Dünya artıq ermənilərin bu hərəkətlərinə lazımi qiymət verməlidir. Yəni onlar dinc, mülki əhalini hədəfə alarkən sanki yalnız azərbaycanlıları qıracaqlarını güman edirlər. Amma bu monoetnik ölkə başa düşmür ki, Azərbaycan polietnik ölkədir. Burada 30-dan artıq xalqın nümayəndəsi yaşayır və ölkədə multikultural, tolerant mühit hökm sürür.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, məhz bu mühitin nəticəsidir ki, ermənilər Gəncə şəhərinə raket zərbələri endirərkən burada həm də qohumlarının yanına qonaq gələn milliyyətcə rus olan bir yeniyetmənin də həlak olmasına səbəb olublar:
“Bu yeniyetmə Rusiya Federasiyasının vətəndaşı olan günahsız, dinc sakindir. Rus xalqına mənsubdur. Bununla bağlı Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlama həlak olan vətəndaşına diqqətinin nümunəsidir. Bəyanatda həlak olan Rusiya vətəndaşının yaxınlarına və qohumlarına başsağlığı verilib”.
Qabil Hüseynli qeyd edib ki, oktyabrın 4-də endirilən ilk raket zərbəsi zamanı isə Gəncədə yerləşən və Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri olan Aleksandr Nevski kilsəsinə xəsarət yetirilmişdi:
"Bütün bunlar göstərir ki, ermənilər üçün milli mənsubiyyət hissi yoxdur. Hətta dini mənsubiyyət hissi də o qədər əhəmiyyətə malik deyil. Bu səbəbdən də onlar insanları hədəfə alarkən onların nə dini, nə də milli mənsubiyyətinə əhəmiyyət verirlər. Təki özlərinin terrorçu, faşist niyyətləri həyata keçsin”.
Qabil Hüseynli hesab edir ki, Gəncə olayları bütün dünyaya bir ibrət dərsi olmalıdır:
“Ermənistanın siyasi-hərbi rəhbərliyi artıq əndazəni aşıb, öz ölçüsünə sığmır. Ona görə də Azərbaycanın apardığı hərbi əməliyyatlar həm erməni xalqı içində faşist ideologiyasına susayanları, həm də onların təbliğatı nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarını azad edir”.