22 Aprel 2016 17:59
4 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər çox güvəndiyi iki gücdən gözlədiyi dəstəyi ala bilmədi”

Ankarada yaşayan azərbaycanlı politoloq, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Üniversitetinin Beynəlxalq münasibətlər bölümünün professoru Toğrul İsmayıl Teleqraf.com-a eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Toğrul bəy, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində aprelin 1-dən 2-nə keçən gecədən etibarən başlayan və aprelin 5-i günortayadək davam edən hərbi əməliyyatlara münasibətinizi bilmək istərdik...
– Ermənistanla Azərbaycan arasında uzun zamandır, 1994-cü ildən bugünədək davam edən bir atəşkəs rejimi var. Atəşkəs yekun sülh demək deyil. Dolayısı ilə biz mütəmadi olaraq cəbhə xəttində atəşkəs rejiminin pozulduğunu görürük və görməkdə davam edirik. Burda bir məsələ var ki, Azərbaycan tərəfi öz ərazilərinin Ermənistan tərəfindən işğal altında olmasını qəbul etmir və istər dövlət başçısı səviyyəsində, istərsə də Azərbaycan cəmiyyəti səviyyəsində bu torpaqlar ya danışıqlar yolu ilə, ya da hərbi yolla təmizlənəcək. Mən bu prosesi müharibə adlandırmağı doğru hesab etmirəm, sözügedən prosesi silahlı münaqişə adlandırmaq daha doğru olar. Çünki Azərbaycanın apardığı əməliyyatlar anti-terror əməliyyatıdır. Son toqquşma isə 1994-cü ildən bu yana baş verən ən sərt toqquşmalardan biri idi və toqquşmada verilən şəhidlərin sayı, strateji nöqtələrin alınması bunu göstərir.

Ümumiyyətlə, bunu deyə bilərəm ki, bu toqquşma nəticəsində Azərbaycan özünə lazım olan çox müsbət şeylər əldə etdi. Birincisi, strateji əhəmiyyətə malik yüksəklikləri ələ keçirdi, ikincisi, dünya ictimaiyyətinə çatdırdı ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, torpaqlarını geri qaytarmaq gücünə sahibdir. Başqa bir tərəfədən, Azərbaycan gücüylə, gövdə nümayişi ilə Ermənistanı ciddi təşvişə saldı. Bəlli zaman keçdiyi üçün emosional deyil, daha soyuqqanlı şəkildə son nəticə kimi deyə bilərik ki, Azərbaycanın toqquşmanın ertəsi günü təktərəfli atəşkəs elan etməsi diplomatik olaraq çox ciddi bir addım idi. Azərbaycan bununla münaqişəni çox uzatmaq istəmədiyini, günahkarın Ermənistan tərəfi olduğunu göstərdi. O biri yandan, əlindəki silahlardan istifadə edərək öz torpaqlarını işğaldan qurtarmaq iqtidarında olduğunu dünyaya göstərdi. Təbii ki, itkilər üzücüdür, amma ümumiyyətlə, kənardan baxdığımız zaman uğurlu bir əməliyyat olduğunu deyə bilərik.


– Qarşıdurmanın yaranmasının başlıca səbəblərinin nə olduğu barədə sizin versiyanız nədən ibarətdir?
– Az öncə də qeyd etdiyim kimi, atəşkəs sülh anlamına gəlmir. Burda mənim üçün önəmli olan atəşkəsi ilk hansı tərəfin pozması məsələsi deyil. Çünki qarşıdurmanın baş verməsinin səbəbi bugünədək Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Əgər işğal varsa, cəbhə xətti varsa, yekun sülh əldə olunmayıbsa belə qarşıdurmalar, toqquşmalar qaçılmaz olacaq. Münaqişə tərəfləri bir-birinə gücünü göstərməyə çalışacaq. Bunu deyə bilərəm ki, Azərbaycan tərəfi bu toqquşmadan həm mənəvi cəhətdən, həm də hərbi cəhətdən daha üstün çıxdı.

– Şərti olaraq “üçgünlük müharibə” adlandırılan sözügedən toqquşmalar zamanı Azərbaycana göstərilən beynəlxalq dəstəyi yetərli saymaq olarmı?
– Hərbi təhsil görmüş biri olaraq deyimi ki, ədəbiyyatda buna müharibə deyilməsi olduqca diletant yanaşmadır. Müharibə tamam fərqli bir prosesdir. Bu, lokal toqquşmadır. Ancaq bu toqquşmanın digərlərindən fərqi miqyasının geniş olması, çoxlu canlı qüvvədən və hərbi texnikadan istifadə olunmasıdır. O ki, qaldı burdakı beynəlxalq dəstəyə, mənə elə gəlir ki, burdakı ən əsas məsələ beynəlxalq dəstəyin yetərli olub-olmaması yox, bizi kimin dəstəkləyib dəstəkləmədiyini görməyimiz oldu.

