20 Aprel 2016 17:19
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun sabiq icraçı direktoru, şərqşünas alim Fərda Əsədov Teleqraf.com-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Fərda müəllim, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondundan (SOROS) ayrıldıqdan sonra hansı fəaliyyətlə məşğul olursunuz?
- 2010-cu ildə fonddan ayrıldıqdan sonra elmi fəaliyyətlə məşğul olmaq imkanı qazandım. Bildiyiniz kimi, ərəbşünasam, orta əsr ərəb mənbələri üzrə mütəxəssisəm. Xüsusilə, erkən və orta əsrlərdə ərəb-türk münasibətləri istiqamətində araşdırmalar aparıram. Son vaxtlar Mərkəzi Asiya türkləri, habelə Xəzər türkləri ilə ərəblərin əlaqələri, eyni zamanda Xəzər dövlətinin tarixi əhəmiyyəti, inkişafı yolları, Xəzər kimliyi məsələsinin necə olması istiqamətdə tədqiqatlar aparıram.

- Tədqiqatlarınız Azərbaycandakı mənbələrlə işləməklə yekunlaşır, yoxsa xarici ölkələrə gedərək bu istiqamətdə çalışırsınız?
- Mənim fəal fəaliyyətim olub. London Universitetində 4 ay material toplamışam, elmi məsləhətləşmələr aparmışam. 2012-2013-cü illərdə isə 9 ay ərzində Prinston Universitetində eyni istiqamətdə araşdırmalar aparmaq, material toplamaqla məşğul olmuşam. Son zamanlar bu istiqamətdə xeyli məqalələrim olub və bu məqalələrin çoxu xaricdə nəşr edilib.

- Araşdırmalarınız kitab formasında çap edilibmi?
- Kitab şəklində yox. Ancaq bu müddətdə iki kitabı nəşr üçün hazırlamışam. Bunlardan biri Misirdə yaşayan böyük mütəfəkkir, dahi Əhməd bin Əli əl-Makrizinin iqtisadi traktatıdır. Bu traktat bazar iqtisadiyyatının müsəlman aləmində necə formalaşmasını araşdıran əsərdir. İkinci əsər coğrafiyaşünas Həmədaninin nəşr edilən kitablarda özünü tapmayan və itmiş hesab olunan yazılarıdır. Məşhəd əlyazmasını mən vaxtilə rus dilində nəşr etmişdim. İndi isə onu yenidən işləyərək Azərbaycan variantını hazırlayıram. Xəzərlərin mənşəyi, Qafqazda dövlət yaratmasının tarixinə aid əsər üzərində işləyirəm.

- Demək olarmı ki, fəaliyyətiniz ancaq elmi istiqamətdədir və birmənalı olaraq ictimai fəaliyyətdən kənarsınız?
- Bəli, demək olar. Əgər ictimai fəaliyyət dedikdə QHT-dəki işlərimi nəzərdə tutursunuzsa, belə bir hal yoxdur. Ancaq təbii ki, tədbirlər olanda, dəvət ediləndə iştirak edirəm.

- Adətən, QHT sektorunda böyük fəaliyyətə nəzarət edən, qrant verən rəhbər şəxslərin də özünün QHT-si olur və bu istiqamətdə işləməkdə davam edir...
- Xeyr. Bunu mənə aid etmək olmaz. Doğrusu, heç vaxt bu haqda düşünməmişəm. Heç bir QHT-nin fəal üzvü də deyiləm. Şübhəsiz ki, QHT fəalları ilə görüşür, müzakirələr aparıram. Onu da qeyd edim ki, QHT-lərin fəaliyyəti ilə bağlı biliklərimi yazmaq istərdim. Ola bilsin ki, nəsə nəşr etdim. Lakin bunu təkbaşına etmək istəməzdim. Məsələn, düşünürəm ki, QHT-lərin yeri, əhəmiyyəti, dövlətçiliyin inkişafında verəcəyi töhfə haqda cəmiyyətdə müzakirə aparılmır, fikrimizi nəzəri baxımdan təkmilləşdirmirik. Bu, vacib məsələdir və üzərində səylərimizi cəmləşdirmək lazımdır.

- Bir ərəbşünas olaraq Yaxın Şərq regionunda gedən proseslərlə maraqlanırsınızmı?
- Daha çox islam dünyasının formalaşması mərhələsi ilə maraqlanıram və bir mütəxəssis olaraq yazılarım bu istiqamətdə olur. Amma bir ərəbşünas olaraq dediyiniz məsələlərdən kənarda qala bilmirəm. Bu vəziyyəti izləyirəm və düşüncələrim olur. Həm də yadınızdan çıxarmayın ki, mən AMEA-nın Şərqşünaslıq İnstitutunun “Ərəb ölkələri tarixi” şöbəsinin müdiriyəm. Burada bizim müasir tarixlə məşğul olan əməkdaşlarımız var və mən onların işinə də elmi rəhbərlik edirəm.

- Suriyada baş verən və uzun müddətdir davam edən vəziyyəti necə şərh edərsiniz?
- Suriyada baş verənlər dünya siyasətinin yeni maraqlar tarazlığının necə olmasını özündə əks etdirir. Burada böyük oyunçuların nə qədər nüfuz qazanması sınaqdan keçirilir. Digər tərəfdən, regiondakı inkişafda və siyasi nüfuz iddiasında olan qüvvələr də özünün legitimləşdirilməsini burada həll etməyə can atır. Şübhəsiz ki, burada regionun gələcəyini həll edən məsələlər həllini gözləyir. Suriyada nə baş verəcəksə, razılaşma necə olacaqsa, razılaşma səbəbindən ortada qalan siyasi qüvvələr hansı qüvvələr olacaqsa, bu, regionun və qlobal siyasətin sabahı olacaq.

- Beynəlxalq güclərin razılaşması əsasında Suriya probleminin həlli regionda vəziyyəti müsbətə doğru dəyişəcək, yoxsa proses uzun illər gedəcək?
- Burada həm optimist, həm də pessimist durum ola bilər. Aydın məsələdir ki, Suriya “Ərəb baharı” prosesində ən uzun çəkən və gərginləşən böhran oldu. Ancaq Suriya böhranın həllində əvvəlki qüsur və anlaşılmazlıqlar da öz həllini gözləyir. Məncə, nəticəsi müsbət olacaqsa-Suriya dövlətinin bütövlüyü və cəmiyyətinin müsbətə doğru transformasiyasına şərait yaradan razılaşmalar, bunun gerçəkləşməsi üçün mexanizmlər təklif ediləcəksə, bunun müsbət təsiri mütləq olacaq. Çünki böhranın həllində səhnədə olan bütün qüvvələr iştirakçı olacaq. Bu o deməkdir ki, onların arasında qarşıdurma əvəzinə sülhlə həll edilmə modeli ortaya çıxacaq. Bu yaxınlarda xəbər yayıldı ki, Prezident Obama Liviyadakı indiki reallığı hansısa səhvlərin nəticəsi olaraq etiraf edib. Bu o deməkdir ki, böyük dövlətlər bu səhvin Suriyada təkrar edilməsinə yol verməyəcək və ya bunda tərəddüd edəcək. Burada biz daha çox məsuliyyət, iştirakçılığa meyillər görürük. Bu, optimist modelin olmasından xəbər verir. Pessimist yanaşma odur ki, Suriya böhranında razılaşma olmur, əvəzində gərginlik artır və bəlkə də, Suriyanın parçalanması məsələsi ortaya çıxacaq. Hesab edirəm ki, bu, Yaxın və Orta Şərq regionu üçün böyük böhran deməkdir.

- “Ərəb baharı” deyilən proses sizcə, ərəb coğrafiyasını irəliyə apardı, yoxsa geriyə?
- Bunu tarixi və siyasi baxımdan analiz etmək olar. Şübhəsiz ki, “Ərəb baharı” illərlə toplanan gərginliyin kəskinləşməsi nəticəsində baş verən hadisədir və daxildə inkişaf edən böhran üzə çıxdı. Təəssüflər olsun ki, məsuliyyətsizlik, bəlkə də, təcrübəsizlik nəticəsində bu problemlərin həlli qanlı şəkildə oldu. Bəzi hallarda bu geriləməyə səbəb oldu. Məsələn, Liviyanı müşahidə edəndə görürük ki, qeyri-sabitlik müşayiət olunur, dövlət bütövlüyü şübhə altına düşüb. Bunlar məyusedici tərəfləridir. Ancaq eyni zamanda tarixi axar kəsimində biz bu hadisələri növbəti qaçılmaz və vacib mərhələ kimi görməliyik.

- Türkiyə də regionun bir hissəsidir və orada da həm daxili, həm də xaricdən idarə olunan müəyyən hadisələr baş verir. Sizcə, Türkiyədə gözlə görünməyən hansı proseslər gedir?
- Türkiyə dünya siyasətində getdikcə əhəmiyyəti və iştirakçılığı olan ölkədir. Hələlik Türkiyənin coğrafi mövqeyini kənara qoyuram. Böyük siyasət deyəndə biz ilk olaraq Avropa, Rusiya, Orta Şərq, Amerika və digər adları nəzərdə tuturuq. Diqqətlə baxsanız görərsiniz ki, Türkiyə ikitərəfli və çoxtərəfli əlaqələrdə özünəməxsus və əhəmiyyətli yer tutur. Avropa böhranı–miqrant problemi, iqtisadi çətinliklər, investisiya siyasəti ilə bağlı məsələlər var. Bunlar Türkiyənin gözəçarpan iştirakçılığı ilə qarşısı alınan proseslərdir. Odur ki, Türkiyə indi böyük yol ayrıcındadır. Türkiyə kənardan gələn böyük dəvətlərə, iştirakçılıq təkliflərinə gərək münasib siyasət ortaya qoysun. Bu siyasət Türkiyə siyasi xadimlərini bir qədər narahat edir və onlar ortaq həllər üzrə düşünürlər. Biz “Türkiyənin özünün bu ərazilərdə siyasətinin qurulması modeli var və bunu həyata keçirmək üçün planlı formada işləyir” düşüncəsində olsaq, məncə çox səhv etmiş olarıq. Mən bunu düşünmürəm, amma Türkiyənin bu proseslərə qatılması bu ölkənin nüfuz qazanmasından xəbər verir.

- Türkiyənin İraqla sərhədində Şimali İraq Kürd Muxtariyyəti qurulub, eləcə də Suriya-Türkiyə sərhədində yeni kürd muxtariyyətinin qurulmasına təşəbbüslər edilir. Bu, Türkiyə üçün nə dərəcədə təhlükəli proseslərdir, bu, ölkənin parçalanması üçün zəmin yarada bilərmi?
- Əslində, xeyli dərəcədə təhlükəli görünür. Türkiyədə bəzi ərazilər hətta mərkəzi hakimiyyətin tam nəzarəti altında deyil və bu ərazilərdə silahlı toqquşmalar baş verir. Bunların hamısı böyük təhlükədir. Bu təhlükənin aradan qaldırılması və Türkiyə dövlətinin müasir tələblərə cavab verən modelə doğru transformasiyası bu ölkənin bütövlüyünü saxlaya biləcək.

- Cəbhədə Azərbaycan ordusunun addımlarından sonra ilkin görüntü belədir ki, regionda diplomatik təmaslar aktivləşib, danışıqlar müşahidə olunur. Sizcə, Qafqaz regionunda hazırda hansı dərin proseslər müşahidə olunur?
- Etiraf etməliyik ki, bizim regionda heç bir dövlət böyük siyasətin aparıcı qüvvəsi deyil. Amma aydın məsələdir ki, böyük siyasətdə Azərbaycan dövləti daha çox nüfuzu olan oyunçudur. Birincisi, görürük ki, iqtisadi ticarət yolunda həm təsisatların qurulması, investisiyanın edilməsi, eləcə də təhlükəsizliyin təmin olunmasında Azərbaycan dövlətinin rolu var. İkincisi, əgər biz Türkiyənin nüfuzunun qalxmasını görürüksə, şübhəsiz ki, Azərbaycanı narahat edən məsələlərin Türkiyəni narahat edən məsələlərlə yaxın olması bu regionda Azərbaycan dövlətinin daha nüfuzlu oyunçu olmasından xəbər verir. Biz son illərdə gördük ki, hətta Türkiyənin bu regionda apardığı siyasət Azərbaycan siyasətinin gerçəklikləri ilə əlaqələndirilmədikdə müəyyən maneələrlə rastlaşır. Çünki Türkiyənin Azərbaycanla bağlılığı sadəcə siyasi təbəqələr üzərində deyil. Məncə, daha dərin bağlılıqdır. Bu əlaqəlilik ondan xəbər verir ki, Türkiyədəki siyasi qüvvələr və maraqlar bir çox mənada Azərbaycanın maraqları ilə üst-üstə düşüb gerçəkləşdirilə bilər. Bu bağlılıqlar şübhəsiz ki, Azərbaycana üstünlük gətirən məqamdır. Regiondan danışarkən Rusiya faktorunu da nəzərə almaq vacibdir. Biz Suriya məsələsinə qayıdaq. Bu, Rusiyanın sabahkı beynəlxalq əlaqələrdə hansı yer tutması ilə əlaqədardır. Ümid edirəm ki, Rusiyanın indiyə qədər olan ənənəvi siyasətinə yenilik gətirmək tələb olunur. Son zamanlar bəzi politoloqlar qeyd edirlər ki, Rusiya siyasəti ənənəvidir. Ancaq hesab edirəm ki, Rusiya rəhbərliyi xeyli dərəcədə, bəzi hallarda isə gözlənilməz addımlar atır. Bu o deməkdir ki, onlar da hansısa yeni siyasi modelin axtarışındadır. Rusiyanın hansı yeni beynəlxalq əlaqələr və xarici siyasət modeli qurması bizə böyük təsir edəcək.

- Hazırda Rusiyanın regionda marağı nədən ibarətdir?
- Rusiya indi sabah üçün beynəlxalq siyasətinin nə cür qurulması ilə bağlı çalışır. Burada regionun həlledici olmasa da, böyük əhəmiyyəti var. Biz əgər düşünsək ki, Rusiya birmənalı regionda hərbi iştirakçılığı üçün çalışır, Azərbaycan-Ermənistan münaqişəsində birmənalı mövqe tutur, səhv edərik. Əlbəttə, mən bu istiqaməti xüsusi tədqiq etmirəm. Sadəcə olaraq təcrübəm və intuisiyam üzərindən bunu deyirəm. Fikrimcə, burada hər cür variant axtarıb ondan xeyir görmək hazırlığı var. Düşünürəm ki, birmənalı və ənənəvi siyasətin davam etdirilməsi artıq gerçək durum deyil.

- Ermənistanda baş verən proseslərlə maraqlanırsınızmı?
- Çox az maraqlanıram. Bu ölkədə baş verən hadisələri analiz etməmişəm. Ancaq ümumi deyim ki, bu ölkədə bir-birinə qarşı duran iki strateji prioritetlər var. Bu ölkədə müəyyən yorğunluq hissi var. Rusiya ilə əməkdaşlığın konkret nəticə verməməsi, təhlükəsizliyin böyük problem olaraq qalması erməni cəmiyyətini yorur. Onlar yəqin ki, daha çox əmin-amanlıq, arxayınlıq, iqtisadi inkişaf haqda düşünürlər. Son zamanlar qeyd etdiyim Rusiyanın mövqeyində gözə dəyməyən, amma hiss edilən dəyişikliklər də erməniləri düşündürür. Onların təhlükəsizlik məsələsində daha çox təhlükə qarşısında qalmaqlarından xəbər verir, onlarda qeyri-müəyyənlik hissi yaradır. Bu da, məncə Ermənistanda vacib dəyişikliklərdən xəbər verən işartılardır.

- Azərbaycan daxili siyasətini izləyirsinizmi?
- Azərbaycan dövlətinin vətəndaşı, cəmiyyətin bir üzvü kimi, şübhəsiz ki, izləyirəm.

- Daxili siyasi vəziyyət haqda düşüncəniz necədir?
- Məni maraqlandıran vətəndaş cəmiyyəti sektorudur. Son zamanlar burada müsbət dəyişikliklərin olması sevindirici haldır. Məncə, vətəndaş cəmiyyəti sabitlik yaradan faktordur, nəinki qeyri-sabitlik. Bu mənada ki, vətəndaş cəmiyyəti müxtəlif maraqların sülh və dialoq vasitəsi ilə müzakirə edilməsi, bu maraqların optimal maraq dairəsi kimi bir-birinə yaxınlaşaraq formalaşmasını təmin edən fəaliyyətdir. Vətəndaş cəmiyyətinin fəaliyyətini konkret şəxslər və institutlar deyil, proses kimi götürməliyik. Yəni cəmiyyətin müxtəlif təbəqələrinin, elementlərinin bir-birinə yaxınlaşmasını təmin edən fəaliyyət kimi görməliyik. Bu, belə olduğu təqdirdə sanki vahid sosial mühit yaradır. Bu zaman dövlət, qeyri-dövlət, akademiya bir-biri ilə görüşərək dialoq vasitəsilə ümumi durumu, çıxış yollarını müzakirə edirlər. Bu isə şübhəsiz ki, sabitliyə, dövlət siyasətinin bu maraqlara daha münasib siyasət qurmasına şərait yaradardı. Son zamanlar bu sektorda müsbət addımlar məndə ümidverici vəziyyət yaradıb.

- Sizin yenidən bu sektora qayıdıb fəaliyyət göstərmək ehtimalları varmı?
- Düşünmürəm. Çünki uzun illər topladığım elmi materialları işləyə bilmirdim. Son illər elmi fəaliyyətə qayıtsam da, böyük əsər yaratmağa nail olmamışam. Düşünürəm ki, indi bu işlərimi reallaşdırmağın vaxtı çatıb. Amma hər bir şeydə insanın birmənalı mövqe tutmasını vacib saymıram. İnsan hər bir şeyə açıq olmalıdır. Vətəndaş cəmiyyəti daha geniş iştirakçılığı olan prosesdir. Bu prosesdə alimlərin, biznes qurumlarının, bir sözlə cəmiyyətin bütün təbəqələrin iştirakçılığı olmalıdır.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər