“Avroviziya” mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, həqiqəti bütün dünyaya çatdırmaq üçün Elnur Hüseynov və Fidan Hüseynova Gəncədə baş verən faciə haqqında klip çəkdiriblər.
“Say Hallelujah” mahnısına çəkilən klip Fidan Hüseynovanın rəsmi yutub kanalında təqdim edilib.
Elnur Hüseynov açıqlamasında bu sözləri qeyd edib: "Oktyabrın 4-ü, 11-i və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub. Həlak olanlar arasında 10 qadın və 6 uşaq var. Daha 138 nəfər yaralanıb. İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi. Beləliklə, rejissor Ülviyyə Könül “Say Hallelujah” mahnısının yeni versiyası üzərində işə başladı. O, 2018-ci ildə çəkilmiş klipi əsas götürərək yeni videonu yığıb və Gəncə hadisələri barədə söhbət açıb".
Qeyd edək ki, klipin rejissoru Ülviyyə Könüldür. Mahnının sözləri isə Cəlal Qurbanova aiddir. Misraları ingilis dilinə şairə Nigar Həsənzadə tərcümə edib.