18 May 2016 16:03
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir:

- Elxan bəy, Vyanada prezidentlərin görüşü baş tutdu. Prosesi necə qiymətləndirirsiniz?

- Azərbaycan ordusu 22 il mövcud olan vəziyyəti, ən əsası Ermənistan və böyük dövlətlərin münaqişəyə münasibətində situasiyanı dəyişdirə bilib. Əvvəlki görüşlərlə müqayisədə Vyana görüşü fərqli mühitdə keçdi. Mən Sərkisyanın Vyanadan qayıdarkən jurnalistlərə verdiyi müsahibəni erməni televiziyasında seyr etdim. Onun bədən hərəkətləri, danışıq tonu tamamilə fərqli idi. Bu dəfə o, Azərbaycanı şantaj etməsi, güc amilindən çıxış etməsi, tutduğu xəstə düşüncələrdən əl çəkməməsi kimi ənənəvi hərəkətlərinə zidd yanaşma sərgilədi. Bunun da səbəbi odur ki, Azərbaycan ordusu Sərkisyanı iflic edib, o, faktiki olaraq aqonik durumdadır, vəziyyətdən çıxış yolu axtarır. Lakin ona inanmaq da olmaz.

Çünki onun məqsədi ikilidir. Birincisi, vəziyyətdən çıxmağa çalışır, bizim ordunun gücünü görərək düşünür ki, indiki durumdan üstünlüklə çıxmasa, ordumuz yeni ərazilər götürəcək və bu kövrək vəziyyət tamamilə dəyişəcək. O zaman onun qazana biləcəyi bir şeyi olmayacaq. İkincisi, onların Ermənistanda yaratdığı yanaşma və düşüncə tərzi də öz rolunu oynayır. Sərkisyanın hələ də nostalji düşüncəsi var, çalışır ki, vəziyyəti uzatsın, müasir silahlar əldə edərək balans yaratsın. Üstəlik il yarımdan sonra prezidentlikdən gedir və yavaşca aradan çıxsın. Onun düşüncəsi belə olub ki, prezidentliyi dönəmində bir qarış torpağı da Azərbaycana verməsin. Amma vəziyyət onun istədiyi kimi deyil.

- Bu danışıqlar prosesində konfliktlə bağlı beynəlxalq güclərin yanaşması nədən ibarətdir? Bəllidir ki, Vyana görüşündə həm də Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri iştirak ediblər.

- Beynəlxalq birliyin təzyiqi var. Yanaşma belədir ki, işğal uzun müddət qala bilməz və problem tezliklə həll edilməlidir. Məncə, iyun ayına danışıqların salınması ona ümid verir ki, həmsədr ölkələr və Almaniya tərəfləri problemin yekun həllinin razılaşdırılmasına başlamağa sövq edəcəklər. Sərkisyan da aqoniya halındadır və təyyarədə dedi ki, “hər şey düşündüyümüz ideya və arzulardan ibarət deyil”. Artıq Sərkisyan bu cür danışmağa başlayıb. Deyir ki, əgər biz danışıqlara getməsək, elan edəcəklər ki, Ermənistan status-kvonun bu cür qalmasında maraqlıdır, müharibə tərəfdarıdır. Belə ifadələr işlətməsi o mənanı verir ki, Sərkisyan təzyiq altındadır və real danışıqlara daxil olmaq üçün şans var.

- Danışıqlar prosesində Azərbaycan tərəfinin pozisiyasını necə qiymətləndirirsiniz?

- Azərbaycan hərbi, siyasi və psixoloji üstünlüyə malikdir. Çünki Azərbaycan 22 ildə mövcud olan status-kvonu tamamilə dəyişdirib, birinci zərbəni vurub və gözləyir.

- Nəyi gözləyir?

- Gözləyir ki, düşmən buna necə cavab verəcək, o dinc yolla torpaqlardan çıxmağa hazırdırmı, yoxsa növbəti hərbi zərbələri gözləyir. Məncə, Azərbaycanın baxışı budur. İlk zərbə vurulub, danışıqlar başlayıb, əgər bu, əsaslı dönüşə səbəb olmayacaqsa, növbəti zərbələr də istisna deyil. Əslində, hesab edirəm ki, beynəlxalq baxış da bundan ibarətdir ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi cəbhədə çox irəli getməyib. Halbuki, irəliyə sürətlə gedə bilərdi. Çünki qısa müddətdə böyük müdafiə sədlərini yarmışdı, irəli getmək üçün gücü və qətiyyəti var idi. Lakin getmədi. Nəyə görə? Çünki münaqişənin dinc yolla həllini istəyir. Əgər Ermənistan əvvəlki ampluasına qayıdarsa, danışıqları prosesə çevirərsə, bu zaman Azərbaycan hərbi rıçaqdan da istifadə etməyə məcbur olacaq. Hərbi və diplomatik rıçaqlar bir-birini tamamlamalı, paralel hərəkət edilməlidir. Çünki 22 ildir ermənilərlə danışmaq öz bəhrəsini vermir.

