11 May 2016 15:21
2 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Bürosunun rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva ilə müsahibəni təqdim edir.

- Arzu xanım, hazırda hansı istiqamətlər üzrə fəaliyyətiniz var?

- Hazırda qrant məsələsində problemlərimiz olsa da, bizi tanıyanlar bilirlər ki, təkcə qrant çərçivəsində işləmirik. Bizim “Qarabağ Şurası” adlı qurumumuz daimi fəaliyyət göstərir, ayda azı iki dəfə iclas keçiririk. Müzakirələr aparır, təkliflər hazırlayırıq. Bu təkliflərimizi hökumətə, beynəlxalq qurumlara və erməni tərəfinə verməyə çalışırıq. Şübhəsiz ki, vəziyyət cəbhədə gərgindir və bu, bizi narahat edir. Lakin biz işimizə davam edirik. Bizdə təkliflər toplumu var və Avropa Birliyinə müraciət edəcəyik. Çalışacağıq ki, təkliflərimizə həm də lobbiçilik edək ki, bu, Avropa Birliyinin ən üst qatına belə çata bilsin.

Yeri gəlmişkən, apreldə baş verən "4 günlük" müharibə ilə bağlı fəaliyyətimiz olub. Bu, Azərbaycana qarşı təxribat idi. Mən də bu istiqamətdə öz fikirlərimi hər yerdə açıqlayıram. Onu da qeyd edim ki, noyabrda mükafat almışam. Mərasim Niderlandda olub. Orada çıxışım zamanı qeyd etdim ki, fəaliyyətim insan haqları və münaqişə istiqamətindədir. Bizim Helsinki Assambleyasının dünyada və Avropada bir sıra ofisləri var. Sözügedən mükafatla bərabər mənə müəyyən məbləğdə pul mükafatı da ayrılmışdı. Mən də bu maliyyəni insan haqları istiqamətinə sərf edəcəyimi açıqladım. Hazırda bu istiqamətdə də fəaliyyət mövcuddur, hesabatlarımız olur. Bu müddətdə həbsdə olan siyasi partiya üzvlərinin işləri ilə məşğul olmuşuq. Bütün bunlar qrantsız fəaliyyətlərdir. Bundan savayı, mən Avropa Birliyi üçün Qarabağla bağlı təhqiqat aparmışam.

- “Qarabağ Şurası”nın aktiv fəaliyyət göstərdiyinizi bildirdiniz. Orada kimlər təmsil olunur və hansı istiqamət üzrə müzakirələr keçirilir?

- “Qarabağ Şurası”nda 30 nəfər təmsil olunur. Onlar ölkənin görkəmli ictimai-siyasi xadimləri, ekspertlər, politoloq və media nümayəndələridir. Onların hamısı bir araya gələrək müzakirələr aparır. Məsələn, burada Eldar Namazov, Zərdüşt Əlizadə, Mehman Əliyev, Rasim Musabəyov, Mübariz Əhmədov, Kərim Kərimli və digər şəxslər təmsil olunur. Biz görüşlər keçirir, müzakirələr aparırıq. Görüşlər zamanı beynəlxalq qurumlara öz mövqeyimizi çatdırır, yazışmalar aparırıq. Hazırda Avropa Birliyinə müraciət hazırlayırıq. Hələlik müraciətin mətni müzakirədədir. Avropa Birliyinin diqqətini münaqişəyə yönəltməyə çalışırıq. Avropa Birliyi hazırda müşahidəçi mövqedədir və biz onu yerindən tərpətməyə çalışırıq. Məqsədimiz odur ki, Avropa Birliyi Qarabağ münaqişəsində özünü müşahidəçi qismində aparmasın, əksinə, təkliflər irəli sürsün, bu işlə ciddi məşğul olsun.

- 1994-cü ilin mayın 12-də Bişkekdə imzalanan atəşkəs razılaşmasının növbəti ildönümüdür. Siz də Qarabağ münaqişəsi istiqamətində fəaliyyət göstərirsiniz. Atəşkəs haqda nə deyə bilərsiniz?

- Sabah “Qarabağ Şurası”nın iclası olacaq. Adətən, biz belə məsələləri müzakirə edirik. Bu müddətdə Qarabağ probleminin həll edilməməsi, atəşkəsin bizə nə verdiyi və s. istiqamətdə fikirlərimizi qeyd edirik.

- Bir vaxtlar Qarabağ konfliktinin həlli üçün Aland Adaları modelini təklif edirdiniz. İndi də bu fikirdəsiniz?

- Aland Adaları ideyası Helsinki Vətəndaş Assambleyasının təklifi olub və biz bu ideyanı irəli sürmüşdük. Müharibə variantı bütün təklifləri pozur. Əgər biz düzgün siyasət apararıqsa, ciddi təkliflər irəli sürəriksə, bu təkliflərin qəbuluna nail ola bilərik. Mən bu gün də hesab edirəm ki, əslində, hər iki tərəf üçün Aland modeli məqbuldur və vaxt itirmədən bunu işləmək lazımdır. Lakin Aland modeli elə deyil ki, onu olduğu kimi götürüb Qarabağ münaqişəsinə tətbiq edəsən. Əksinə, bu modelin üzərində elementləri işləmək və yeni Qarabağ modeli yaratmaq lazımdır. Atəşkəs haqda danışdınız. Son 20 ildə atəşkəs daima pozulurdu. Bəzən atəşkəsin pozulması siyasətlə bağlı olurdu, Rusiya ilə münasibət və ya Rusiyanın Qərblə münasibətləri bəzən atəşkəsin pozulmasına səbəb olurdu.

Lakin son 2 ildə atəşkəsin daha çox pozulması müşahidə olunub. Bu, əsasən Rusiya siyasəti ilə bağlı olub. Məsələn, atəşkəs onda pozuldu ki, Prezident İlham Əliyev Brüsselə səfər etdi, NATO baş katibi ilə danışıqlar apardı. O vaxtdan hər gün atəşkəs pozulur. Üstəlik də tərəflər bir-birini ittiham edir. Əvvəl tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirdisə, indi əksinə qürurla deyirlər ki, düşmənin filan sayda texnikasını, canlı qüvvəsini məhv etdik. Bunu hər iki tərəf edir.

- Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli imkanlarını necə görürsünüz?

- Mən hərb variantını görmürəm. Fikirləşirəm ki, bu, Azərbaycan üçün tələdir.

- Niyə belə hesab edirsiniz, Azərbaycan öz torpaqlarını azad etmək haqqına malik deyilmi?

- Malikdir. Ancaq diqqət edin. 1992-ci ildə Azərbaycana kart-blanş vermişdilər ki, gedin Dağlıq Qarabağı azad edin, ərazilərinizi təmizləyin. Bir müddət Azərbaycan ordusu qələbələr qazandı. Lakin bu qısa müddət oldu, sonra Rusiya Ermənistanın tərəfini tutdu, köməklik göstərdi ki, Azərbaycanın bəzi əraziləri işğala məruz qalsın. Biz 1992-ci ildə bunu yaşadıq. İndi də belə görüntü mövcuddur ki, Rusiya Ermənistana təzyiqlər göstərir. Məncə, bu, əməliyyatın tərkib hissəsidir. Mən Rusiyanın belə bir siyasəti sona qədər aparacağına inanmıram, hesab edirəm ki, bu, Azərbaycan üçün tələdir.

Necə ki, 1992-ci ildə baş vermişdi. Biz nədənsə 1992-ci ili yaddan çıxarırıq, unuduruq ki, Xocalını ələ keçirən hansı ölkənin hərbçiləri olub. Bu tarixi səhnə unudulmamalıdır. Bir sözlə, mənim hərbi yolla münaqişənin birdəfəlik həll ediləcəyinə inamım azdır. O ki qaldı Azərbaycanın öz ərazisini geri qaytarmasına, fikrimcə, Dağlıq Qarabağ sözsüz bizim torpağımızdır. Ancaq burada əhali yaşayır. Fikrimcə, əhali yaşamayan ərazilərdə hərbi əməliyyatlar aparmaq olar. Ancaq Azərbaycan təkbaşına bunu etməməlidir, bizə müttəfiqlər lazımdır. Nəzərə almaq lazımdır ki, bu münaqişəni yaradan və idarə edən Rusiyadır. Mənim qənaətimə görə, bu işdə Azərbaycanın müttəfiqləri Avropa və Qərb ölkələri ola bilər.

Nemət


Müəllif:

Oxşar xəbərlər