1 Dekabr 2021 09:05
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın işğaldan azad olunması 30 illik yurd-yuva həsrətinə son qoydu. Düşmən tapdağından azad edilən torpaqlarımız isə hələ də təhlükəsiz deyil. Həmin ərazilərdə minatəmizləmə əməliyyatları davam etməkdədir. Məcburi köçkünlər, digər mülki şəxslər səbrsizlik göstərərək o torpaqlara getməyə can atırlar. Bu isə bəzən faciələrlə nəticələnir.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə işləri şöbəsinin müdiri Ramil Əzizov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ramil bəy, işğaldan azad olunmuş ərazilərdə minalarla bağlı vəziyyət hazırda necədir? Hansı ərazilər minalardan təmizlənib?

- Vətən müharibəsindən sonrakı dövrdə ANAMA mütəxəssisləri işğaldan azad olunmuş müxtəlif rayonlar istiqamətində təhlükəsiz keçidin təmin olunması üçün fəaliyyətə başlayıblar. Həmin ərazilər düşmən tərəfindən ciddi şəkildə minalanmışdı. Elə yerlər var ki, orada müvafiq məntəqəyə çatmaq üçün minaaxtaran 18 mina xəttini keçmək məcburiyyətində qalır.

Hal hazırda bu yerlərin bir hissəsi təmizlənib və ərazilərdə böyük quruculuq, bərpa işləri gedir. Bu işdə təhlükəsizliyin təmin olunması üçün ANAMA-nın fəaliyyəti bir nömrəli diqqət mərkəzindədir.

Xüsusilə hazırda işğaldan azad olunmuş ərazilərdə sosial infrastruktur işlərinin təhlükəsiz yerinə yetirilməsi, yollar, su xətləri, kanallar, dəmir yolu xətlərinin minalardan təmizlənməsi əsas prioritetlərdəndir. İlk olaraq təbii ki, yolların açılmasından, əraziyə girişin təmin olunmasından başladıq. Növbəti mərhələdə sosial infrastruktur layihələrinin yerinə yetiriləcəyi ərazilərin, yaşayış məntəqələri ərazisinin, kənd təsərrüfatı sahələrinin təmizlənməsi prosesi başlanıldı.

İri şəhərlərimizin minalardan təmizlənməsi əsas məqsədlərdəndir, hesab edirəm ki, yaxın gələcəkdə Qarabağımızın iri şəhərlərinin, eləcə də dağıdılaraq viran edilmiş, minalarla çirkləndirilmiş digər rayonlarımızın möhtəşəm tikintisinin şahidi olacağıq.

- Minalanmamış ərazilərimiz varmı?

- Bilirsiniz, minalanmış ərazilərin miqyasını da nəzərdən qaçırmaq olmaz. Tanımadığımız, yoxlanılmamış ərazilər bizim üçün şübhəli ərazilər hesab olunur. Minalanmış ərazini müəyyən etmək üçün beynəlxalq standartları tətbiq edirik. Ərazidə mina olub-olmamasını öyrənmək üçün müxtəlif yanaşmalar var. İlk olaraq ümumi tədqiqat aparırıq. Tədqiqat əsasında informasiyalar toplayırıq. Daha sonra orada texniki tədqiqat icra edilir, təhlükəli ərazilərin xarakteristikası aparılır, hansı minaların basdırıldığı, ərazinin təhlükəlilik səviyyəsi, minaların basdırılma dərinliyi, relyef və.s istiqamətlər araşdırılır.

Növbəti mərhələdə təmizləmə işlərinə start verilir. Riski az olan ərazilər şübhəli ərazi kimi qeydə alınır və burada mexaniki üsullarla qısaltma əməliyyatları aparılır.

- ANAMA işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş işçilər arasında mina təhlükəsi ilə bağlı məlumatlandırma aparırmı?

- ANAMA tərəfindən mina təhlükəsinə dair maarifləndirmə bir neçə istiqamətdə aparılır. Əvvəllər təmas xətti adlanan ərazilərə yaxın yaşayış məskənlərimiz , kəndlərimiz vardır. Bu ərazilərdə 80-dən artıq kəndimiz yerləşir, orada çoxlu sayda vətəndaşlar yaşayır. Maarifləndirmə proqramımız ilk növbədə həmin kəndlərdə yaşayan insanları əhatə edir.

Digər tərəfdən maarifləndirmə proqramı infrastruktur layihələrinə cəlb olunmuş qurum əməkdaşlarını əhatə edir. Burada çalışan mütəxəssislər təlimçilərin təlimi proqramına cəlb edilir. Beynəlxalq standartlar nəzərə alınmaqla minalanmış sahələrin əlamətləri, mina maarifləndirməsi ilə bağlı davranış qaydaları, hərbi sursat və minaların tanınması ilə bağlı təlimlər keçilir. Bu gün təxminən 130-dan çox dövlət və özəl qurum əməkdaşlarını təlimçilərin təlimi proqramına cəlb etmişik.

Bununla yanaşı, ANAMA-nın səyyar qrupları var, onlar mütəmadi qaydada işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərirlər. Təhlükəyə dair insanlarımızın maarifləndirilməsi üçün digər bir vasitə kimi ANAMA tərəfindən ərazilərdə 480-dan yuxarı xəbərdaredici bilbordlar quraşdırılmışdır.

İşğaldan azad olunmuş ərazilərin yaxınlığında məktəblər var. Orada yaşayanlar risk qrupuna aiddir. Bu baxımdan ANAMA, Təhsil Nazirliyi və UNİCEF arasında bağlanmış üçtərəfli birgə fəaliyyət proqramı əsasında həmin kəndlərin müəllimlərinə maarifləndirmə ilə bağlı çap olunmuş 40 mindən çox kitablar, metodik vəsaitlər və digər çap materialları paylanıldı.

Təlimlər və tədbirlər bu gün də davam edir. Təxminən min müəllimin bu prosesdən bəhrələnməsini gözləyirik. Hesab edirik ki, proqram çərçivəsində yüz mindən çox insanı maarifləndirmə prosesinə cəlb etmiş olacağıq.

- Əhali bu tədbirlərə maraq göstərirmi?

- Əlbəttə. Xüsusilə gizli düşmənlə üz-üzə gələn kənd sakinləri bu tədbirlərə daha maraqlıdır. Onlar başa düşürlər ki, ölüm saçan qatil nə dərəcədə təhlükəlidir. Bəzən kənardan gələn kimsə o təhlükənin fərqində olmur, yerli insanlarsa illərdir həmin təhlükəli yerlərə yaxın ərazilərdə yaşadıqları üçün buna daha həssas yanaşırlar.

Biz həmin ərazilərdə icma komitələri yaratmışıq. Müharibədən zərər çəkmiş kəndlərdə icra nümayəndələri, bələdiyyələr, ağsaqqallar, din xadimləri, kəndin sayılan insanları, qadınlardan ibarət qruplar formalaşdırıb, mina ilə mübarizədə maarifləndirmə təlimləri keçirik. Onlar da öz növbəsində bu məlumatları yerli kənd sakinlərinə ötürürlər. Vətəndaş cəmiyyəti təşkilatları da bu proses cəlb ediliblər.

- Təmizlənmiş ərazidə təkrar mina aşkarlana bilərmi?

- ANAMA ərazilərdə minatəmizləmə işlərini 100 faizi yerinə yetirir. Amma bəzən elə yerlər olur ki, orada mina dərində basdırıla bilər və yaxud bu və ya digər səbəbdən “minaların miqrasiyası” baş verə bilər. Bu zaman müvafiq resursların tətbiqi məsələsi gündəmə gəlir. Həmin minalar aşkarlanaraq zərərsizləşdirilir. Məsələn, işıq çəkilən zaman beton dirəklərin basdırırlması gündəmə gəlmişdi. Bu halda bir neçə metr dərinlik yoxlanmalıdır. Dərin təmizləmədən sonra həmin qurum müvafiq qaydada işini uğurla yekunlaşdırdı.

- İmprovizə olunmuş partlayıcı qurğuların törədə biləcəyi təhlükə barədə məlumat verə bilərsinizmi? Onlar nə dərəcədə təhlükəlidirlər?

- Partlayıcı qurğular bir neçə kateqoriyaya bölünür. Bunlar minalar, improvizə olunmuş partlayıcılar, partlamamış hərbi sursatlar, kustar üsulla hazırlanmış partlayıcı qurğulardır. Vətəndaşlara xəbərdarlıq olaraq deyim ki, onların hər biri təhlükəlidir. Yaxınlarda mətbuatda da dərc olundu, borunun içərisinə partlayıcı maddə yerləşdirilmişdi. Ona toxunanda partlayır. Bu partlayıcı qurğular insanları yayındıraraq tələyə salmaq məqsədi daşıyır.

- İşğaldan azad olunan ərazilərdə hansı növ minalar basdırılıb?

- Bu ərazilərdə tank əleyhinə və piyada əleyhinə minalar mövcuddur. Tank əleyhinə minalar müxtəlif kateqoriyalara bölünür: metal gövdəli, plastik gövdəli, taxta gövdəli, xüsusi formaya salınmış minalar... ərazidə piyada əleyhinə qəlpələnən minalar, partlayış dalğalı minalar aşkarlanır. Partlayış dalğalı minalar çox vaxt ətrafların amputasiyasına gətirib çıxarır.

Qəlpələnən minalar 50 metr məsafədə ölümlə nəticələnir, buradan çıxış çox çətindir. Onlar daha uzun məsafədə ölüm saçan gizli qatillərdir. Bu günə kimi on mindən çox piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilmişdir. Ümumilikdə isə 28 minə yaxın partlayıcı sursatlar aşkar edilərək məhv edilib.

- Təmizləmə əməliyyatları zamanı minaaxtaranlar hansı alət və avadanlıqlardan istifadə edirlər?

- Təmizləmə əməliyyatları zamanı minaaxtaranların istifadə etdiyi alətlər beynəlxalq standartlar çərçivəsində sertifikasiya olunub. Detektorlar, partlamamış hərbi sursatların tapılması üçün istifadə olunan xüsusi qurğular, yerin altındakı maneəni aşkarlamaqdan ötrü dəlik açmaqla torpaq səthinin yoxlanılması üçün istifadə olunan şişlər və.s avadanlıqlardan, alətlərdən istifadə olunur.

Bunlardan başqa, tələ məftili hiss edən alətlərdən istifadə olunur. Bu, təhlükəli OZM 72 markalı minanın və digər tələ məftilli partlayıcı qurğuları aşkarlamaq üçün istifadə olunur. Skaner aparatları da minatəmizləmə işində köməyə gəlir. Təmizləmə əməliyyatları zamanı mexaniki mina təmizləyən maşınların və itlərin köməyindən də istifadə olunur.

- Minalı əraziyə gedən vətəndaşlara necə nəzarət oluna bilər?

- İşğaldan azad olunmuş ərazilərdə müəyyən infrastruktur qurulub, yollar açılıb. Bu yollar üzərində qurulmuş məntəqələrdə müəyyən yoxlamalar aparılır. Həmin ərazilərə səfər edən şəxslər qeydiyyata götürülür. Bu, səfərin gerçəkləşdirilməsində təhlükəsizlik üçün vacib yoxlamadır. Bu vasitələrlə ərazilərə qanunsuz səfər etməyə çalışanların durdurulması əsas məqsəddir. Əməkdaşların müəyyən edilmiş qrafikdən çıxıb başqa əraziyə daxil olması birbaşa mina təhlükəsi ilə bağlı risklər yaradır.

Postlarda yoxlamalar aparılır və daha sonra oraya vətəndaşlar buraxılır. Bütün bunlara baxmayaraq işğaldan azad olunmuş böyük ərazimiz var. Hər yerə post qoyub, vətəndaşların səfərinin qarşısını almaq real deyildir. Ərazilər ciddi şəkildə minalanmışdır, həmin ərazilərə səfərin qarşısını almaq üçün müxtəlif çağırışlar edirik. Qanunsuz səfərləri dayandırmaq lazımdır, bu, həyat bahasına başa gələ bilər. Bu ərazilərdə müvafiq təhlükə nişanları və bilbordlar basdırılmışdır. İnsanlar bu işarələrin tələblərinə əməl etməlidirlər.

- Minalı sahələrin əlamətləri hansılardır, vətəndaşlarımız daha çox nəyə diqqət etməlidirlər?

- Müharibədən əvvəl təmas xətti deyilən ərazilər boyu kəndlərimiz vardı. İnsanlar çox yaxşı bilirdilər ki, qarşı tərəf minalıdır. Bu əraziyə daxil olmaq ölümə getmək kimidir. Minalı ərazilərə posterlər, işarələr qoyulub. Müəyyən əlamətləri də sezmək mümkündür. Orada partlayış əlamətləri, heyvan sümüklərinin qalıqları, nə zamansa mina partlayışı nəticəsində dağılmış hərbi texnikaların, avtomobillərin hissələri ola bilər. Bununla yanaşı, orada düşmənin müdafiə istehkamları, xəndəklər vardır.

Maarifləndirmə proqramının tərkib hissələrindən biri də insanların mina və sursatları tanımasıdır. Doğrudur, texniki cəhətdən bunu izah etməsək də, görünüşünü, rəngini, formasını izah edib göstəririk ki, rastlaşanda toxunmasınlar, yaxın durmasınlar.

İnsan özünü mina sahəsində hiss etdikdə və ya ətrafında minalar gördükdə həmin ərazidə hərəkət etmək, qaçmaq olmaz. Dərhal yaxınlıqdakı adamları köməyə çağırmaq lazımdır. Ona görə yox ki, gəlib həmin şəxsi oradan çıxarsınlar. Ətrafdakı şəxslər müvafiq qurumlara xəbər versinlər, onlar da öz növbəsində müvafiq mütəxəssisləri çağırsınlar, insanın oradan çıxarılması üçün təhlükəsiz cığır açılsın.

Bəzi insanlarda yanlış fikirlər var ki, minaya ayaq qoyduqda ayağı çəkməsən partlamaz. Bu, doğru deyil, ayağı minaya basdınsa, bu partlayışdır. Yaxud sursat və minaları bir-birinə birləşdirən tələ məftilinə toxundunsa, partlayış baş verəcək.

Bəzi insanlar da düşünür ki, maşınla həmin ərazidən sürətlə keçərsə xilas olmaq mümkündür. Mina saniyənin onda biri sürəti ilə partlayır. Bəziləri isə düşünür ki, qışda mexanizmlər donur və sərtləşə bilir, mina həssaslığını itirir və bu səbəbdən partlayış baş verməyə bilər. Bu düşüncələr də yanlışdır. Ola bilər ki, isti vaxtlarda mexanizmlər daha az çəkinin təzyiqi nəticəsində işə düşsün, amma minanın partlayış gücü fəsildən asılı deyil.

Ermənistan istehsalı olan piyada əleyhinə minalar ərazilərimizdə kifayət qədər basdırılıb və 2-4 kiloqram çəki partlayışa səbəb olur.

- Ümumi ölkə üzrə maarifləndirmə tədbirlərinə başlamaq planı varmı?

- Əlbəttə. Bununla bağlı ANAMA tərəfindən xüsusi metodologiya və proqram hazırlanıb. Məktəblərdə, müəllimlərə yönəlik dərsliklərimiz hazırlanıb. Xüsusi təlim vəsaitləri çap olunub, orada minalanmış ərazilər, işarələr, nişanlar qeyd olunur.

Gələcəkdə bir milyondan çox məcburi köçkün yurd-yuvalarına qayıdacaq. Həmin proseslərə köklənib, qısa zamanda hazırladığımız təlim paketləri sayəsində məcburi köçkünlərin maarifləndirməsinə başlayacağıq. Demək olar ki, bu prosesə başlanılıb.

- Minatəmizləmə əməliyyatları kifayət qədər çətindir. Bu sahəyə maraq necədir?

- Minaaxtaran peşəsi bəlkə də həyatda ən çətin peşədir. Sovet dövründən qalan bir ifadə var: minaaxtaran 1 dəfə səhv edir. Bilirsiniz, bu təhlükəli peşədir. Bütün bunlara baxmayaraq, yerli vətəndaşlarımız bu ailənin bir üzvü olmaq üçün müraciətlər edirlər.

Bu gün minaaxtaranlar böyük rəşadət göstərirlər. Biz 20 ilə yaxındır ki, bu sahədəyik, bunu borcumuz, görəvimiz hesab edirik. Elə minaaxtaranlarımız var ki, yaşları ötüb, amma eyni əzmkarlıqla işləyirlər. Bu peşədə psixoloji gərginlik var, hər siqnalın aşkar edilməsi zamanı ölümlə qarşılaşırsan. Bütün bunlara baxmayaraq minaaxtaranlarımız qorxmadan, çəkinmədən işlərini uğurla davam etdirirlər. Biz öz əməkdaşlarımızla qürur duyuruq. Biz müharibə davam edən müddətdə də ərazidə idik. Elə kəndlərimiz var ki, çoxsaylı kaset minalar, fosforlu bombalar aşkar olunaraq mütəxəssislərimiz tərəfindən zərərsizləşdirildi.

ANAMA minatəmizləmə sahəsində artıq beynəlxalq bir brenddir, Azərbaycan brendi. Bu qurumun mövcudluğu sayəsində müharibədən dərhal sonra birbaşa olaraq təmizləmə əməliyyatlarına başladıq. Artıq uzun illərin təcrübəsi bu işlərin öhdəsindən gəlmək üçün bizə əlavə imkanlar yaradıb. Müharibədən sonra ANAMA-nın yenidən strukturlaşması həyata keçirildi. Yeni standartlar, yeni qaydalar, yeni struktur yanaşma sayəsində ANAMA inamla işlərin və qarşıya qoyulan prioritet tapşırıqların öhdəsindən gəlir.

ANAMA deyəndə insanlar arasında xoş bir etimad hissi yaranır. Bu etimada görə hər kəsə minnətdarıq. Yalnız bir xahişimiz vardır ki, qanunsuz səfərləri durduraq, ətrafımızdakıları bu barədə məlumatlandıraq. Baş vermiş mina hadisələri nəticəsində ANAMA və digər dövlət qurumlarının əməkdaşlarının hansı risklər hesabına bu ərazilərə yaxınlaşmağını da göz önünə alaq. Eyni zamanda, təhlükəli işimizə anlayışla yanaşaraq qeyd olunmuş ərazilərə səfər etməyən vətəndaşlarımıza öz dərin təşəkkürümüzü bildiririk.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov