Bildirilir ki, konsert “Festival Jazz à St-Germain-des-Prés Paris” caz festivalı çərçivəsində reallaşıb. Beləki, konsertin təşkilatçıları postbop caz musiqi janrının canlı əfsanələrindən biri, 86 yaşlı amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camala ifa üçün bir pianoçunu seçmək imkanını yaradıblar. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin dəstəyi ilə 20 may tarixində Parisdə keçirilən konsertdə bu şərəfə azərbaycanlı caz musiqiçisi Şahin Növrəsli layiq görülüb. Bu, əvvəllər digər üç ekstraordinar azərbaycanlı caz pianoçusuna – İsfar Sarabski, Emil Əfrasiyab və Elçin Şirinova sponsorluq etmiş təşkilat tərəfindən əsası qoyulmuş ənənənin davamıdır.
Konsert zamanı Şahin öz kompozisiyaları və Azərbaycan müsqisinin variasiyalarından ibarət geniş spektrli əsərlər ifa edib. Açılış üçün ifa etdiyi birinci parça “Stella By Starlight” olub.
Konsertdə Şahin “Emanation” adlı ikinci albomunu da təqdim edib. “Bayatı” adlı birinci albomundan sonra Şahinin ərsəyə gəlmiş ikinci albomu Əhməd Camalın həmprodüserliyi ilə Parisdə yazılıb.
“Le Figaro” nəşrinin caz mütəxəssisi Kristof Dore konsert barədə təəssüratlarını belə ifadə edib: “Çox az musiqiçi tapılar ki, bizlərə öz musiqi bacarığı, janrı və üslubu ilə yenilik gətirir, not çaylarını öz barmaqları ilə axına çevirir. Azərbaycanlı pianoçu Şahin Növrəsli əsası klassik musiqidə qoyulmuş öz nəslinin ən böyük caz musiqiçilərindən biridir.
Onun sonuncu “Emanation” albomu şərqdən ilhamlanan, həm şən, həm də, virtuoz ifa xəzinəsidir və klassik musiqi ilə caz musiqisini birləşdirərək xüsusilə uğurlu vəhdət yaradır”.
Qeyd edək ki, festivalında Azərbaycan Respublikası baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev iştirak ediblər.
Pərvin