Birincisi, hər kəs toqquşmanın dərhal dayandırılmasını söyləyə bilər, amma toqquşmalar işğalda olan Azərbaycan ərazisində getdiyi üçün heç kim Azərbaycanı haqsız adlandıra bilməz. Mən bunu dəfələrlə yazmışam, Azərbaycan işğal olunmuş ərazilərində istənilən vaxt anti-terror əməliyyatı keçirə bilər. Çünki Ermənistan bu toqquşmada tərəf olmadığını iddia edir, uydurma “Dağlıq Qarabağ Respublikası”nı dünyada tanıyan yoxdur. Azərbaycan torpaqlarını işğal edənlər terrorçulardır, quldurlardır və onları da təmizləmək lazımdır.

Gözlənildiyi kimi, bu dəfə dünya ictimaiyyəti Ermənistan tərəfini dəstəkləmədi. Dünya ictimaiyyəti bir tərəfə, heç Rusiya və çox güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistana gözlədiyi dəstəyi göstərə bilmədi və göstərmədi. Çünki hüquqi nöqteyi-nəzərdən bu mümkün deyil. Rusiya da əvvəlkindən daha ehtiyatlı davrandı, tərəfləri sükunətə çağırdı. Amma burda Rusiyanın baş naziri Dmitri Medvedevin açıqlaması çox maraqlıdır. Medvedev açıqlamasında Rusiyanın münaqişənin dondurulmuş olaraq qalmasının tərəfdarı olduğunu bildirdi. Yəni burdan münaqişənin həll olunmamasının Rusiyanın xeyrinə olduğu nəticəsi ortaya çıxır. Belə ki, münaqişə davam etdikcə Rusiyanın bölgədə varlığı, Azərbaycana və Ermənistana təzyiqi davam edəcək.

Digər tərəfdən biz bu məsələdə Azərbaycanın gerçək müttəfiqinin hansı ölkə olduğunu gördük. Bu dəfə Türkiyə həm hərbi, həm də siyasi sahədə Azərbaycanın atdığı addımları açıq şəkildə dəstəklədi. Minsk qrupunun bu məsələdə açıqlamaları da əhəmiyyət daşıyır. Açıq şəkildə deyim ki, mən onların açıqlamalarından da çox ciddi şeylər gözləmirəm. Təkrar edirəm, Azərbaycan hər zaman işğalda olan torpaqlarını təmizləmə hüququna sahibdir. Təbii ki, böyük bir əməliyyat başlayarsa, Azərbaycanın bu fikri ciddi şəkildə dünya ictimaiyyətinə çatdırması lazımdır.


– Sizcə, Azərbaycanın danışıqlar prosesi ilə bağlı bundan sonrakı mövqeyi necə olmalıdır?
– Burda cavab birmənalıdır. Azərbaycan özünün ərazi bütövlüyü prinsipindən çıxış etməlidir. Əslində mənim anlamadığım şeylərdən biri 5+2, referendum məsələləridir. Azərbaycanın 7 rayonu işğaldan azad olunmalıdır, bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar başlaya bilər. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan digər vətəndaşları kimi onların da Konstitusiyada təsbit olunan hüquqlarını təmin edəcək. Bu prosesə Ermənistanın müdaxilə hüququ yoxdur. Bütün qaçqınlar öz dədə-baba yurdlarına qayıtmalıdır.

Digər tərəfdən məsələ ilə bağlı bəzi demoqoq açıqlamalar da verilir. Belə açıqlamalarda 5 rayonun qaytarılması, rus sülhməramlılarının bölgəyə yerləşdirilməsi həll versiyası olaraq təklif olunur. Mən Azərbaycan iqtidarının bu oyuna aldanacağına inanmıram. Çünki nə adla olursa olsun, rus əsgərlərinin bölgəyə yerləşməsi Azərbaycanı dünyada bacarıqsız dövlət olaraq tanıdacaq. Biz bunun örnəyini bundan öncə Abxaziya və Cənubi Osetiyada görmüşük. Abxaziya və Cənubi Osetiyada öncə sülhməramlılar vardı, daha sonra bu bölgələr Gürcüstandan qoparıldı. Hazırda Abxaziya və Cənubi Osetiyada vəziyyət kritik hal alıb, Rusiya təktərəfli olaraq bu bölgələri dövlət olaraq tanıyıb.

Azərbaycan özünün bölgədəki vəziyyətə nəzarət edə bildiyini göstərməlidir. Azərbaycanın məqsədi yeni bir müharibə başlatmaq yox, öz ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra ərazisində yaşayan insanlara etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, bütün hüquqları tanıyacaq və təminatçısı olacaq. Azərbaycanda etnik və dini zəmində hər hansı bir münaqişənin yaşanmaması üçün bütün qurumlar əlindən gələni edəcək.

– Bütövlükdə Azərbaycan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərlə bağlı nə cür siyasət yürütməlidir?
– Açığı sual bir az təkrar olur, amma demək istəyirəm ki, Azərbaycan istənilən an öz torpaqlarını güc yolu ilə işğaldan azad etmək iqtidarında olduğunu göstərdi və göstərməlidir. Azərbaycanın məqsədi başqa ölkənin ərazisindən torpaq qoparmaq deyil, öz ərazi bütövlüyünü qoruyaraq onları terrorçulardan təmizləməkdir. Eyni zamanda biz bu məsələdə ən önəmli şeyi gördük. Azərbaycan ölkədən kənarda yaşayan diaspordan ciddi şəkildə dəstək aldı. Bunu da aktiv şəkildə istifadə etmək lazımdır. Azərbaycanın siyasəti başda Türkiyə olmaqla qonşu dövlətlərə çatdırılmalıdır. Bir az yanlış anlama mövcuddur. Bu yanlışlıqların zamanla aradan qaldırılması lazımdır. Azərbaycan məqsədinin öncə sülh yolu ilə, sülh yolu ilə mümkün olmadığı təqdirdə hərb yolu ilə torpaqlarını işğaldan azad etmək və bu torpaqlarda öz suverenliyini yenidən bərqərar etmək haqqı olduğunu beynəlxalq ictimaiyyətə aktiv şəkildə çatdırmalıdır.


– Son proseslərdə Rusiyanın mövqeyi gözlənilən idimi?
– Bu məsələyə az da olsa, toxundum. Təbii ki, Rusiyanın budəfəki açıqlamaları əvvəlkilərə nəzərən olduqca diqqətli idi və Rusiya qısa müddətdə təşəbbüsü ələ alaraq bölgədə əsas güc olduğunu göstərməyə çalışdı. Amma bir daha demək lazımdır ki, Rusiya artıq nə Ermənistanı, nə də Azərbaycanı tam şəkildə nəzarətdə saxlaya bilmir. Proseslərə nəzarətin Rusiyanın əlindən çıxmağa başlaması bu ölkədəki siyasətçiləri ciddi şəkildə narahat etməyə başlayıb.

Bundan sonra Rusiya bölgədə nə edə bilər? Rusiya bundan sonra bölgədəki fəaliyyətini artırmağa çalışacaq. Xüsusilə “üçgünlük münaqişə”dən məğlub şəkildə çıxan Ermənistan Rusiyadan çox da məmnun deyil. Bu da Azərbaycanın işinə yarayır. Əslində iki müttəfiq arasındaki bu cür soyuqluq Azərbaycanın zəfəri də sayıla bilər. Rusiyanın KTMT-ni işə salmasıyla bağlı olan demoqogiyalar boşa çıxdı. KTMT üzvü olan Belarus və Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, ona qarşı olmadıqlarını bildirdilər. Lokal toqquşmada belə tərəfsiz olduqlarını açıq şəkildə elan etdilər. Məncə, bu, ən önəmli məsələlərdən biridir.

– Rusiyanın 90-cı illərin əvvəllərindəki mövqeyi ilə indiki mövqeyi arasında fərqlər varmı? “Üçgünlük toqquşma” bununla bağlı nələri üzə çıxardı?
– Mənə elə gəlir ki, Medvedevin açıqlaması bunun əsas göstərəcisidir. Rusiyanın mövqeyini dəyişdiyini hesab etmirəm. Sadəcə, açıqlamalarda bir az yumşalma var. Amma Rusiya ictimaiyyətinin məsələylə bağlı məlumatlandırılmasına nəzər yetirsək, Rusiyanın mövqeyi ilə bağlı aşağıdakıları deyə bilərik.

Birincisi, Rusiya dövlət televiziyaları, rəsmi kanalları açıq şəkildə Ermənistanın yanında olduqlarını, Azərbaycanın haqsız olduğunu bildirdilər. İkincisi, Rusiya KİV-ləri qondarma “DQR”-i rəsmi olaraq tanınmış şəkildə ifadə edirdilər. Ən önəmlisi isə, Rusiya KİV-lərinin ermənipərəst platformaya çevrilməsi idi. Bu da çox önəmlidir. Siyasətçilər açıqlamalarında əvvəlkilərə nisbətən fərqli diplomatik üslubdan istifadə etsələr də, Rusiya KİV-in mövqeyi dəyişməmişdi, hətta daha acımasız və sərt şəkildə idi. Rusiya KİV-ləri açıq şəkildə anti-Azərbaycan, anti-türk mövqeyi nümayiş etdirirdilər. Açıqlamalar Rusiyanın bölgəyə müdaxiləsini istəyəcək qədər sərt idi.


– Sizcə bu hadisələrdən sonra ATƏT Minsk Qrupunun mövqeyində hansısa dəyişiklik olacaqmı?
– ATƏT-in Minsk qrupunda həmsədrlərin fəaliyyət mexanizmi o qədər uydurmadır ki, bununla hansısa nəticə əldə etmək qeyri-mümkündür. Yenə hansısa fəaliyyətlər olacaq. Bilinən gerçək Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Ümumilikdə Minsk Qrupu həmsədrlərinin verə biləcəyi tək açıqlama işğalçıların dərhal Azərbaycan torpaqlarından çəkilməsidir. Lakin Minsk Qrupunun fəaliyyətində bununla bağlı ciddi dəyişikliyin olacağına inanmıram. Yenə uzun-uzadı görüşmələr olacaq. Həmsədr dövlətlərdən Rusiya münaqişənin donmuş olaraq qalmasını istəyir, ABŞ bununla bağlı heç bir münasibət bildirmədi, Fransanın isə bu məsələdə bitərəf olduğunu söyləmək yersizdir...

– Son hərbi əməliyyatlardan çıxan nəticələr nədən ibarətdir?
– Azərbaycan mühüm strateji mövqeləri ələ keçirdi, həm hərbi, həm də psixoloji cəhətdən üstünlük əldə etmiş oldu. Azərbaycan dünyaya torpaqlarını azad etmək qüdrətində olduğunu göstərdi və ən önəmlisi ordumuzun peşəkar olduğunu gördük. Təbii ki, burda şəhidlərimizin olması kədərli hadisədir. Yeri gəlmişkən, fürsətdən istifadə edib bütün şəhidlərimizin ailələrinə, millətimizə baş sağlığı verirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Bəzən Azərbaycan mətbuatında şəhidlərin sayı ilə bağlı mübahisələr meydana gəlir. Əlbəttə ki, biz heç bir övladımızın şəhid olmasını istəmirik. Məni Azərbaycanda olmadığım, orda əsgərlər arasında övladım olmadığı üçün ittiham edə bilərlər. Ancaq bunu tam səmimiyyətimlə deyirəm: bu müharibədir və əgər müharibə varsa, itkilər qaçılmazdır. Müharibədə bəzən bir nöqtə üçün çoxlu şəhidlər vermək mümkündür. Bunun örnəklərini biz dünya tarixindən, II Dünya müharibəsindən və s. görə bilərik.

Tarixə keçmiş ən möhtəşəm, ən böyük döyüşlərdən biri olan Çanaqqala döyüşündə ingilislərin boğazlara keçməməsi üçün türklər 253 min şəhid vermişdilər. Müdafiə Nazirliyinin rəhbərliyi də Azərbaycan Ordusunu tamamən peşəkar ordu sisteminə keçirməlidir.. Son toqquşmada Azərbaycan Ermənistandan fərqli olaraq könüllülərə ehtiyac duymadı və əlində olan hərbi qüvvə ilə son hərbi əməliyyatlardan qalib çıxdı. 20 ildən uzun müddətdir ki, Ermənistanın işğal olunmuş ərazilərimizdə ciddi müdafiə sistemi qurduğunu da unutmamalıyıq. Ordumuz növbəti qələbələrə daha da əzmlə hazırıaşmalıdır. Ümumilikdə isə deyə bilərəm ki, Azərbaycan “üçgünlük münaqişə”də qalib oldu.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər