ancaq hər iki tərəfdən ölənlər, əsir düşənlər var.

- Siz Dinlərarası və Millətlərarası Ümumdünya Sülh Federasiyasının üzvüsünüz. Bu qurum müxtəlif dövrlərdə fərqli ölkələrdə tədbirlər təşkil edir. Bu qurum daxilində fəaliyyətiniz varmı?

- Təbii ki, var. Aprelin 9-da bizim təşkilatın Moskvada sessiyası oldu. Mən çıxışımda Qarabağ hadisələri barədə danışdım. Rusiyanı da bir balaca tənqid etdim. Dedim ki, atəşkəsin əldə edilməsi, ümumiyyətlə Qarabağ münaqişəsi və bu problemin həllində Rusiyanın rolu böyükdür. Ancaq anlamıram ki, onlar niyə Ermənistana silah satırlar. Əgər silah satılırsa, deməli, nə zamansa bundan istifadə edilməlidir. Bəyan etdim ki, Ermənistana silah verilməli deyil, təzyiq edilməlidir ki, işğal edilən ərazilərdən ordusunu çıxarsın. Bildirdim ki, Rusiya bizə kömək etməlidir.

- Ordumuz bəzi yüksəkliyi azad etdi, düşmən çoxlu itkilər verdi. Bu hadisələr haqda nə deyə bilərsiniz?

- İlk atəş işğalçı ordu tərəfindən açılıb. Onlar daima cəbhə bölgəsində atəşkəs rejimini pozurlar. Biz də məcburuq ki, buna cavab verək. Ümumiyyətlə, bizə kimsə sataşarsa, məcburuq ki, qarşı tərəfə 2-3 dəfə artıq cavab verək. Bizim ordumuz da bunu edib. Həm də son 22 ildə heç zaman bizim tərəfdən ilk atəş açılmayıb. Heç olmayacaq da. Çünki biz qanunlara, razılaşmaya hörmətlə yanaşan millətik. Lakin ermənilər daima razılaşmaları pozur, bizim səngərləri və mülki əhalinin yaşadığı kəndləri atəşə tutur. Reallıq bundan ibarətdir. Belə hallara qarşı layiqli cavab verilməlidir və verilir. Əslində, onlar özləri belə şeyləri təşkil edirlər ki, biz onlara cavab verək. Sonra da bunu dünyada yaysınlar, Azərbaycana qarşı təxribatlar etsinlər.

- Dinlərarası və Millətlərarası Ümumdünya Sülh Federasiyasında ermənilər də təmsil olunur. Onlarla müzakirələr zamanı bu məsələləri qaldırırsınızmı?

- Mən çoxdandır ki, ermənilərlə söhbət aparmıram. Həm də onlar çoxdandır ki, təşkilatımızın tədbirlərinə gəlmirlər. Əvvəllər Levon Ter-Petrosyan gəlirdi. Ancaq 7-8 ildir ki, gəlmirlər.

- 7-8 il əvvəl Levon Ter-Petrosyanla görüşüb bu məsələləri müzakirə etmisiniz?

- Yox. Mənim şəxsi müstəvidə onlarla kontaktım olmayıb. Lakin tribunadan onlar barədə danışmışam və həqiqətləri açıq formada demişəm. Ancaq heç zaman erməni nümayəndələrlə şəxsi müstəvidə görüşə maraq göstərməmişəm.

- Siz SSRİ zamanı uzun illər yüksək vəzifədə işləmisiniz və aydındır ki, həmin dövrdə SSRİ paytaxtında vəzifədə çalışan çoxlu insanlarla əlaqəniz olub. İndi görüşəndə onlarla müzakirə aparıb, Qarabağ məsələsində dəstək istəyirsinizmi?

-Mən onsuz da harada çıxış edirəmsə, Qarabağ münaqişəsini qaldırıram. Fikirlərim son dərəcə aydındır. Mənə elə gəlir ki, Rusiya bizə kömək etməlidir. Atəşkəs son addım deyil. Rusiya işğalçıların ərazilərimizi tərk etməsinə yardım göstərməlidir.

- Biz Rusiyanın dəstəyini əldə edə bilərikmi?

- Bunun üçün işləmək lazımdır. Bu, mütləqdir. Əgər işləməsək, vəziyyət korlanar.

- Dünya bazarında neftin qiymətində artım müşahidə edilir. Dünyada baş verən proseslər neftin qiymətinin qalxmasına şərait yaradacaqmı?

- Bir barelin 43 dollara olması yüksək qiymət deyil. Bunu aşağı qiymət hesab edirəm. Neftin qiyməti 60 dollara qədər qalxmalıdır. Bu zaman Azərbaycan iqtisadiyyatı düzələ və rentabelli olar. Hazırda neftin qiyməti çox aşağı düşüb. Bu da, bütün neft istehsal edən ölkələrdə problem yaradır.

- Qiymət qalxacaqmı?

- Artıq əksər dövlətlər anlayır ki, neftin qiymətində artım olmalıdır ki, son bir ildə baş verən proseslər qaydasına düşsün. Hər halda qalxacağına ümid edirəm.

- Rəhim müəllim, doğrudanmı, sizə Braziliyada Corc Buş tərcüməçilik edib və həmin söhbət zamanı Fransua Mitteranı kəskin tənqid etmisiniz?

- Bu haqda mən kitabımda yazmışam. Əgər istəsəniz, onu sizə təqdim edə bilərəm.

- Hadisə necə baş vermişdi?

- Bu hadisə Braziliyada baş verib. Həmin vaxt Braziliyada beynəlxalq konfrans keçirilirdi. Mən də baş nazir olaraq Azərbaycanı təmsil edirdim. Tədbirdə dünyanın bütün aparıcı ölkələrinin rəhbərləri iştirak edirdi. Həmin tədbirdə Qarabağ münaqişəsinə dair çıxış etdim, Xocalı faciəsi barədə danışdım. Tədbirdən əvvəl isə ABŞ prezidenti Corc Buşla görüşmək istədiyimi bildirmişdim. Konfransdan sonra mənə bildirdilər ki, cənab Buş mənimlə görüşmək istəyir. Həmin tədbirdə dövlət xadimlərinin görüşü üçün xüsusi zal ayrılmışdı. Buşla söhbət zamanı Fransa prezidenti bizə yaxınlaşdı və nəsə dedi. Mən isə ona bildirdim ki, fransız dilini bilmirəm. Həmin an ata Buşun da kefi kök idi. Bildirdi ki, məmnuniyyətlə bizim söhbətimizə tərcüməçilik edə bilər.

Mən isə buna etiraz etdim. Dedim ki, Mitteranla söhbətimiz alınmaz. Ata Buş təəccüblə niyə sualını verdi. Mən də cavab olaraq dedim ki, cənab Buş sizinlə açıq qəlblə söhbət edə bilirik. Ancaq Mitteran erməni əhval-ruhiyyəsinə, erməni maraqlarına köklənmiş bir adamdır.

Sonra xatırlatdım ki, mən Parisdə səfərdə olarkən Fransanın xarici işlər naziri vasitəsilə sizə prezidentimizin adından dəvətnamə təqdim etmişəm ki, Azərbaycana gələsiniz. Bizim ölkəmizi özünüz görəsiniz. Ancaq siz heç bir reaksiya göstərmədiniz. Siz dövlət xadimisiniz və təbii ki, vaxtınız az olur. Amma istəsəydiniz, bizim prezidentə dəvətə görə təşəkkür edər, vaxtınız olan kimi səfər edəcəyinizi deyə bilərdiniz. Hadisə belə olub. Ancaq mən BMT-də çıxışım zamanı da tənqidlərimi səsləndirmişəm. Bu hadisələrin üzərindən uzun illər keçib. İndi heç çoxunu xatırlamıram. Amma kitabımda yazmışam. Mənim Jak Şirakla da söhbətim olub.

Nemət


Müəllif:

Oxşar xəbərlər