Hərbi yol hər zaman Ermənistanın başı üzərində olmalıdır. Bunu beynəlxalq birlik də anlayır və qəbul edir. Ancaq bir məqama xüsusi diqqət etmək istərdim. Qənaətimə görə, atəşkəs xəttində mexanizmlərin yaradılması, Kaspirşik ofisinin genişləndirilməsi maraqlarımıza uyğun deyil. Mən bunu Vyana görüşündən əvvəl də qeyd etmişdim. Çünki bu, ermənilərin konfliktin həllini uzatmaq məqsədinə kömək edə bilər. Erməni tərəfi istəyir ki, atəşkəs rejimi möhkəmlənsin, danışıqları uzatsınlar, sabah atəşkəs pozulanda Azərbaycanın başını qataraq bunun araşdırılmasını aparsınlar, kimin birinci güllə atdığı kimi xırda məsələləri beynəlxalq müstəviyə çıxarsınlar. Yəni erməni tərəfi bundan istifadə edərək əsas məsələləri kənara qoyaraq yeddinci dərəcəli problemlə başımızı qatmaq istəyəcək.

Bunu Azərbaycan əvvəllər rədd edirdi. Təbii ki, indi beynəlxalq birlik də bunu istəyir, hesab edir ki, rahatlıq yaransın və effektiv danışıqlar getsin. Aydındır ki, beynəlxalq birlik bunu xoş məramla deyir, rasional baxış da bunu tələb edir. Ancaq 20 ildə olan situasiya göstərir ki, erməni tərəfi bundan sui-istifadə edir, danışıqları əbədi uzatmaq üçün çalışır. Burada sadəcə atəşkəsi saxlamaq bu mexanizmlərə ən layiqli cavabdır. Kaspirşik ofisini genişləndirmək o deməkdir ki, burada böyük beynəlxalq müşahidəçilər yerləşdirilir. Məncə, Azərbaycan tərəfi bunu ermənilərin torpaqlardan çıxması cədvəli ilə paralel olaraq uyğunlaşdırmalıdır.

- Ancaq Azərbaycan tərəfi Prezident Administrasiyası səviyyəsində açıqlama verdi ki, Azərbaycan üzərinə heç bir öhdəlik götürməyib və erməni tərəfi qeyd-şərtsiz işğal etdiyi torpaqlardan çıxmalıdır...

- Bu açıqlamadan məlumatlıyam. Orada qeyd edilir ki, Azərbaycan tərəfi Kaspirşik ofisinin genişləndirməsi barədə öhdəlik götürməyib. Ancaq təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasına etiraz etmirik. Bu mexanizmlər nə deməkdir? Bütün təmas xətti boyunca xüsusi sensorlar, aparatlar qoyulacaq ki, kimin hansı tərəfə atəş açmasını müşahidə edə bilsinlər.

- Sizcə, bunu bütün cəbhə boyu etmək mümkündürmü?

- Yəqin ki, nə qədəri mümkündür etməyə çalışacaqlar. Daha çox hərbi postlar olan nöqtələrdə tətbiq etmək istəyəcəklər. Təbii ki, heç kim istəmir ki, Azərbaycan əsgərinə ziyan dəysin. Bu həm də Azərbaycan əsgərinin təhlükəsizlik məsələsidir. Ancaq burada pis məqam odur ki, ermənilər bundan istifadə edərək atəşkəsi daimi edib orada rahat oturmaq istəyə bilərlər.

- Sizcə, təmas xəttinə belə cihazlar yerləşdirməklə müharibə və ya hərbi addımların qarşısını almaq mümkündürmü?

- Kaspirşikin ofisi gəlib bu cihazları yoxlayır ki, ilk atəşi kim açıb. Bundan sonra münaqişə tərəfləri yenidən haradasa görüşür, bütün günü bu məsələni müzakirə edir, tərəflər bir-birini günahlandırır və s. Prezident İlham Əliyev mart ayında qeyd etmişdi ki, bu gülünc və mənasız bir təklifdir. Mən də hesab edirəm ki, Prezident tamamilə doğru qeyd etmişdi.

- Siz nəzərə alırsınızmı ki, hələlik bu razılaşma ilə bağlı mexanizmlər hazırlanır və məntiqlə bunun baş tutmama ehtimalı da mövcuddur.

- Təbii. Hələlik bu mexanizmlər hazırlanır. İyunda növbəti danışıqlar olacaq. Azərbaycan görsə ki, danışıqlardan bir şey çıxmır, Sərkisyan əvvəlki mövqeyində qalır, bu halda mexanizmləri yaxına buraxmaya bilər.

- Sərkisyan son müsahibəsində iddia etdi ki, aprel döyüşlərində Azərbaycan 800 hektar ərazini işğaldan azad edib, ancaq bu ərazilər hərbi strateji baxımdan əhəmiyyətli mövqelər deyil. Bunu nə dərəcədə ciddi mövqe hesab etmək olar?

- Siz də bilirsiniz ki, mən bu işlərə pessimist yanaşırdım, hətta deyirdim ki, torpaq erməniyə qala bilər. Ancaq indi vəziyyət 180 dərəcə dəyişib. Sərkisyan bilmir ki, vəziyyətdən necə çıxsın. Onun ordusu zəif və başıpozuq gündədir. İndi də, bəlli olub ki, onun nizami ordusu yoxdur, olana da yarıhərbi birləşmələr deyirlər. İndi də ağsaqqal kişiləri, keçmiş döyüşçüləri toplayıb yeni batalyonlar qururlar, guya səngər davasına keçəcəklər. Düşünürlər ki, Azərbaycan ordusu onlarla səngər davası edəcək. Belə şey olmayacaq, səngər davası əvvəlki illərdə qaldı. İndi müasir texnikadır və həmin əsgərləri səngərdə öldürmək imkanları var. Sərkisyan psixoloji baxımdan əzilmiş və aşağılanmış gündədir.

Çünki 20 ildir erməni mifi güc amili ilə Azərbaycanı qorxudurdu. Əvvəlki çıxışları zamanı deyirdi ki, Azərbaycan hərbi addım atarsa, biz daha 3-5 rayonu tutarıq. Amma indi o ancaq ehtiyatla danışır, naqdauna düşmüş vəziyyətdədir. Mən siz dediyiniz sualla bağlı Sərkisyanın dediklərinə diqqət etdim. Jurnalist xanım ona sual etdi ki, Azərbaycan deyir ki, biz qələbə qazanmışıq, Ermənistan deyir biz qələbə çalmışıq, sizcə kim qələbə çalıb? Sərkisyan da 800 hektar məsələsini 5 dəfə təkrar etdi, özünü haqlı çıxarmaq üçün dedi ki, biz 800 min hektar tutmuşuq, onlar 800 hektar azad edib, biz oranı geri ala bilərdik, amma bu 40-80 əsgərimizin ölməsinə dəyərdirmi, bizim əsgərlərin həyatı çox önəmlidir, həmin ərazilərin strateji əhəmiyyəti yoxdur və s. Guya Sərkisyan bu əraziləri yenidən işğal etmək istəmirdi?

Əlbəttə, istəyirdi və təkrar hücum da oldu, amma istədiyini əldə edə bilmədi. Hələ iddia etdi ki, erməni əsgərləri qarşıya qoyulan vəzifəni icra edib, düşmənə imkan verməyib ki, irəli gəlsin, planları pozulub və s. Bütün bunlar cəfəngiyyatdır. Azərbaycan ordusu ciddi addımlar atıb, qarşısına qoyulan tələbi həyata keçirib. Əgər irəli getmək qərarı olsaydı, iradə ilə gedəcəkdi.

- İndi danışıqlar prosesi davam edəcək. Sizcə, bu proses optimist olmağımıza əsas verirmi?

- Fikrimcə, verir. Çünki Azərbaycan tərəfinin hərəkəti həmsədr ölkələri ayağa qaldırıb. Almaniyanın xarici işlər naziri dəfələrlə bəyan edir ki, status-kvo dəyişilməlidir və əsla belə qala bilməz. Bunu Rusiya da, Amerika da, Fransa da deyir. Onların hamısı bu işin tezliklə yoluna qoyulmasında maraqlı olduğunu ifadə edirlər. Ermənistana dedikləri odur ki, torpaqlardan çıxmasanız, hərbi vəziyyət davam edəcək. Əsas məsələ onların işğal etdiyi ərazilərdən çıxmasıdır.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər